Sumqayıtda bir nəfər evdə yanaraq öldü

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır.

"Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

 Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omicron” ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.


Bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.

Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq.

Xəbər verdiyimiz kimi, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın keçmiş Baş prokuroru, sabiq səfir Eldar Həsənov 10 il müddətə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” məlumatına görə, həbsdən əlavə olaraq məhkəmənin qərarı ilə Baş Prokurorluğun depozit hesabında saxlanılan Eldar Həsənova aid 50 217 AZN, həmçinin ona məxsus olmaqla qohumlarının adlarına rəsmiləşdirilmiş və üzərinə həbs qoyulmuş əmlaklar da müsadirə edilib.

Həmin əmlakların siyahısı belədir:

- Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 252 kvadrat metr sahəsi olan bağ evi (0.12 hektar torpaq sahəsi ilə birlikdə);

- Bakı şəhəri Nəsimi rayonunda yerləşən 318,4 kvadrat metr sahəsi olan mənzil;

- Bakı şəhəri Nərimanov rayonunda yerləşən ümumilikdə 53 kvadrat metr qeyri-yaşayış sahəsi olan üç ədəd mağaza;

- Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi;

- Bakı şəhəri Yasamal rayonunda yerləşən 106 kvadrat metr sahəsi olan mənzil;

- Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi;

- Bakı şəhəri Xətai rayonunda yerləşən 347 kvadrat metr sahəsi olan fərdi yaşayış evi və torpaq sahəsi;

- Monteneqronun Budva şəhərində yerləşən 137 kvadrat metr sahəli mənzil.

Qeyd edək ki, istintaq zamanı “Oskar” firmasının mülkiyyətində olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Həmin mülklərin Eldar Həsənova məxsus olması məhkəmədə təsdiqini tapmadığı üçün müsadirə olunan əmlaklar siyahısından çıxarılıb.

Bundan başqa, qərara görə, keçmiş səfir iş üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinə dəymiş ziyana görə 18,5 milyon AZN ödəyəcək. Həmin məbləğin ödənilməsi üçün Həsənovun müsadirə edilən əmlaklarından istifadə olunacaq.

Cinayət işi üzrə aparılmış ekspertiza xərcləri də təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödəniləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldar Həsənov 10 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, o, Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir olarkən 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib. Həsənov, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11,8 milyon manat pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327 min AZN zərər vurmaqda və dövlət büdcəsinin 192 min AZN pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan və məhkəmə proseslərindən yayınan şəxslər həbs edilib.

APA xəbər verir ki, dələduzluqda ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı bir müddət əvvəl dayandırılıb.

Buna səbəb ev dustaqlığında olan Q.Muxtarov və S.Abuşovun sonuncu məhkəmə iclaslarına gəlmədikləri üçün onların barəsində həbs qərarı verilməsi və icraat dayandırılmaqla axtarışa verilməsi olub.

Hazırda hər iki şəxs tutularaq istintaqa təhvil verilib və onların barəsində olan cinayət işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatında araşdırılacaq.

Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T.Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onlardan şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S.Əliyev tanınıb.

Sahil Abuşov isə əvvəlki məhkəmə iclaslarda onlara sələm verən şəxsin Tağı Əhmədov olduğunu təsdiqləyib:

“Biz mərmər biznesi ilə məşğul olurduq. İşləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1,5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.

Məhkəmə istintaqından qaçan digər şəxs Qulu Muxtarov isə vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin mühafizəçisi olub.

O, ifadəsində Tağı Əhmədova 1 milyon dəyərində yaqut daşını girov verdiklərini deyib:

“Daş dostumun idi. Səadət təklif elədi ki, daşı girov qoyub sələmə pul götürək. Arada mənim də xeyrim olacaqdı. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Daşa görə cəmi 350 min manat pul ödəyiblər”.

Azərbaycanda polis rəisinə xəsarət yetirilib.

Bu barədə "Yol-xeber.az"a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, yanvarın 19-u saat 13 radələrində Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Zümürxan kənd sakini, 1974-cü il təvəllüdlü Rəfail İsgəndərov qeyd edilən tarixdə yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimi təşkil etdiyi üçün barəsində inzibati tenbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə bir dəfə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rəfail İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.
Yanvar ayının 6-da saat 00:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində döv­lət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınmışdır.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq qaçmağa çalışarkən saxlanılmışlar. Onların İran İslam Respublikasının vətəndaşları 1995-ci il təvəllüdlü Zeynallı Yasir Əziz və 1982-ci il təvəllüdlü Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilmişdir. Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamanın içində ümumi çəkisi 10 kiloqram 767 qram narkotik vasitə və 500 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götürülüb.

Yanvar ayının 9-da saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikası tərəfdən Astara çayının sahilinə yaxınlaşaraq 1 ədəd bağlamanı Azərbaycan Respublikası istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları sərhəd naryadı tərəfindən müşahidə olunub.

Ərazi dərhal qapadılaraq keçi­ril­miş axtarış təd­birləri nəticəsində 1 ədəd bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Yanvar ayının 17-də saat 23:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Onun Kürdəmir rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götü­rülüb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əmə­liyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilib. Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olmalarını bildir­ib­lər. ­

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

 

 
  •  

 

 
 

Ötən gün axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbəsi sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb. 

“Qafqazinfo” xəbər verir ki, DİN faktı qeydə alıb, xoşbəxtlikdən xəsarət alan yoxdur.

 Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətindən polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakının Xətai rayonunda avtomobil qəza zamanı yanıb.

"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, yol qəzası 8 noyabr prospektində baş verib.

“Kia” markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü Hacıyev Firuz Sabir oğlu yüksək sürətlə nəqliyyat vasitəsini divara çırpıb. Avtomobil güclü zərbənin təsirindən yanmağa başlayıb.

Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Yaralı F.Hacıyev avtomobildən çıxarılaraq xəstəxanaya təhvil verilib. Nəqliyyat vasitəsində olan sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəstəxanada yaralıya açıq kəllə beyin, baş-beyin əzilməsi, göz almasının qopması və gözün qopması diaqnozları qoyulub. Həkimlər F.Hacıyevin vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, avtomobil icarəyə götürülüb.

 

 
  •  

 

 
 

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Onun evinə keçirilən baxış zamanı isə oradan axtarışda olan qadın aşkarlanıb.

"Yol-xeber.az" xəbər verir ki, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Bəhrəmtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib.

Dindirilmə zamanı Y.Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş Füzuli Gəncəliyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə keçirilən baxış zamanı isə sellofan bükümlərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin, eləcə də iki ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən F.Gəncəliyevin evində axtarış aparılan zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan İmişli rayon sakini Aytac Əhmədova da aşkarlanıb və o, saxlanılaraq RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Binəqədi rayonunda kişi meyiti aşkarlanıb.

"Yol-xeber.az" xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti