Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elnur Məmmədov məhkəməlik olub.

“Qafqazinfo” məlumatına görə, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Yol-xeber.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 3-də saat 13:48 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 2 (iki) nəfərə məxsus ayaq izləri aşkarlanmış, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş 2 (iki) ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və 710 ədəd psixotrop tərkibli həblər (“metadon-40”) aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

  •  

 

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ölkənin şimal-qərb bölgəsində baş vermiş meşə yanğınları tam söndürülüb.

Nazirlikdən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak edib.

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

“Tərtər işi”ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.

“Qafqazinfo məlumatına görə, leytenant Təmkin Nizamioğlu Tərtərdə “N” saylı hərbi hissədə çalışıb. Aprel döyüşlərinin iştirakçısı olub.

Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu vaxt baş verib. Belə ki, zabit təlimdən çağırılaraq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib.

2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib.

Bu zaman Təmkinin atası Nizami Quliyev dağda olub. O, yolda olduğunu, bir-iki saata evə çatacağını bildirib.

Buna baxmayaraq, Təmkinin atasını gözləməyiblər və hərbçini valideyninin iştirakı olmadan Ordubadın Darkənd kəndində dəfn ediblər. Ümumiyyətlə, dəfn prosesində tabutun açılmasına icazə verilməyib. Tabutun üzərində isə Təmkinin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.

Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib. 

Qeyd edək ki, 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Maraqlısı və təəccüblüsü budur ki, hadisədən 5 il keçsə də, kəfən çürüsə də, Təmkinin nəşi çürüməyib, əzaları yerində olub. Bunun Təmkin Nizamioğlunun atası da təsdiqləyib. 

 

 

 

Cəlilabadda zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 08:05-də Cəlilabad stansiyasından 19 km şimal-şərqdə qeydə alınıb.

Təkanların dərinliyi 41 km, maqnitudası 3 bal gücündə olub. Zəlzələ hiss olunmayıb.

Sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan və zərərçəkənlərə 1 milyon manata yaxın maddi ziyan vuran şəxslər saxlanılıblar.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslərin instaqram sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmaları barədə DİN-ə çoxsaylı müraciətlər daxil olub.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslər instaqram sosial şəbəkəsində “bayramoff_666” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədi ilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradıblar. Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçirən hər iki şəxs əslində beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Rəşid Bayramov və Vüqar Əliyevin bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rəşid Bayramov və Vüqar Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.

 

 

2017-ci ilin may-iyun aylarında "Tərtər işi" ilə bağlı işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilən şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya olunub və keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub.

Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.

Daşkəsən rayonunda Mollahəsənli kəndinin yolu bağlanıb.

Baku.ws xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb

 İddiaya görə, rayonda dəmir filizi qazıntıları zamanı uçqun yaranaraq yol bağlanıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, hadisənin baş verməsindən xəbərdardır:

“Hazırda mədən tərəfindən yolun açılması üçün işlər aparılır”.

"Tərtər işi" ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.

Bildirilib ki, iş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

"2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur", - Baş Prokurorluğun məlumatında vurğulanıb.

Xəbər lenti