Gəncədə dörd aylıq körpə küçəyə atılıb. 

Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi. 

Şamaxı rayonunda qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Natiq Bunyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, hadisə rayonun “Acıdərə” adlanan qışlaq sahəsində baş verib. Fermer təsərrüfatında ailə üzvləri ilə birlikdə yaşayan və həmin fermada çobanlıq edən Natiq Bunyatovun qardaşı Vəli həmin ərazidə heyvandarlıqla məşğul olan Zaur Hacıyevə məxsus itləri daşla vuraraq öz ərazilərindən qovub.

Bu səbəbdən Zaur Hacıyev sərxoş vəziyyətdə həmin fermer təsərrüfatındakı yaşayış evinin qarşısına gəlib və Vəli Bunyatovla mübahisə edib.

Zaur Hacıyev onun atası və digər şəxslər tərəfindən sakitləşdirilib. Qonşuluqdakı evinə yola salınsa da, Zaur Hacıyev təxminən 10 dəqiqədən sonra əlində ağacla bir neçə dəfə yenidən onların evinin qarşısına gəlib.

Zaur Hacıyev Natiq Bunyatovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, qarşısına çıxmalarını tələb edib.

Bundan qəzəblənən Natiq Bunyatov evdə saxladığı ov silahını götürüb və eyvana çıxıb.

Bu vaxt Natiq Bunyatov Zaur Hacıyevin arxasınca gəlmiş arvadı Durdanə Hacıyevanın orada olmasına baxmayıb, qadının gözü qarşısında Zaur Hacıyevə atəş açıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Natiq Bunyatov bildirib ki, hadisədən 3 gün əvvəl qardaşı tövlədə ölən heyvanı yemək üçün itlərin qabağına atdığı vaxt ora Hacıyevin də itləri gəlib. Vəli onun itlərini qovduğundan Zaur narazı qalıb. Bundan sonra Zaur bir neçə dəfə onun itlərini ağacla və daşla vurduğu üçün Natiq ona iradını bildirib.

Növbəli qaydada heyvanları örüş sahəsinə apardıqları üçün hadisə baş verən günü mal-qaranı Vəli aparıb. Axşam saat 18:00 radələrində heyvanları yatağa gətirdiyi vaxt Zaur sərxoş vəziyyətdə evlərinin qabağında onunla mübahisə etməyə başlayıb. Hacıyevin arvadı onu sakitləşdirib evinə tərəf aparıb.

Natiq Bunyatov ifadəsinin davamında bildirib ki, təxminən 10 dəqiqə sonra Zaur əlində ağac söyüş söyə-söyə onlardan çölə çıxmaqlarını tələb edib. Atası oğullarına fikir verməmələrini deyib, özü çölə çıxıb Zauru və arvadını sakitləşdirib yola salıb. Amma bir neçə dəqiqə sonra Zaur yenədə qayıdıb. Evdə olan anası və bacısının ünvanına söyüşlər söyərək onları təhqir edib:

“Atam yola salandan sonra yenə gəldi başladı söyüş söyməyə. Məndə evdə idim. Atam yenə çıxdı çölə onun sakitləşdirsin. Gördüm dayanmır məndə tüfəngi götürüb çölə çıxmaq istəyəndə anam qoymadı. Atam yenə sakitləşdirib Zauru apardı evlərinə. Elə evə təzə girmişdik yenə gəldi başladı söyüşlər söyməyə. Dedi girib evin içində size belə edəcəm nə bilim elə edəcəm. Məndə silahı götürüb çıxdım çölə bir dəfə ağzından atəş açdım”.

Açılan atəş nəticəsində Zaur elə hadisə yerində dünyasını dəyişib. Təxminən yarım saat sonra polis əməkdaşları gəldikdə Natiq iki ədəd patronu və  silahı təhvil verərək Zaur Hacıyevi öldürdüyünü etiraf edib.

Məhkəmə prosesi zamanı Natiq Bunyatov əməlini səmimi etiraf edərək peşman olduğunu bildirib.

Sonda məhkəmənin höküm ilə Natiq Bunyatov 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsili bilinərək 17 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Natiq Bunyatov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Natiq Bunyatovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Natiq Bunyatovun şikayəti təmin olunmayıb.

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Planet” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Yol-xeber.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Mərhumun bir həftə öncə övladı dünyaya gəlib.

Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İnayət Nəzərov və Şəhriyar Məmtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, mərhumun bir həftə öncə övladı dünyaya gəlib.

“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb. Oradakı meyitlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır”.

Yol-xeber.az-ın report-a istinadən xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir.

Bakının Xətai rayonundq qətl hadisəsi baş verib.

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

Şirvanda güclü partlayış baş verib.

Yol-xeber.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış zamanı sexdə gecə növbəsində işləyən şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə zamanı sexin qarşısında olan bir avtomobilə də ciddi ziyan dəyib.

 

 

 

Biləsuvarda növbəti “patı” əməliyyatında saxlanılan 7 nəfərdən ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Onlardan biri müxtəlif növ narkotik və psixotrop maddələrin satışını sosial şəbəkədəki hesablar vasitəsilə həyata keçirirmiş.

"Yol-xeber.az" xəbər verir ki,  Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb. Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K. Şirəli, B. Gülalıyev, L. Abdullayev, R. Məmmədov, T. Mayılzadə və R. İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bakıda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yol-xeber.az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Vahid Xəlilov küçəsi, ev 141 ünvanında Tofiq Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi vurub. Aldığı xəsarətlərdən Faiq Ağayev elə hadisə yerində ölüb. Cinayəti törətməkdə şübhəli bilinən Tofiq Ağayev hadisədən sonra  Sabunçu Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Tofiq Ağayev ifadəsində bildirib ki, ata yurdu olan evdə qardaşları Faiq və Fərhadla birlikdə yaşayıb: "Faiqin mənimlə həmişə ədavəti var idi. İçki içən idi Faiq. İçkili gəlirdi mənimlə qardaşım Fərhadla mübahisə eləyirdi. Bir neçə dəfə polisə də şikayət eləmişdim".

Tofiq Ağayevin sözlərinə görə hadisə baş verən günü Faiq həmişəki kimi yenə sərxoş vəziyyətdə onu və valideyinlərini söyüb. Saat 4 radələrində qardaşı Fərhad xəstə bacısını xəstəxanaya aparıb. Arvadı Afət isə qohumlarının evində olub. 

Tofiq odun doğrayan zaman qardaşı Faiq içkili halda həyətə çıxıb asdığı əskiləri bəhanə edərək onları yığışdırmağı tələb edib. Onun hərəkətlərindən bezən Tofiq əlindəki balta ilə qardaşının üstünə hücum edib: "Fikirləşdim ki, əlimdəki baltanı görüb sakitləşər. Onu öldürmək fikrim yox idi. Əksinə başladı yenə söyüş söyməyə. Birinci balta ilə ayağından vurdum. Qaçıb evə girmək istədi. Sonra bir neçə dəfə başına və bədəninə zərbələr vurdum".

Zərbələrin təsirindən qardaşı hərəkətsiz vəziyyətdə qalıb. Tofiq Ağayev onun öldüyün görüb küçəyə çıxıb. Qonşusuna qardaşı Faiqi öldürdüyünü deyib və sahə müvəkkilinin yanına gedərək ona baş verən hadisəni danışıb.

Məhkəmə işin hallarının araşdıraraq hesab edib ki, Tofiq Ağayevin törətdiyi cinayət əməli CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.   

Sonda məhkəmənin hökmü ilə 1955-ci il təvəllüdlü Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tofiq Ağayev bundan əvvəl də 9 il məhkumluq həyatı yaşayıb. 

Xəbər lenti