Sabirabad rayonunda polislərə qarşı zor tətbiq edilib.

Bu barədə "Yol-xeber.az"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ-2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib, onlara hücum edərək geyim formasını çıxardıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yol-xeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.

Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb.

Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 68 kiloqrama yaxın narkotik vasitə, 6600 ədəd psixotrop tərkibli həb və 119 ədəd çəkisi 510 kiloqram olan kultivasiya edilmiş çətənə kolu aşkar edilib.

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

Goranboy Rayon Prokurorluğundan "Yol-xeber.az" verilən məlumata görə, Goranboy rayon Mərkəzi Xəstəxanasının əməkdaşının qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı iyunun 24-də qeyd edilən xəstəxananın tibb bacısı Nabat Əliyeva tərəfindən peyvəndlənmə üçün müraciət etmiş rayon sakininə peyvənd etmək məqsədilə peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınmış və nəticədə dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib.

Nabat Əliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Goranboy rayon məkməməsinin qərarı ilə Nabat Əliyevaya 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

Yol-xeber.az Report-a istinadən xəıbər verir ki, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Abşeron rayonunda sabiq məktəb direktorunun məhkəməsi başlayır.

Bu barədə "Yol-xeber.az"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Abşeronun Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla müəyyən edilib ki, Samirə Əkbərova həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilən qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onların həm özününün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

 

 
 
 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.

"Yol-xeber.az" DTX-nin saytına istinadən xəbər verir ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılan araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər verildiyi kimi, rus sülhməramlılarının komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə Gəncə psixiatrik xəstəxanasından qaçaraq, sülhməramlıların məsuliyyət zonasına keçən və erməni separatçıları tərəfindən girov götürülən Cəmil Babayev geri qaytarılıb, əvəzində isə Azərbaycan iki erməni əsiri verib.

"Yol-xeber.az" axar.az-a istinadən xəbər verir ki, Ermənistana qaytarılan erməni əsirlərin kimliyi açıqlanıb. Onlar Artur Nalbəndyan və Aramais Torozyandır.

Zəruri olaraq qeyd edək ki, hər iki şəxsin Azərbaycanın dekabr ayında keçirdiyi antiterror əməliyyatı nəticəsində yaxalanan və Bakıda məhkəməsi keçirilən terrorçulara aidiyyəti yoxdur.

Onlar 14 iyul 2021-ci ildə, Qaragöl ətrafında (Ermənistanla sərhəddə) Ordumuza əsir düşmüşdülər. Erməni rəsmi mənbələri onların qatı duman səbəbindən azdığını və Azərbaycan sərhədlərinə daxil olduğunu bildirsə də, iyulda qatı duman məsələsi inandırıcı görünmürdü. Eyni zamanda, Azərbaycan da faktla bağlı hər hansı açıqlama verməmişdi.

Paytaxtın Suraxanı rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Şahanə Faxrətova Ali Məhkəməyə müraciət edib.

“Yol-xeber.az” xəbər verir ki, onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə proseisində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası oktyabrın 19-na təyin olunub.

Qeyd edək ki, 2019-cu il iyulun 15-də Suraxanı RPİ 30-cu PŞ-dən rayon prokurorluğuna inzibati ərazidə yaşayan Ruslan Faxrətovun bıçaqla özünə xəsarət yetirməsi və ölməsi barədə məlumat daxil olub. Dərhal onun yaşadığı əraziyə polis əməkdaşları cəlb olunub.

İlkin ifadələində Şahanə Faxrətova həyat yoldaşının boğazına bıçaq batmasından ümumiyyətlə məlumatı olmadığını göstərib.

Hadisədən 6 ay sonra, 2020-ci il yanvarın 26-da Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Şahanə Faxrətova şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, Şahanə Faxrətova 2012-ci ildən Ruslan Faxrətovla rəsmi nikahda olduğu halda, ayrı-ayrı vaxtlarda öz təşəbbüsü ilə tanış olduğu kişilərlə mütəmadi intim əlaqələrdə olub. 2019-cu il iyulun 14-ü gecə yarısı Hövsan qəsəbəsində yaşadıqları mənzildə əri xəyanət etməsi barədə məlumatı olduğunu bildirərək, onu yataq otağından qovub.

Növbəti gün qadın rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədilə həyat yoldaşını öldürməyi qərarlaşdırıb. Səhər saat 8 radələrində məişət təyinatlı mətbəx bıçaqla 2 dəfə boyun və bel nahiyəsindən zərbələr vuraraq Ruslan Faxrətovu qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Şahanə Faxrətova ifadəsində bildirib ki, iyulun 14-ü axşam saatlarında əri Ruslan və iki övladı ilə birlikdə oğlu Telmanı yaxınlıqda yaşayan çöpçüyə piyada aparıblar. Saat 20:00 radələrində ordan qayıdan da Rulsan onları liftə mindirib evə göndərib və ona dostları ilə pivə içməyə gedəcəyini deyib:

“Saat 23.30-da Ruslan evə gəldi. Uşaqlar və qayınatam Telman yatmışdı. Qapını qayınanam Əminə açdı, Ruslan içəri girəndə pivə içdiyini bildirdi. Hərəkətlərindən içkili olduğu bilinirdi. Ayaq üstə güclə dayanırdı. Məndən yemək istədi. Ona yemək verdim, özüm isə hamama çimməyə girdim”.

Şahanə Faxrətova ifadəsinin davamında bildirib ki, qayınanası və əri Ruslan öz otaqlarına yatmağa gediblər. Ruslan balaca övladlarının ağlamasından narahat olduğu üçün o, doğulandan digər otaqda, yəni qonaq otağında yatıb. Səhər saatlarında uşaqlardan birinin ağlamaq səsinə yuxudan oyanıb. Mətbxədə tez yemək hazırlayıb otağa qayıdıb və övladını qucağına alıb ona yemək yedizdirib:

“Telmanın ağlamaq səsinə yuxudan oyandım və ona mətbəxdə yemək hazırladım. Öz yatdığım otaqda qucağımda övladıma yemək yedizdirən zaman Ruslan içəri girdi. Dedi ki, uşağı yedizdir, gəl yanıma.

Uşağı yedizdirəndən sonra Şahanə qonaq otağına daxil olub qapını bağlayıb. Ruslan mənə deyiblər ki, sən xəyanət etmisən bildirəndə ona, yalandı elə bir şey yoxdu cavabını verib. Bundan sonra əri balışın altından mətbəx bıçağını götürüb onu öldürəcəyini deyib:

“Ruslanın bıçaqla üzərimə gəldiyini gördüm, qorxdum. Bir əlimlə Ruslanın bıçaq tuşladığı sağ qolunun dirsəyindən, o biri əlim ilə isə sinəsindən tutaraq çarpayıya doğru itələdim. Otaqdan çıxmaq üçün qaçdım. Qaçan zaman “ay mama” deyib qışqırdım. Qapını açaraq qapıdan çölə tam çıxmadım”.

Şahanə Fəxrətovanın ifadəsinə görə, Ruslanın onun arxasınca gəlmədiyini hiss edib. Dönərək baxan zaman Ruslanın çarpayıdan sağ çiyin üzərində yerindən qalxdığını və bıçaq iki hissəyə bölünmüş şəkildə çarpayının qarşısına düşdüyünü görüb. Ruslanın sol əli ilə sağ boyun hissəsini tutmuş və həmin nahiyədən qan gəldiyini görüb:

“Ruslanın yanına gəldim, sol qolundan tutaraq çarpayıdan qaldırdım, ona kömək etməyə çalışdım. O, sol tərəfi ilə məni yaxın durmamağım üçün itələdi.

Həmin vaxt əlini sağ boyun nahiyəsindən çəkdiyi üçün qan təzyiqlə pəncərə istiqamətinə sıçradı. Ruslan yenidən sol əli ilə boynunu tutdu, sağ əli ilə masadan tuta-tuta qayınanam və qayınatamın yatdıqları otağa doğru getdik”.

Şahanə Fəxrətova bildirib ki, Ruslan qonaq otağından çıxaraq divardan tuta-tuta qayınatasıgilin yatdığı otağa tərəf gedib: “Qayınanam və qayınatamın yataq otağının qapısını açdım. “Mama, Ruslanı qan apardı”, - deyə qışqırdım. Əminə yuxudan oyandı, Ruslan Əminənin qucağına yıxıldı. Qayınatam Telman əynini geyinərək təcili yardım çağırmağa getdi.

Əminə mənə qonşu İlqarı çağırmağı tapşırdığı üçün ayaqyalın gecə paltarında qonşunu çağırmağa getdim. Bir qədər sonra həkimlər gəldi, müayinə edərək Ruslanın öldüyünü dedilər.

Məhkəmə prosesi zamanı Şahanə Faxrətova elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Şahid və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə prosesində verdiyi ifadələrinə tənqidi yanaşıb. Onları özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib.

Məhkəmə hesab edib ki, Şahanə Faxrətovanın əməli istintaq orqanı tərəfindən CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tovsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahanə Fəxrətova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci martin 1-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Narkotik satmaqda şübhəli bilinən Cəlilabad sakini saxlanılıb  - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o idarə etdiyi “Vaz” markalı avtomobildə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, 2 kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, 1 ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti