![]() |
|
Bakıda qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Dünən Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xəzər rayonunda bağlardan birindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 350 kiloqramdan artıq 1973 ədəd narkotik tərkibli kənaf bitkisi aşkar edilərək götürülüb.
oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.
Avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb. Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq 1-ci Polis Şöbəsinə təhvil veriliblər. Narkotikin əldə olunduğu mənbə də qısa zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Adları çəkilən şəxslərin dördü də saxlanılıb.
Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq 1973 ədəd kənaf bitkisi də aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, narkotik bitkilərin əkildiyi bağ sahəsi S.Qarayeva məxsusdur. O, həmin bitkiləri əkmək üçün torpaq sahəsini N.Süleymanova icarəyə verib. Dəstənin digər üzvü olan T.Nəcəfov isə N.Süleynmanovla birlikdə həmin bağ sahəsində narkotik tərkibli bitkilərə xüsusi qaydada qulluq edərək onları yetişdirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bakıda məktəbin zirzəmisində hərbi sursat aşkar olunub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən (ANAMA) “Qafqazinfo”ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Bu məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Yasamal rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bir neçə ay əvvəl bağ evinin bağbanı tərəfindən bıçaqlanan həkim vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin iyulun 16-da tanınmış həkim, 72 yaşlı Arzu Şuşalı və həyat yoldaşı, 71 yaşlı Dilarə Əhmədova paytaxtın Şüvəlan qəsəbəsində yerləşən bağ evlərində bıçaqlanıblar.
Cütlük bağbanları İlqar Xancanova onu işdən çıxartdıqlarını bildiriblər və buna əsəbiləşən İlqar ev sahiblərini bıçaqlayıb. D.Əhmədova hadisə yerində vəfat edib, A.Şuşalı isə ağır yaralanıb.
Uzun müddət davam edən müalicəyə bağmayaraq həkim Arzu Şuşalı dünən xəstəxanada vəfat edib.
Qeyd edək ki, Şuşalı Arzu Məmməd oğlu 2000-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə "Əməkdar həkim" fəxri adı ilə təltif edilib.
Gəncədə bir nəfər intihar məqsədi ilə binanın damına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi haqda xəbər daxil olub.
Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb və vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.
Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Krımın Kerç şəhərində kolleclərdən birində terror aktı baş verib. Hadisə nəticəsində 15-i tələbə, 5-i kollec işçisi olmaqla 20 nəfə ölüb, 47 nəfər isə yaralanıb.
İnsidenti kollecin dördüncü kurs tələbəsi Vladislav Roslyakov törədib. O, tələbələrə atəş açdıqdan sonra özünü öldürüb.
Qanlı hadisənin artıq görüntüləri yayılıb.
Görüntülərdə gənc qatilin kollecə daxil olması, eləcə də hadisəni törətdiyi an təsvir olunub.
Oktyabrın 18-də Salyan rayonunun Bəndovan qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.
ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu barədə məlumat Agentliyə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətindən daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 140 mm-lik raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin tapıldığı yerin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Dövlət Sərhəd Xidməti Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin zəhərlənən heyət üzvləri ilə bağlı daha bir məlumat yayıb.
dünən saat 21:20 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müraciət edilməsi barədə Dövlət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məlumat daxil olub.
Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılmış və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR vətəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götürərək sürətlə sahilə doğru hərəkət etmişdir. İİR vətəndaşları “Nazmehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamasını bildirib. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilmiş, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılmış və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.
Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildiribvə köməklik göstərilməsini xahiş edib.
Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürmüş və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb.
Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Moskvanın cənub-qərbində kirayə qalan azərbaycanlıların ailəsində faciə baş verib.
Oxu.Az-ın məlumatına görə, ailənin 10 yaşlı üzvü səhər yeməyi zamanı boğulub .
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası azyaşlının həyatını xilas edə bilməyib.
Nəşr yazır ki, Zülfiyyə (ad şərtidir) ailənin ikinci övladı olub və epilepsiyadan əziyyət çəkib. Üç yaşına qədər xəstəlik azyaşlının həyatına ciddi təsir etməyib. Lakin Zülfiyyənin anasının da dayə işlədiyi uşaq bağçasına gedən zaman ilk bədbəxt hadisə baş verib. Epilepsiya tutması zamanı azyaşlı yerə yıxılıb və onurğa sütununu zədələyib. Bundan sonra Zülfiyyə birinci qrup əlili olub. Azyaşlı sərbəst gəzə bilməyib, həmçinin danışmaqda və hətta yemək yeməkdə çətinlik çəkib.
Oktyabrın 18-də ailə səhər yeməyinə yığışmışdı. Ana 10 yaşlı qızına yemək yedizdirirdi. Bu zaman xırda ət tikələrindən biri Zülfiyyənin boğazında qalıb. Azyaşlı boğulmağa başlayıb. Ailə təcili tibbi yardıma zəng vurub, köməyə qonşular da gəlib. Lakin bütün səylərə baxmayaraq Zülfiyyənin həyatını xilas etmək mümkün olmayıb.