![]() |
|
Sabirabad rayonunun Qalağayın kəndində yanğın baş verib.
ümumi sahəsi 180 m² olan talvarın altına yığılmış 1,2 ton pambığın 20 kq, yaxınlıqdakı "QAZel" markalı yük avtomobilinin ban hissəsi və banına yığılmış 800 kq pambığın 30 kq yanıb.
Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin və pambığın qalan hissəsi yanğından mühafizə olunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin məhkəməsi keçirilib.
hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər dindirilib.
Asif Cavadov deyib ki, 2011-ci ildə Lerik rayonunda su kanallarının çəkilməsi ilə bağlı Türkiyədən gətirilən plastik borularla yüklü 40 ədəd "TIR" tipli maşınlar gömrükdən buraxılmayıb: "İxtiyar məni və Türkiyə şirkətinin rəhbərini Əziz müəllimin ofisinə apardı. O, bizim yanımızda 300 min pulu Əziz müəllimə verdi. Mən şəxsən bu söhbətin içində olmuşam. Əziz Əbdüləziz "TIR"ların ölkəyə keçirilməsinə söz verdi. Həmin pul da Türkiyə şirkətinin rəhbərinin idi. Sonra Əziz müəllim işi həll edə bilmədi, İxtiyar da şirkət rəhbərinin pulunu geri qaytardı".
Ə. Əbdüləziz deyib ki, zərərçəkmiş İxtiyar Hüseynov ona şər atır: "Mənim İxtiyarla heç bir danışığım olmayıb. Asif Cavadovu da tanımıram, ilk dəfə istintaqda görmüşəm".
İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.
O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, cinayət işi üzrə Muğam Teatrının keçmiş direktoru, tanınmış rejissor Arif Qazıyev in də adı şahid qismində keçir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin itkin düşən əməkdaşı Ramis Azaqovun meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Ramis Azaqov sonuncu dəfə Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.
Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Onun meyiti tanınmaz halda tapılıb.
Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Ramis isə pulu geri alacağını bildirib.
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən bildirilib ki, Azaqov Ramis Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib: “İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”.
Rusiya Baş prokurorunun müavini Saak Karapetyan vertolyot qəzasında ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfax” mənbəsinə istinadən məlumat yayıb. Qəza zamanı helikopterdə olan daha bir neçə şəxs dünyasını dəyişib.
Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.
Qeyd edək ki, qəza ötən gün axşam saatlarına baş verib. Karapetyanın ölümü ilə bağlı rəsmi açıqlama verilməyib.
Tovuzda dəhşətli hadisə baş verib.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar.
Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.
Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.
E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.
Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.
Araşdırma aparılır.
Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus Rusbot-85K tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub.
DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən MMC-yə məxsus gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80.000 manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, bir ədəd akkumlyator və bir ədəd uzaqdan idarəetmə cihazı oğurlanması müəyyən edilib.
Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov olmaları müəyyən edilib və onlar saxlanılıb.
Dəstə tərəfindən oğurlanan 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində Xızı rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəmkirdə evdən xeyli miqdarda qızıl və nağd pul oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, sentyabrın 2-də Şəmkir rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib.
Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən 5 min manat dəyərində qızıl-zinət əşyaları və 1780 manat nağd pul oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər rayon sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu müəyyən edilərək saxlanılıb. Saxlanılan Pərviz Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl gəldiyini və qarəti əvvəlcədən planlaşdırdığını deyib. O, əldə etdikləri qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda küçədə qətl hadisəsi baş verib.
Report-un xəbərinə görə, Sabunçu rayonunda 34 yaşlı Valeriy İsakov həmyaşıdı Azad Dadaşov tərəfindən döyülüb. Daha sonra A.Dadaşov küt alətlə V.İsakovun baş və sifət nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirib. Nəticədə V.İsakov ölüb.
Polis əməkdaşları A.Dadaşovu tutublar.
Qeyd edək ki, hər iki şəxs tüfeyli həyat tərzi keçirirmiş.
Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşurut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var.
***
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Qəza nəticəsində 1 nəfər həlak olub, yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
***
Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Agentliyin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
***
Səhiyyə Nazirliyindən bildirilib ki, son məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi, 3-ü isə uşaqdır.