Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNDİ

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə proses davam edir.

Musavat.com xəbər verir ki, general-mayor Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birgə mühakimə olunur.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər şəxslərin barəsində araşdırma davam etdirilib. Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi, polkovnik Rəfael Xələfov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidməti rəisi olmuş, hazırda həbsdə olan Sadıq Hacıyev və digər şəxslərin barəsində cinayət işinin ayrıca icraata götürülməsi barədə qərar elan edilib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək istintaq orqanı tərəfindən müvəkkilinə 2 milyon 551 min manat məbləğində ittiham verildiyini qeyd edib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatının Ali Hərbi Məktəbdə, qalan məbləğin isə korpusda mənimsənildiyi qeyd olunub.

Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham ifadələrlə uyğun gəlmir:

"Bununla bağlı arayış hazırlamışam və onu məhkəməyə təqdim edəcəm".

Hakim isə deyib ki, həmin arayış məhkəməyə təqdim edilsin, müşavirədə bu məsələyə qiymət veriləcək.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinə 18 milyon 674 min manat mənimsəmə ittihamı verilib:

"Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsinə 2015-2021-ci illərdə 16 milyon 84 min 837 manat əsassız ödənişlər edilib. Maliyyə yoxlamaları 2015-2020-ci illərdə aparılıb. Bu mənimsənilən məbləğlərin bir hissəsi 2015-2017-ci illərdə Namiq Poladovun işlədiyi dövrə düşür. Namiq Poladovun şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı əlavə vəsatət verəcəm. O, məhkəməyə gətirilməlidir".

Daha sonra cinayət işində təqsirləndirilən şəxslərin və onların yaxın qohumlarının bəzi əmlaklarının üzərinə qoyulan həbslərin siyahısı açıqlanıb.

Məhkəmədə məlum olub ki, Cəlal Kazımova aid olan və üzərinə həbs qoyulmuş əmlakların bir neçəsi həbs olunmamışdan əvvəl müxtəlif şəxslərə sarılıb. Bununla bağlı Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmənin diqqətinə çatdırıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu verilərsə, əmlakların nə zaman alqı-satqı olunması ilə bağlı sənədlər aydınlaşacaq.

Daha sonra Cəlal Kazımovun vəkili bildirib ki, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Ramiz Tahirov Cəlal Kazımova qarşı şəxsi-qərəz göstərərək, onun işlədiyi dövrdə heç bir tənbeh və ya töhməti olmaya-olmaya istintaq orqanına mənfi xasiyyətnamə təqdim edib:

"Biz yenidən həmin komandanlığa müraciət edərək yeni xasiyyətnamə verilməsini istəmişik. Yeni komandanın imzası ilə Cəlal Kazımova xidməti ilə bağlı xasiyyətnamə təqdim edilib. Həmin xasiyyətnamədə Cəlal Kazımov müsbət xarakterizə olunub".

Dövlət ittihamçısı bildirib ki, Cəlal Kazımovla bağlı iki xasiyyətnamə var, hər ikisi fərqlidir. O, məhkəmənin Hərbi Hava Qüvvələrinin rəhbərliyinə sorğu verilməsini, yeni xasiyyətnamə təqdim olunmasını istəyib.

Hakim Fikrət Əliyev bildirib ki, dövlət ittihamçısının vəsatəti təmin olunmur, hər iki xasiyyətnaməyə müşavirə otağında qiymət veriləcək.

Bundan sonra Nizami Məmmədovun vəkilləri məhkəməyə onun xidməti dövründə təltif olunduğu medalların siyahısını təqdim ediblər.

Həmin siyahıdan məlum olur ki, general dəfələrlə Müdafiə Nazirliyinin yubileyi və Vətən uğrunda medalları ilə təltif olunub.

Vəkillər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.

Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Hakimlər heyəti Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədlərin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Proses avqustun 30-da davam etdiriləcək.

Tanınmış həkim qızının evində güllələndi - TƏFƏRRÜAT - YENİLƏNİB

Avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfindən qızının evində qətlə yetirilib.

H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Bu zaman H. Davudov özünə atəş açaraq intihar edib.

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

***

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

Professorun qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı

Professor Nəsiman Yaqublunun qəzada ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Yol-xeber.az-ın məlumatına görə, Cəbrayıl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci ( Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə istintaq aparılır.

Hadisə mərhum professor Zəngilandan qayıdarkən, Füzuli rayonunun Nüzgar kəndi ərazisində qeydə alınıb.

Nəsiman Yaqublu kimdir? – Sonu faciə ilə bitən jurnalistlərin müəllimi

 

Xəbər verdiyimiz kimi, avqustun 25-də 19 radələrində tarixçi alim, deputatlığa namizəd Nəsiman Yaqublu vəfat edib.
Lent.az “Bioqrafiya” rubrikasında Nəsiman Yaqublunun həyatından bəhs edir.

- Nəsiman Yaqublu harada və nə zaman anadan olub?

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub.

- Nəsiman Yaqublu harada təhsil alıb?

Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb.

- Nəsiman Yaqublunun karyerası barədə nə bilirik?

O, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr edilən konfransda, 2015-ci ilin oktyabr ayının 26–29-da Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

- Nəsiman Yaqublu yazdığı kitablardan böyük qazanc əldə edirdi?

Kitablarının birinə yazdığı giriş sözündə kitablarının çapından qazanc əldə etmədiyini, hətta ev almaq üçün götürdüyü kreditin bir hissəsini əsərlərini çap etdirməyə sərf etdiyini yazıb.

- Nəsiman Yaqublu I Qarabağ döyüşlərində iştirak edib?

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, daha sonra "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.

- Nəsiman Yaqublu elmi işlərinə görə hansı mükafatları alıb?

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratı olub.

- Nəsiman Yaqublu deputatlığa namizədliyini vermişdi?

Bəli. Həm də dəfələrlə.

2000-ci il parlament seçkilərində Nəsiman Yaqublu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 12-ci sırada olub.

Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana ,deputat seçilə bilməmişdi.

Nəsiman Yaqublu 2006-cı il təkrar parlament seçkilərində Müsavat Partiyasının 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdu
Nəsiman Yaqublu 2010-cu il parlament seçkilərində AXCP-Müsavat Seçki Blokunun vahid namizədi və Müsavat Partiyasının üzvü olaraq 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdu.

Nəsiman Yaqublunun 2015-ci il parlament seçkilərində Müsavat Partiyasının namizədi olaraq 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülsə də, dairə seçki komissiyası onun namizədliyini qeydə almamışdır. O, Mərkəzi Seçki Komissiyasına qərarla bağlı şikayət etsə də, şikayəti təmin olunmamışdı

Nəsiman Yaqublu 2020-ci il parlament seçkilərində 24 saylı Nizami birinci seçki dairəsi üzrə Müsavat Partiyasının deputatlığa namizədi olmuşdur.[15] O, 352 səs səs toplayaraq deputat seçilə bilməmişdi.

Nəsiman Yaqublu Müsavat Partiyası Divanının 12 iyul 2024-cü ildə növbədənkənar iclasında alınan qərarla partiyanın 2024-cü il növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdu.

Tarixçi-professor Nəsiman Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

- Nəsiman Yaqublu hansı şəraitdə həlak olub?

Nəsiman Yaqublu 25 avqust 2024-cü ildə Cəbrayıl rayonu ərazisində idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. O, xəstəxanada vəfat edib.

Onun ölümündən xəbər tutan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, hazırda Fransada yaşayan Rais Rəsulzadə göz yaşlarını saxlaya bilməyib, "O mənim canım ciytərim idi” deyərək ağlayıb. Rais Rəsulzadə ilə Nəsiman Yaqublunun dostluğu alimin M.Ə.Rəsulzadə barəsində kitab yazdığı illərdə başlayıb.

Nəsiman Yaqublunun dəfn yeri məlum oldu

Tarixçi-professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.

Bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, dəfn mərasimi saat 13:00-14:00 üçün nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Bakıda "50 qəpik" avtoyuma məntəqəsində bədbəxt hadisə: Yeniyetmə həyatını itirdi

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində dəhşətli hadisə baş verib.

Publika.az-ın məlumatına görə, dostu ilə birgə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Babayevi elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Obyektin sahibi təqsirləndirilən şəxs qismində cəlb edilib.

Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı Rəşad dostu ilə su şlanqını dartarkən cərəyan vurub.

Yeniyetmənin dostu hadisəni belə təsvir edib: "Rəşadı əvvəllər tanımırdım, Hövsanda yaşamırdı, bir neçə gün idi ki, babasıgildə qonaq idi, arabir küçəyə çıxıb bizimlə oynayırdı. Mən bəzən öz velosipedimi yumaq üçün evimizdən bir qədər kənarda yerləşən "50 qəpik" deyilən avtoyuma məntəqəsinə gedirdim. Həmin gün velosipedi yumaq üçün evdən çıxanda Rəşadla görüşdüm, hara getdiyimi soruşdu. Velosiped yumağa getdiyimi dedim. O da mənimlə getmək istədi. 50 qəpik pulu aparata atıb velosipedi özüm yuyan zaman, Rəşad şlanqı əlimdən alaraq velosipedi özü yumaq istədi. İkinci dəfə isə şlanqı əlimdən alıb yenidən yumağa çalışanda, onu elektrik cərəyanı vurdu. Mən şlanqın plastik hissəsindən tutduğum üçün cərəyan mənə təsir etmədi, lakin Rəşad metal hissədən tutduğu üçün onu vurdu. Rəşad yerə yıxıldı və tanımadığım bir adam köməyə gəlib, şlanqı ayağı ilə kənara itələdi. Mən isə qaçaraq Rəşadın anasına xəbər verdim".

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib və qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Rəşad Dağlının həbs həyatı necə keçir? - Həbsxana yoldaşından ŞOK DETALLAR - VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlının narkotik alverçiləri barəsində dediyi meyxana həbsxanada müzakirəyə çıxarılıb. 

Bu barədə meyxanaçı ilə eyni həbsxanada olmuş və hazırda azadlıq olan şəxs Nail Kəmərlinin yutub səhifəsinə bildirib. 

Onun sözlərinə görə, həbsdə olan narkotik alverçiləri heç də Rəşad Dağlının tənqidi meyxanasını müsbət qarşılamayıblar. Məhz bu meyxanaya görə Rəşad Dağlıya etirazlar olunub. 

 
Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı AÇIQLAMA

Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.

Qeyd edilib ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.

Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

Məlumatda bildirilib ki, infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", - deyə nazirlik məlumat yayıb.

Bakıda meyiti tapılan vəzifəli şəxs Əməkdar həkimin oğlu imiş - TƏFƏRRÜAT

Bakıda vəzifəli şəxsin meyiti tapılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, meyit Nəsimi rayonu ərazisində aşkar olunub.

Meyitin 1979-cu il təvəllüdlü Sədi Zöhrablıya məxsus olduğu məlum olub. Məlumata görə, onun meyiti icarəyə götürdüyü obyektdə aşkar olunub.

Mərhumun "Atasığorta” şirkətində departament direktoru vəzifəsində çalışdığı bildirilib.

Qeyd edək ki, S.Zöhrablının atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti