Ordumuzun hərbçisi odlu silahla özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib:

"Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Qusarda atışma: 2 nəfər həlak oldu - ŞOK DETALLAR

Dünən Qusarda atışma olub.

Bu barədə Minval.az-a məlumatlı mənbələrdən bildirilib.

Qeyd olunub ki, atışma zamanı iki nəfər zərərsizləşdirilib. Ölənlərdən birinin adı Qədirdir.

Məlumatlara görə, həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərməyə çalışsalar da, onlar yerindəcə məhv ediliblər.

Hazırda polis hücum edənlərlə əlbir olan şəxsləri axtarır.

Məlumata görə, müstəntiqlər iki həftə əvvəl törədilmiş qətlin istintaqı zamanı şübhəli şəxslərin kimliyini müəyyən ediblər. Bundan əvvəl Qusarda Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlunun odlu silahla qətlə yetirildiyi bildirilirdi. O, itlə ova çıxıb, lakin naməlum şəxslər tərəfindən güllələnib. R. Əhmədovun meyiti avqustun 19-da aşkar edilib.

İlkin məlumatlara görə, qətli “Meşə qardaşları” terror qruplaşması ilə əlaqəli olduğu iddia edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri törədə bilər. Bildirilir ki, bu, Əhmədovun təsadüfən meşədə qrupun silah anbarını tapmasından sonra baş verib.

Faktla bağlı istintaq davam edir.

 
Ermənilər yenə Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ

Ötən gün İsmayıllı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxsin polkovnik olduğu məlum olub.

Modern.az-ın məlumatına görə, Əlişir Süleymanov 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib. Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 5 iyul 2019-cu il tarixində isə "FƏDAİ" medallarına layiq görülüb. O, II qrup Qarabağ Müharibəsi əlilidir. 2021-ci ildə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Bələdiyyə və İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA

Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

Azərbaycanda 15 nəfər suda boğularaq ölüb - RƏSMİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu ilin iyul və avqust ayları ərzində Bakı şəhəri üzrə suda boğulma hadisəsi ilə bağlı 38 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə mərkəz məlumat yayıb.

Qeyd olunub ki, suda boğulanlardan 32-si kişi, 6-sı qadın olub: "Onlardan 16 nəfər xəstəxanaya təxliyə olunub. 6 nəfərə yerində yardım göstərilib. 15 nəfərin isə həkiməqədər ölüm faktı, 1 nəfərin isə yardımdan imtinası qeydə alınıb".

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kazımov Rauf Cəfəroviç Gürcüstandan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq həmin şəxs Azərbaycana ekstradisiya edilib.

"Binəqədi rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Kazımov Rauf Cəfəroviçin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Rauf Kazımov Gürcüstanın ərazisində saxlanılaraq 03.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib", - məlumatda qeyd olunub.

Azərbaycanda vəzifəli şəxslərə qarşı ƏMƏLİYYAT

İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, ötən gün keçirilən əməliyyat zamanı saxlanılanlar olub.

Qeyri-rəsmi məlumatlara görə, saxlanılanlar arasında bələdiyyə sədri və digər şəxslər var.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Gecə saatlarında paytaxtı bürüyən qoxunun SƏBƏBİ

Gecə saatlarından səhərə kimi şəhərin müxtəlif yerində kəskin qoxu hiss edilib.

Bu barədə Musavat.com-a paytaxt sakinləri məlumat veriblər.

"Gecə 4-5 olardı, boğula-boğula yuxudan oyanmışıq, zibil qoxusuna bənzər bir iy gəlirdi. Xeyli gözlədik ki, bəlkə keçər, amma səhərə kimi getmədi. Yenə gecə vaxtı hansısa zavodu gizlicə işə salıb, camaatı zəhərləyirlər", - deyə Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 157 ünvanında yaşayan Səyyarə Əliyeva deyib.

Xırdalan şəhər AAAF Park sakini Türkan Qasımova da eyni şikayətlə saytımıza müraciət edib. O bildirib ki, pis qoxuya görə səhhətində problem yaşayıb.

Qeyd edək  ki, onsuz da iki gündür şəhəri toz-duman bürüyüb, insanlar özlərini narahat hiss edirlər. 

Bəs şəhəri bürüyən bu qoxunun səbəbi nədir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. O, cavabında bunları dedi:

"Tozla bağlı açıqlama vermişik, Türkmənistandan gəlib. Amma pis qoxu ilə bağlı hər hansı məlumat yoxdur".

Azərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi - FOTO

Azərbaycanın əməkdar həkimi, uşaq cərrahı, tibb elmləri doktoru, professor Rauf Quliyev vəfat edib.

Bu barədə iqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, o, 71 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, R.Quliyev 1953-cü il tarixdə anadan olub. Mərhum həkim Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri vəzifəsində çalışırdı.

 

 

 

Xəbər lenti