![]() |
|
Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolu Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edib.
Bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.
Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini İsa Babaşov tutduğu vəzifədən azad olunub.
İ. Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qardaşıdır.
Qeyd edək ki, bir müddətdir Abşeron rayon Polis İdarəsində yoxlamalar keçirilib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. İsa Babaşovun da nöqsanlar səbəbilə işdən çıxarıldığı bildirilir.
Bundan əvvəl keçirilən yoxlamalar zamanı isə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.
“Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdırma məqsədlərindən xəbər verir. “Azərbaycanın hərbi təhdidi Ermənistan demokratiyası üçün təhlükədir” ritorikasını işə salanlar unudur ki, işğalçı və separatizmə dəstək verən dövlət demokratik sayıla bilməz. Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq”.
Bunu deputat Zahid Oruc parlamentin bu güm keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq.
“Xankəndi erməniləri ilə birgəyaşyışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. "Human Rihgts Watch" son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində, belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan 2-ci Saakaşvili düzəldirlər”, - o qeyd edib.
O əlavə edib ki, ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi işlər hələ çoxdur: “Lakin 90-cı illərdə beynəlxalq hesabatlarda bizə ön yeri verənlər, torpaqlarımız işğala uğrayanda ona yardım etdilər. 2020-ci ildə isə ordumuz Şuşanı fəth edərkən, xarici indekslərin heç bir əhəmiyyəti qalmadı”.
"Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz".
Bunu deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Ona görə də mən növbəti dəfə Ermənistanın bu təxribatçı fəaliyyətini qınayıram. Azərbaycan Respublikası Prezidentinin Fransanın iştirakı ilə hər hansı bir danışıqda iştirak etməyəcəyinə dair mövqeyini növbəti dəfə dəstəkləyirəm və alqışlayıram. Hesab edirəm ki, Fransa Ermənistanın böyük bacısı kimi özünün tərəfsizliyini nümayiş etdirə bilməyib. Ona görə də, bu proseslərdə iştirak etməməlidir və Azərbaycan da buna imkan verməməlidir”, - deyə o bildirib.
“Son proseslər göstərir ki, Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesində geosiyasi rəqabətə giriblər”.
Bu sözləri Cebhe.info-ya açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Qərb və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesində son təşəbbüslərini şərh edərkən deyib.
O bildirib ki, dünyanın üç geosiyasi mərkəzi Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunmasından daha çox öz siyasi və iqtisadi maraqlarını güdür:
“Son dövrlərdə baş verən prosesləri diqqətlə nəzərdən keçirsək görərik ki, Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində aparıcı rolu öz üzərinə götürmək üçün bir-birilə geosiyasi rəqabətə giriblər.
Regionda öz maraqları uğurunda mübarizə aparan güc mərkəzləri arasında geosiyasi rəqabət Bakı və İrəvan arasında görüşlərin sayının artmasına səbəb olub. Bu, müsbət hal hesab oluna bilər, lakin onların geosiyasi rəqabəti görüşlərdə iki tərəf arasında həlledici nəticələrin əldə olunmasında bir çox problemlər yaradıb.
Bildiyimiz kimi, Rusiya Cənubi Qafqazı özünün təhlükəsizlik konsepsiyasına daxil olan region hesab edir. Moskva bu regionda digər güc mərkəzlərinin vasitəçiliyi ilə hər hansı həlledici qərarın qəbul olunmasına qısqanclıqla yanaşır. Kreml hər zaman istənilən güc mərkəzinin Qafqazla bağlı sülh təşəbbüslərinə müxtəlif vasitələrlə mane olmağa çalışıb. Eyni zamanda Avropa İttifaqı da kifayət qədər böyük enerji və nəqliyyat potensialına malik olan Cənubi Qafqazda söz sahibinə çevrilmək istəyir. Brüssel, həqiqətən bu regionda öz siyasi və iqtisadi nüfuzunu artırmağa çalışır.
Aİ-nın enerji təhlükəsizliyində Cənubi Qafqaz coğrafi cəhətdən xüsusi prioritetlərdən biri hesab olunur. Bununla yanaşı, Avropa İttifaqı regionun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üzərində geostrateji nüfuzunu artırmaqla Rusiyaya təsir göstərmək niyyətindədir. Həmçinin dünyanın hegemon ölkəsi hesab olunan ABŞ-ın da son dövrlər Cənubi Qafqazda siyasi proseslərdə aktivləşməsi müşahidə olunur”.
Onun sözlərinə görə, Vaşinqton, Brüssel və Moskvanın rəqabətyönlü siyasəti nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında bir çox problemlər yaranıb:
“Bütün hallarda bir daha vurğulamaq lazımdır ki, ABŞ, Avropa İttifaqı və Rusiya Cənubi Qafqazda uzunmüddətli münaqişləri həll etmək əvəzinə daha çox münaqişələr vasitəsilə regionda öz təsir imkanlarını artırmağa çalışırlar.
Bu da Azərbaycan-Ermənistan sülh prosesində əsaslı və həlledici qərarların qəbul edilməsinə ciddi manelər yaradır. Ermənistan bundan sui-istifadə edərək pozuculuq fəaliyyəti ilə məşğul olur. Belə ki, bir güc mərkəzinin təsiri altında konstruktiv razılaşma əldə olunur, lakin Ermənistan bu razılaşmadan bilərəkdən yayınmaq üçün digər güc mərkəzinə yaxınlaşır və ya onun diktəsi ilə hərəkət edir. İrəvan bu şəkildə sülh prosesini uzatmağa cəhd edir.
Hesab edirəm ki, Azərbaycan və Ermənistan sülh prosesi ilə bağlı danışıqları lokallaşdırmalıdırlar. Yəni, Bakı və İrəvan vasitəçilərin iştirakı olmadan və ya bir vasitəçinin iştirakı ilə bir-birilə danışıqlar aparmalıdırlar. Tərəflərarası birbaşa təmasların qurulması daha çox müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq”.
Sonda Elnur Kəlbizadə qeyd edib ki, ABŞ, Avropa və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlarda qətiyyətli addımlar atacağı sual altındadır:
“İstər Rusiya, istərsə Avropa İttifaqı, istərsə də ABŞ-ın çətiri altında keçirilən görüşlər müəyyən nəticələrə səbəb ola bilər, amma indidən həlledici nəticənin olacağını proqnozlaşdırmaq qeyri-mümkündür”.
“İyunun 1-də Kişinyovda sülh müqaviləsinin imzalanacağı gözlənilmir. Prinsipial məsələlərdə razılıq olsa da, yarımçıq qalan ciddi nüanslar da az deyil”.
Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ekspert bildirib ki, həllini tapmayan məsələlərdən biri Ermənistan-Azərbaycan sərhəd xəttinin hələ də müəyyənləşdirilməməsidir.
Əziz Əlibəyli Paşinyanın təqdimatına diqqət çəkərək qeyd edib ki, Ermənistan əslində Azərbaycanın ərazi bütövlüyünü tanımır: “Digər tərəfdən, Azərbaycan Ermənistanı öz silahı ilə cəzalandırmaq istəyir. Qarabağdakı ermənilərlə bağlı məsələnin şişirdilməsinin, sözün əsl mənasında müharibəyə çevrilməsinin səbəbkarı Ermənistandır.
Ermənistanın Qarabağla bağlı öhdəlikləri olmalıdır. Ermənistanın bu məsələdən tamamilə kənarlaşması, Qarabağın Azərbaycana məxsus olması fikrini bəyan etməli olduğunu daha məqbul sayırdım, lakin bu, Ermənistanı xilas edə bilməz. Qarabağdakı erməni terrorçuların silahlandırılması, qoşuna rotasiyanın verilməsi və s. amilləri nəzərə aldıqda Ermənistanın bəlli öhdəlikləri olmalıdır. Sülh müqaviləsi də həmin öhdəliklər üzərindən razılaşdırılacaq. Bunun qısa zamanda reallaşması gözlənilmir. Sülh müqaviləsi iki mərhələdə imzalana bilər: kommunikasiyaların açılması və yekun sülh müqaviləsi”.
Qeyd edək ki, “news.am”ın yazdığına görə, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gələcəklər. Nazirlərin görüşü mayın 19-da baş tutacaq”.
M.Səfəryan görüşün harada keçiriləcəyini açıqlamayıb.
Ermənistan hər zaman olduğu kimi yenə də təxribatlara əl atmaqla sərhəddə gərginlik yaradıb, hər vasitə ilə danışıqlar prosesini pozub, sülhdən yayınmağa çalışır.
Bunu açılamasında deputat Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, nə zaman ki, danışıqlar prosesi aktivləşir, o zaman Ermənistanın sülh danışıqlarını pozması adət halını alıb.
“Bununla da danışıqlar prosesinə kölgə salıb, bölgədə gərginliyin davam etməsinə çalışırlar”, - o qeyd edib.
Məmmədli əlavə edib ki, Ermənistanın bu gün Zod istiqamətində törətdiyi təxribat isə istər mayın 1-dən 4-dək Vaşinqtonda reallaşan danışıqları, istərsə mayın 14-də Brüsseldə üçtərəfli formatda, istərsə Moskvada nəzərdə tutulan, istərsə də iyunun 1-nə Kişinyovda planlaşdırılan danışıqları pozmaq məqsədi daşıyır: “Bu bir daha onu göstərir ki, Ermənistan bölgədə sülhün yaranmasında yox, sülh danışıqlarından öz məqsədləri üçün manipulyasiya edir. Lakin unudur ki, bu cür cəhdlər nəticə verməyəcək. İrəvanın müxtəlif hiylələrə əl ataraq sülh danışıqlarından yayınması nəticə etibarı ilə özünün ziyanına olacaq. Onsuz da Azərbaycan öz hədəflərinə doğru addım-addım irəliləyir. Çünki İrəvanın sülhdən başqa variant yoxdur. Bunun əksi Ermənistanın faciəsi deməkdir”.
Deputat onu da əlavə edib ki, Ermənistanın Zodda törətdiyi təxribat nəticəsində hər iki tərəfdən itkilər var.
“Bu təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Amma onlar bilməlidir ki, Azərbaycan tərəfi bu cür təxribatların qarşısını alacaq və artıqlaması ilə cavabını verəcək”, - o qeyd edib.
Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən növbəti hərbi təxribatlar barədə mətbuat məlumatında qeyd olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub.
Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür.
Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.