![]() |
|
Cənubi Qafqazda sülh prosesi yenidən bərpa olunub və hətta müəyyən qədər sürətlənmiş kimi görünür. Brüssel görüşündə əldə olunun son nəticələr də belə düşünməyə əsas verir. Hər halda, Brüssel görüşündən son sonra verilən açıqlamalarda danışıqlar masası arxasında müəyyən irəliləyişin olduğu da bildirilir.
Brüssel görüşünə vasitəçilik edən Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin də bu barədə danışması böyük əhəmiyyət daşıyır. Belə ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarda tərəflərin Alma-Ata deklorasiyasını dəstəklədiklərini növbəti dəfə vurğulayıb. Bu, o deməkdir ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüklərini tanıyırlar. Və rəsmi İrəvan bununla Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu artıq qəbul edib.
Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri Mnatsakan Safaryan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sualdan yayınıb. O, açıq şəkildə bildirib ki, bu suala cavab verməyə məcbur buraxılmaq istəmir. Bu isə o deməkdir ki, rəsmi İrəvan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıdığını inkar etmək istəmir.
Onu da qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin Şarl Mişel tərəfindən “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilər” kimi təqdim olunması da maraqlı məqamdır. Çünki bu, həmin bölgə ilə başlı hər hansı “status mövzusu”nun müzakirə edilmədiyini göstərir. Sadəcə, rəsmi Bakıya bu etnik əhali qrupu ilə dialoq aparmaq tövsiyyə edilir.
Nəhayət, daha bir önəmli məqam ondan ibarətdir ki, Brüssel görüşündə Laçın yolu ilə bağlı hər hansı məsələ müzakirə olunmayıb. Yəni, Paşinyan hakimiyyətinin bütün manipulyasiya cəhdlərinə baxmayaraq, dünyada heç kim, o cümlədən də Avropa qurumları Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqsi yaratmaq hüququnu inkar etmir.
Təbii ki, Brüssel görüşünün belə nəticələrlə yekunlaşması Ermənistan cəmiyyətində Qarabağın artıq tamamilə itirildiyi ilə bağlı reallığın etirafına yönəlik əhval-ruhiyyə yaradıb. İndi erməni politoloqlar “Qarabağ məsələsi” üçün geriyədönməz prosesin artıq son mərhələyə keçdiyini vurğulayırlar. Bu mövzunu yenidən Paşinyan hakimiyyətinə qarşı ittihamların əsas predmetinə çevirmək istəyənlərə isə daha fərqli təhlükə ilə bağlı xəbərdarlıq olunur.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinə yaxın politoloqlar Brüsseldə Qarabağ ermənilərinin deyil, məhz Ermənistanın gələcək taleyinin müəyyən olunduğunu qabardırlar. Onların fikrincə, erməni toplumu Azərbaycanın artıq tam nəzarətində olan Qarabağ ətrafında yaranmış vəziyyətə ilişib qalsa, yaxın gələcəkdə ümumiyyətlə, Ermənistan dövlətinin itirilmə təhlükəsi reallığa çevrilə bilər. Və bu baxımdan bəzi erməni politoloqlar Ermənistan cəmiyyətinə reallıq hissinin ön planda tutulmasını məsləhət görürlər.
Maraqlıdır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamalarında da bu məqama xüsusi eyhamlar vurulub. O, bildirib ki, dünyada, o cümlədən də Cənubi Qafqazda təhlükəsizliyin arxitekturası artıq ciddi şəkildə dəyişib. Onun dediyinə görə, Ermənistanın vərdiş etdiyi təhlükəsizlik mexanizmləri artıq işləmir, yeniləri isə hələ yaradılmayıb. Bu isə Ermənistan üçün olduqca ciddi təhlükəsizlik böhranı deməkdir.
Məsələ ondadır ki, erməni məmur rəsmi İrəvanın KTMT-ya olan ümidlərinin özünü doğrultmadığını, Rusiyanın isə Ermənistan qarşısındakı öhdəliklərini icra etməyə qətiyyən həvəs göstərmədiyini vurğuylayıb. Üstəlik, indi rəsmi İrəvan A.Qriqoryanın dili ilə Rusiyanı Ermənistanın dəyərini ödədiyi silahları təhvil etməkdən yayınmaqda da suclayır. Və A.Qriqoryan dolayısı ilə Ermənistanda bəzi kəşfiyyat strukturları əməkdaşlarının xarici ölkələrin təlimatlarını yerinə yetirdiyini də etiraf edib.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Ermənistanın təhlükəsizlik maraqlarına qarşı ciddi problemlər mövcuddur. Xüsusilə də, Rusiyanın Ermənistana vərdiş etdiyi toxunulmazlıq təminatı verməyə qətiyyən həvəsli olmadığı inkaredilməz reallıqdır. Kremldə Paşinyan hakimiyyətinə istənilən halda, ABŞ və Qərbin sifarişləri ilə hərəkət edən siyasi düşərgə kimi yanaşırlar.
Halbuki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyan açıq mətnlə Rusiyanın Ukrayna savaşında hərbi məğlubiyyətindən narahat olduğunu etiraf etmişdi. O, bildirmişdi ki, əgər, Rusiya Ukrayna savaşından qalib çıxa bilməzsə, bu, Ermənistan üçün əsl geopolitik fəlakətə yol aça bilər. Və bu halda, hətta Ermənistanın bir dövlət kimi mövcudluğunun şübhə altına düşməsindən belə, danışmaq məcburiyyəti yaranacaq.
Göründüyü kimi, Ermənistanın siyasi elitasında olduqca ciddi qarışıqlıq hökm sürür. Paşinyan hakimiyyətində təmsil olunan bəzi məmurlar Brüssel görüşü ilə bağlı açıqlamalarda Qarabağ ermənilərinin deyil, məhz Ermənistanın gələcək taleyindən narahat olmağın vacibliyini vurğulayırlar. Onlar xüsusilə də, Ermənistanın təhlükəsizliyinə heç bir təminatın olmadığını qabardırlar.
Üstəlik, baş nazir Nikol Paşinyan hətta vaxtilə Ermənistanın təhlükəsizliyinə problem hesab etdiyi Rusiyanın önəmini ön plana çəkmək məcburiyyətində qalıb. Belə anlaşılır ki, erməni baş nazir Brüsseldən ağır təhlükəsizlik böhranı yükü ilə qayıdıb.(musavat.com)
Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin edib. Bu barədə Caliber.az məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu, ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki rəsmiləşmə mərhələsindədir.
Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Qeyd edilib ki, Parisin Ermənistana müasir silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib.
Beləcə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona müasir silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub, bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışıb.
Saytın məlumatına görə, artıq fransalı hərbi təlimatçılar Ermənistandadır və erməni hərbçilərə təlimlər də keçir. Sərhəddəki son insidentlər zamanı onlardan biri hətta videokadrlara düşüb. Söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssislərin görünən bu fəaliyyəti yeganə hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb. Qeyd edək ki, düşmən tərəfin avtomobildən idarə olunan PUA ilə zərbə endirməsi nəticəsində hərbçimiz Orxan Novruzəlizadə həlak olub. Əlbəttə, belə bir dövlətin Bakı-İrəvan sülh danışıqlarında neytral vasitəçi olmasından söhbət belə gedə bilməz. Aydındır ki, Ermənistanın Fransada güclü lobbisi var. Onlar da daxili siyasətə və qəbul olunan qərarlara təsir etmək iqtidarındadır. Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən biri kimi Fransanın müasir silahları Ermənistana verməsi həm də regionda qüvvələr balansını qarşı tərəfin xeyrinə dəyişməyə yönəlib. Fransanın bu addımı həmçinin Ermənistandakı revanşizm əhvali-ruhiyyəsini yüksəldir, hazırkı status-kvonun dəyişdirilməsinə ümid yaradır, işğalçılıq prinsiplərini və separatizm meyllərini gücləndirir. Rəsmi Parisin bu davranışları eyni zamanda Cənubi Qafqazda yeni eskalasiya riskini artırır, beynəlxalq səviyyədə təhlükəsizliyin daha da zədələnməsinə gətirib çıxarır. Görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmli deyil. Çünki Fransa işğalçı, eyni zamanda Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistana hərbi-siyasi dəstək verir. Azərbaycan Avropa İttifaqının bir çox dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Fransanın Ermənistanı silahlandırması və ölkəmizə mənfi münasibət bəsləməsi Azərbaycanı qabaqlayıcı addımlar atmağa sövq edir. Paralel olaraq, ölkəmiz də Avropadakı strateji tərəfdaşlarına müasir silahların alınması üçün müraciət edə bilər.
Fransa Ermənistana silah satmaqla ATƏT-in münaqişə tərəflərinə silah satmamaqla bağlı 1992-ci il qətnaməsini pozmuş olur. Qeyd edək ki, məhz bu qadağa səbəbindən Azərbaycan Avropa ölkələrinin aparıcı hərbi texnikasını almaq imkanından məhrum idi. Bu hadisəyə qədər Fransa Ermənistanın ardınca münaqişənin bitmədiyini və hələ də davam etdiyini bildirirdi. Lakin Ermənistana silah-sursatın satılması ya Fransanın münaqişənin bitdiyini dolayısı yolla rəsmən qəbul etdiyini, ya da Minsk Qrupunda həmsədrlik statusundan könüllü surətdə imtina etməsi kimi qəbul edilə bilər.
Fransanın kapitulyant ölkənin ordusunu müasir və bahalı silah - hərbi sistemlərlə təchiz etməsi hansı nəticələrə səbəb ola bilər? Bu silahları almaq üçün Ermənistanın yetərincə maliyyə resursu varmı?
DİA.AZ-ın məlumatına görə, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Fransanın Ermənistana indi hərbi attaşe təyin etməsi təəccüblüdür: “Bu qədər yaxın olan Fransanın Ermənistana indiyə qədər hərbi attaşe təyin etməməsi maraqlıdır. İstənilən ölkənin digər ölkədə səfirliyi varsa, ölkələr arasında hərbi, hərbi texniki əməkdaşlıq varsa, hərbi attaşe də olmalıdır. Belə görünür ki, Fransa indiki halda Ermənistana silah vermək maraqları çərçivəsində bu addımı atıb”.
Hərbi ekspert deyir ki, Fransa bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdırsa, Ermənistana silah vermək əvəzinə, başqa rıçaqlarla təsir edib işğalçılıq siyasətindən əl çəkməsinə nail olmalıdır: “Ermənistana təzyiq göstərib beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasını tələb etmək əvəzinə silah verməklə heç nəyə nail olmayacaqlar. Bu siyasəti davam etdirməklə Ermənistanı işğalçı müharibəyə sürükləmiş olurlar. Bu siyasəti davam edəcəklərsə, qarşılarında ən müasir silahlarla təchiz olunmuş Azərbaycan əsgərini görəcəklər. Azərbaycanın kifayət qədər müasir, yüksək dəqiqlikli, dağıdıcı silahları var. Azərbaycan Pakistan, İsrail və digər ölkələrdən aldığı müasir silahlarla Ermənistana növbəti dəfə dərs verməyə hazırdır. Fransa Azərbaycana qarşı daim qərəz nümayiş etdirib. 44 günlük Vətən müharibəsi günlərində Fransa kimi bir dövlətin prezidenti Makronun özünü biabır etməsinin şahidi olmuşuq. O zaman Paşinyanın bir yalanı ilə Emmanuel Makron özünü dünyada rüsvay elədi. Deyirdi ki, Azərbaycan tərəfindən guya hansısa terrorçu qruplaşmalar iştirak edir. Hər kəsə də bəlli oldu ki, Azərbaycan tərəfindən döyüşlərdə hər hansı bir terrorçu iştirak etməyib. Fransanın Ermənistanı silahlandırmasından narahatlıq keçirməməliyik, öz işimizi görüb ordumuzu gücləndirməliyik. Azərbaycan orduya lazım olan ən müasir silah-sursatı, hərbi texnikanı alır”.
Hərbi ekspert deyir ki, Fransa Ermənistana silah verməklə insan ölümlərinin genişlənməsinə yol açır: “Ermənistan Azərbaycana bir mərmi atırsa, cavabını da artıqlaması ilə alır. Fransa silahlanmanı geniş yaymaqla Ermənistana daha çox ziyan verir. O baxımdan ki, Ermənistan silahlardan istifadə etməklə işğalçı müharibəni davam etdirərsə, çoxlu hərbçisinin meyitini qarşılamalı olacaq. 44 günlük müharibədə bunu görüblər”.
Ü.Cəfərov bildirdi ki, Fransa başa düşməlidir ki, Azərbaycan istər Ermənistanın, istərsə də Ermənistana havadarlıq edən başqa ölkələrin təxribatının qarşısını almaq gücündədir. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq: “44 günlük müharibədən sonra Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı davam edib. Fransa da, Ermənistan da başa düşməlidir ki, Azərbaycanda elə silahlar var ki, hələ istifadə etməmişik. Həmin silahlardan istifadə etsək, Ermənistan üçün çox acı nəticələr olacaq. Zatən ermənilər 44 günlük müharibədən sonra doğru-düzgün nəticə çıxarmalıdırlar. Çıxarmayacaqlarsa, Ermənistanda ordu adına bir şey qalmaya bilər”.
“Brüssel görüşündə tərəflər bütün məsələləri ətraflı müzakirə ediblər. Bu, görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin verdiyi bəyanatdan da görünür. Bəyanatdan aydın olur ki, bir çox məsələlərdə tərəflər bir-birinə yaxınlaşıb”.
Bunu Reyting.az-a Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşünü şərh edərkən siyasi şərhçi Oqtay Qasımov deyib.
Yaxınlaşmanın əldə edildiyi məsələlərə gəldikdə, O. Qasımov əlavə edib ki, bu, ilk olarq sərhədlərin delimitasiyasıdır:
“Xüsusilə, son dövrlər sərhədlərdə ermənilər tərəfindən təxribatların miqyası da bu məsələnin öncül sıralarda həllini vacib edir. Eyni zamanda Brüsseldə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb, hörmət etmək prinsiplərinə sadiqlik nümayiş etdiriblər. İlk dəfə qeyd olunub ki, Azərbaycanın 86,6, Ermənistanın 28,9 min kvadratkilometr ərazisii tanınır”.
Siyasi şərhçi vurğulayıb ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, bunun Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tərəfindən səsləndirilməsi xüsusi əhəmiyyətə malikdir: “Bu o deməkdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yerlədiyi əraziyə Ermənistanın hər hansı iddiası ola bilməz. Avropa İttifaqı da bu prosesi dəstəkləyir”.
O. Qasımov diqqətə çatdırıb ki, Brüssel görüşündə kommunikasiyaların açılması və nəqliyyat-iqtisadiyyat məsələləri də müzakirə edilib: “Xüsusilə, Zəngəzur dəhlizi istiqamətində tərəflərin mövqeyinin yaxın olduğu bildirilir. Bu da 2,5 ildən çoxdur ki, Ermənistanın uzatdığı kommunikasiya xəttidir. Bu dəhliz açılarkən, beynəlxalq gömrük təşkilatının dəstəyindən istifadənin vacibliyinin Şarl Mişel tərəfindən vurğulanması onu göstərir ki, Zəngəzur və Laçın dəhlizində də eyni prinsiplər tətbiq edilə bilər”.
O. Qasımov əlavə edib ki, Brüsseldə humanitar, minatəmizləmə, pis hava şəraiti səbəbindən itkin düşərək Ermənistana keçən əsgərlərimizin məsələsi, eləcə də Birinci Qarabağ Müharibəsi zamanı 4 minə yaxın itkin düşən soydaşımızın taleyi də müzakirə olunub:
“Cənab Mişelin bəyanatında həm də Avropa İttifaqının vasitəçilik missiyasının məqsədlərini açıqlayıb. Qeyd edib ki, məqsəd Azərbaycan və Ermənistan arasında ədalətli sülhə nail olmaqdır. O, tərəfləri bu istiqamətdə işi gücləndirməyə çağırır”.
Siyasi şərhçinin fikrincə, Brüssel formatının yenidən bərpası və Fransanın bu prosesdə iştirakına imkan verilməməsi müsbət hal kimi qiymətləndirilməlidir. “Şarl Mişel də eyham vurdu ki, bu, bir növ Vaşinqtonda başlanan görüşün davamıdır. Qeyd etdi ki, ABŞ-da əldə olunan implusu inkişaf etdirmək və irəliyə aparmaq lazımdır. Tərəflər bir araya gəlmək barədə razılıq əldə edib. Bundan əlavə, Mişelin vasitəçiliyi ilə iyunda və oktyabrda görüşlər təklif edilir. Burda Fransa və Almaniya liderlərinin iştirakı da gözlənilir. Amma bu, Vaşinqton görüşünü əvəz edəcək format deyil. Məncə, Ermənistn müstəqil davransa, konstruktiv olsa və sülh istəsə, bu əldə olunar. Yox, əgər bu günə qədər aparılan siyasət və kənardn edilən təşviqlər əsasında davam edəcəksə, bu halda sülhdən danışmaq tez olacaq”,- deyə O. Qasımov fikrini yekunlaşdırıb.
Türkiyədə 14 mayda keçirilən seçkilərdə parlamentin taleyi həll olunsa da, prezident seçkilərində qalibin müəyyənləşməsi ikinci tura qaldı.
Birinci turda kim uduzdu, kim qazandı...
Onu demək lazımdır ki, seçki marafonu çox gərgin bir mübarizə şəraitində keçdi. Əgər bu seçkidə Türkiyəni 20 ildən artıq müddətdə idarə edən AKP iqtidarı düzgün strategiya müəyyənləşdirə bilməsəydi, məğlubiyyəti ilə barışmalı olacaqdı. Hələ seçkidən çox əvvəl bəlli idi ki, seçkilər hakim AKP iqtidarı üçün elə də asan olmayacaq və ciddi itkilərə məruz qalacaq. Odur ki, gözlənilən itkilərin qarşısını almaq və bunu minimuma endirmək üçün AKP müxalifətdən fərqli olaraq real vəziyyətə uyğun olaraq uğurlu seçki strategiya planı hazırlayaraq həyata keçirdi. Bu plan bir neçə mərhələdən ibarət idi və seçki prosesinin gedişinə uyğun icra olundu.
Mart ayında növbədənkənar seçkilər elan ediləndə seçkilərin taleyinin birinci turda deyil, daha çox ikinci turda həll olunacağı barədə fikirlər yer alırdı. Bu, keçirilən rəy sorğularının nəticələrində də əksini tapırdı.
“Cümhur İttifaqı” yaranmış mövcud vəziyyətdən uduşla çıxmaq üçün bütün resurlarını işə salmalı oldu. Belə ki, Ərdoğan öz kabinetinin və komandasının bütün imkanlarından faydalanaraq seçkinin taleyini birinci turdaca həll eməyi qarşısına hədəf qoydu. Amma bununla belə, ikinci tur məsələsi reallaşarsa, o zaman hansı taktikaya əl atacağını da unutmadı. Bunun üçün Ərdoğan öz kabinetinin üzvlərinin demək olar ki, hamısını millət vəkiliyinə namizədliyini irəli sürdü.
Seçki marafonun gedişində qələbənin birinci turda qeyri-mümkünlüyünü görən Ərdoğan daha çox diqqəti parlament seçkilərinə yönəltməli oldu. Belə ki, Ərdoğan qurduğu siyasi qambitə uyğun olaraq, birinci turda parlamenti ələ keçirmək məsələsi qarşıya hədəf qoyuldu. Çünki hələ seçkidən öncə AKP-nin parlamentdə ciddi itkiyə məruz qalacağı barədə yetərincə proqnozlar verilirdi. Bu reallığı partiya rəhbərliyi özü də yaxşı dərk edirdi. AKP hesab edirdi ki, parlamentdə çoxluğu əldə etməyə diqqət yetirməyib, prezident seçkilərinə yönəltsə, o zaman prezident seçkilərində əldə edilən qələbə onlara uğur gətirməyəcək. Əksinə, bu seçkidən sonra ciddi siyasi böhranlara səbəb olacaq. O baxımdan da Ərdoğan birinci turda prezident seçkilərində qalib olmağı qurban verib, parlamenti qazanmağa çalışdı və buna da nail oldu.
Nəticədə “Cümhur İttifaqı” 600 yerlik parlamentdə 320-dən artıq millət vəkili yeri qazanmaqla çoxluğu əldə etmiş oldu. Yeni formalaşan parlament isə yaxın günlərdə fəaliyyətə başlayacaq.
Beləliklə, Ərdoğan müxalifətin qalib olmaq şanslarının çox böyük olduğu bir zamanda prezident seçkilərini ikinci plana keçirib, parlament çoxluğunu ələ keçirib, yekun prosesi öz xeyrinə dəyişməyi bacaran güclü siyasi oyunçu kimi özünü bir daha sübut etmiş oldu. Bununla da Ərdoğan ən mürəkkəb və böhranlı vəziyyətlərdən necə qabliyyətlə çıxmağa qadir olan lider kimi özünü təsdiq etdi. Ərdoğan birinci turda parlamentdə çoxluğu qazanmaqla həm də ikinci turda prezident seçkilərindəki qalibiyyətini təmin etmiş oldu.
Ərdoğanın ikinci turda prezident seçkilərində qalib olacağı artıq şübhəsizdir.
İkinci turda onun rəqibi olan Kamal Kılıçdaroğlunun qələbə şansları birinci turdakından daha aşağı olacaq. Bunu şərtləndirən amillər isə aşağıdakılardır:
Birincisi, 14 may seçkilərinin yekunlarına əsasən “Cümhur İttifaqı” parlamentdə çoxluq əldə edibŞ, prezident seçkilərində liderliyini qoruyub saxlaması, rəqib düşərgənin elektoratı üzərində ciddi psixoloji cəhətdən qələbə çalması;
İkincisi, əvvəlcədən uğurlu namizədin müəyyən edilməməsi və olan rəqibin də mübarizəni qələbə ilə nəticələndirə biləcək liderlik qabiliyyətinin olmaması;
Üçüncüsü, “Millət İttifaqı”nda təmsil olunanların Türkiyə cəmiyyətində yetərincə nüfuza malik olmaması;
Dördüncüsü, “Millət İttifaqı”nın uğurlu seçki strategiyasını müəyyən edə bilməməsi və səs qazanmaq üçün PKK/YPG ilə birgə siyasi işbirliyi, onların elektoral bazasına göz dikməsi;
Beşincisi, seçkidən sonra müxalifətin elektoral bazasında yaranmış ruh düşkünlüyü və inamsızlıq;
Altıncısı, seçkidən dərhal sonra “Millət İttifaqı” daxilində məğlubiyyət nəticəsində yaranan böhran və bu böhran getdikcə daha da dərinləşəcək. Artıq “Millət İttifaqın”da təmsil olunan partiyalar seçki kampaniyasında lazımi aktivlik nümayiş etdirməməsinə görə CHP-çilərin ciddi ittihamına tuş gəliblər.
İkinci turda Sinan Oğan amilinə gəldikdə, onu demək olar ki, bu elə də ciddi rol oynamayacaq.
Birincisi, ona görə ki, o seçicilər Türkiyə siyasətində yeni sima görmək üçün Sinan Oğana səs veriblər.
İkincisi, onların bir qismi Muhərrəm İncəyə səs vermək istəyənlər olub. Ona görə də onlar Sinan Oğanı qəbul edərək ona səs verənlər deyil. Belə demək mümkündürsə, məcburən, alternativ görmədikləri üçün səs veriblər.
Üçüncüsü, Sinan Oğanın özünün təmsil olunduğu partiya parlamentdə yer qazana bilməyib.
Ona görə də "ikinci turda Sinan Oğan kimi dəstəkləyəcəksə, o da qalib olacaq", yanlış düşüncədir. Ən yaxşı halda Sinan Oğana səsə verənlər üç hissəyə parçalanacaq. Bir qisim gənc sekulyar millətçilər ola bilsin ki, Kılıçdaroğlunu, orta və yaşlı nəsil Ərdoğanı seçsin. Bir qisim də səsvermədə iştirak etməyəcək.
Digər bir məqam isə Sinan Oğanın PKK/YPG kimi terrorçu təşkilatlarla əməkdşalıq edən Kılıçdaroğlunu dəstəkləməsi də elə də real görünmür.
Hətta onu dəstəkləyib, seçicilərə çağırış etsə belə, ciddi təsiri olmayacaq. Bundan itirən Sinan Oğan olacaq. Bunu həm Ərdoğan, həm də Kılıçdaroğlu yaxşı bilir. Odur ki, Sinan Oğan sadəcə vəziyyəti düzgün dəyərləndirib gələcək siyasi fəaliyyəti üçün bunlardan faydalana bilər.
Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayan "dövlət naziri" təyin olunacaq və hazırda bu "post"da olan Qurgen Nersisyan yenidən "baş prokuror" vəzifəsinə qayıdacaq. Onlar qohumdurlar. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyan Babayanın "təyinatı" ilə sonuncu aktı həyata keçirməyə çalışacaq.
Bu barədə erməni mətbu orqanı "hraparak" mənbələrinə istinadən yazıb.
Nəşr yazır ki, onlar artıq müxtəlif ssenariləri müzakirə edirlər ki, birincisi, “dövlət naziri Samvel Babayanın tələbi ilə” azərbaycanlılar keçid məntəqəsini açacaqlar, bu da onun reputasiyasını artıracaq, lakin çoxlu adam Xankəndini tərk edəcək.
"Sonra o, Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək, çünki onların təhlükəsizliyini təmin etmirlər, sonra isə Qarabağ mədənlərinin istismarı Azərbaycan şirkətlərinə veriləcək və pulun hər halda "büdcəyə" daxil olacağını iddia edəcək. Azərbaycanlılar isə Qarabağda mülkədar hüququ ilə yaşayacaq", - deyə nəşr yazıb.
Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan iranlı politoloq Ehsan Movaxedyan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edib.
Onun sözlərinə görə, Qarabağın tam şəkildə Azərbaycana qaytarılması, Rusiya Federasiyası və İranın mövqelərini zəiflədəcək.
"Xüsusilə Ermənistanın KTMT-dən çıxmağa hazır olması ilə bağlı xəbərlər fonunda İslam Respublikası sərhədlərində İsrail, Türkiyə və NATO güclənəcək. Ermənistanın Naxçıvan Muxtar Respublikasının Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına razılığı, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə gətirib çıxaracaq”, - Movaxedyan deyib.
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəki şəhər rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Namazov vəzifəsindən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinə müavin təyin edilib.
Türkiyədəki seçkilərin nəticələri ABŞ və Qərbdə sarsıntı və məyusluq doğurub, çünki bu, rəsmi Ankaranın beynəlxalq məkanda oyundankənar vəziyyətə salınması üçün önəmli fürsət hesab edilirdi... Ancaq Qərb siyasi dairələrinin CHP lideri Kamal Kılıçdaroğlunun timsalında Türkiyəni "oyuncaq prezident" modelinə keçirtmək cəhdləri boşa çıxdı...
Türkiyədə hakimiyyət uğrunda mübarizənin taleyi böyük ölçüdə həll olunmuş kimi görünür. Düzdür, prezident seçkilərində hələlik mütləq qalib yoxdur. Prezidentin kimliyini məhz seçkilərin ikinci turu müəyyən edəcək.
Ancaq birinci turun mövcud nəticələri Türkiyədə prezidentin kim olacağını təxmin etməyə imkan verir. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə 49,5 faiz, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun isə 45 faiz səs toplaması ikinci turda səslərin kimi qalıb edəcəyini göstərir. Və indi müxalifət düşərgəsində açıq-aşkar məyusluq hökm sürür.
Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğanın topladığı 49,5 faizin ikinci turda azalma ehtimalı real deyil. Əksinə, onun səs faizinin daha da artacağı artıq indidən qətiyyən şübhə doğurmur. Və bu, Türkiyədə hakimiyyət dəyişikliyinin baş verməyəcəyi anlamına gəlir.
Müxalifət düşərgəsində isə siyasi hesablar artıq qarışmağa başlayıb. Belə ki, müxalif koordinasiya artıq əvvəlki kimi ümidli deyil. Bu düşərgədə prezident seçkilərinin ilk turunda vahid namizəd Kamal Kılıçdaroğlunun 60 faizin üzərində səs toplayaraq, inamlı qələbə qazanacağına əmin idi. Sorğu şirkətlərinin sosial araşdırmaları müxalifət təmsilçisinə belə qətiyyətli qələbə vəd edirdi. Və belə anlaşılır ki, para qazanmaq üçün müxalifəti şirnikləndirən sorğu şirkətləri bu düşərgəni əməlli-başlı aldadıb.
İkinci turda kimin qalib gələcəyini isə böyük ölçüdə parlament seçkilərinin nəticələri müəyyən edəcək. Çünki "altılı masa"da və Kamal Kılıcdaroğlunun gizli anlaşdığı PKK-nın siyasi qanadı HDP-də əsas gözləntilər parlament çoxluğunun qazanılmasına bağlıydı. Belə ki, parlamentdə ümumi 400 deputat yeri qazanılacağı təqdirdə, CHP lideri Türkiyə Konstitusiyasını dəyişəcəyini vəd etmişdi. Prezident üsul idarəsindən parlamentar sistemə qayıdış təmin edildikdən sonra İYİ Partiyanın lideri Meral Akşenerin də baş nazir olması nəzərdə tutulurdu.
Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi Cümhur İttifaqı parlament seçkilərində qalib gələrək, deputat yerlərinin mütləq hissəsinə sahiblənə bildi. Yəni, ikinci turda kimin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə Konstitusiyasının bundan sonra dəyişdirilməsi mümkün deyil. Prezident Rəcəb Tayyib Ərdoğan qalib gələcəyi təqdirdə isə parlamentə nəzarəti əlində saxladığından qanunvericilik manevrlərində hər hansı problemlə üzləşməyəcək.
Belə vəziyyətdə K.Kılıcdariğlunun ikinci turda qələbəsi "altılı masa" və HDP üçün siyasi əhəmiyyətini itirmiş olur. Bu baxımdan, ikinci turda CHP istisna olmaqla, digər siyasi müttəfiqlərin K.Kılıcdaroğlunun prezident seçilməsi üçün xüsusi canfəşanlıq göstərəcəyi o qədər də inandırıcı görünmür. Üstəlik, prezidentliyə namizəd Sinan Oğanın topladığı 5,3 faiz səsin əhəmiyyətli bir hissəsinin də Rəcəb Tayyib Ərdoğanın aktivinə yazılacağı qətiyyən şübhə doğurmur. Yəni, K.Kıllcdaroğlunun ikinci turda qələbəsi sadəcə, möcüzəyə bağlıdır. Siyasət meydanında isə möcüzələr baş vermir.
Maraqlıdır ki, Türkiyədə keçirilmiş seçkilərin nəticələri ABŞ və Avropa siyasi dairələrini də ciddi şəkildə məyus edib. Belə ki, Qərb mətbuatı Türkiyədə demokratik, şəffaf və ədalətli seçkilərin keçirildiyini etiraf etmək məcburiyyətində qalıb. Ən əsası isə Qərb siyasi dairələri Türkiyədə hakimiyyətin dəyişmədiyinu qəbul etmək məcburiyyəti ilə barışıblar. Və artıq prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyə ilə əməkdaşlığa hazırlaşdıqlarını qətiyyən gizlətmirlər.
Hər halda, Qərb siyasi dairələri idealist deyil, praqmatik hesablamalara üstünlük verirlər. İndi Qərbdə NATO-nun genişlənməsi prosesinin gələcək taleyinin məhz prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsindən asılı olduğuna əmindirlər. İsveçin hələ uzun müddət NATO-nun qapıları ağzında gözləyəcəyini təxmin etmək o qədər də çətin deyil. Və prezident Rəcəb Tayyib Ərdoğan bundan sonra dünya siyasət məkanında əvvəlkindən daha təsirli geopolitik iradə faktoruna çevriləcək.
Digər tərəfdən, Qara dəniz hövzəsində "taxıl dəhlizi" də Türkiyənin geopolitik iradəsinə bağlıdır. Rusiya prezident Rəcəb Tayyib Ərdoğana olan sayğısını ifadə etmək üçün seçki ərəfəsində "taxıl dəhlizi" ilə bağlı anlaşmanı iki ay müddətində uzatdığını bəyan etmişdi. Belə ehtimal etmək olar ki, Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin nizamlanmasında da Türkiyə baş rolda çıxış edəcək. ABŞ və Qərbi ən çox qıcıqlandıran önəmli məqamlardan biri də məhz budur.
Əlbəttə, prezident Rəcəb Tayyib Ərdoğanın öz hakimiyyətini qorumağı bacarmasının nəticələrindən danışarkən, Afrika qitəsində cərəyan edən proseslərdə, Suriyada baş verənlərdə, Avropanın enerji resursları ilə təmin edilməsində və s. Türkiyənin həlledici rolunu da qeyd etmək lazımdır. Belə anlaşılır ki, yaxın gələcəkdə ABŞ və Qərb dünyanın taleyini həll edə biləcək bütün proseslərdə Türkiyəni öz qarşısında görməli olacaq. Türkiyənin maraqlarına qarşı atılan istənilən addıma rəsmi Ankara qətiyyətlə müqavimət göstərəcək. Türkiyənin hərbi-sənaye kompleksinin son uğurlarından sonra rəsmi Ankara beynəlxalq məkanda özünü daha da inamlı hiss etməsi ABŞ və Qərbi çıxılmaz vəziyyətə salmaqdadır.
Təbii ki, bütün bunları nəzərə aldıqda, Türkiyədə keçirilən seçkilərin ABŞ və Qərbdə niyə bu qədər sarsıntı və məyusluq doğurduğunu anlamaq çətin deyil. Türkiyənin beynəlxalq məkanda oyundankənar vəziyyətə salınması üçün bu seçkilər önəmli fürsət hesab edilirdi. ABŞ və Qərb CHP lideri Kamal Kılıçdaroğlunun timsalında Türkiyədə "oyuncaq prezident" modelini reallaşdırmağa cəhd göstərirdi. Və bu cəhdlərin artıq iflasa uğradığını anlamaq qətiyyən çətin deyil.
Türk Dünyası da Türkiyədə keçirilən seçkilərin nəticələrindən maksimum səviyyədə məmnundur. Çünki, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini qoruması Türk Dövlətləri Təşkilatının dünyada yeni siyasi-iqtisadi güc mərkəzinə çevrilmə prosesi davam etdiriləcəyi deməkdir. Nəhayət, "Türk yolu" layihəsinin də məhz Azərbaycandan keçəcəyinə indi heç bir şübhə yeri qalmadı.(Yeni Müsavat)
Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə Qarabağın Azərbaycanın tərkibində qalmasını rəsmən tanıyıb.
Bu barədə erməni jurnalist Nairi Oxikyan öz mənbələrinə əsasən bildirib.
Onun sözlərinə görə, Paşinyan Brüsseldə üzərinə müəyyən öhdəliklər görtürüb və onlar aşağıdakılardır:
“Qarabağın Azərbaycanın tərkibində olmasını rəsmən tanınması;
Azərbaycanla Naxçıvan arasında dəhlizin verilməsinə söz verib, amma “dəhliz” sözünün istifadə edilməməsini istəyib;
KTMT-dən çıxmaqla bağlı prosedura başqlamaq;
İctimaiyyəti Rusiyanın bölgədən çıxmasına hazırlamaq;
Paşinyan cəmiyyəti hazırlamaq üçün vaxt istəyib”.
Qeyd edək ki, dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
"Yol-xeber.az" xəbər verir ki, bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.
Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
"Ölkə.az" xəbər verir ki, bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.