Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər

“Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür”.

Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa olunması və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin olunması və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə edilib. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirilməsi və beynəlxalq səviyyədə kritik qərarların qəbulu ölkəmizin ətraf mühit sahəsində qlobal səylərə töhfə verməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə aparmasının əyani göstəricisidir.

Ətraf mühitin, biomüxtəlifliyin qorunmasına və yaşıllaşdırmaya xidmət edən tədbirlər

Azərbaycanda intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır. Təkcə ötən il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8 milyondan çox ağac əkilib. Bu il isə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları davam edir.

İşğaldan azad olunmuş ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar olub. İşğala qədərki dövrdə həmin ərazilərin 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Təəssüf ki, ən çox zərər çəkən sahələrimiz məhz meşələrimiz olub. Həmin meşələr məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. Əlbəttə ki, seyrəldilmiş ərazilərimiz də var. Bunlar da min hektarlarla ərazini əhatə edir. Bir hektara min ağac sayı ilə götürsək bu, 54 milyon ağacın məhvi deməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir.

Biomüxtəlifliyin mühafizəsi istiqamətində görülən işlərə ölkə ərazisində yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, azad edilmiş ərazilərdə qoruq və yasaqlıqların bərpası, həmçinin bir sıra heyvan növlərinin reintroduksiyası, su bioresurslarının artırılması tədbirlərini nümunə göstərmək olar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2025-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2024-cü ildə 1915 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 41,5, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiqlənmiş müəssisələrin 47,9, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş müəssisələrin isə 25,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb. Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1526 nəfər vəzifəli şəxs və vətəndaşlara 1836 min manat məbləğində inzibati cərimə sanksiyası tətbiq edilib.

Faktlar və nəzərəçarpan müsbət dinamika onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları təbiət keşikçisi kimi öz xidməti vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Nazirliyin işçilərinin hər ötən gün uğur zəncirinə yeni nailiyyət halqaları əlavə edəcəyinə və qarşıdakı illərdə yaşıl düşüncəmizi yaşıl reallığa çevirəcəyinə inanırıq.

bakida-daha-3-mekteb-direktoru-isden-cixarildi

Bakıda üç məktəb direktoru işdən azad olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.

Məlumatda qeyd olunub ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Bu gün Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Bu gün 49 ailə (232 nəfər) Kəngərli kəndinə köçürülüb.

Ağdam rayonundan – 31 ailə (151 nəfər), Ağcabədi rayonundan – 7 ailə (33 nəfər), Yevlax şəhərindən – 3 ailə (13 nəfər), Bakı şəhərindən –3 ailə (11 nəfər), Bərdə rayonundan – 2 ailə (11 nəfər), Mingəçevir şəhərindən –1 ailə (6 nəfər), Şəki rayonundan –1 ailə (4 nəfər), Oğuz rayonundan – 1 ailə (3 nəfər) Kəngərliyə yola salınıb.

Beləliklə bugünkü köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 109 ailə (487 nəfər) köçürülmüş olur.

Kəngərliyə köçənlər arasında olan Könül Ağayeva Ağdama övladları ilə birgə köçdüyünü deyib: “Övladlarımla birgə gedirəm. Böyük oğlum Qarabağ Universitetinin tələbəsidir. Balaca musiqi ilə məşğul olur. Mən də onlarla məşğul olacaq. Çox xoşbəxtəm.”

Köçənlər arasında olan Nəbiyev Davud da doğma elində musiqimizi yasadacağını deyib: “Çox sevincliyəm ki, elimə obama qayıdıram. Ağdamda öz musiqimizi təmsil edəcəyəm, öz musiqimizi yaşadacağam”.

Bayram namazının vaxtı açıqlandı

Qurban bayramının namaz vaxtı açıqlanıb.

QMİ-nin Qazılar Şurasının fətvasında deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir.

"Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа 6-7 iyun Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir", - fətvada bildirilir.

QMİ Qurban bayramı ilə bağlı fətva verdi

Qurban bayramı ilə bağlı fətva verilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib.

QMİ sədri qeyd edib ki, Qurban bayramı iyun ayının 6-da qeyd olunacaq.

Fətvada deyilir:

"Bağışlayan və Mərhəmətli Allahın adı ilə!

Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insan həyatına verilən dəyərin ilahi mesajını çatdırır.

Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər bayramının beşinci ildönümü ərəfəsində - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması, Şuşa Daşaltı məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirir. Bu şərəf və qüruru bizə yaşadan, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün ailə üzvlərinə dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı, fədakar zəhmətlərinə uğurlar diləyirik.

Azərbaycan müsəlmanları adından duamız budur ki, Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkənın Mina ərazisində həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri bəyənilmiş sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qur`ani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37) Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 6-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа 6-7 iyun Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!

Vəssəlаmu əleyкum və rəhmətullаhi və bərəкаtuh!"

Xəbər lenti