|
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Bu barədə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:
“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə, eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.
Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”.
Araz Əsgərli onu da qeyd edib ki, əsas hədəf kimi şəhərlərarası daşımaları Bakı Beynəlxalq Avtovağzalına yönəltmək və bu işi mərkəzləşdirilmiş qaydada təmin etməkdir.
Sus və Zabuğa qayıdışla bağlı tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir.
Report xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dünya Bankı ilə Dövlət Komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq:
“Dövlət Komitəsi bütün imkanlarından istifadə edəcək ki, həqiqətən də sözün əsl mənasında məcburi köçkünlərə tutarlı yardımlar göstərilsin”.
R.Rzayev söyləyib ki, hazırda Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir:
“Cənab Prezident tərəfindən tapşırıq verilən kimi dərhal icra ediləcək”.
Prezident İlham Əliyevin sentyabr ayında Sus və Zabuğa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan qurum sədri əlavə edib ki, bu gün həmin tapşırıqlar icra olunur:
“Ehtimal ki, qayıdışla bağlı tapşırıqlar avqust ayında həyata keçiriləcək”.
R.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir:
“Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını əlindən gəldiyi qədər icra etməyə hazırdır.
Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”.
İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.
Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olub. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
“Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var”.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezidenti tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb:
“Qəzalı Ötən həftə Baş nazirin rəhbərliyi ilə müşavirə keçirilib. Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq”.
Bu il Qurban bayramı iyun ayının 28-29-una təsadüf edir. Artıq bir çox ailələrdə qurban kəsməyə hazırlıq görülür.
Konkret.az qurban kəsmək istəyənlərin bilməsi vacib olan məqamları təqdim edir:
– Qurban kəsilən heyvanın üçdə biri qurbanı kəsən şəxsə verilir, üçdə biri qonaqlara və dostlara, üçdə biri isə kasıblara paylanır.
– Qurbanın əti təzə olduğu üçün qoxusu qəssabdan və ya bazardan aldığınız dincəlmiş ətdən daha kəskin olur.
– Bəzi insanlar qurban ətini yuyur, amma bu çox yanlışdır. Qurban ətinin yuyulması ətdəki bakteriyaların miqdarını sürətlə artırır. Qurban ətini yumaq olmaz.
– Qurban əti kəsilib hissələrə bölündükdən sonra 1 gecə qalmadan, dərhal torbalara yığılsa yaşıllaşır. Odur ki, qurban əti kəsildikdən sonra 24 saat saxlanılmalı və günün sonunda yeyilməlidir.
– Qurbanı kəsərkən heyvan dartındığı üçün əti çox sərt olur. Əti dərhal kəsib bişirib yemək gələcəkdə ciddi xəstəliklərə səbəb ola bilər.
– Qurban ətinin ideal saxlama müddəti 3 ay, maksimum 1 ildir. Bundan daha uzun müddət saxlanılan ət sizə xeyirdən çox zərər verəcək.
– Qurban kəsə bilməyənlərə ət paylananda sümük verilmir. Sümüksüz ətin verilməsi daha uyğundur. Əks halda, bu, hörmətsizlik sayılır.//Yenisabah
“Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında bildirib.
A.Kərimovun sözlərinə görə, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.
Nazir müavini xatırladıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında son 5 ildə 4 sosial islahat paketi icra olunub:
“Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.
Uşaq pulu məsələsinə biz ünvanlı müavinət olaraq baxırıq. Bu gün 615 min uşaq müavinət alır.
Trend xəbər verir ki, bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ona görə də bu məsələ hazırda ayrıca olaraq müzakirə olunmur.
Skuter icarəsi üzrə bəzi tətbiqlər fəaliyyətlərini müvəqqəti dayandırıblar.
Bunun səbəbi “polis reydləri” ilə əlaqələndirilib.
Məlumata görə, yollarda skuter sürməyə polis tərəfindən icazə verilmir.
Bu sahədə xidmət göstərən şirkətlər skuteri yolda sürən şəxslərin bəzən cərimələndiyini, hətta skuterlərin cərimə meydançasına aparıldığını bildirirdilər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir: "Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələrini idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".
İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Yol-xeber.az”a verilən məlumata görə, yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaratmışdı.
Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda, layihəyə görə, “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.
Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.
Qeyd edək ki, bu qanun layihəsi qəbul olunacağı təqdirdə 2024-cü ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.