Milli Məclis sədrinin 3550 manat aylıq vəzifə maaşı alacaq.

Milli Məclis sədrinin birinci müavini parlament sədrinin aylıq vəzifə maaşının 90 faizi qədər maaş alacaq.

Milli Məclis sədrinin müavini - 85 faizi, komitə və komissiya sədri - 80 faizi, komissiya sədrinin müavini - 75 faizi, deputat isə parlament sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Bakıda bir çox yerdə quraşdırılan "pulsuz Wi-Fi" xidməti dayandırılacaq.

Bu barədə İTV-yə açıqlamasında "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, 29 iyundan etibarən bu ərazilərdə "İctimai Wi-Fi" xidməti fəaliyyət göstərməyəcək:

“Qış parkı"
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
“Sabir bağı”
“Xaqani” bağı
“Axundov bağı”
“Zabitlər” parkı
“Hüseyn Cavid” parkı
“İzmir” parkı
“Sahil bağı”
“Səməd Vurğun” bağı
“Muğan” bağı
“Fashion Avenue” parkı
“Dədə Qorqud” parkı
Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə "pulsuz Wi-Fi" xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Məkrəzinin parkıdır.

Aqiyə Naxçıvanlı: “Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar”

“İyunun 26-da Azərbaycan qalib ölkə kimi, xalqımız müzəffər xalq kimi Ordu Gününü qeyd etdi. Prezident İlham Əliyev 26 iyun tarixində Kəlbəcər rayonuna səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış etdi. İşğaldan azad edilmiş Hadrutda istifadəyə verilmiş birinci Komando hərbi hissəsinin yaradılmasından 6 ay ötür. Yarım il sonra Kəlbəcərdə yeni yaradılmış Komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Bu sözləri Milli Məclisin deputatı professor Aqiyə Naxçıvanlı mətbuata bildirib: “Müharibədən keçən il yarım ərzində ordumuzun daha da gücləndirilməsi, daha da müasir silahlarla təchiz edilməsi, sərhəd boyunca bütün əlverişli mövqelərə sahiblənmək üçün gecə-gündüz çalışmışıq və buna nail olmuşuq”.
Deputat tarixi Qələbəni şərtləndirən amilləri xatırladıb: “Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Bu isə o deməkdir ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar yalnız formal olaraq fəaliyyət göstərir, dünyada güc amili öndədir. Xalqımızın gücünü ifadə edən Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. İşğalla heç vaxt barışmayan Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Əlbəttə, bu tarixi qələbənin qazanılmasında onu yaxınlaşdıran, müharibəni aparmaq üçün imkan yaradan iqtisadi müstəqillik faktoru, ötən illər ərzində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün görülmüş bir çox tədbirlər əhəmiyyətli rol oynadı. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi oldu və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir; Şanlı Vətən müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Sonda Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq”.

A.Naxçıvanlı müharibədən sonra Azərbaycan Ordusunun həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti sarıdan daha da gücləndiyini qeyd edib: “Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti yüksək səviyyədədir. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər. Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Cənab Prezidentimizin dediyi kimi, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qarşımızda dura bilməz”.

Parlament üzvü bu gün Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa - quruculuq işlərindən də danılşıb: “Azərbaycan xalqı qurub-yaradan xalqdır, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Kəlbəcərin infrastrukturunun qurulmasına, elektrik və su təchizatına, evlərin tikilməsinə artıq start verilib. Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etdiyi kimi, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bununla belə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında Murov dağının altından çəkilən ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya da artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Cənab Prezident tərəfindən Kəlbəcər şəhərinin təsdiq olunan Baş planı özündə təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq Aşıq Mərkəzi və lazım olan digər tikililər inşa ediləcək. Laçın rayonunda yeni hava limanının tikintisinin ən çətin tərəfi rayonda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Azad edilmiş bütün rayonlarda olduğu kimi, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”!

Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur.

Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.

Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur.

Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur.

İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi.

1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.

Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalmışdır.

1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

2022-ci il iyulun 9, 10-u Qurban bayramıdır.

"Yol-xeber.az" xəbər verir ki, 9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

İndiyədək 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb edilib.

Bunu Əmək və əhalinin sosial siyasət naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb olunacaq.

"Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq", - nazir deyib.

O eyni zamanda müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə aydınlıq gətirərək deyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində baxılacaq.

Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirib.

"Yol-xeber.az" "Report"a istinadən xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Hikmət Mirzəyevin şəhid övladları ilə görüşü olub.

Hikmət Mirzəyev şəhid övladları ilə həmsöhbət olub və onlara şəhid atalarının hər birinin qəhrəman olduğunu, daim qəlblərdə yaşayacağını bildirib.

 

 





 
Kamaləddin Qafarov: “Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycanın strateji hədəflərindən biridir”

“1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Həmin vaxt Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində atılmış ilk və mühüm addımlardan biri olmuşdur. Təəssüf ki, 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ilə ölkəmizdə dövlət quruculuğu istiqamətində aparılan bütün işlər kimi, ordu quruculuğu prosesi də dayandı. SSRİ rəhbərliyində duran rəhbər vəzifəli şəxslər Azərbaycan əsilli hərbi kadrların yetişməsində maraqlı deyildi. 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı.”

Bu sözləri 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan millət vəkili bildirib: “Öz xalqına misilsiz xidmətlər göstərmiş Heydər Əliyev qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmaqla, bugünkü qüdrəli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı. 1999-cu il fevralın 20-də isə Ümummilli Lider Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamaqla, hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesini keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə çıxardı.”

K.Qafarov sözünə davam edərək deyib: “ Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, eləcə də müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Hərbi sənaye kompleksinin dinamik inkişafı nəticəsində Azərbaycan Ordusu ölkə daxilində istehsal olunan müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi təyinatlı məhsullarla təchiz olunur. Prezident İlham Əliyev Silahlı qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə bu gün Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. MDB məkanında Azərbaycan ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən biri sayılır.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışların birində demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da dövlət başçısının həyata keçirdiyi bu möhtəşəm siyasətin bir təzahürüdür.”

Deputat K.Qafarov bildirib ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində Ermənistanın ordusunu darmadağın etməklə tarixi ədaləti bərpa etdi: “Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü hər zaman böyük ruh yüksəkliyi ilə qeyd olunub. Lakin məhz 2020-ci ildən bu şərəfli tarix xalqımız və ordumuz üçün tam yeni bir anlam kəsb etməyə başladı. Həmin il sentyabr ayının 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanata əsasən bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Azərbaycan isə 2020-ci ildən başlayaraq 26 iyun tarixini artıq qalib ölkə, qalib xalq və Müzəffər ordu olaraq qeyd edir. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, aparıcı Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir”.



"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan bu işlər 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir. 

Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A  küçəsi və 2800 metr uzunluğa malik Massiv 6, Yeni məhəllənin yollarında təmir işləri aparılır. Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu.

Yenidənqurma işləri çərçivəsində küçələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol əsası işlənilib.  Hazırda hər iki ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.  

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

YOLUNUZ AÇIQ OLSUN...

 

Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”

“ Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var. Dil, mədəniyyət və din birliyinin olması, tarixi genetik ortaqlıq bu münasibətlərin yaxşılaşmasını indiki dönəmdə daha da aktual edir. Müasir qlobal proseslər, dünyada gedən siyasi kataklizmlər və böhran göstərir ki, belə birliyin olmadığı coğrafiyada inkişaf etmək, dayanıqlı sülhə nail olmaq çox çətin olacadır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri həm ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək, həm də Türk dövlətləri birliyi təşkilatının daha da inkişafina səbəb olacaqdır”.

Bu sözləri millət vəkili Kamaləddin Qafarov Prezident İlham Əliyevin Özbəkistana səfərini mətbuata şərh edərkən deyib.

Milli Məclis deputatı vurğulamışdır ki, Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Meydanın açılışında iştirak edən Prezident geniş nitq söyləmiş, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin köklərə, tarixi zərurətə əsaslandığını qeyd etmişdir. “Cənab Prezident Ulu Öndərin bu əlaqələrə böyük önəm verdiyini xatırladaraq daim Özbəkistanın keçmiş rəhbərləri ilə dostluq münasibətləri saxladığını bildirmidir. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev bu dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin yaxın gələcəkdə strateji səviyyəyə qaldırılması zərurətini bilirdi və bu yöndə işlərin inkişafını tövsiyə edirdi. Geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev öz çıxışında əlaqələrin intensivləşdirilməsi, bütün sahələrdə- iqtisadi, siyasi, mədəni, kommunikasiya və rabitə sahələrində əlaqələrin yaxşılaşdırılmasının hər iki tərəfin marağında olmasını bildirmiş, bunun gələcək tərəqqi üçün zəruri olduğunu qeyd etmişdir”.

Millət vəkili bildirmişdır ki, səfərin diqqətçəkən məqamı bu səfərin 25 il əvvəl Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə eyni vaxta düşməsidir. Bu mənada cənab Prezidentin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparması proseslərə yeni yanaşmanın təzahürüdür. İki dövlət başçısının imzaladığı 19 sənəd bir sıra sahələri əhatə edəcəkdir. İlk növbədə, iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, idxal-ixrac balansının tənzimlənməsi, kommunikasiyaların davamlı səviyyədə inkişaf etdirilməsi, Türk Dövlətləri Birliyinin möhkəmləndirilməsi sənədlərdə öz əksini tapmışdır. Regional təhlükəsizliyin qorunması, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi də gündəmdə olan məsələlərdən biridir. Cənab Prezidentin səfərin nəticələrinə dair Bəyanatı bunu deməyə əsas verir ki, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarında sülhə və sabitliyə nail olmaq üçün ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.

Millət vəkili sonda qeyd etmişdir ki, Daşkənddə ikili əlaqələrin ən müxtəlif tərəflərini əhatə edən investisiya sazişləri və ticarət müqavilələri paketi imzalansa da, bu səfər, Bəyannamədən də göründüyü kimi, müdafiə və təhlükəsizlik sahəsində dərin əməkdaşlığın özülünün qoyulmasıyla daha çox diqqəti cəlb etdi.” Təbii ki, bu istiqamətlərdə inkişafa nail olmaq həm də digər türkdilli ölkələrin, eləcə də Türk Dövlətləri Birliyi təşkilatının də inkişafına, münasibətlərin daha yüksək səviyyədə qurulmasına xidmət edəcəkdir”.

Xəbər lenti