Azərbaycanda Məhərrəm ayı başlayacağı tarix məlum olub.

"Yol-xeber.az" xəbər verir ki, 30 iyul Məhərrəm ayının birinci günüdür.

Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur.

Aşura günü isə avqustun 8-nə təsadüf edəcək.

Karantin cərimələrinin ödənilməsi ilə bağlı xüsusi mexanizm tətbiq olunmayıb.

Bu sözləri baku.ws-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, digər cərimələrin ödənilməsi mexanizmi qanunla nə cür tənzimlənirsə, karantin cərimələrində də proses eynidir:

“Misal üçün deyim ki, hər hansısa sənəd dəyişilən zaman vətəndaşın borcu olanda prosesi yerinə yetirə bilmir. Vətəndaşın dövlət borcu (eləcə də karantin qaydaları ilə əlaqədar cərimə) olanda məsələ məhkəməyə gedilərsə, həmin şəxs “ölkədən çıxışa qadağa" statusu qazanır.

Briliant Dadaşovanın oğlunun 3000 manatdan çox karantin cəriməsinin olduğunu xatırladaraq ölkədən çıxmaq məsələsini bir daha gündəmə gətirdik. Nurlan Əliyev sözügedən məsələ ilə bağlı bildirdi ki, mövzudan xəbərdar deyil. Ancaq, dövlət qarşısında borcu olan vətəndaş hansısa quruma müraciət etdikdə həmin qurumun hüququ varki vətəndaşa ölkədən çıxmaq üçün qadağa tətbiqini qoysun.

“Artıq burada məsələ təkcə Daxili İşlər Nazirliyini yox, digər aidiyyatı qurumların da əlaqələndirir. Cərimə ödəməyən vətəndaşlara müxtəlif məhdudiyyətlərin tətbiq edilməsi prosesi bəzi hallarda uzun çəkən məhkəmə işinin nəticəsi olur”.

Bakıda təxminən 30 ailənin yaşadığı bina uçma təhlükəsi ilə üzləşib.

Binanın daşları ovulur, divarlarında iri çatlar əmələ gəlib. Pilləkənlərlə qalxmaq isə sözün əsl mənasında cəsarət tələb edir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanındakı dördmərtəbəli binadan gedir.

Sakinlər deyirlər ki, sözügedən bina 130 il əvvəl tikilib, tarix və mədəniyyət abidəsi kimi qeydiyyatdadır. Bina sakinləri iddia edirlər ki, mövcud problemlərlə əlaqədar aidiyyəti qurumları məlumatlandırıblar.

Bina sakini Lətifə Rəsulova birinci mərtəbədə yaşayır. Qadın iddia edir ki, binada su və kanalizasiya boruları da baxımsızlıqdan yararsız hala düşüb.

Bina tarixi olduğundan onlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat veriblər. Adıçəkilən qurumun mətbuat katibi Nuridə Allahyarova ''Xəzər Xəbər''ə bildirib ki, həmin bina həqiqətən də tarixidir və abidə qisimində dövlət qeydiyyatındadır.

Onun sözlərinə görə, bu məsələdə binanın sökülməsindən söhbət gedə bilməz. Bunun üçün aidiyyəti üzrə bir neçə dövlət qurumunun rəyi və qərarı olmalıdır. Əks halda, tarixi və abidə qismində olan binaya müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bu gün Vətən müharibəsi şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin doğum günüdür.

1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olan Xudayar Yusifzadə oktyabrın 22-də Hadrut qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videoda rayonun icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia edib.

"Yol-xeber.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, K.Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub:

“Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib və maddi yardım ayrılıb. Bütün bunlara baxmayaraq, K.Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib.

Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra K.Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməyib, əksinə ona diqqət və hörmətlə yanaşılıb”.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından iki il ötür.

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub.

Anası Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu dövrdə Polad Həşimov hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.

1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı “motoatıcı” ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və 2016-cı ildə “hərbi idarəetmə” üzrə magistr dərəcəsi alıb.

Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində “Güzgü”, “Koroğlu” və “Ömər” postları uğrunda gedən döyüşlərdə savaşıb. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla rayonunda yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilib.

Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət edib. Polad Həşimov 1995–2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışıb.
Polad Həşimov 28 yaşı olanda “mayor” hərbi rütbəsi alıb və 2003-cü il iyunun 24-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Altı il sonra isə Polad Həşimov “polkovnik-leytenant” hərbi rütbəsi alıb və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub-saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilir. Kirayə mənzildə yaşamasına baxmayaraq, Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayır.

2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən, Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan ilk hərbçi olub.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb və Ermənistan ordusu geri oturdulub.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. Artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan ordusunun atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan ordusunun fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olur. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhadətə ucalırlar.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimovla vida mərasimi iyulun 15-də baş tutub. O, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonuna səfəri zamanı Polad Həşimovun adının əbədiləşdirilməli olduğunu bildirib və bununla bağlı göstəriş verib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

2021-ci il mayın 7-də Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. 2021-ci il iyulun 22-də Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb.

İ.Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının komandiri vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən kapitan rütbəsi alıb.

2001-ci ildən başlayaraq isə İ.Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər “N” saylı hərbi hissənin qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən mayor rütbəsi alıb.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər “N” saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsini yerinə yetirib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona polkovnik rütbəsi verilib.

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad olunub.

İ.Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

İyulun 12-dən 13-nə ötən gecədə 3-cü Ordu Korpusunun qərargah rəisi Polad Həşimov və artilleriya rəisi İ.Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.

İ.Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.

Tovuz döyüşləri 200 illik təcavüzün sonu oldu - HƏQİQƏTƏN DƏ...

Tovuz döyüşlərinin üzərindən iki il ötür. Bu döyüşlərin davamı kimi Azərbaycan 27 sentyabrda haqq müharibəsinə başladı və Ermənistan ordusunun 65 faizini məhv edərək, tarixdə çox az xalqa, millətə nəsib olacaq şəkildə şanlı qələbə qazandı. Başda general-mayor Polad Həşimov olmaqla, Tovuz döyüşlərində canını Vətən üçün fəda edən bütün şəhidlərimizi böyük ehtiram, minnətdarlıq hissi ilə yad edir, hamısına Allahdan rəhmət diləyirəm. Bu sözləri Axar.az-a Tovuz döyüşlərinin 2-ci ildönümü ilə bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Generalın sözlərinə görə, Tovuz döyüşlərində Ermənistanın 21-ci əsrdə Azərbaycana son təcavüz cəhdinin qarşısı alındı:

“Bu təcavüz Azərbaycanda danışıqların nəticələrinə və sülhə ümidi bitirdi, nəticədə dövlət bütün milli güc ünsürləri ilə birlikdə torpaqların işğaldan azad edilməsi üçün müharibə başladı. Aprel döyüşlərindən sonra Ermənistanın yeni hərbi konsepsiya və torpaqları genişləndirmək istəyi, eyni zamanda revanşizm duyğusu ilə Qarabağdan uzaqda və mühüm enerji xətlərinin keçdiyi Tovuza hücumu erməni təcavüzkarlığının, terrorizminin növbəti nümunəsi idi. Məncə, Tovuz döyüşləri 28 ildən bəri davam edən işğal, haqsızlıq, hüquqtanımazlıq, ikili standartların zirvəsi idi və xalqın səbir kasasını daşırdı, Azərbaycan dövləti sülh, diplomatiya, beynəlxalq hüquqa uyğun şəkildə razılaşmanın əldə edilməsi ilə bağlı çağırışlarına son verdi. Tovuz döyüşlərinin arxasınca başlayan İkinci Qarabağ müharibəsi ilə Cənubi Qafqazın ən böyük hərbi gücünə sahib olan Azərbaycan dövləti bununla iki yüz ildir davam edən erməni vəhşiliyinə, təcavüzkarlığına son qoydu. Bu müharibə Azərbaycan xalqının yüksək milli-mənəvi duyğular ilə Vətəni qorumaq üçün canını mərmilərin qarşısında sipər edərək yazdığı qəhrəmanlıq dastanıdır. Tovuz döyüşləri Aprel döyüşlərinin davamı və Dəmir yumruğun ilk qığılcımıdır. “Bayraqları bayraq edən üstündəki qandır/ Torpaq uğrunda ölən varsa, Vətəndir” təfəkkürü ilə hərəkət edən Şanlı Ordunun şücaəti sayəsində artıq torpaqlar işğaldan azaddır və Azərbaycan Qafqazın regional gücüdür”.

Xəbər lenti