Kamaləddin Qafarov: “Mifik ərazi iddiaları Ermənistanı  böyük problemlərlə üz-üzə qoya bilər”

“ Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasında son dərəcə maraqlıdır və bu istiqamətdə davamlı olaraq çalışmalar həyata keçirir. İyunun 16-da işə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezidentimiz bir çox digər vacib mövzularla yanaşı bu məsələyə də ətraflı münasibət bildirərək, Qafqazda regional təhlükəsizliklə bağlı ölkəmizin yanaşmalarını çox aydın şəkildə təqdim etdi. Tarixin səhifələrində müharibədə işğalçı dövlətə qalib gəlmiş, təcavüzkarı məğlub edərək öz ərazilərini azad etmiş qalib ölkənin sülh təklifi etməsinə çox nadir hallarda rast gəlinir. Lakin Azərbaycan bu addımı atır. Səbəb isə budur ki, dövlətimiz təkcə öz ölkəsinin ərazisində deyil, bütün Cənubi Qafqaz regionunda sülh, əmin-amanlıq və inkişaf görmək istəyir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün artıq sülh və əməkdaşlıq yaratmaq vaxtıdır. Əgər Ermənistan hökuməti bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaq.” Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir. “Bu prosesdə cüzi irəliləyişlər müşahidə edilsə də, gözlənilən nəticələrin əldə olunması üçün qətiyyən kafi deyil. Məlum olduğu kimi, Azərbaycan 2020-ci ilin noyabr ayında Vətən müharibəsini tarixi Qələbə ilə başa vurduqdan az sonra sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdi. Lakin Ermənistan bu sülhsevər təklifə cavab vermədi. Daha sonra Azərbaycan yenə də regional sülh və təhlükəsizlik prinsiplərini əsas tutaraq bu istiqamətdə növbəti addım atdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və eynilə bütün region ölkələrinin mənafeylərinə uyğun olan digər prinsipləri də özündə ehtiva edən təklif irəli sürdü.Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi.
Əlbəttə ki, bu olduqca yaxşı bir haldır və artıq müsbət dinamikanın təzahürüdür. İndi artıq əməli addımlar atmaq vaxtıdır. Azərbaycan yenə də xoşməramlı niyyətini nümayiş etdirərək öz tərəfindən sülh razılaşması üzrə komissiya yaratdı. İndi müvafiq addımın Ermənistan tərəfindən atılması lazımdır ki, artıq bilavasitə sülh danışıqları başlasın. Lakin Ermənistan hələ də nəyisə gözləyirmiş kimi, qərarsızlıq nümayiş etdirir. Bu isə qətiyyən yaxşı əlamət deyil”.
K.Qafarov Azərbaycana qarşı istənilən növbəti ərazi iddialarının Ermənistana çox baha başa gələ biləcəyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev Vətən müharibəsindən sonra keçən müddət ərzində Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulması üçün hər iki ölkə tərəfindən atılması zəruri olan addımlar barədə dəfələrlə bəyanatlar verib. Bakı Forumunun açılış mərasimin etdiyi çıxışında da dövlət başçısı bu məsələyə toxundu və Azərbaycanın mövqeyini növbəti dəfə birmənalı olaraq ortaya qoydu. İlk növbədə, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Moskva Bəyanatının bütün müddəalarına və xüsusilə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir. Necə ola bilər ki, Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışı təmin etsin, Ermənistan isə Zəngəzur dəhlizinin açılmasını, yəni Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini bloklasın ? Əlbəttə ki, bu, yolverilməzdir və Azərbaycan bu vəziyyətin uzun müddət davam etməsinə dözə bilməz. Ermənilər bilməlidirlər ki, vaxt uzatmaq məqsədilə məsələlərin həllini gecikdirmək taktikası heç də yaxşı sonluqla nəticələnmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və birmənalıdır. Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün əsas baza elementlərindən biridir. Prezident İlham Əliyev məxsusi olaraq bu məsələni vurğulamaqla alternativ variantın olmadığını bir daha qeyd etdi: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.”
Millət vəkilinin fikrincə, Zəngəzur dəhlizinin açılmaması müzakirə mövzusu ola bilməz, çünki bu məsələ Üçtərəfli Bəyanatda öz əksini birmənalı şəkildə tapıb. Digər tərəfdən, Ermənistan tərəfindən hələ də dırnaqarası “Dağlıq Qarabağ”ın statusu ilə bağlı fikirlər səsləndirilməkdədir. Bu, ilk növbədə, Ermənistanın özü üçün çox təhlükəli mövqedir:” Azərbaycan ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi mövcud deyil. Buna görə də statusla bağlı istənilən iddialar faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymaq cəhdi kimi qiymətləndirilə bilər. Belə olan halda isə Azərbaycan da Ermənistana qarşı Qərbi Zəngəzurla bağlı eyni iddialar irəli sürə bilər. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın buna həm tarixi nöqteyi-nəzərdən hüququ, həm də mənəvi haqqı var. Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə üz-üzə qoya bilər”.

İyunun 18-nə gözlənilən hava şəraiti açqılanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

ADY  məktəblilər üçün təhlükəsizlik mövzusunda maarifləndirmə tədbiri keçirib

"Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Binəqədi rayonundakı Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbdə dəmiryol nəqliyyatında davranış qaydaları və təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib. Dəmiryol əməkdaşları, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə şagirdlərə dəmiryol xətlərində təhlükəsiz hərəkətə dair geniş məlumat verilib, videoçarx təqdim olunub.

 

Bildirilib ki, ADY dəmir yolu ərazisindən keçən şəxşlər üçün təhlükəsiz şərait təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bunun üçün yolötürücüləri, keçid körpüləri, tunellər, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər çəpərlənir. Lakin bəzi hallarda vətəndaşlar qadağan olunmuş ərazilərdən dəmiryol xətlərini keçərək həyatlarını riskə atırlar. Bu kimi hadisələrin qarşısını almaq məqsədilə ADY maarifləndirmə tədbirlərini gücləndirib. Belə ki, qatarlarda cibliklərə təhlükəsizlik qaydalarına dair broşurlar yerləşdirilib, təhlükəsizlik qaydalarına dair illüstrasiyalı yeni kitabça çap olunub.

İnteraktiv formatda təşkil olunan tədbirdə iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda məktəb kitabxanasına dəmiryol nəqliyyatında davranış qaydaları və Azərbaycan Dəmir Yollarının tarixini özündə əks etdirən kitablar təqdim olunub.

Maarifləndirmə tədbirlərinin dəmiryol xətlərinə yaxın ərazilərdə yerləşən digər məktəblərdə də təşkil edilməsi planlaşdırılır.

“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək”

Bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır:

“Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

Yüksək hərarət, baş ağrısı, şişlik və zəiflik bu xəstəliyin ilkin əlamətləri. Artıq dünyada sürətlə yayılan meymun çiçəyinə qonşu ölkələrdə də rast gəlinməyə başlanılıb.

Belə olan halda isə təhlükənin qaçılmaz olduğu ortaya çıxır. Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ölkəmizdə tam nəzarətdədir və bununla bağlı qabaqlayıcı tədbirlər görüləcək.

Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova "Xəzər Xəbər"ə bildirib ki, ümumiyyətlə isə koronavirusdakı kimi əgər xəstəlik kütləvi hal alarsa xaricdən gələn hər bir şəxsin karatinə alınması məsələsi də gündəmə gələ bilər.

Onun sözlərinə görə, ümumiyyətlə yaxşı olar ki, hər bir şəxs öz sağlamlığını düşünərək fərdi qorunma metodlarından istifadə etsin.

Ekspert əlavə edib ki, belə olan halda qonşu ölkələrlə quru sərhədlərin açılmasından söhbət belə gedə bilməz.
 

 

Yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.

Bu barədə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.

“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Bu yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək,“- o, qeyd edib.

Hüseynovun sözlərinə görə, məcburi köçkünlər arasında geri, əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib. “Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir,” -o, qeyd edib.

Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Fərmail İsmayılov Zəngilan rayonundan olan məcburi köçkündür. O, bu günlərdə Ağalı kəndinə qayıtmağa hazırlaşır. Artıq yaşayacağı ev də məlumdur. Evlərdə günəş panelləri quraşdırlıb. Eleketrik, isti-soyuq su, telefon rabitəsi, internet təmin olunub. Məktəb, uşaq bağçası, xəstəxana yüksək səviyyədədir. Yollar tam qaydasındadır.

“Ailəmiz qayıdışı çox səmimi qarşılayır. Çünki, ora bizim ata-baba yurdumuzdur. Orada anadan olmuşuq, böyümüşük. Neçə illərdir həsrətini çəkdiyimiz ata-babalarımızın qəbirlərini ziyarət etmək bizə nəsib olub,” o, Amerikanın Səsisə bildirib.

İsmayılov daimi məskunlaşacağı Ağalı qəsəbəsində insanın yaşaması üçün lazım olan bütün təminatların yaradıldığını deyib.

“Burada ağıllı kənd qurulub. Evlərdə günəş panelləri quraşdırlıb. Elektrik, isti-soyuq su, telefon rabitəsi, internet təmin olunub. Məktəb, uşaq bağçası, xəstəxana yüksək səviyyədədir. Yollar tam qaydasındadır. Yəqin ki, iş yerləri də əhali qayıtdıqca açılacaq. Çünki şirkətlər işləyir,” o bildirib.

Möhübbət Səmədovun ailəsi də Ağalı kəndinə qayıdanlar arasındasdır. Onun ailəsi 8 nəfərdir, beş otaqlı, iki mərtəbəli evlə təmin olunub. Ailə artıq məskunlaşıb. Səmədov dogma yurduna qayıdışını belə təsvir edib.

“O hissləri ifadə etmək çətindir. Nə deyim? Uşaqlar məcburu köçkün düşəndə iki-üç yaşında idilər, indi 30-32 yaşındadırlar. Vallah, elə bil yenidən doğulmuşuq. İnanmadığımız bir gündür. Mən bir az kövrəyəm, Düşündüklərimi ifadə edə bilmirəm. Sevincimizin həddi-hüdudu yoxdur,” o deyib.

Rəsmi ststistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var.

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır.

Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.

2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı əhalinin yenidən dogma yurdlarına qaytarlması üçün işlər aparılır.

Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.

Hazırda ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da yaxın vaxtlarda quru sərhədlərinin açılması məsləsinə baxılacaq.

Bunu açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, artıq dünya ölkələri pandemiya ilə bağlı bütün məhdudiyyətləri götürmək üzərədir və artıq bir çoxu bu məhdudiyyətləri aradan qaldırıb.

“Azərbaycanda da pandemiya ilə bağlı məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırılıb. İndi hamının gözlədiyi məsələ isə quru sərhədlərinin açılmasıdır. Əminəm ki, bu məsələyə ən yaxın vaxtlarda baxılıb müvafiq qərar qəbul ediləcək”, - deputat qeyd edib.

Quru sərhədlərinin açılmaması və hələ də bəzi məhdudiyyətlərin qalmasına gəldikdə isə deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bitmədiyini elan etmədiyi üçün bir çox ölkələr kimi, Azərbaycan da bu məsələyə ehtiyatla yanaşır: “Azərbaycan da dünyanın bir parçası olduğundan ÜST-ün tələblərinə uyğun şəkildə hərəkət edir. Hesab edirəm ki, quru sərhədlərinin açılması ilə bağlı müəyyən araşdırmalar aparılmalıdır. Əminəm ki, bu məsələ də tezliklə öz müsbət həllini tapacaq və quru sərhədləri açılacaq”.

İyunun 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu günə qədər dünyanın bir çox ölkəsində meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. Həmçinin ötən gün qonşu Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir.

"Toplantıda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən hər iki ölkədən olan siyasi partiyaların nümayəndələri iştirak edirlər.

Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.

Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələrlə davam etdiriləcək.

Qeyd edək ki, toplantıya Türkiyə tərəfindən sabiq Baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.

Xəbər lenti