Millət vəkili Tahir Kərimli oyuncaq dinozavrla video çəkib. 

Tahir Kərimli onu ölümlə hədələyən şəxslərə səslənib. 

“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, o bildirib.

Deputat daha sonra əlindəki oyuncağı kənara qoyaraq sözlərini davam etdirib:

“Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm". 

Sözügedən videonu təqdim edirik:

Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək "Zəfər" altsistemi artıq fəaliyyətə başlayıb.

Sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu alan, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərə və müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizmini təkmilləşdirilməkdir.

Kimlər müharibə veteranı hesab edilir və şəxsin müharibə veteranı hesab edilməsi üçün hansı sənəd tələb olunur?

1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

2022-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir. Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.

Qeyd edək ki, hazırda Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.

Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.

Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək.

Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək.

Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.

Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.

 

 

 

 
 

Hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib.

“Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Yeni qərarla Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədini pasportu olan şəxslərin Azərbayacana giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycanın vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbayacana giriş-çıxışına icazə verilirdi.

İşləyən pensiyaçıların təqaüdləri artırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb: "Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir".

Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş olmayacaq.

 Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin çərşənbə axşamı qeyri-iş günüdür.

Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Əmək Məcəlləsinə əsasən martın 20-i bazar gününə təsadüf etdiyindən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Martın 28-də isə növbəti iş günüdür.

Kamaləddin Qafarov: “Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək ”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərində iri miqyaslı bərpa-quruculuq işlərini böyük vüsətlə davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu gün işğaldan azad olunmuş rayon və bölgələrimizin istər iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə məqsədyönlü addımlar atılır. Görülən kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərlə yanaşı, qonşu rayon və bölgələrin də inkişafına yeni dinamika gətirir. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər çərçivəsində bir çox mühüm obyektlərin açılışı olub. Dövlətimizin başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə sosial obyektlərin təməlini qoyub. Bununla da Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına sürətli reinteqrasiyasının artıq qarşısıalınmaz proses olduğuna dair bütün dünyaya növbəti mesaj ünvanlamış oldu”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı görülən kompleks tədbirlər qısa müddət ərzində bölgənin sürətli inkişaf mərhələsinə keçidini təmin edəcək: “Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədi güdür”, – deyə K.Qafarov bildirib.

Millət vəkili vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin sürətli icrası bu ərazilərin yenidən məskunlaşmasına ən qısa zamanda imkan verəcək: “Artıq bu gün işğaldan azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Dövlət başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulması xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma-iki ilə inşa ediləcək. Həmçinin 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir. Bu məktəbdə təqribən minə yaxın şagird oxuyacaq”.

Kamaləddin Qafarov açıqlamasının sonunda demişdir: “Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi isə artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ən əsası da budur ki, görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır və bu da dövlətimizin iqtisadi gücünü və texniki potensialını bir daha bütün dünyaya göstərir”.
İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanuni qüvvəyə minən cərimələr ödənməlidirmi?
 
Yol-xeber.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənməlidir.
 
Onun sözlərinə görə, fərmanda paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrlə bağlı heç bir müddəa yoxdur. Buna görə də, sürücülər qanuni qüvvəyə minmiş cərimələri ödəməlidirlər.
 
Ərşad Hüseynov agentlik tərəfindən xüsusilə nəzarət kameraları vasitəsilə sürücülərə yazılan cərimələrin aqibətindən də danışıb. O, bu cərimələrin qanunsuz olduğunu deyib.
 
Gələcəkdə agentliyin konkret fəaliyyətinin nələrdən ibarət olacağı isə yeni nizamnaməsi, strukturu və səlahiyyətləri müəyyən edildikdən sonra bəlli olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 15-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür. Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir. 

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. 

Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.

Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb.

Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.

Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.

Azərbaycanda buster doza ilə peyvəndlənməyənlər fevralın 15-dən şənlik mərasimlərdə iştirak edə bilməyəcək.

Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarında öz əksini tapıb.

Belə ki, fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Həmçinin sabahdan bütün elm və təhsil müəssisələri işçiləri və ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.

Eyni zamanda sabahdan restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda üçüncü doza peyvənd tələb ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Xəbər lenti