|
Fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev qardaşının rəhbəri olduğu daşıma şirkəti “Van der Вal Intl. Transport Bakı”ya daha çox daşıma icazəsi verilməsi ilə bağlı suallara aydınlıq gətirib.
A. Rzayev vaxtilə rəhbəri olduğu şirkətlə hazırda hazırda heç bir əlaqəsi olmadığını deyib:
“1196-2013-cü illərdə “Van der Вal” şirkətinin rəhbəri olmuşam. Daha sonra şirkətdən ayrılaraq akademik fəaliyyətlə məşğul olmuşam. Hazırda qardaşım həmin şirkətin rəhbəridir. İstər akademik fəaliyyətim dövründə, istərsə də indi mənim şirkətlə hər hansı əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Mən şirkətdən ayrılarkən 60-a yaxın avtomobili var idi, hazırda isə 15 avtomobildən ibarətdir”.
Qurum rəhbərinin sözlərinə görə, daşımalar üçün verilən BNF icazələrin defisit olan və olmayan hissələri var. Defisit olmayanlar Rusiyaya keçidə icazə verməyən icazələrdir: “Yəni siz onunla Rusiyaya gedə bilməzsiniz. Buna Rusiyaya bağlı icazələr deyilir. Bu icazələrlə yalnız Almaniya, Fransa, Niderland və bu kimi ölkələrə gedə bilirsiniz. Sözügedən şirkət bu icazələrdən əldə etmək üçün müraciət edib. Ötən il həmin icazələrdən DANX-da 400-500 ədəd qalmışdı. Çünki onlar bol olan icazələrdəndir. Hazırda da həmin icazələrdən 100-ə yaxın var. Çünki şirkətləri əsasən Rusiyaya keçid icazələri daha çox maraqlandırır”.
Pay bölgüsündə qardaşının rəhbər olduğu şirkətə daha çox pay verilmədiyini deyən A. Rzayev bildirib ki, hər şirkətə paylanıldığı qədər - hər 2 Avro-6 avtomobilə 1 BNF icazəsi verilib.
Xocavənddə silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.
Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.
"Yol-xeber.az"un xəbərinə görə, Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində 16 fevral saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq.
Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.
"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) strukturunda dəyişiklik aparılıb.
Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Aparat rəhbəri ştatı ləğv edilib.
Qeyd edək ki, TƏBİB-in Aparat rəhbəri vəzifəsində Gündüz Əbdülov çalışırdı.
Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavəsində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.
Bundan başqa, Maliyyə Nazirliyi Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul edilməsi tövsiyə olunub.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası işləri çərçivəsində Daxili İşlər Nazirliyi, o cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verilmiş həmin şəxslərə dair məlumatlar nazirliyin “Zəfər” altsisteminə daxil edilib. Bundan sonra isə Nazirlik tərəfindən onlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib. Təqaüd təyinatı həmin şəxslərə müraciətləri olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq ödənilir.
Bununla da artıq 5 qurum (Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Daxili İşlər Nazirliyi) üzrə hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatı üçün müvafiq işlər aparılır. Proses yaxın günlərdə yekunlaşacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir.
Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.
APA xəbər verir ki, Nərimanov rayon ərazisində 4 yük avtomobili yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.
Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.
Paytaxt mağazalarının birində üzərində narkotik vasitə olan marixuananın şəkili olan içki satılır. Hətta içkinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub. Bəs içkinin satışa bu şəkildə çıxarılması düzgündürmü?
Görüntülər paytaxtdakı marketlərdən birində lentə alıb. Həmin marketdən bu içkini alan bir şəxs bununla bağlı televiziyamıza etdiyi müraciət əsasında biz də məsələni araşdırmaq üçün elə həmin marketə üz tutduq..
Qiyməti 3 manat 89 qəpiyə satılan, alman istehsalı olan bu içikinin üzərində tərkibini bildiriən etiketdə də vitaminlərlə bərabər tərkibində xaşxaş bitkisinin olunduğu qeyd olunub.
Mağaza rəhbərliyindən məhz üzərində narkotiki təbliğ edən içkinin açıq satışı ilə ilə bağlı mövqe öyrənməyə çalışdıq. Mağazadan "XəzərXəbər"ə bildirildi ki, içki dövlət qurumlarından alınan rəsmi sənədlər əsasında satışa çıxarılıb.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, məsələ dövlət qurumu tərəfindən qeydiyyata alınıb və bununla bağlı araşdırma aparılacaq.
Qida ekpertləri isə bildirir ki, məhsulun üzərində açıq şəkildə "xaş xaş" bitkisinin olması onu tərkibində bu maddədən istifadə olunduğunu göstərir. Bu isə istehlakçılarının hüququnu pozmur. Amma burda olan incə detal bu maddənin həmin məhsulun tərkibində hansı formada və hansı ölçüdə istifadə olunmasıdır.
Ekspert Fuad Ağayev bildirib ki, əgər müayinə zamanı həmin maddənin ölçüsü 0,3 faizdən çox olarsa bu bir başa həmin standartların pozulması və bu məhsulun psixostimulyatora aid olduğunu göstərəcək. Yox əgər tərkibdəki xaş xaşın miqdarı 0,3 faizdən aşağı olarsa bu sadəcə qida əlavəsi sinifinə aid olur və istifadəsində heç bir qadağa yoxdur. hətta bir çox ölkələrdə spirtli içkilərdən tutmuş digər qida tərkiblərində də yağ formasında xaşxaşdan istifadə olunur.
Hüquqşünaslar isə bildirirlər ki, ölkə daxilində narkotik vasitələrin satışı və dövriyyəsi qanunla qadağandır.Bu içkinin üzərində narkotik tərkibli bitkinin açıq şəkildə reklam olunması qanunla qadağandır və bunu edənlər məsuliyyət daşıyırlar.