Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb.

İ.Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının komandiri vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən kapitan rütbəsi alıb.

2001-ci ildən başlayaraq isə İ.Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər “N” saylı hərbi hissənin qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən mayor rütbəsi alıb.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər “N” saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsini yerinə yetirib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona polkovnik rütbəsi verilib.

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad olunub.

İ.Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

İyulun 12-dən 13-nə ötən gecədə 3-cü Ordu Korpusunun qərargah rəisi Polad Həşimov və artilleriya rəisi İ.Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.

İ.Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.

Tovuz döyüşləri 200 illik təcavüzün sonu oldu - HƏQİQƏTƏN DƏ...

Tovuz döyüşlərinin üzərindən iki il ötür. Bu döyüşlərin davamı kimi Azərbaycan 27 sentyabrda haqq müharibəsinə başladı və Ermənistan ordusunun 65 faizini məhv edərək, tarixdə çox az xalqa, millətə nəsib olacaq şəkildə şanlı qələbə qazandı. Başda general-mayor Polad Həşimov olmaqla, Tovuz döyüşlərində canını Vətən üçün fəda edən bütün şəhidlərimizi böyük ehtiram, minnətdarlıq hissi ilə yad edir, hamısına Allahdan rəhmət diləyirəm. Bu sözləri Axar.az-a Tovuz döyüşlərinin 2-ci ildönümü ilə bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Generalın sözlərinə görə, Tovuz döyüşlərində Ermənistanın 21-ci əsrdə Azərbaycana son təcavüz cəhdinin qarşısı alındı:

“Bu təcavüz Azərbaycanda danışıqların nəticələrinə və sülhə ümidi bitirdi, nəticədə dövlət bütün milli güc ünsürləri ilə birlikdə torpaqların işğaldan azad edilməsi üçün müharibə başladı. Aprel döyüşlərindən sonra Ermənistanın yeni hərbi konsepsiya və torpaqları genişləndirmək istəyi, eyni zamanda revanşizm duyğusu ilə Qarabağdan uzaqda və mühüm enerji xətlərinin keçdiyi Tovuza hücumu erməni təcavüzkarlığının, terrorizminin növbəti nümunəsi idi. Məncə, Tovuz döyüşləri 28 ildən bəri davam edən işğal, haqsızlıq, hüquqtanımazlıq, ikili standartların zirvəsi idi və xalqın səbir kasasını daşırdı, Azərbaycan dövləti sülh, diplomatiya, beynəlxalq hüquqa uyğun şəkildə razılaşmanın əldə edilməsi ilə bağlı çağırışlarına son verdi. Tovuz döyüşlərinin arxasınca başlayan İkinci Qarabağ müharibəsi ilə Cənubi Qafqazın ən böyük hərbi gücünə sahib olan Azərbaycan dövləti bununla iki yüz ildir davam edən erməni vəhşiliyinə, təcavüzkarlığına son qoydu. Bu müharibə Azərbaycan xalqının yüksək milli-mənəvi duyğular ilə Vətəni qorumaq üçün canını mərmilərin qarşısında sipər edərək yazdığı qəhrəmanlıq dastanıdır. Tovuz döyüşləri Aprel döyüşlərinin davamı və Dəmir yumruğun ilk qığılcımıdır. “Bayraqları bayraq edən üstündəki qandır/ Torpaq uğrunda ölən varsa, Vətəndir” təfəkkürü ilə hərəkət edən Şanlı Ordunun şücaəti sayəsində artıq torpaqlar işğaldan azaddır və Azərbaycan Qafqazın regional gücüdür”.

Operativ Qərargah ayın sonunda karantinlə bağlı qərar verəcək

Son zamanlar dünyada koronavirusa yoluxma halları artır. Bununla bağlı Azərbaycanın səhiyyə qurumları da xəbərdaredici məlumat yayıb, insanları COVID-19-la bağlı arxayınlaşmamağa çağırıb. Rəsmi məlumata görə, koronavirusa yoluxma hallarının dünya üzrə 20, Azərbaycan üzrə isə 48 faiz artdığı bildirilib. Artımın belə davam etməsi halında müəyyən tədbirlərin həyata keçiriləcəyi istisna edilməyib. İctimaiyyəti narahat edən məsələ sərt karantin qaydalarının yenidən tətbiqilə bağlıdır. Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, koronavirus pandemiyası bu gün hələ də aktualdır.

Deputat son günlər ölkəmizdə də yoluxma hallarının artmasına diqqət çəkib: “Yoluxma halları son zamanlar yenə də artmaqdadır. Bir ay əvvəl yoluxma 5 nəfər civarında idi. İndi isə yayılan statistikaya əsasən yoluxma 300 civarındadır. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. Bu gün yoluxma 48 faiz artıb. İndi mən hansı karantin qaydalarının yenidən tətbiq ediləcəyini deyə bilmərəm. Bunu mütəxəssislər deyə bilər. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi, əlbəttə, labüd olacaq”.

M.İbrahimqızının sözlərinə görə, bu ayın sonuna kimi məsələ ilə bağlı bir nəticə çıxarılacaq: “İndi həm də elə bir fəsildəyik ki, insanların miqrasiyası, hərəkətliliyi dinamikdir. İnsanlar çimərliklərə, istirahət yerlərinə, sağlamlıq mərkəzlərinə gedir. Burada insanlar sıxlıq şəraitində olur, nəticədə təmaslar artır. Təmasların artması da yoluxmanı artırır. Ancaq bu saat nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Operativ Qərargah hansı qadağanın tətbiq ediləcəyini deyə bilir. Düşünürəm ki, bu ayın sonuna qədər məsələ dəyərləndiriləcək. Bilirsiniz, hər tətbiq olunan qadağa xəstəliyə yoluxan hər bir kəsin təhlili nəzərə alınmaqla qərarlaşdırılır. Yəni xəstəliyin yoluxuculuğu, peyvəndlənmə prosesinin səviyyəsi kimi məsələlərə diqqət yetirilir. Yoluxma çoxala bilər. Ancaq bu o mənaya gəlmir ki, mütləq qadağalara gediləcək. Yəni bu məsələ kəmiyyətə yox, həm də keyfiyyətə görə dəyərləndirilir”.

Deputat sərt karantin qaydalarının tətbiqini gözləmədiyini bildirib: “Bizim ölkədə insanlar peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. İndi bu xəstəlik çoxalsa da, bir növ qripin başqa ştamına çevrilib. Qeyd edim ki, ötən əsrin ortalarında qrip deyəndə bütün dünya lərzəyə gəlirdi. İndi qrip adi bir xəstəliyə çevrilib. Eyni zamanda, koronavirus da artıq zəifləyib. Ölüm halları da çox şükür azdır. Yenə deyirəm, hər halda bu məsələ ayın axırına kimi təhlil olunacaq və bir qərara gəlinəcək. Ancaq mən düşünmürəm ki, sərt qadağalar tətbiq ediləcək. Bəli, koronavirus ilk dövrlərdə çox qorxulu idi. Çünki virus təzə, peyvənd isə yox idi. İnsanlar virusla bağlı məlumatlı deyildi. İndi isə güclü maarifləndirmə nəticəsində insanlarda virusa qarşı özünümüdafiə mədəniyyəti yaranıb. Məsələn, mən özüm hələ də çox insan olan yerlərə getmirəm. Marketə gedəndə maskadan istifadə edirəm. Peyvəndləmə də olduğu üçün mən düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin”.

“Ancaq vətəndaşlar yenə də özünü qorumalıdır. İndi xeyir işlərə, mərasimlərə icazə verilib. İnsanlar bundan sui-istifadə edib ağını çıxartmamalıdır. Peyvənd sertifikatlarına nəzarət artmalıdır. İndi yay mövsümü ilə əlaqədar müxtəlif yerlərə gedirik, toylara da gedirik, ancaq görürəm ki, əvvəlki kimi sertifaktlara nəzarət yoxdur. Amma bu məsələdə arxayınçılıq olmamalıdır”, – deyə deputat bildirib.

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 44 müntəzəm marşrut xətti üzrə 138 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə gecikmə müşahidə olunur.

2. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46 və 49, nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə var.

3. Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-21 dəqiqə gecikmə müşahidə olunur.

4. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqədir.

5. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 4-6 dəqiqə gecikmə müşahidə olunur

6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-18 dəqiqə gecikmə müşahidə olunur

7. Binəqədi şossesi–hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-19 dəqiqə gecikmə müşahidə olunur.

8. Zabrat şossesi-Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

9. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə gecikmə müşahidə olunur.

10. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 9-14 dəqiqəyə gecikmə müşahidə olunur.

Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.

"Burada təhsil alan iki gənc ailə həyatı qurub.

Onların şad günündə təhsil naziri Emin Əmrullayev də iştirak edib. Nazir rəqsi ilə gənclərin sevincinə şərik olub.

Həmin anın videosunu təqdim edirik:

Kənddə su quyusu qazılarkən qızıl aşkar edilib.

Hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər.

Məlumata görə, uzun illər əvvəl həmin kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib. Kəndin ərazisi çökəkdə olduğu üçün dağdan gələn təbii qızıllar kənd ərazisində torpağa hopub. Hazırda kəndin giriş çıxışına polis postları qoyulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu deyilir. Kənd sakinlərinin həyətindən çıxan qızılın dəyərinin 25 faizinin onlara veriləcəyi məlumatı verilib.

Qeyd edək ki, kəndə gedib, məsələni yerində araşdırmaq istədikdə, polis postlarından kəndə buraxılmadıq.(Milli.az)

Bir neçə rayonda qaz olmayacaq

“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin  birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İB-nin məlumat verilib.

Qeyd olunub ki, 13.07.2022-ci il tarixdə saat 09:00-dan etibarən  3 (üç) gün müddətində təmir işləri başa çatanadək Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. 14.07.2022-ci il tarixində saat 09:00-dan 2 (iki) gün müddətində Tovuz rayonunun tam olaraq, həmçinin 15.07.2022-ci il tarixdən 2 (iki) gün müddətində Tovuz rayonunun bir hissəsinin, 14.07.2022-ci il tarixdə saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Ağstafa rayonunun  tam olaraq qaz təchizatında fasilə yaranacaq.

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət edib.

İdarədən "Qafqazinfo"ya bildirilib ki, bayramla əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artmasına səbəb olacaq.

"Tətil günlərinin yol qəzası nəticəsində arzuolunmaz bitməməsi üçün hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edirik.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbirli və təmkinli olmağa çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlərin nəzərinə çatdırırq ki, qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.

Unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır", - müraciətdə bildirilib.

Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10173178 nəfər olub. Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır.

Bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9 719-dur:

"Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq - Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun; Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın; Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın; Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin; Qapalı məkanları tez-tez havalandırın; Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin; İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin".

Xəbər lenti