![]() |
|
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olduqları yerdən yeni görüntülər yayılıb.
Ölkə.Az xəbər verir ki, videoda hərbçi yoldaşları onların necə şəhid olduqlarını təsvir edib.
"Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur".
Bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.
O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.
Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir: "Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".
Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir.
G.Məmmədovanın sözlərinə görə iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1,4, Nizami rayonunda 1,5, Səbail rayonunda isə 1,2 dəfə yüksəkdir:
“Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.
İdarədən bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb:
"Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik".
İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2,6% artım qeydə alınıb.
Bu haqda Modern.az-a şirkətlərdən birinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
Ekspert iyun ayı ərzində daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı danışarkən söyləyib ki, ay ərzində təkrar mənzil bazarında bir kvadratmetrin maksimum qiyməti 4 375 manat, minimum qiyməti isə 700 manat olub.
Onun sözlərinə görə, ilkin mənzil bazarında may ayı ilə müqayisədə 6,91% artım qeydə alınıb:
“İyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin bir kvadmetrinin qiyməti 1,9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,72% enib. Mənzil kirayəsi bazarında orta qiymət 12 manat artaraq 767 manat olub. Bir kvadratmetrlə hesabladıqda isə qiymətlər 0,13% azalıb. Yəni 7,97%-dən 7,96%-ə enib. Torpaq bazarındakı qiymətlər ötən ayla müqayisədə 7,59% artıb. Kommersiya obyektləri bazarında may ayına nisbətən 3,99% artım qeydə alınıb. Obyektlərin icarəsi isə ötən ayla müqayisədə 6,85% artıb”.
N.İbrahimov qeyd edib ki, ən bahalı mənzillər Nərimanov, Səbail və Nəsimi rayonları üzrə qeydə alınıb:
“Şəhər üzrə bahalı mənzillərin orta qiyməti ay ərzində 3 079 manat təşkil edib, may ayı ilə müqayisədə isə 0,96% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bahalı mənzillərin qiyməti 4,34% artıb. Ucuz mənzillərdə orta qiymət 1 336 manat təşkil edir, əvvəlki aya nisbətən isə 0,16% azalma olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 1,14% artım olub.
Bir kvadratmetr üçün ən yüksək qiymət 7 000 manatdır, ondan yüksək qiymətə rast gəlinmir”.
Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır.
Proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.
Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda "Dost Aqropark" fəaliyyət göstərəcək.
Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.
Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.
Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.
Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.
Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.
Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.
Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb.
Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.