Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

 “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 146 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

322913
1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak oldu, dörd nəfər yaralandı.

322914
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Ötən ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Kamaləddin Qafarov: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır”“İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan – Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır. Bu günədək Azərbaycanın reallaşdırdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı və tərəfdaş ölkələr tərəfindən dəstəklənib. Bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir.

Memorandumun əhəmiyyətini vurğulayan deputat bildirib ki, bu sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığını daha da gücləndirir: “İlk növbədə, Anlaşma Memorandumunda nəzərdə tutulan vacib məqamlardan biri Azərbaycandan Avropa İttifaqına göndəriləcək qazın həcminin ikiqat artırılması niyyətidir. Bununla bağlı Avropa İttifaqı öz üzərinə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair öhdəlik götürüb. Nəzərdə tutulub ki, hazırda nəql olunan illik 8 milyard kubmetr qaz həcmi gələn il 12 milyard, növbəti bir neçə il ərzində isə 20 milyard kubmetrə çatdırılsın.

İmzalanmış sənədin strateji əhəmiyyətini əks etdirən daha bir məqam bərpaolunan enerji ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bu sahədə də nəhəng potensiala malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev media üçün bəyanatda bu məqama xüsusi toxunaraq bildirdi ki, ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə keçirdiyi geniş tərkibdə görüşün gedişində müzakirə olunan mövzulardan biri də “yaşıl” hidrogenlə bağlı oldu. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu. Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı üçün təkcə yanacaq növlərinin təchizatçısı deyil, həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaş olacaq.”

Millət vəkili Avropa İttifaqı ilə əlaqələrin ölkəmizə sərmayə qoyuluşu baxımından da perspektivli olduğunu qeyd edərək deyib: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin və əməkdaşlığın enerji sahəsindən başqa digər bütün aspektləri də müzakirə edilib. Yeri gəlmişkən, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iyulun 19-da Brüsseldə keçirilmiş iclasında da ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzərində çalışmalar gedir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarlarından biridir. Bu gün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Təbii ki, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfələr verə bilər”.

Bu gün saat 10:00-dan etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində hərəkət bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Şamaxı rayonu istiqamətində aparılacaq təmir işləridir.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

2022-ci ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçulara mühəndis-istehkam qurğularının taktiki-texniki xüsusiyyətləri və onlardan istifadə qaydalarının öyrədilməsi ilə şəxsi heyətin döyüş hazırlığının artırılmasından ibarətdir.

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib.

"Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.

 Xatırladaq ki, D.Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

 

 

 

Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2022-ci ilin mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 3,8 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 0,5 milyon manatdan çox müddətli əlavə ödənilib.

Agentlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin mart və aprel ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 1 466,40 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, mart və aprel ayları üzrə 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən mart və aprel ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2022-ci il tarixli 229 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il iyulun 1-dək uzadılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib.

“APA-Economics” məlumatına görə, Mərkəzi Bankın sədri Taleh Kazımov “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda”nı imzalayıb.

Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq. Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Başqa sözlə, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.

Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edəcək və müvafiq şəhadətnamə verəcək.

Bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq.

Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndəriləcək.

Lənkəranda icra başçısının keçmiş müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalmış 15 yaşlı yeniyetmə bu həftənin sonundan etibarən reablitasiya məqsədilə Azərbaycan Uşaqlar Birliyinə yerləşdiriləcək.

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə məktəbliyə psixoloji dəstək göstəriləcək.

Eyni zamanda Çevik Ekspert Qrupu"nun nümayəndələri tərəfindən ailəyə hüquqi yardımlar ediləcək və vəkillə təmin olunacaqlar.

Xatərladaq ki, iyulun 14-də Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi həmin rayonun icra başçısının müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə yerində 4 saylı məktəbin direktoru Yeganə Əsgərova da olub.

Döyülmə faktı ilə bağlı Lənkəran şəhər prokurorluğunda cinayət işi açılıb. Sözügedən şəxslər vəzifələrindən uzaqlaşdırılıblar.

"Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanların 200-nə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub: "Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub".

Xəbər lenti