Kamaləddin Qafarov: “Azərbaycanın səyləri regional maraqların  təmin olunmasına yönəlib”

“Xəbər verildiyi kimi, iyunun 26-30-da Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirilmişdir. İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sessiyada videoformatda çıxış edib. Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün və əmin-amanlığın bərqərar olunması üçün Azərbaycanın göstərdiyi səylərdən danışıb və ölkəmizin bu məsələlərlə bağlı mövqeyini bir daha hamının diqqətinə çatdırıb.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə mailk olduğunu vurğulayan millət vəkili bildirib ki, bu ilin mart ayında Şuşada keçirilmiş tədbir də Azərbaycan reallıqlarının dünya birliyi tərəfindən qəbul olunduğunu bir daha təsdiq etmişdir: “Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi tamam olur. Məhz bu mötəbər tarixi qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirilmişdir. Tədbirdə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması məsələləri ətrafında aparılan müzakirələrdə Azərbaycanı bu istiqamətlərdə gördüyü işlərdə ləngidən amillər də müəyyən edilmişdir. Belə amillərdən biri kimi, Ermənistanın mina xəritələrini Azərbaycana hələ də təqdim etməməsini göstərmək lazımdır. Aydındır ki, Ermənistan hökuməti bu addımı atmaqla işğaldan azad edilmiş ərazilərə həmin yerlərin əsl sahiblərinin qayıdışını mümkün qədər ləngitmək istəyir. Ümumdünya Şəhər Forumunun sessiyasındakı çıxışında Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, işğal dövründə Ermənistan işğal etdiyi ərazilərdə bir miyondan artıq mina basdırıb. Bu ölüm saçan qurğuları zərərsizləşdirmədən həmin ərazilərdə heç bir iş aparıla bilməz. Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Tam məsuliyyətlə deyə bilərik ki, rəsmi İrəvanın hərbi cinayətləri sülh dövründə də davam edir”, - deyə K.Qafarov bildirib.

Deputat Azərbaycanın sülh çağırışları barədə deyib: “Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdikləri talançılıq və vandalizm əməlləri həqiqətən də misli görünməmiş bir vəhşilikdir. 30 il ərzində bizim şəhər və kəndlərimiz qəsdən dağıdıldı, bütün mədəni və dini abidələrmiz talan və təhqir edildi, Azərbaycan xalqının həmin ərazilərdən tarixi izlərinin silinməsi üçün ermənilərin əl atmadıqları vəhşilik qalmadı. İkinci Dünya müharibəsindən sonra şəhərlərin belə böyük miqyasda dağıdılması prosesi dünyanın heç bir yerində baş verməyib. İşğalçılar Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən tamamilə siliblər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan yenə də müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Prezident İlham Əliyev öz çıxışında ölkəmizin bu mövqeyini bir daha bütün Forum iştirakçılarının diqqətinə çatdırdı. Bu bir daha sübut edir ki, Azərbaycan xalqı sülhsevər xalqdır, yaradıcı xalqdır və bu gün bizim yeganə məqsədimiz Cənubi Qafqazda dayanıqlı sülhə və inkişafa nail olmaqdır”.
Kamaləddin Qafarov: “Azad olunmuş ərazilərdə  quruculuq işləri gündən-günə genişlənir”

“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi bütün dünyanı heyran qoymaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla Vətən torpaqlarını işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir. Dövlət başçısının iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi növbəti səfər zamanı bir daha bütün dünyaya nümayiş olundu ki, torpaq üzərində sahiblik haqqının meyarı onun xaincəsinə işğalı deyil, bu torpaq üzərində qurub-yaratmaq əzmidir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərlərin bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amil olduğunu vurğulayan millət vəkili bildirib ki, dövlət başçısının hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması işlərin yüksək effektivliyini təmin edir: “Belə düşünürlər ki, cəmi bir neçə kilometr uzunluğu olan kiçik bir kənd yolunun əhəmiyyəti onlarla kilometr məsafəyə uzanan, şəhərləri, rayonları birləşdirən magistral yolların əhəmiyyətindən çox azdır. Lakin unutmaq lazım deyil ki, həm kiçik, həm də böyük yollar birbaşa vətəndaşların, insaların istifadəsi, onların rahatlığı üçün çəkilir. İnsan amili isə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında durur. Ölkə Prezidenti cənab İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı istisnasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara, detallara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr verir. 26-27 iyunda Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi səfəri çərçivəsində dövlət başçısı bir neçə təməlqoyma və açılış mərasimlərində iştirak edib. Ölkə Prezidenti Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə, Kəlbəcərdə tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında aparılan işlərlə, Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə yaxından tanış olub. Dövlət başçısı həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı, Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Bütün bunlar bir daha təsdiq edir ki, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bütün detallarına qədər birbaşa ölkə rəhbərliyinin nəzarəti altındadır və bu, əlbəttə ki, eyni zamanda həm icraçıların məsuliyyətini artırır, həm də bu işlərdə zəhməti, əməyi keçən bütün insanlar üçün ən önəmli stimul rolunu oynayır”, - deyə K.Qafarov bildirib.

Deputat qeyd edib ki, iyunun 26-da Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına etdiyi səfəri çərçivəsində Silahlı Qüvvələr Günündə Kəlbəcərdə yeni tikilmiş “N” saylı hərbi hissəsinin açılışında və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı birmənalı olaraq həm siyasi, həm də mənəvi baxımdan son dərəcə əhəmiyyətli bir hadisə oldu. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illər ərzində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir çox tədbirlər görülmüş, mühüm addımlar atılmışdır. Vətən müharibəsi Azərbaycan gəncliyinin Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı yenə də öz Prezidentinin ətrafındadır. Bu gün Azərbaycan xalqı 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Bütün bu işlərin həcmi bir daha xalq-iqtidar birliyinin sarsılmazlığını və gücünü göstərir. Möhtərəm dövlət başçımızın dediyi kimi, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq”, - deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.


"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlili Qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitab Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canından, qanından keçən övladlarımızın qəhrəmanlığına həsr edilib.

Xatırladaq ki, 21 sentyabr 2020-ci ildən ordu sıralarına qatılan Həşim Füzuli və Xocəvənd rayonlarının işgaldan azad olunmasında yaxından iştirak etmiş, oktyabr ayının 4-də düşmənlə döyüşdə 2 snayper gülləsinə tuş gələrək sağ çiyin və sağ kürək nayihəsindən yaralanmış, şücaətinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən “Füzuli və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Nəşrin müəllifi kitabı yazmaqda məqsədinin gördüyü, şahidi olduğu real hadisələri vərəqə köçürərək əbədiləşdirmək olduğunu diqqətə çatdırıb. “Hadisələr, əsasən 2020-ci il sentyabrın 21-dən oktyabrın 4-dək baş verənləri əhatə edir. Ümumilikdə, kitabda 44 günlük şanlı Zəfərimizdən bəhs olunur”, - deyə müəllif qeyd edib.

Tədbirdə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini Vahid Abdurəhmanov, Birliyin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, yazıçı-publisist Oktay Əliyev və digər çıxışçılar kitab haqqında fikirlərini bölüşüblər.

Sonra fəxri fərman və mükafatlar təqdim olunub.

Milli Məclis sədrinin 3550 manat aylıq vəzifə maaşı alacaq.

Milli Məclis sədrinin birinci müavini parlament sədrinin aylıq vəzifə maaşının 90 faizi qədər maaş alacaq.

Milli Məclis sədrinin müavini - 85 faizi, komitə və komissiya sədri - 80 faizi, komissiya sədrinin müavini - 75 faizi, deputat isə parlament sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Bakıda bir çox yerdə quraşdırılan "pulsuz Wi-Fi" xidməti dayandırılacaq.

Bu barədə İTV-yə açıqlamasında "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, 29 iyundan etibarən bu ərazilərdə "İctimai Wi-Fi" xidməti fəaliyyət göstərməyəcək:

“Qış parkı"
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
“Sabir bağı”
“Xaqani” bağı
“Axundov bağı”
“Zabitlər” parkı
“Hüseyn Cavid” parkı
“İzmir” parkı
“Sahil bağı”
“Səməd Vurğun” bağı
“Muğan” bağı
“Fashion Avenue” parkı
“Dədə Qorqud” parkı
Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə "pulsuz Wi-Fi" xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Məkrəzinin parkıdır.

Aqiyə Naxçıvanlı: “Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar”

“İyunun 26-da Azərbaycan qalib ölkə kimi, xalqımız müzəffər xalq kimi Ordu Gününü qeyd etdi. Prezident İlham Əliyev 26 iyun tarixində Kəlbəcər rayonuna səfəri çərçivəsində Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış etdi. İşğaldan azad edilmiş Hadrutda istifadəyə verilmiş birinci Komando hərbi hissəsinin yaradılmasından 6 ay ötür. Yarım il sonra Kəlbəcərdə yeni yaradılmış Komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Bu sözləri Milli Məclisin deputatı professor Aqiyə Naxçıvanlı mətbuata bildirib: “Müharibədən keçən il yarım ərzində ordumuzun daha da gücləndirilməsi, daha da müasir silahlarla təchiz edilməsi, sərhəd boyunca bütün əlverişli mövqelərə sahiblənmək üçün gecə-gündüz çalışmışıq və buna nail olmuşuq”.
Deputat tarixi Qələbəni şərtləndirən amilləri xatırladıb: “Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Bu isə o deməkdir ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar yalnız formal olaraq fəaliyyət göstərir, dünyada güc amili öndədir. Xalqımızın gücünü ifadə edən Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. İşğalla heç vaxt barışmayan Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Əlbəttə, bu tarixi qələbənin qazanılmasında onu yaxınlaşdıran, müharibəni aparmaq üçün imkan yaradan iqtisadi müstəqillik faktoru, ötən illər ərzində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün görülmüş bir çox tədbirlər əhəmiyyətli rol oynadı. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi oldu və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir; Şanlı Vətən müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Sonda Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq”.

A.Naxçıvanlı müharibədən sonra Azərbaycan Ordusunun həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti sarıdan daha da gücləndiyini qeyd edib: “Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanıb. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti yüksək səviyyədədir. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər. Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Cənab Prezidentimizin dediyi kimi, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qarşımızda dura bilməz”.

Parlament üzvü bu gün Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa - quruculuq işlərindən də danılşıb: “Azərbaycan xalqı qurub-yaradan xalqdır, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Kəlbəcərin infrastrukturunun qurulmasına, elektrik və su təchizatına, evlərin tikilməsinə artıq start verilib. Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etdiyi kimi, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bununla belə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında Murov dağının altından çəkilən ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya da artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Cənab Prezident tərəfindən Kəlbəcər şəhərinin təsdiq olunan Baş planı özündə təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq Aşıq Mərkəzi və lazım olan digər tikililər inşa ediləcək. Laçın rayonunda yeni hava limanının tikintisinin ən çətin tərəfi rayonda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Azad edilmiş bütün rayonlarda olduğu kimi, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu gün bütün dünya azərbaycanlıları olduqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”!

Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur.

Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.

Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur.

Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur.

İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi.

1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.

Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalmışdır.

1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

2022-ci il iyulun 9, 10-u Qurban bayramıdır.

"Yol-xeber.az" xəbər verir ki, 9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

İndiyədək 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb edilib.

Bunu Əmək və əhalinin sosial siyasət naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb olunacaq.

"Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq", - nazir deyib.

O eyni zamanda müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə aydınlıq gətirərək deyib ki, bu məbləğin artırılması üzərində iş gedir və sosial islahatlar çərçivəsində baxılacaq.

Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirib.

"Yol-xeber.az" "Report"a istinadən xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Hikmət Mirzəyevin şəhid övladları ilə görüşü olub.

Hikmət Mirzəyev şəhid övladları ilə həmsöhbət olub və onlara şəhid atalarının hər birinin qəhrəman olduğunu, daim qəlblərdə yaşayacağını bildirib.

 

 





 

Xəbər lenti