![]() |
|
Son vaxtlar çoxmərtəbəli binalarda tez-tez yanğın hadisələri baş verir. Qəribə burasıdır ki, yanğınlar ən çox da yeni inşa edilmiş çoxmərtəbəli binalarda qeydə alınıb.
Məsələn, son bir həftədə paytaxtda yerləşən 2 çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Tikinti üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı Bizim.Media-ya bildirib ki, yeni istifadəyə verilən çoxmərtəbəli binalarda tez-tez baş verən yanğınlar əsasən elektrik xəttlərindəki qısa qapanma üzündən baş verir:
“Bu da ondan irəli gəlir ki, yeni tikilən bir çox binalar insanların istifadəsinə verilsə də hələ istismara tam hazır olmur. Xüsusilə də, istifadəyə verilən binalar təbii qaz xəttinə qoşulmur. Sakinlər də məcburən elektrik enerjisindən daha çox istifadə edirlər. Daha çox istifadə isə daha çox yüklənmə deməkdir. Təbii ki, çox yüklənən elektrik naqilləri də buna dözmür və yanğın baş verir”.
Ekspertin fikrincə binaya bütün kommunikasıya xətlərinin quraşdırılması başa çatana qədər məskunlaşma aparılması düzgün deyil.
“Vətəndaşla MTK arasında qabaqcadan müqavilə bağlanır ki, mənzilin bütün kommunal problemi məskunlaşmaya qədər həll olunacaq. Lakin bir çox MTK-lar öz vəzifələrini başa çatdırmır. Xüsusilə də binaya mavi yanacağın verilməsini həll etmir. Nəticədə, qazdan istifadə etmək imkanı olmayan sakin vəziyyətdən çıxış yolu kimi elektrik enerjisinə üz tutur. Bu da son nəticədə müəyyən fəsad və faciələrə yol açır”.
İyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Laçın yoluna alternativ yol çəkildikdən sonra Ermənistan hökuməti bütün əhalini Zabux kəndindən çıxaracaq. Bundan sonra bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək.
Axar.az xəbər verir ki, bunu Zabux kənd bələdiyyəsinin “rəhbəri” Andranik Çauşyan deyib.
“Amma əhali buranı tərk etmək istəmir. Bakının nəzarəti altında yaşamaq daha yaxşıdır. Biz siyasəti başa düşmürük, televizora da baxmırıq. Biz dinc cəmiyyətdə yaşamalıyıq. İrəvan hətta bizə pul təklif edir, evlərimizə qiymət deyir, amma biz kənddə qalacağıq”, - o bildirib.
Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.
Bu gün Azərbaycana yay fəsli daxil olur.
“Ölkədə yay fəsli iyunun 21-i saat 13:13-də başlayacaq.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.
Qeyd edək ki, payız fəsli - Payız Gecə-Gündüz bərabərliyi - 23 Sentyabr saat 05:03. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.
Qış fəsli - Qış günəş duruşu - 22 Dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
Azərbaycanda bu həftəsonu 3 gün qeyri-iş günü olacaq.
26 iyun Silahlı Qüvvələr Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, 27 iyun tarixində də iş olmayacaq.
Beləliklə, 3 gün - 25, 26 və 27 iyun tarixləri qeyri-iş günü olacaq.
"Yol-xeber.az" xəbər verir ki, Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb. Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb.
Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.
Bu gün səhər pik saatlarında paytaxtın Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunduğundan həmin ərazidən keçən 2, 7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Vahid Dispetçer Xidmətinin məlumatına əsasən qeyd olunan marşrut xətləri üzrə ümumilikdə 15-20 avtobus 18-22 dəqiqə gecikmə ilə hərəkət edirlər.
A.Puşkin küçəsi Muğan bağının qarşısından, Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər də müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 1, 4, 5, 46, 125 və 175 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslararası hərəkət intervallarında 15-16 dəqiqə gecikmə müşahidə olunur. 13-15 ədəd avtobus sıxlıqda qalıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.
Mərkəzdən verilən xəbərə görə, hazırda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Bakı Sumqayıt şosesi - Masazır dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər sıxlıq müşahidə edilir;
2. Ziya Bünyadov prospekti - “Çermet” körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər “20 Yanvar” dairəsi istiqamətdə sıxlıq müşahidə edilir;
3. Tbilisi prospekti - “20 Yanvar” dairəsindən başlayaraq Mərkəz istiqamətində sıxlıq müşahidə edilir.