Təhsil naziri Emin Əmrullayev "Son zəng" tədbiri ilə bağlı qatıldığı 234 nömrəli məktəbdə məzunları təbrik edib.

Təbrikdə deyilir:

"Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları "Son zəng"lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız. Yəqin ki, əksəriyyət yay aylarında qəbul imtahanları gözləyir. Bir qismi başqa təhsil, yaxud hərbi xidmət gözləyir. Həyatın sizə hazırladığı hansı hekayədən asılı olmayaraq hər birinizə uğurlar arzulayıram.

Builki "Son zəng" gözəl ilə təsadüf edir. Belə ki, bu il ölkədə başçısının sərəncamı ilə Azərbaycanda 2022-ci il "Şuşa ili" elan olunub. Şuşa ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.

Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm. Bu il məktəbi bitirib müxtəlif ixtisaslara yiyələnəcəksiniz. Bir ixtisas mütləq olacaq. İnanıram ki, bir qisminizin işi, peşəsi məhz işğaldan azad olunmuş torpaqların bərpasına sərf ediləcək. Öz əmək fəaliyyətinizi şanlı və şərəfli işə yönəldəcəksiniz.

Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.

Bu gün ölkədə 91 mindən artıq məzun məktəbi bitirir. Azərbaycan gənc ölkədir, əhalinin təxminən 2/3-sinin yaşı 40-dan aşağıdır. Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız".

“Bakıda “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-də yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır:

"Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək".

Daxili İşlər Nazirliyi "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.

Mərkəzdən verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər əsas və kənar yol sıxlıq

3. Binəqədi şossesində - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq

4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq

7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

“ “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.

Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi beynəlxalq  əhəmiyyətli tarixi sənəddir”

“2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında əlaqələr tarixində tamamilə yeni bir mərhələ açmış oldu. Şuşa Bəyannaməsi, Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları türk dünyasının gücünə güc qatan Türkiyə-Azərbaycan birliyini və qardaşlığını bütün dünyaya bəyan edən daha bir mesaj oldu. Bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırmaqla bərabər, münasibətlərimizin bütün müstəvilərdə davamlı inkişafının təminatçısı kimi də qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucalmış Türkiyə və Azərbaycan münasibətləri bu gün artıq siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi bölgədə ümumi inteqrasiya proseslərini stimullaşdırır və sürətləndirir: “ Şuşa Bəyannaməsi bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Eyni zamanda, Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar yaradır”.

K. Qafarov Şuşa Bəyannaməsinin işğaldan azad olunmuş ərazilərə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində rolunu vurğulayaraq deyib: “İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun investisiya potensialı çox yüksəkdir və bu potensial getdikcə artır. Bu artım isə, birmənalı olaraq bölgədə yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Xüsusilə Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları açılacaq. Şuşa Bəyannaməsi regional sülhün və təhlükəsizliyin qarantı kimi çıxış etməklə, bölgəyə investisiya axınını da stimullaşdıracaq. Çünki istənilən investor üçün öz sərmayəsini yatırmağa hazırlaşdığı bölgəyə qarşı irəli sürdüyü ən vacib tələb məhz təhlükəsizlik və sabitliklə bağlıdır.”

Millət vəkili bildirib ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir: “Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi sənəd oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək. Bu gün Şuşa Bəyannaməsinin ölkələrimiz və xalqlarımız üçün əhəmiyyətini olduğu qədər dəyərləndirmək qeyri-mümkündür. Çünki bu Bəyannamə mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Təsadüfi deyil ki, bu tarixi sənədin imzalanması Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmişdir. Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik”.

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.

"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, bölmənin rəisi vəzifəsinin icrası, baş inspektor, mayor Araz Əsgərliyə həvalə edilib.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

"Yol-xeber.az"ın məlumatına görə, sənədə əsasən o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Vaqif Əsədovun vəzifədən gedəcəyi məlum idi. Bununla bağlı o, Ölkə.Az-a açıqlama verərək "bir gün gələn, bir gün gedər" demişdi.

Xəbər lenti