![]() |
|
Azərbaycanın bir neçə şəhərlərinin Baş planı təsdiq olunub.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Saatlı, Sabirabad, Şabran və Kürdəmir şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edilib.
İçməli su istifadə etmək məqsədilə həyətlərində quyu qazıb xüsusi texniki qurğularla su əldə edən vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Bundan başqa, çaylar, göllər və anbarlardakı sudan istifadə edənlər də ödəniş etməli olacaqlar.
Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda bir sıra yeni məsələlər öz əksini tapıb.
Qaydalara görə, çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən istifadə ilə bağlı vətəndaşlar əvvəlcə nazirliyə müraciət edəcəklər və onların qeydiyyatı aparılacaq. Daha sonra isə bu su mənbələrindən istifadə edən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etməli olacaqlar.
Faiq Mütəllimov deyir ki, həyətlərdə olan quyulardan vətəndaşların istifadə etdiyi suyun həcminə görə limit tətbiq edilməsi nəzərdə tutulur.
Yeraltı su mənbələrindən düzgün istifadəyə görə bütün məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edəcək.
“Biz müharibənin başlayacağını, daha dəqiq, ermənilərin provokasiyaya əl atacağını dəqiq tarixinə qədər bilirdik. Dəqiq bilirdik ki, Ermənistan hansı istiqamətdən, hansı qüvvələrdən istifadə edərək bizə hücuma keçəcək”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Vətən müharibəsinin başlanmasından danışarkən deyib.
“Biz xüsusi xidmət orqanı olaraq uzun müddət bu müharibəyə hazırlaşırdıq. Həm maddi-texniki bazalarımız, həm mənbələrimiz bunun üzərində köklənmişdi ki, istənilən anda Azərbaycana qarşı müharibə başlaya bilər”, - deyə Fuad Rəsulov əlavə edib.
Mart ayında yağan intensiv yağışlar bəzi cənub rayonlarında təsərrüfat sahiblərinə ciddi zərər vurub. Əkin sahələrinin su altında qalması onları çıxılmaz vəziyyətdə qoyub. Kənd təsərrüfatı ilə yanaşı, ev və obyektlərə də ciddi ziyan dəyib.
“XəzərXəbər”ə danışan Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vətəndaşlara dəymiş zərərin ödənməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, artıq selin əhaliyə vurduğu zərərin hesablanmasına başlanıb. Tahir Rzayevin sözlərinə görə, sel geniş ərazini əhatə etmədiyinə görə işlər qısa zamanda yekunlaşa bilər.
Xatırladaq ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, həmçinin qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.
Daha ətraflı süjetdə:
Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.
“Vida mərasimində ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edirlər.
Vida mərasimi bitdikdən sonra cənazə dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.
Həmin vaxtdan etibarən - 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya vəzifə verilib.
Qafqazinfo xəbər verir ki, o, təhsil naziri Emin Əmrullayevin əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində işə qəbul olunub.
Qeyd edək ki, O. Salmanova ixtisasca riyaziyyat müəlliməsidir və daha əvvəl orta məktəblərdən birində bu fənni tədris edib.
"Atam bir aya yaxın idi Mərkəzi Kliniki Xəstəxanada müalicə alırdı”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında dünən dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibov deyib.
"Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Sonradan yeriməyində də problemlər yarandı. Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəlikər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infrakt keçirmişdi”, deyə sabiq prezidentin oğlu bildirib.
Zaur Mütəlibov əlavə edib ki, hələlik Ayaz Mütəllibovun dəfni ilə bağlı məlumat gözləyirlər:
"Atamın cənazəsi mənim evimdədir. Dəfni üçün qərar gözləyirik”.
Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra - martın 6-da istefa verib.