Qobustan rayonunda toz fırtınası qeydə alınıb.

"Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Bakı-Qazax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində toz fırtınası baş verib.

Nəticədə avtomobillərin hərəkətinə çətinliklər yaranıb.

 

 

 

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib:

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - məlumatda qeyd edilib.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt ərazisində davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməsinlər.

“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.

Eyni zamanda moped və motosikl tipli nəqliyyat vasitələrindən, eləcə də yük maşınlarından istifadə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar.

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”, - o vurğulayıb.

Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 6 il ötür.

Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.


Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb.


Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.

Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

Azərbaycanda Ramazan ayı başlayıb.
"Bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edib.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-da olacaq. İkinci qədr gecəsi aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayram günləridir.

Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

11 Ölkəmizə gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaq məqsədi ilə yeni layihə

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası istiqamətində genişmiqyaslı işlər aparılır. Bu prosesin önəmli parçası olaraq, işğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işləri də davam etdirilir. 

Bu istiqamətdə Agentlik tərəfindən növbəti layihəyə start verilib. Belə ki, ölkəmizin bütün giriş qapılarından başlayan yollara paytaxtımız Bakı ilə yanaşı Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağımızın tacı olan Şuşa şəhərinədək olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işlərinə start verilib. Məqsəd ölkəmizə gələn hər bir şəxsə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.

Layihə çərçivəsində məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.

Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi  avtomobil yolunun Ağbənd, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Mazımçay, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil yollarına quraşdırılması nəzərdə tutulur. 

Sözügedən layihə çərçivəsində işlər mərhələli şəkildə davam etdirilir və anoloji məlumatverici lövhələrin zəruri olan digər ərazilərdə də quraşdırılması planlaşdırılır.

Bununla yanaşı bütün magistral və respublika əhəmiyyətli, həmçinin yeni inşa edilən avtomobil yollarında işğaldan azad olan ərazilərimizdə yerləşən şəhər və rayon mərkəzlərinə qədər olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması, köhnə lövhələrin yenilənməsi işləri da paralel olaraq davam etdirilir. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.

“Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

Onun sözlərinə görə, Xankəndi şəhərinə gedən qaz xətti üzərində Azəriqaz İB tərəfindən təmir-bərpa işləri aparılıb və hazırda təbii qazla təmin olunur.

“Növbəti mərhələlərdə o ərazilərdə qaz infrastrukturununun Azərbaycan dövləti tərəfindən daha ideal formada müasir tələblərə cavab verməklə tam yenidən qurulacağı nəzərdə tutulur. Eləcə də, Xankəndi şəhərinin qaz təchizatı sisteminin yenilənəcək. Bu infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcək”, - deyə T. Cəfərov əlavə edib .

Qurum rəsmisi vurğulayıb ki, Xankəndi, Şuşa, Ağdam, Füzuli şəhərləri Qarabağ iqtisadi rayonuna daxildir və Xankəndi daxil olmaqla işğaldan azad olunmuş ərazilər Azərbaycanın suveren ərazisidir. Burada da qaz infrastrukturunda işlər Azərbaycan tərəfindən görülə bilər. 1980-ci illərdə bu ərazilər Azərbaycan tərəfindən qazlaşdırılsa da, işğal dövründə kommunikasiyaların böyük qismi dağıdılmışdı.

"Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri olsa da, bu baxımdan ən az beynəlxalq dəstək alan ölkələrdəndir".

“Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.

O, Ermənistanın bir vaxtlar işğal altında saxladığı əraziləri illər boyu minalarla çirkləndirdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu ərazilərə 1 milyondan çox mina basdırılıb: “Azərbaycan bu ərazilərin bərpası üzrə işlər aparır, yüz minlərlə insan doğma yurd-yuvasına qayıdacağı vaxtı gözləyir, lakin məcburi köçkünlərin sakit və təhlükəsiz qayıdışını təmin etmək üçün əvvəlcə bu əraziləri bərpa etmək lazımdır”.

L.Abdullayeva bildirib ki, müharibə başa çatsa da, 2020-ci ilin noyabr ayından indiyədək 200-dən çox şəxs minaların qurbanı olub.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi dünən Ağdama baş tutmuş səfər çərçivəsində konfrans iştirakçılarının erməni işğalının fəsadları ilə əyani şəkildə tanış olduqlarını vurğulayıb.

Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.

Ümumilikdə, tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.

Müalicə məqsədilə ağır yaralanan üç qazimiz Alxasov Camal İlqar oğlu, Səfərli Xəyal Mübariz oğlu Türkiyəyə göndərilib, Məmmədzadə Adəm Gülhəsən oğlu isə müalicəsi davam etdiyindən təkrarən yola salınıb.

Bu barədə "YAŞAT" Fondundan məlumat verilib.

Əliyev Heydər Zakir oğlu və Ömərov Rüstəm Cianşa oğlu isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb. Qeyd olunub ki, qazilərimizin müalicə prosesi “YAŞAT” Fondu tərəfindən davam etdirilir.

Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 167 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 127-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

 

 

 

Xəbər lenti