![]() |
|
“Tovuz döyüşlərindən sonra orduya könüllü yazıldım, 44 günlük Vətən müharibəsində iştirak elədim. Füzuli, Xocavənd istiqamətində ağır yaralandım. Qolumda, ayağımda, boynumda qəlpə yaraları var, səhhətim mənə işləməyə imkan vermir. Buna baxmayaraq 1 il 6 aydır ki, əlillik dərəcəsi ala bilmirəm”.
Bu şikayətlə “Qafqazinfo”ya Vətən müharibəsi qazisi Davud Bağırzadə müraciət edib. Qazinin sözlərinə görə, onu ağır yaralı vəziyyətdə ön cəbhədən Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyə edərək əməliyyat ediblər.
Sonra Mingəçevir xəstəxanasına göndərilib, bağırsaq və qaraciyərindən əməliyyat olunub. Daha sonra Bakıda Hərbi Hospitalda müayinələrdən keçib və lazımi sənədlərini alıb: “Mənə deyirlər ki, sizin xəstəliyinizə əlillik təyin olunmur. Nə etməli idim, ölməli idim? Qarnımda 20 tikiş var, qolumda qan işləmir, rahat hərəkət etdirə bilmirəm. Həm də hissiyat yoxdur. Ayağım da axsayır. Belimdə o qədər ağrılar var ki, səhərə qədər yata bilmirəm. Belim ağrımasın deyə taxta üzərində yatıram. İndi vəziyyətimə görə işləyə bilmirəm. Mənə 80 manat təqaüd verilir. O da heç dərmanlarıma kifayət eləmir, mən hər gün dərman atıram. O qədər əsəbi olmuşam ki, evimdə mənimlə rahat danışa bilmirlər.
Atam rəhmətə gedib, anam və bacımla qalırıq. Bacım ödənişli təhsil alır, onun üçün pul lazımdır. 27 yaşım var, indiyə kimi heç kimdən 1 manat pul istəməmişəm. Amma indi bu vəziyyətə düşmüşəm. Mən də işləyə bilmirəm ki, özümə baxım...”
Qazi yaralı halda çəkilmiş fotoşəkillərini də redaksiyamıza göndərib. Görüntülərin həssas insanlara təsir edə biləcəyini nəzərə alıb yayımlamırıq.
Məsələ ilə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Tural Qurbanov sorğumuza cavab olaraq qazinin mart ayında əyani müayinə edildiyini və əlilliklə bağlı müraciətinə imtina verildiyini bildirib: “Vətən müharibəsi iştirakçısı Bağırzadə Davud Rasim oğlu 01.03.2022-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müəyyən edilib ki, aidiyyəti qurum tərəfindən təqdim edilən sənəddə D.Bağırzadə barəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, nazik bağırsağın zədələnməsi ilə müşayət olunan kor qəlpə yaralanması” diaqnozu qeyd edilib. Müayinə zamanı D.Bağırzadənin orqanizmində əlillik təyinatına əsas yaradan ağırlaşmalar olmadığı müəyyən edilib və bu səbəbdən əlillik təyin edilməsindən imtina qərarı verilib”.
Qeyd edək ki, Davud Bağırzadə Vətən müharibəsində göstərdiyi şücaətə görə Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.
Gülnar Əliyeva
Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da aprel ayınının pensiyasının üzərinə əlavə olunacaq. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Efes-2022" çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.
Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək "Efes-2022" çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.
Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.
Bakı metro stansiyalarının qarşısında qalaq-qalaq və çiyələk dolu yeşiklər göz oxşayır.
Satıcılar çiyələyin 1 kiloqramını 2 manata təklif edir. Amma buna baxmayaraq, alıcılar ilin-günün bu çağında mövsümünə görə belə ucuz satılan çiyələk məhsullarının yanından düz keçir.
Aprel ayında çiyələyin belə ucuz satılmasına səbəb nədir?
Kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov “qaynarinfo”ya açıqlamasında bunun səbəbini ölkədə çiyələk yetişdirənlərin sayının çox olması ilə əlaqələndirib:
“İstehsalçılar düşünür ki, bazara böyük həcmdə çiyələk çıxacaq. Əslində 2 manat normal qiymətdir. Bir də baxır, kim onu necə və hansı şəraitdə yetişdirib. Onun məhsulunun maya dəyəri də neçəyə başa gəlirsə, ona uyğun qiymət təyin edilir.
Əslində, məhsulun qiymətini bazar müəyyən edir. Qoyduğu qiymət o demək deyil ki, ona sata biləcək. Çiyələk tez xarab olur. İndi alıcılıq qabiliyyəti də aşağıdır.
İnsanlar əsas kartof, soğan və südə üstünlük verir. Ağıllı sahibkarlar çalışır ki, məhsulu tez satsınlar. İndi çiyələk istehsal etmək əvvəlki kimi çətinlik törətmir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, məntiqlə aprel ayında kilosu 2 manata çiyələk olmaz:
“Bu, haradan gəlib, necə gəlib bunu artıq aidiyyəti orqanlar araşdırmalıdır. Ərzaqların və məhsulların küçədə satışı ilə bağlı müəyyən prosedurlar var. Onun istehsalı ilə bağlı arayış olmalıdır. Bu gün Rusiyaya mal göndərmək çətinləşib. Ola bilsin ki, Rusiya üçün nəzərdə tutulubmuş, xarab olmasın deyə tez-bazar satışa çıxarıblar”.
“Keçən iclasda da qeyd etmişdim ki, Bakı-Quba yolu ilə bağlı ciddi tədbirlər görülsün. Daha sonra Baş nazir və nazir müavini ilə görüşdüm və yolların bərpası üçün vəsaitin ayrılmasını xahiş etdim. Lakin bir neçə gün öncə o yolla Qubaya, Xaçmaza getdim. Yollar yenə də bərbad vəziyyətdədir və o yola getmək mümkün deyil".
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov qeyd edib.
"Alternativ yolun çəkilməsi isə çözüm deyil. İstər Baş nazir, nazir müavinləri istərsə də, nazirlərin Quba, Qusar, Xaçmazda villaları var və həftədə bir dəfə o yoldan istifadə edirlər. Ora turizm zonasıdır. O yolu bir dəfə gedən adam bir də getmək istəmir. Baş nazir, onun müavini bilirsə və bunu həll etmirsə, məcburuq ki, biz Prezidentə müraciət edək”, - o bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.
Bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.
Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.
İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçililib, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb.
Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edilib və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb.
Eyni zamanda, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.
Monitorinqlərin ilk olaraq mərkəz ərazidə və yaradılan digər qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət obyektlərində aparılması nəzərdə tutulub.
Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.
“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb. Modern.az-ın əldə etdiyi məlumata görə, artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən əməkhaqları 20 faiz artırılıb:
“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib.
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bir müddət əvvəl güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay ərzində DEMO versiya aktiv olub.
Sonuncu onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.
Əvvəlkilərdən fərqli olaraq satışın hətta 5 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.
Bəzi iddialara görə, xüsusi adamlar var ki, onlar evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq, evləri istənilən adam üçün "tuta" bilir. Onlar "mənzil hakerləri" də adlandırılır.
Məlumata görə, "mənzil hakerləri"ni çox vaxt maklerlər tutur ki, evləri alıb bahasına satsınlar. Beləliklə sadə, imkansız vətəndaşlar sosial mənzil satışından kənar saxlanılırlar.
Hazırda insanlar satışların ləğv edilməsini istəyirlər.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Rüfət Quliyev bildirib ki, ona da məsələ ilə bağlı çoxsaylı müraciətlət daxil olur.
O, MİDA rəsmilərinin məsələyə mütləq şəkildə aydınlıq gətirməli olduqlarını vurğulayıb.
“Mən hesab edirəm ki, jurnalistlər MİDA-nın rəhbərliyinə rəsmi müraciət etməlidir. Xahiş edilsin ki, o evlər kimə satılıbsa, o adamların adı, soyadı və tuduğu sosial status barədə, yəni alan müəllimdirmi, həkimdirmi, fəhlədirmi bu barədə məlumat verilsin. Hansı imtiyazlar var ki, bu adamlar o evləri alır? O məlumatlar toplandıqdan sonra üzərində işləmək lazımdır”.
Deputatın sözlərinə görə, bəlkə də həmin insanlar sosial evləri ehtiyacdan, haqlı olaraq qanuni alıblar:
“İndi nə demək olar satılıb, satılıb da. Bir fakt əldə yoxdur ki, düz satılmayıb. Hazırda əsaslı bir fakt yoxdur ki, satışları şübhə altına qoysun. Bunun üçün mütləq MİDA rəsmisinə müraciət olunmalıdır. İstənilən məsələni araşdırmaq üçün bu formada başlamaq lazımdır. Yoxsa danış, tənqid et ki, 5 saniyəyə satılıb, bəlkə 5 dəqiqəyə satılıb. Kim bilir. Ona görə də, dediyim formada məsələyə yanaşma, ən məntiqli yanaşma olacaq. Hər şey aydınlaşdıqdan sonra, satışların ləğv edilib-edilməmə məsələsinə baxıla bilər”.
Qarabağda aşkarlanan meyit qalıqları ekshumasiya edilib
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildiriblər ki, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.
Həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi və molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
"Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd edilib.