Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il fevralın 18-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Qeyd olunub ki, Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması aprelin 30-dək davam edəcək.

Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.

Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayıb.

Sabah Azərbaycanda Ramazan ayı başlayır.

“Bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-da olacaq. İkinci qədr gecəsi aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayram günləridir.

Gələn ay - may ayında Azərbaycanda bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq.

Mayın 2 və 3-ü Ramazan bayramıdır.

9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür.

Mayın 28-i şənbə gününə təsadüf etdiyindən 30 may qeyri-iş günü olacaq.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun doğum günüdür.

Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.

Qeyd edək ki, Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Səhiyyə Nazirliyi karantin məhdudiyyətlərinin ləğv edilməsi məsələsinə münasibət bildirib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-nın sorğusuna cavab olaraq deyib ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır.

O qeyd edib ki, epidemioloji proses hazırda nəzarət altındadır: “Biz bilirik ki, pandemiya xəstəliyin dalğa şəklində alovlanması ilə müşayiət olunur və adətən hər növbəti dalğanı virusun mutasiya olmuş yeni ştammı törədir.


Əksər qadağaların götürüldüyü bəzi ölkələrdə yenidən yoluxma hallarının sayında artım müşahidə olunur və mütəxəssislərin fikri ondan ibarətdir ki, bu məsələdə tələskənliyə yol vermək düzgün deyil”.

Təyyar Eyvazov əlavə edib ki, bəzi ölkələrdə omikron ştammının “gözəgörünməz” adlanan yeni versiyası sürətlə yayılaraq daha çox insanın yoluxub xəstələnməsinə səbəb olur:

“Ancaq virusun sonuncu ştammının dövr etməsi zamanı yoluxma hallarının sayında sıçrayışlı artımlar müşahidə olunsa da, xəstəxanaya yerləşdirilmə faizi bir o qədər də artmır, yəni xəstəlik əsasən yüngül keçir və xəstələrin əksəriyyəti evdə müalicə aldığından stasionar xidmət çox da yüklənmir. Bu isə daha çox yumşalmalara getməyi mümkün edir.

Bunları nəzərə alaraq hesab edirəm ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır”.

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.

Dövlət Komissiyasından bildirilib ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.

Bu istiqamətdə aparılan növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılan meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.

"Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanan məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Dövlət Komissiyasından bildirilib.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

N Soyadı, adı və atasının adı, təvəllüdü, itkin düşdüyü tarix

1. Abdullayev Əlibala Teyyub oğlu - 27.02.1972 - 19.09.1992
2 Ağayev Arzu Nazir oğlu 16.12.1973 24.01.1993
3 Allahverdiyev Baba Müseyib oğlu 13.11.1971 28.10.1992
4 Allahverdiyev Əhməd Ənvər oğlu 30.04.1974 19.01.1993
5 Bağırov Baləddin Yusif oğlu 19.11.1972 18.09.1992
6 Basenşpiler Mixail Arifoviç 04.02.1963 19.09.1992
7 Baxışov Xəlil Salman oğlu 01.07.1965 28.09.1992
8 Bədirxanov Mehman Əhməd oğlu 27.02.1957 19.09.1992
9 Behbudov Əli Durmuşəli oğlu 01.06.1971 19.09.1992
10 Cəbrayılov İlham İbrahim oğlu 17.01.1973 19.09.1992
11 Cəfərov Mehman Əbdülrəhman o 28.01.1968 20.01.1993
12 Cəfərov Sənan Vəli oğlu 05.08.1972 25.01.1993
13 Dadaşov İlham Adil oğlu 19.06.1973 19.09.1992
14 Eminov Mehman Bəhram oğlu 01.03.1974 25.01.1993
15 Eyvazov Məsud Eynulla oğlu 08.12.1972 19.09.1992
16 Əhmədov Faiz Mahmud oğlu 15.10.1956 20.01.1993
17 Əliməmmədov Vahid Zəbişah oğ 07.11.1971 13.11.1992
18 Əliyev Hidayət Kamal oğlu 01.02.1973 27.10.1992
19 Əliyev İlqar Hidayət oğlu 01.12.1972 24.01.1993
20 Əmiraslanov Bəxtiyar Cahid oğlu 11.09.1971 29.10.1992
21 Əsgərov Bəxtiyar Ağabala oğlu 25.01.1973 19.09.1992
22 Əzizov Pərviz Bayramqulu oğlu 18.12.1969 28.10.1992
23 Fərzəliyev Vidadi Molut oğlu 01.06.1962 25.01.1993
24 Həbibov Elnur Paşa oğlu 21.12.1973 26.01.1993
25 Həsənov Eldəniz İlyas oğlu 17.12.1969 01.01.1993
26 Hüseynov Cəsarət Binnət oğlu 01.11.1973 27.10.1992
27 Hüseynov Hüseyn Əhməd oğlu 21.06.1935 19.01.1993
28 Hüseynov Vüqar Cavanşir oğlu 31.05.1973 19.09.1992
29 Hüseynov Vüqar Tahir oğlu 09.07.1973 25.01.1993
30 Hüseynov Xəqani Saleh oğlu 10.06.1970 28.10.1992
31 İbadov Maarif Məhiş oğlu 18.05.1971 29.09.1992
32 İbrahimov Kərəm Hümbət oğlu 05.05.1972 28.10.1992
33 İsmayılov Tahir İsa oğlu 19.01.1965 30.10.1992
34 İsrafilli Həsən Hüseyn oğlu 05.03.1958 18.06.1992
35 Kərimov Xaləddin Telman oğlu 09.11.1968 27.10.1992
36 Qəhrəmanov Vidadi İslam oğlu 30.03.1971 19.01.1993
37 Qəhrəmanov Qəhrəman Süleyman 05.03.1973 30.09.1992
38 Qubadov Vüqar Hicran oğlu 07.02.1973 19.09.1992
39 Qurbanov Natiq Mirzəli oğlu 16.02.1970 30.10.1992
40 Qurbanov Rasim Fikrət oğlu 19.12.1972 28.10.1992
41 Qurbanov Şaban Qulu oğlu 08.11.1972 28.10.1992
42 Məmmədov Elman Nurəddin oğlu 25.08.1970 11.02.1993
43 Məmmədov Faiz Kərim oğlu 14.09.1971 29.10.1992
44 Məmmədov İlqar Nuru oğlu 01.07.1961 26.01.1993
45 Məmmədov İlqar Şirzal oğlu 08.09.1971 19.09.1992
46 Məmmədov Mehman Tofiq oğlu 15.04.1972 19.09.1992
47 Məmmədov Pərviz Aşralı oğlu 04.05.1973 27.10.1992
48 Mənsimov Rüstəm İsrafil oğlu 01.07.1970 28.10.1992
49 Mirzəyev Araz Seyfəddin oğlu 28.07.1973 25.01.1993
50 Muxtarov Aydın Şaban oğlu 29.05.1974 24.01.1993
51 Namazov Pəhlivan Elman oğlu 29.12.1969 19.01.1993
52 Namazov Elçin Mahmud oğlu 13.09.1962 30.10.1992
53 Nyuneçkin Vladimir Anatolyeviç 03.02.1961 28.10.1992
54 Orucov Kamran Niyətulla oğlu 27.01.1974 19.09.1992
55 Ömərov Nizaməddin Məcid oğlu 09.10.1974 21.01.1993
56 Salmanov Sahib Salman oğlu 16.04.1973 28.10.1992
57 Səmədov Hümbət Əhəd oğlu 04.12.1966 13.06.1992
58 Svanidze Məhəmməd Fəzli oğlu 18.04.1974 22.01.1993
59 Şirinov Zahid Əsədulla oğlu 31.08.1971 20.09.1992
60 Tarverdipur Elşad Hüseyn oğlu 18.03.1971 28.10.1992
61 Təsəlliyev Aqil Böyükağa oğlu 02.02.1973 25.01.1993
62 Zeynalov Bədəl Babası oğlu 19.11.1973 25.01.1993

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın ildönümüdür.

"Soyqırımdan 104 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

2013-cü ildə Qubada bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan azərbaycanlıların xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb.

Mağazalarda bəzən qablaşdırmanın üzərində müalicəvi əhəmiyyətindən və faydalarından söz açılan məhsullarla rastlaşırıq.

İTV xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi bu tip məsələlərlə bağlı qəbul ediləcək yeni qanunu tənzimləyəcək.

Yeni qanun çərçivəsində qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi qadağan ediləcək.

AQTA-nın aparat rəhbəri Elxan Mikayılov bildirib ki, məhsulun tərkibi haqqında göstəricilərin etiket məlumatlara uyğunluğu məsələsinə nəzarət gücləndiriləcək.

Ətraflı süjetdə izləyə bilərsiniz:

İçməli su istifadə etmək məqsədilə həyətlərində xüsusi qurğularla su əldə edən vətəndaşlar pul ödəyəcəklər.

Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan ödənişli istifadə Qaydaları” haqqında qərarda qeyd edilib.

Tarif (Qiymət) Şurasına sudan istifadə haqqını (tarifləri) müəyyən etməsi tapşırığı da verilib.

Qərara görə, əgər vətəndaş çaylar, göllər və anbarlardakı sudan istifadə edəcəksə, pul ödəməli olacaq.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir.

Onun sözlərinə görə, bu günədək ölkəmizdə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi:

“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb.

Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.

Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək”.

R.Səttarzadənin sözlərinə görə, eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq.

“Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir”.

Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib.
Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

“Qeyd edək ki, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq”.

R.Səttarzadə suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.

Yeraltı su mənbələrindən düzgün istifadəyə görə bütün məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edəcək.

Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, yeni qərara görə, təbii mənbələrdən və su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur:

“Vətəndaş təbii su mənbələrindən istifadə ilə bağlı ilk olaraq, ETSN-ə müraciət edəcək. Onlar istifadə etdikləri suya görə, müəyyən miqdarda ödəniş edəcəklər”.

Nazirlik rəsmisi əlavə edib ki, vətəndaşların həyətlərdə olan quyulardan istifadə etdiyi suyun həcminə görə limit tətbiq ediləcək.

Təhsil Nazirliyi işğaldan azad olunan ərazilərdə məktəb tikintisi ilə bağlı məlumat yayıb.

Report məlumatına görə, Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir.

Qeyd olunub ki, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağalı kənd” layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunur.

Bundan başqa, Cəbrayıl və Füzulidə 960 yerlik tam orta məktəbin tikintisinin, Suqovuşan qəsəbəsində isə 144 şagird yerlik məktəbin əsaslı təmirinin layihə-smeta sənədləri hazırlanır.

302262

Xəbər lenti