![]() |
|
Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar", deyə məlumatda qeyd edilib.
COVİD-19 cərimələrinin silinməsi üçün hələlik heç bir təşəbbüs yoxdur.
Bu sözləri Axar.az-a hüqüqşünas Əkrəm Həsənov COVİD-19 pandemiyası zamanı yazılan cərimələrin silinməsinin mümkünlüyü haqqında danışarkən deyib.
Onun sözlərinə görə, cərimlərin silinməsi ilə bağlı dövlətə müraciət olunmalıdır. Əksər halda bu müraciətlər müsbət həllini tapır:
"İstənilən borcu dövlət silə bilər. Bu təşəbbüslə millət vəkilləri çıxış edib, cərimələrin silinməsini təmin edə bilərlər".
Millət vəkili Məlahət İbrahimqızı isə sayta açıqlamasında bildirib ki, bu cərimələrin qalması heç kimə maneə törtətmir:
"Bu cərimələrin qalması kimə maneə törədir? Kim zəmanət verir ki, nə vaxtsa bir də pandemiya olmayacaq? Lap yaxşı, pandemiya yoxdur, heç kəs də cərimələnmir".
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarının cərimə kimi ödədikləri vəsaitin geri qaytarılmasına qərar verib. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına geri qaytarmağa qərar verən daha bir qonşu ölkə isə Gürcüstandır.
Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.
“Xəzər TV” xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.
Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.
O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.
Mövzu ilə bağlı daha ətraflı videoda:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.
“Report” məlumatına görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.
Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Qeyd edək ki, bugünkü köç də daxil olmaqla Ballıca kəndinə ümumilikdə dörd köç karvanı gedib. Kənddə ümumilikdə 90 ailə (467 nəfər) məskunlaşıb.
Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və orta əməkhaqqını saxlamalıdır. Bu, Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov hərbi toplanışa çağırılan işçinin hüquqlarını şərh edib.
O, "vergiler.az"a şərhində hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması qaydasından danışıb.
Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə iş yeri saxlanılan və əməkhaqqı ödənilən hallar sadalanır. Onlardan biri də (g bəndi) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaqdır.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 52-ci maddəsində toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı aşağıdakı kimi qeyd edilib: Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.
Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.
Misal 1: Fərz edək ki, özəl təşkilatda mühasib vəzifəsində çalışan Fərid sentyabr ayında hərbi toplanışla əlaqədar 14 günlük hərbi təlimlərə çağırılıb. Beləliklə, sentyabr ayı üçün ona verilməli əməkhaqqının necə hesablanacağına baxaq:
Qeyd edək ki, Fərid iyul ayında 22 iş günü çalışıb və 900 manat əməkhaqqı alıb. Avqust ayında isə 23 iş günü çalışıb və 1.000 manat əməkhaqqı alıb. Onun tarif maaşı isə 750 manatdır.
Sentyabr ayında 22 iş günü vardır və Fərid həmin günlərin 10 iş gününü (14 təqvim günü) hərbi təlimlə əlaqədar işdə olmayıb. Bu zaman onun sentyabr ayında alacağı əməkhaqqının məbləği belə hesablanacaq:
(900 + 1.000) : (22 + 23 ) = 42.22 manat (1 günlük orta əməkhaqqı məbləği);
10 x 42.22 = 422.22 manat (hərbi təlimdə olduğu dövrə düşən orta əməkhaqqı məbləği);
750 : 22 = 34.09 manat (sentyabr ayında bir iş gününə düşən əməkhaqqı məbləği).
Fərid 22 iş gününün 10 iş gününü təlimdə, 12 iş gününü isə işdə olub. Deməli, işlədiyi günlərə görə hesablama belə olacaq:
12 x 34.09 = 409.08 manat;
422.22 + 409.08 = 831.3 manat.
Beləliklə, sentyabr ayı üçün onun alacağı ümumi əməkhaqqı 831.3 manat təşkil edəcək. İyul və avqust aylarında tarif maaşından əlavə bonuslar da aldığı halda, Fəridin sentyabr ayında alacağı əməkhaqqı 750 manatdan yüksək olacaq.
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil ediləcəyi qeyd edilib.
Sözügedən proqramı Ölkə.Az-a şərh edən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu adımı müsbət qiymətləndirib. O hesab edir ki, burada həm iş yerlərində fərqli qrafikin, həm də istirahət günlərinin vaxtının dəyişdirilməsindən söhbət gedə bilər:
"Bir neçə il öncə Bakı şəhərində tıxacın azaldılması istiqamətində müsbət təsir göstərə biləcək bir sıra məsələləri qeyd etmişdik. Onlardan biri də iş vaxtlarının dəyişkən şəkildə - məsələn, istirahət günləri fərqli günlərdə olması ilə bağlı idi.
Hazırda demək olar ki, bütün qurumlarda istirahət günləri şənbə və bazardır. Bu da ona gətirib çıxarır ki, həftəiçi sıxlıq həddindən çox olur. Ona görə də səhər saatlarında və iş gününün sonunda nəqliyyat sıx olur.
Dəyişkən iş qrafikinə keçməklə biz məsələn, işin səhər 8-də başlayıb axşamüstü 5-də və ya səhər saat 10-da başlayıb axşamüstü 7-də bitməsini tətbiq etməklə nəqliyyatın yükünü də bölüşdürə bilərik.
Digər tərəfdən istirahət günlərinin fərqli günlər olaraq müəyyənləşdirilməsi məsələsi gündəmdədir. Onsuz da qanunvericilikdə müəyyən olunmayıb ki, istirahət günləri şənbə və bazar günləri olmalıdır. Qanunvericilik bizə deyir ki, bir qayda olaraq müəssisələrdə 5 günlük iş həftəsində 2 gün istirahət olmalıdır. İstirahət gününün hansı günlər olmasını işəgötürən özü müəyyənləşdirir.
Düşünürəm ki, bunlar ən azından yaxın bir neçə il üçün nəqliyyatın yükünün azaldılmasına ciddi mənada təsir göstərəcək".
N.Xəlilov deyib ki, iş qrafikinin dəyişməsi maaşlara təsir etməyəcək:
"Bu dəyişikliyin işçilərin əmək fəaliyyətinə ciddi təsiri olmayacaq. Çünki qanuna əsasən, işçilər gündəlik 8 saatdan, həftəlik 40 saatdan çox çalışmamalıdırlar. Bu halda işçinin 09:00-18:00 ya da 10:00-19:00 saatları aralığında işləməsinin bir fərqi yoxdur. İş saatlarının dəyişdirilməsi o halda əməkhaqqına təsir edə bilər ki, qanunda müəyyən olunduğu kimi işçi 22:00-06:00 aralığında işləsin. Bu müddət gecə vaxtı hesab edilir və bu vaxta düşən işə görə də əlavə ödənişin olunması qanunvericiliyin tələbidir. Biz müəssisədəki iş rejimini 14:00-23:59 etsək, bu halda iş vaxtının müəyyən hissəsi gecə vaxtına düşəcəyi üçün əlavə ödəniş ediməlidir. Qalan hallarda isə bu fərq etməyəcək".
Ekspertin fikrincə istirahət günləri dəyişdirilərsə, bu, insanların digər işlərinin həll edilməsinə müsbət təsir edəcək:
"Normal olaraq həftəiçi işləyən insanlar səhhəti, ailə-məişət problemləri, sənəd işləri və s. ilə bağlı məsələləri həftəsonlarında həll edə bilmir. Həftəsonu ixtisaslı həkimlər işləmir deyə, insanlar tibbi xidmətindən yararlana bilmirlər. Tibb müəssisələrində bunun növbəli şəkildə tənzimlənməsi tıxacların azaldılması ilə yanaşı, həm də insanların problemlərinin həll edilməsinə müsbət təsir göstərə bilər.
Biz 2025-2026-cı illərdə bu proqramın mərhələli şəkildə tətbiq olunacağını və faydalarını görə bilərik".
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə İdarədən məlumat verilib.
Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb.
Müdafiə Nazirliyi xəbər verir ki, toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlara ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib.
Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxri fərmanlar təqdim edilib.
Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, deyə, məlumatda deyilib.