Hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib.

“Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Yeni qərarla Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədini pasportu olan şəxslərin Azərbayacana giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycanın vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbayacana giriş-çıxışına icazə verilirdi.

İşləyən pensiyaçıların təqaüdləri artırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb: "Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir".

Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş olmayacaq.

 Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin çərşənbə axşamı qeyri-iş günüdür.

Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Əmək Məcəlləsinə əsasən martın 20-i bazar gününə təsadüf etdiyindən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Martın 28-də isə növbəti iş günüdür.

Kamaləddin Qafarov: “Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək ”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərində iri miqyaslı bərpa-quruculuq işlərini böyük vüsətlə davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu gün işğaldan azad olunmuş rayon və bölgələrimizin istər iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə məqsədyönlü addımlar atılır. Görülən kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərlə yanaşı, qonşu rayon və bölgələrin də inkişafına yeni dinamika gətirir. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər çərçivəsində bir çox mühüm obyektlərin açılışı olub. Dövlətimizin başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə sosial obyektlərin təməlini qoyub. Bununla da Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına sürətli reinteqrasiyasının artıq qarşısıalınmaz proses olduğuna dair bütün dünyaya növbəti mesaj ünvanlamış oldu”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı görülən kompleks tədbirlər qısa müddət ərzində bölgənin sürətli inkişaf mərhələsinə keçidini təmin edəcək: “Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədi güdür”, – deyə K.Qafarov bildirib.

Millət vəkili vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin sürətli icrası bu ərazilərin yenidən məskunlaşmasına ən qısa zamanda imkan verəcək: “Artıq bu gün işğaldan azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Dövlət başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulması xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma-iki ilə inşa ediləcək. Həmçinin 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir. Bu məktəbdə təqribən minə yaxın şagird oxuyacaq”.

Kamaləddin Qafarov açıqlamasının sonunda demişdir: “Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi isə artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ən əsası da budur ki, görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır və bu da dövlətimizin iqtisadi gücünü və texniki potensialını bir daha bütün dünyaya göstərir”.
İndi əsas müzakirə mövzularından biri Bakı Nəqliyyat Agentliyininin yazdığı cərimələrin aqibətidir. Cəriməsi olan sürücülər hansı halda onu ödəməyə bilər? Qanuni qüvvəyə minən cərimələr ödənməlidirmi?
 
Yol-xeber.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənməlidir.
 
Onun sözlərinə görə, fərmanda paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazılan cərimələrlə bağlı heç bir müddəa yoxdur. Buna görə də, sürücülər qanuni qüvvəyə minmiş cərimələri ödəməlidirlər.
 
Ərşad Hüseynov agentlik tərəfindən xüsusilə nəzarət kameraları vasitəsilə sürücülərə yazılan cərimələrin aqibətindən də danışıb. O, bu cərimələrin qanunsuz olduğunu deyib.
 
Gələcəkdə agentliyin konkret fəaliyyətinin nələrdən ibarət olacağı isə yeni nizamnaməsi, strukturu və səlahiyyətləri müəyyən edildikdən sonra bəlli olacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 15-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür. Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir. 

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. 

Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.

Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb.

Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.

Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.

Azərbaycanda buster doza ilə peyvəndlənməyənlər fevralın 15-dən şənlik mərasimlərdə iştirak edə bilməyəcək.

Bu, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarında öz əksini tapıb.

Belə ki, fevralın 15-dən etibarən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Həmçinin sabahdan bütün elm və təhsil müəssisələri işçiləri və ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan tələbələr üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minir.

Eyni zamanda sabahdan restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda üçüncü doza peyvənd tələb ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Göygöl rayonunun Qızılqaya qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Mehman Zülfü oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilmiş yoxlama zamanı müəssisədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, müəssisədə “Təmiz və Saf” nişanı adı altında istehsal olunan məhsulların etiketlərində tərkibi ilə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan məlumatların yer aldığı, məhsulun üzərində istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı və digər nöqsanlar aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məhsulların ticarət dövriyyəsinə daxil edilməsinin qarşısı alınıb.

Müəssisədə istehsal olunmuş məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir.



Kamaləddin Qafarov: “Xalqın deputatını təhqir edən, xalqın özünü təhqir edir”

“Artıq bir neçə müddətdir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyətilə bağlı tənqidlər, müxtəlif formatda müzakirələr ölkə gündəmini qısa fasilələrlə tutmaqdadır. Son dövrdə baş verən hadisələr isə bu tendensiyanın artıq böhran nöqtəsinə çatdığını və mövcud problemin birdəfəlik, kökündən həlli üçün qəti addımların atılmasının zəruriliyini göstərmiş oldu. Həqiqətən də bu gün Azərbaycan elmi özünün inkişaf dinamikasına görə istənilən digər sahədən çox geri qalır. Bunun da əsas səbəbi, əlbəttə ki, ölkənin əsas elm məbədi sayılan Milli Elmlər Akademiyasında gedən reqressiv proseslər, rəhbərlik tərəfindən inkişafı əngəlləyən qərarların davamlı olaraq qəbul edilməsi, əsaslandırılmamış və özünü doğrultmayan “islahatlar”, gənc və perspektivli kadrların elm sahələrindən müxtəlif bəhanələrlə uzaqlaşdırılmasıdır. Birmənalı demək lazımdır ki, 2019-cu ildən AMEA-nın rəhbərliyinə gətirilən Ramiz Mehdiyev ona dövlət tərəfindən göstərilmiş yüksək etimadı qətiyyən doğrultmadı. Bu gün bütün dünya 4-cü sənaye inqilabının astanasında durub. Daha dəqiq desək, bu proses artıq gedir və az bir müddətdən sonra dünya ölkələri məhz sahib olduqları texnologiyalar hesabına öz beynəlxalq mövqelərini formalaşdıra biləcəklər. Bu baxımdan yeni texnologiyaların istər yaradılması, istərsə də mənimsənilməsi proseslərində AMEA-nın rolu təbii ki, müstəsna olmalıdır. Çox təəssü ki, bu gün biz bu ali elm ocağının adına yalnız müxtəlif intriqalarda, dedi-qodularla bağlı gündəmlərdə rast gəlirik. Məhz bu səbəbdən də ölkənin elm ictimaiyyəti, tamamilə haqlı olaraq, bu gün bütün bu neqativ hallara birdəfəlik son qoymağın yeganə yolunu Ramiz Mehdiyevin tutduğu vəzifədən kənarlaşdırılmasında görür”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, AMEA prezidentinin onun fəaliyyətini haqlı olaraq tənqid edənlərə, xüsusilə də deputatlara qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir və bu, əslində, Azərbaycan xalqını təhqir etmək anlamına gəlir: “Əlbəttə ki, yaranmış vəziyyətdə akademik Ramiz Mehdiyevin onun fəaliyyətini tənqid edən deputatlara qarşı sərgilədiyi mövqeyə də münasibət bildirməmək mümkün deyil. İlk növbədə, birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı adını daşıyan şəxsə qarşı mətbuatda təhqir dolu çıxışlar edən istənilən şəxs eyni zamanda

həmin deputatın seçicilərini, yəni Azərbaycan xalqını təhqir etmiş olur. Buna isə nə keçmiş, nə də indiki xidmətlərindən (əgər belə xidmətlər olubsa belə) asılı olmayaraq heç kimin haqqı yoxdur. Digər tərəfdən də, bu və ya digər deputatın Milli Məclisə seçilməsini şübhə altına qoymaqla Ramiz Mehdiyev seçki nəticələri Konstitusiya Məhkəməsinin qərarı ilə təsdiqlənmiş Parlamentin legitimliyini şübhə altına almağa cəhd göstərmiş olur. Bu isə artıq AMEA rəhbərinin ölkənin elm sahəsini inkişafdan qoymağa yönəldilən cəhdlərinin arxasında daha təhlükəli siyasi motivlərin durduğuna dair iddiaların əsaslı olduğu anlamına gəlir. İstənilən halda, bu gün Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, elm sahəsində də ciddi islahatlara ehtiyac var və bu islahatların effektivliyi yalnız AMEA prezidentinin istefasından, yaxud dəyişdirilməsindən sonra əldə oluna bilər” – deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Xəbər lenti