Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq

Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.

Bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, Əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir.

"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.

Bütün bunlar ilə yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdır, yəni yeni minumum pensiya məbləğindən (320 manat) azdırsa bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da o yanvarın 1-dən qüvvədə olur.

Yəni, ilin əvvəlindən etibarən bütün əmək pensiyaları indeksləşdirlir. Amma bizim nümunədə alınan məbləğ- 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq", - deyə V.Bayramov əlavə edib.

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...

Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə insanların rifahına deyil, həm də rabitə vasitələrinin işinə təsir göstərə bilər.

lent.az məlumatına görə, mütəxəssislər xəbərdarlıq edir: geomaqnit dalğalanmalarının nə vaxt baş verəcəyini bilmək və onların orqanizmə təsirini minimuma endirmək üçün əvvəlcədən hazırlaşmaq vacibdir.

Maqnit qasırğası Günəşin yaydığı yüklü hissəciklərin təsiri nəticəsində Yerin maqnit sahəsinin güclü pozulmasıdır. Bu cür hadisələr bir neçə saatdan bir neçə günə qədər davam edə bilər və sağlamlığa, peyklərin, naviqasiya sistemlərinin və radio rabitəsinin işinə təsir göstərə bilər

30 yanvar - maqnit qasırğasının zirvəsi. Narahatlıqların səviyyəsi Kp 5-6-ya çata bilər ki, bu da güclü geomaqnit qasırğasına (G1) uyğundur.

31 yanvar - geomaqnit sahəsi sakitləşməyə başlayacaq (Kp ≈ 4), lakin meteohəssas insanlar zəiflik, baş ağrıları və artan yorğunluq hiss etməyə davam edə bilər.

Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün sağlam həyat tərzi qaydalarına riayət edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq durmalısınız. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.

Gömrük Komitəsində 3 aydır gecikən maaşlar verildi

Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşları 3 aydır maaşlarını ala bilmədiklərini açıqlayıblar.

Məsələ ilə bağlı Komitəsinin sədri Şahin Bağırov da açıqlama verib. "Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - Şahin Bağırov deyib.

Modern.az maaşlarının verilib-verilməməsini aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi maaşların verildiyini bildirib:

"Artıq həmin işçilərin hər birinin maaşları verilib".

Nazir getdi, nazirlik də ləğv olunur?

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin ləğv edilərək yeni yaradılacaq qurumun tərkibinə veriləcəyi ilə bağlı məlumatlar var. Ölkənin fiskal və maliyyə siyatəsinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Teleqraf.com xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir.

Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsi də Vergi Xidməti kimi vergi toplamaqla məşğuldur: "Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməzsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: "Çünki bu qurumlardan biri pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur".

Kamaləddin Qafarov: “Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi  labüddür”“Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir. Burada söhbət eyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənab Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər son dərəcə mühüm əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müşavirədə çıxış edən dövlət başçısı görülən işlərin təhlili və qarşıda duran vəzifələrin icrası ilə bağlı önəmli fikirlər səsləndirib, açıqlamalar təqdim edib.” İlk növbədə, Bakı şəhərinin və paytaxtın ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələsi müzakirə olundu. Qeyd edək ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük nəqliyyat layihələri icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Əgər bu işlər görülməsəydi, bu gün paytaxtımızda nəqliyyat, ümumiyyətlə, iflic vəziyyətinə düşərdi. Eyni zamanda, son illər ərzində bütün ölkə üzrə bir çox mühüm nəqliyyat layihələri icra edilmişdir. Bu gün ölkəmizdə rahat və təhlükəsiz kənd yolları, müasir şəhərlərarası yollar və ən yüksək beynəlxalq standartlara cavab verən magistral yollar mövcuddur.”

K.Qafarov ölkəmizdə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən də bəhs edib: “Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu gün müxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya, Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaqlar”.
taksilerin-sayi-67-minden-30-mine-salinib-merkeze-seferler-keskin-azalib

“İslahatlar taksi xidməti üzrə də həyata keçirilmişdir. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.

Nazir qeyd edib ki, islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilib: “Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32 faiz. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, metronun “28 May” stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılmışdır”.

Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Bu şəxslərə birdəfəlik ödəniş ediləcək - Nazirlik AÇIQLADI

Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlarla hərbçilərin əməkhaqları artırılıb.

Bununla yanaşı, hərbçilərə 13-14-cü maaşların ödənişi mövzusu da gündəmdədir. Bu təşəbbüs, həm dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqəti, həm də onların sosial rifahının daha da yaxşılaşdırılmasını hədəfləyir.

Maraqlıdır, 13-14-cü maaşların ödənişi nə vaxt həyata keçiriləcək?

Məsələ ilə bağlı Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Ajans.az-a bildirib ki, hərbçilərə verilən 13-14 maaşla bağlı maliyyələşmə həyata keçirilir:

"Bəli, hərbi qurumların 2025-ci il üçün saxlanılması xərclərində bu məqsədlə müvafiq məbləğdə vəsaitlər nəzərdə tutulub. Belə ki, 2024-cü ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin yerinə yetirilməsinə və nöqsansız intizama görə hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir".

Artıq, hərbi qurumlar tərəfindən təqdim edilmiş müvafiq sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə sözügedən vəsaitin maliyyələşdirilməsi həyata keçirilir",- deyə Mayis Piriyev qeyd etdi.

Bakıda salınacaq 10 metrostansiya ilə bağlı yeni detallar

"Hazırda Bakı metropolitenində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 10 stansiyanın inşası və bundan irəli gələn məsələlərin həlli istiqamətində tədbirlər görülür. İlkin dövr üçün prioritet vəzifələr sırasında xətlərin ayrılması layihəsinə başlanılması istiqamətində addımlarla bağlı məsələlərə xüsusi yer verilib".

Yol-xeber.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

"Xətlərin ayrılması layihəsi "Cəfər Cabbarlı" stansiyasından başlayacaq tunelin inşasını nəzərdə tutur. Bununla yanaşı, metro xətlərinin müstəqil funksional fəaliyyətini təmin edən əsas sahələrin inşası da aparılmalıdır. Bura "Dərnəgül" elektrik deposu, dartı elektrik yarımstansiyalarının tikintisi və yenidənqurulması, "İçərişəhər" stansiyasından sonra dalanın tikintisi və s. vacib infrastruktur layihələri də daxildir.

Bundan savayı, metropoliten üçün yeni nəsil vaqonların alınması prosesi də davam etdiriləcək. 2025-ci ildə 20 yeni vaqonun alınması prosesi təmin ediləcək. Mövcud infrastrukturun yenilənməsi, yeni texnologiyaların tətbiqi istiqamətində də fəaliyyət davamlı olaraq aparılacaq. Təmir işlərindən "Cəfər Cabbarlı" stansiyasında yenidənqurmanın başa çatdırılması, həmçinin "Həzi Aslanov" stansiyasında əsaslı təmir prosesinin mərhələlər üzrə sürətləndirilməsi də nəzərdə tutulub",-deyə məlumatda qeyd olunub.

DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi süni intellektlə bağlı əhaliyə xəbərdarlıq edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Xəbərdarlıqda bildirilib ki, süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur:

"Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq bir daha çağırış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər".

Xəbər lenti