![]() |
|
Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında fasiləsiz xidmət aparıldığını qeyd etməklə yanaşı, bir daha sürücülərə müraciət edərək onları dumanlı, yağışlı havalarda sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Smartfonlarımızda nə saxlanılmaz. Əlbəttə ki, çoxlu SMS.
Bu SMS-lərdən bəziləri maliyyə təhlükəsizliyiniz üçün real təhlükə yarada bilər.
Bu SMS-lər fırıldaqçılar üçün xüsusi maraq kəsb edir, çünki onlar fırıldaqçılara istifadəçilərin şəxsi məlumatlarına giriş əldə etməyə imkan verir.
Nəticədə, təcavüzkar telefonunuzda ona lazım olan məlumatı əldə edərsə, pul oğurlaya bilər.
Ekspertlərin sözlərinə görə, şəxsi məlumatlarınız, o cümlədən maliyyə məlumatları, həmçinin smartfonunuzda saxlanılan login və parollar onu həssas edir.
Bu cür məlumatlar fırıldaqçıların əlinə keçərsə, pulsuz qalma riskiniz var.
Bunun qarşısını almaq üçün mütəxəssislər adətən qeydiyyat zamanı xidmətlər tərəfindən göndərilən parol və loginlərdən ibarət məlumatları smartfonunuzdan silməyi məsləhət görürlər.
Siz həmçinin şəxsi məlumatlarınızı, sənədlərin fotoşəkillərini və ya yazışmaları telefonunuzda saxlamamalısınız.
Sizə SMS vasitəsilə göndərilən şübhəli keçidlər daha böyük təhlükə yaradır.
Çox vaxt onlara klikləmək smartfon sahibinin pul itirməsi ilə başa çatır.
Buna görə də ekspertlər bu cür mesajları dərhal silməyi məsləhət görürlər.
Şəxsi hesabınıza daxil olmaq üçün çoxsaylı keçidləri olan SMS mesajları da potensial təhlükə yaradır.
Onların vasitəsilə fırıldaqçılar hesablarınıza giriş əldə edə bilərlər.
Biz onları silirik. Eləcə də banklardan hesab, onun qalığı, qalan vəsait və s.(lent.az)
Bakıda tıxac olan yollar açıqlanıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.
Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.
AZAL-dan verilən məlumata görə, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.
***
Heydər Əliyev Beynəlxalq Aeroportundakı qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.
Məlumata görə, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.
Bakı aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən paytaxta yola düşəcək.
Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.
***
Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Bu barədə AZAL məlumat yayıb.
Qeyd olunub ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar: “Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”.
Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.
Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.
Bir qrup vətəndaş övladlarının dərmanları dəyişdirildiyi üçün Səhiyyə Nazirliyinin önündə etiraz edir.
Bu barədə Oxu.az-a xəstə uşaqların valideynləri məlumat veriblər.
Valideynlərdən biri ümumi şikayəti bu cür izah edib:
"Bizim övladlarımız ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələridir. Altı ildir, onlar üçün eyni dərmanları alırdıq. Bizi bu yaxınlarda Səhiyyə Nazirliyində qəbul etdilər, məlumat verdilər ki, fevralın 6-dan dərmanlar dəyişdiriləcək. Biz isə dərmanların dəyişdirilməsini istəmirik. Biz bu dərmanları artıq tanıyırıq. Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bu uşaqlar hansısa həkimin onların üzərində təcrübə aparması üçün uyğun deyillər, adi səhv həyatlarını itirmələri ilə nəticələnə bilər. Bizim övladlarımız eksperiment siçovulu deyillər".
Dermatoloq Zakir Abıyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, dərmanların yenilənməsi onların pis olması demək deyil:
"Söhbət sürtmə dərmanlardan gedir. Mən belə şeyi ilk dəfədir, eşidirəm. Dermatologiyada dərmanların müxtəlifliyinə görə Azərbaycan kifayət qədər yuxarı pillələrdədir. Moskvada tapmadığım dərmanlar ölkəmizdə var. Dərmanların yenilənməsi o demək deyil ki, onlar pisdir. Yeni dərmanların təsir mexanizmi yazılmalıdır. Nəyə, necə təsir edir, bunu bilmək lazımdır. Sakit, adekvat dəri əlamətlərinə görə təyin etmək olar. Dəriyə sürtülən dərmana görə niyə uşaq dünyasını dəyişsin? Bir-iki dəfə istifadə edəndən sonra dərmanın təsiri görünür. Daxilə qəbul edilən dərman olsa, haradasa anlayaram".
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq, qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi məqsədilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub:
"Bu siyahılara uyğun olaraq, xəstəliyin ağırlıq dərəcəsinə görə onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişmədiyini təsdiq edən, beynəlxalq standartlara uyğun klinik protokollar barəsində məlumatlar veriblər".
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinski yeni filmin çəkilişlərinə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, qısametrajlı sənədli film 2024-cü il dekabrın 25-də Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatından bəhs edəcək.
H.Əliyevaya həsr olunmuş qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılır. Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi, rejissor Ziya Şıxlinski, operatoru ittifaqın İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Adil Abbasovdur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
20 Yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.
Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan azadlıq mübarizəsini yatırmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini yad edirlər. Bu tarixdə ölkə ərazisində qeyri-iş günü olur.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşama doğru bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.
"Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq".
Mərkəzi Bank kreditləşməyə dair yeni prudensial tənzimlənmə çərçivəsi qəbul edib.
Bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat qeyd edib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır: Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?
O bildirib ki, davranış krediti modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur:
"Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir.
Digər tərəfdən, bu model dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir".
"Bu zaman ən ciddi çağırışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və dəyişənlərdən istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formullarından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq.
Digər məqam Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda orta hesabla üç milyard manata yaxın kredit bu model vasitəsilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil.
Bütövlükdə, davranış krediti modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq", - deyə deputat bildirib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmağı xahiş edirik", - müraciətdə bildirilir.