![]() |
|
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
“Nizami Kino Mərkəzi”ndə 44 günlük müharibədə Hadrut uğrunda gedən döyüşlərin qəhrəman şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin xatirəsinə həsr olunmuş “Vətənə bağlı ömür” adlı sənədli-bədii filmin təqdimatı keçirilib.
Yol-xeber.az" xəbər verir ki, “Gün TV” Media Qrupun istehsal etdiyi filmin ssenari müəllifi Mehriban Sadıqova, rejissoru Anar İslamdır. Filmin operatorları Orxan Hüseynzadə və Cəmil Xalidoğlu, səs rejissoru Fuad Allahverdiyev, bəstəkarı Yaqut Almaz, filmi səsləndirən Səməd Hətəmov, Nurlan rolunun ifaçısı isə aktyor Vüqar İsgəndərlidir.
Şəhid Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıtda dünyaya göz açıb. Uşaqkən atasını itirən Nurlan 20 ildən artıq metroda çalışan Rahilə Ramazanovanın övladıdır. Nurlan orta məktəbin son üç ilini Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Almaniyada təhsilini “Buraxılışın ən yaxşı əcnəbi kursantı” sertifikatı və atıcılıq üzrə qızıl nişanla bitirib. 2014-cü ildən müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri olub. “Təməl Xüsusi Təyinatlı” kursunu birinciliklə bitirib. İkinci Qarabağ müharibəsi başlanan gündən Vətən torpaqlarının azad edilməsi uğrunda döyüşlərə qatılıb. Müxtəlif strateji obyektlərin və rayonların azad olunmasında iştirak edib. 2020-ci il oktyabrın 12-də Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanoya tapşırılıb.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan M.Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.
Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.
Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N. Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Zərdabda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Belə ki, sözügedən rayonda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 2,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, qurum daha öncə Neftçala, Saatlı və Salyanda da əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq işlərə başlayıb.
Taksi ilə bağlı islahatlar 2024-cü ilin əvvəlində ciddi şəkildə qarşımızda duran məsələ idi.
Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu gün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, taksilərdə orta yaş 7 ilə enib:
“Taksilərin şəhərdə eyni rəngdə olması müşahidə edilir. 2024-cü ilin dekabr ayını əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə, taksi sifarişlərinin sayında 32 faiz azalma müşahidə edilib. E-taksi sistemi formalaşdırılıb”, - sədr qeyd edib.
Bir neçə müddətdir ki, ölkədə hərarətlə müşayiət olunan xəstəlik artıq can almağa başlayıb. Belə ki, Zaqatalada xəstəxanaya gətirilən 2 yaşlı uşaq reanimasiyada ölüb. Yayılan xəstəlik insanlarda narahatlığa səbəb olub.
Maraqlıdır, bu xəstəliklə bağlı hökumət, parlament nə etməyi düşünür?
globalinfo.az-a danışan Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib ki, qış aylarında orqanizmlərin spesifik xüsusiyyətinə uyğun olaraq virus infeksiyalarının yoluxma intensivliyi və tezliyi artır.
Onun sözlərinə görə, yoluxma fərqli aylarda ola bilər:
“Hazırda virus infeksiyaları ilə xəstələnmə intensivliyinin artmasını müşahidə edirik. İstər bütün dünyada, istərsə də Azərbaycanda analiz etdikdə nəticələri tam əminliklə söyləyə bilərik. Amma təbii ki, yuxarı tənəffüs yollarının virus infeksiyaları davamlı şəkildə mutasiyaya uğrama qabiliyyətinə malikdirlər. Lakin mutasiyaya uğrayan viruslar bir mövsüm daha az intensivliklə gedə bilər, sonra isə fərqli-fərqli ağırlaşmalar verə bilər. Hazırda yayılmış virus infeksiyasını müşahidə etdikdə, pnevmaniya ağırlaşmalarını vermə ehtimalının yüksək olduğunu görürük. Hətta bununla əlaqədar Səhiyyə Nazirliyinin müraciətində xüsusən qeyd olunur ki, gigiyenik tələblərə, əhalinin sıx toplaşdığı məkanlarda müəyyən bir məsafə qaydalarına əməl etmək və xüsusən də şəxsi gigiyena qaydalarına diqqət yetirmək lazımdır. Bunlar əsasən yaşlı, xroniki xəstəliyi olan şəxslər və uşaqlar üçün daha aktualdır”.
Deputat deyib ki, bu aktuallıq hər birimizin üzərində daha diqqətli olmaq kimi bir məsuliyyət formalaşdırmalıdır:
“Xəstələnmə əlamətləri müşahidə olunduqda həkimə müraciət edilməlidir. Simptomatik preparatlar qəbul etməklə, həkimin məsləhəti altında daha da ağırlaşma ehtimalının qarşısını almaq üçün zamanında müraciət edib, deyilənlərə əməl etməliyik. Dövlətin müvafiq strukturlarının bu istiqamətdəki fəaliyyətinə gəldikdə isə, təbii ki, hər zaman kəskin respirator infeksiyaların, xüsusən virus infeksiyalarının yayılma intensivliyi artdıqda müvafiq əks-epidemik tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyinin müvafiq qurumları, TƏBİB-in tabeliyində olan müəssisələr, o cümlədən özəl sektorlarda da bu istiqamətdə addımlar atılır, sirkulyar məktublar, müvafiq təlimatlar göndərilir. Bundan başqa, maarifləndirmə, peyvəndlənmə, dezinfeksiya və s. tədbirləri həyata keçirilir”.
Müşfiq Məmmədlinin dediklərinə görə, hazırda Azərbaycanda epidemik vəziyyət nəzarət altındadır:
“Bilirsiniz ki, COVID-lə əlaqədar olaraq karantin rejiminin müddəlları da keçərlidir və dövlət bütün strukturları ilə istər prosesin qarşısının alınması, istərsə də lazım olduqda müvafiq əks-epidemik tədbirlərin intensivliyinin artırılması baxımından bu proseslərə tam hazırdır. Biz infeksiyon xəstəliklərin hansısa qeyri-adi formada yüksəlməsinin şahidi olarıqsa, təbii ki, bu tədbirlər də həyata keçiriləcək. Həmin o əks-epidemik tədbirlərin, karantin rejiminin tətbiqinin, dövlətin bu istiqamətdə atdığı addımların nə dərəcədə önəmli və strateji olduğunun əminliyi hər birimizdə formalaşmalıdır. Çünki Azərbaycan dövlətinin məqsədi öz vətəndaşlarının sağlamlığını qorumaqdır”.
Yanvarın 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, yanvarın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Naxçıvan, Culfa, Naftalan, Şəmkir, Yevlax, Kürdəmir, Cəfərxan, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.
Prezident İlham Əliyevin metro stansiyaları ilə bağlı çıxışından sonra hər kəsi bir sual maraqlandırır.
Yeni inşa olunacaq 10 yeni metro stansiyası paytaxtın hansı istiqamətlərində olacaq? Yeni stansiyaların nə vaxt istifadəyə verilməsi planlaşdırılır?
"Yol-xeber.az" Baku TV-yə istinadən xəbər verir ki, inşaat mühəndisi Azər Axundovun sözlərinə görə, bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq:
"B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir. "B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır. Arada isə "Sahil" keçid stansiyası olacaq, o da "Sahil" stansiyasının yanında düşünülür. "B7" "Xətai" stansiyası ilə keçid, "B8" stansiyası da Ağ Şəhərin Babək prospekti hissəsinə tərəf düşən hissəsi olmalıdır. "Y15", "Y16", "Y17" stansiyaları da "Xətai" ilə "Həzi Aslanov" arasında 8 Noyabr prospekti boyunca yerləşəcək", - deyə o bildirib.
"Y14" stansiyası isə Ağ Şəhər ərazisinə düşür. Bununla da 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.
Ətraflı süjetdə:
Azərbaycanda yanvarın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.