![]() |
|
Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.
Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.
Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.
Yol-xeber.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir.
Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.
Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır.
Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.
Həmçinin, Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər.
“Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Digər iki halda isə sərnişinlərin ehtiyatsızlığı ciddi təhlükə yaradıb”, - deyə V. Aslanov vurğulayıb.
Məlum olduğu kimi, ötən ilin yayında Şuşada regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz Şuşa, Xankəndi və Xocalıda qeydiyyatda olan vətəndaşlarla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
“Qafqazinfo” mərkəzin fəaliyyətini əks etdirən fotoları təqdim edir:
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Pensiyaçılara 200 manat əlavə yardımın ödənilməsi 2022-ci ildə tətbiq olundu. O zaman istehlak bazarında qiymətlərin kəskin artması səbəbindən cənab Prezident pensiyaçılara maddi yardım verilməsi ilə bağlı sənəd imzaladı. Həmin yardım da pensiya məbləğinə əlavə olundu və indeksləşdirildi.
Bu sözləri axar.az-a millət vəkili Vüqar Bayramov pensiyaçılara bu il də əlavə olaraq 200 manat maddi yardımın verilib-verilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə təklif səsləndirilib:
"Bu istiqamətdə təkliflər Milli Məclisdə müzakirələr zamanı təqdim olunub. O cümlədən Əmək və Sosial Siyasət Komissiyasının iclasında təqdim olunan təkliflərin biri məhz pensiyaçılara əvvəlki illərdə olduğu kimi yardımın verilməsi imkanının araşdırılması ilə bağlıdır. Sözsüz, bu istiqamətdə fiksal qiymətləndirmənin aparılması və buna uyğun olaraq qərarın verilməsi vacibdir".
Qeyd edək ki, ötən ilin noyabrına olan son statistik rəqəmlərə görə, Azərbaycanda təxminən 1 milyon 100 min pensiyaçı var.
AAYDA-nın 7 saylı Xüsusi Təyinatlı MMC-nin direktoru Məhəmməd Musayev - 1990-cı ilin yanvar ayı Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Yanvarın 19-dan 20-nə keçən gecə, Bakıda baş verənlər yalnız bir xalqın ağrısını deyil, həm də onun dönməz iradəsini bütün dünyaya nümayiş etdirdi. O gecə Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın azadlıq mübarizəsində qanlı bir iz qoydu.
1988-ci ildən başlayan milli azadlıq hərəkatı Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılanırdı. İnsanlar azadlıq və müstəqillik arzusu ilə küçələrə çıxır, milli kimliklərini müdafiə edirdilər. Lakin bu mübarizəni boğmaq istəyən Sovet rejimi, böyük hərbi qüvvələr göndərərək xalqın səsini zorla susdurmağa çalışdı.
20 yanvar gecəsi Bakı küçələri qan gölünə çevrildi. Sovet tankları heç bir xəbərdarlıq etmədən insanları əzdi, küçələrdə açılan atəş yüzlərlə insanın həyatına son qoydu. Həyatını itirənlər arasında qadınlar, uşaqlar və yaşlılar da var idi. Bu amansız hücum, xalqımızın müstəqillik arzularını qırmaq məqsədi daşısa da, əksinə, azadlıq uğrunda mübarizə ruhunu daha da alovlandırdı.
Bu qanlı hadisələr yalnız faciə deyil, həm də xalqımızın əyilməzliyini, azadlıq sevgisini və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar şəhidləri, Azərbaycanın müstəqilliyi yolunda əbədi olaraq adlarını tarixə yazdılar. Onların qurbanı ilə xalqımız daha güclü bir milli birlik sərgilədi və 1991-ci ildə müstəqilliyini bərpa etdi.
Hər il 20 Yanvar günü, xalqımız şəhidlərin əziz xatirəsini yad edir, müstəqilliyin nə qədər dəyərli olduğunu bir daha anlayır. Bu gün yalnız bir faciə günü deyil, həm də milli qürur və qəhrəmanlıq dastanıdır. 20 Yanvar, qan yaddaşımızda əbədi yaşayan bir tarixdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik və onların mübarizəsini unutmuruq.
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı - 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin simvolu olaraq həm də birlik və həmrəylik ruhunu ortaya qoymuşdur. Şəhidləri anmaq, onların mübarizəsini yaşatmaq yalnız keçmişi yad etmək deyil, eyni zamanda, gələcəyə olan ümid və inamımızı gücləndirmək deməkdir. Bu hadisə xalqın öz müqəddəratını və müstəqil yaşamaq haqqını müdafiə etmək üçün hər cür çətinliyə sinə gərmək əzmini göstərdi. 20 Yanvarın qanlı səhifəsi bizə bir daha göstərdi ki, xalqın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni heç vaxt unutmaq olmaz.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Hərbi əməliyyatlar nəticəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər yaralanmış və 841 nəfər qanunsuz olaraq həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200-dən çox fərdi ev və mənzil, 80-dən çox avtomobil, o cümlədən təcili yardım maşınları zədələnmiş, yanıcı güllələrin törətdiyi yanğınlar nəticəsində həm dövlət, həm də ayrı-ayrı şəxslərə məxsus əmlaklar məhv edilmişdir.
Faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Ümummilli Lider 20 Yanvar faciəsinə siyasi qiymət verərək, onun hüquqa, demokratiyaya və humanizmə zidd, SSRİ rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Heydər Əliyev mətbuat konfransı keçirərək Bakıdakı faciəyəyə rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi.
Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi gücləndirilib. Bütün bunlar həmin kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısı hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Həmin gün saat 12:00-da ölkəmizin bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Vətən övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə önəmli səhifə yazdılar. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq yolunda mübarizə əzmimizi qıra bilməz. 44 günlük Vətən müharibəsində bir daha xalqımız yenilməz, məğrur olduğunu dünyaya göstərdi. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək möhtəşəm Zəfər qazandı. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir.
1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixində xüsusi yer tutan, xalqın milli kimliyini, qətiyyətini və azadlıq uğrunda mübarizə əzmini ortaya qoyan bir mərhələdir.
1980-ci illərin sonlarında - Sovet İttifaqının süqut etməyə başladığı bir dövrdə Qarabağdakı ermənilərin separatçı fəaliyyəti və mərkəzi hakimiyyətin buna laqeyd yanaşması ciddi narazılıq doğururdu. Xalqımız xüsusən SSRİ rəhbərliyinin erməni təcavüzünə verdiyi dəstəyə qarşı etirazlar səsləndirirdi.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən qanlı cinayətə əl atdı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyərək Bəyanatla çıxış etmişdir.
Qanlı hadisələrə baxmayaraq, Azərbaycan xalqı geri çəkilmədi, bu faciədən sonra milli azadlıq mübarizəsi daha da gücləndi. Ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş Vətən övladları 22 yanvar tarixində Bakının Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edildilər. Bu hadisə xalqın həmrəyliyini, milli birliyini və azadlıq uğrunda qətiyyətini bütün dünyaya göstərdi.
20 Yanvar hadisələrində xalqımızın göstərdiyi birlik və həmrəylik Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi, ölkəmizin suverenliyini bərpa etmək uğrunda apardığı mübarizənin parlaq nümunəsidir.
Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Sənədə əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət aktı kimi dəyərləndirildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin Ümummilli Liderin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olanlara “20 Yanvar şəhidi” statusu verilmişdir.
Prezident İlham Əliyev 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Bütün bunlar həmin kateqoriyadan olan şəxslərə diqqət və qayğının bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Qanlı 20 Yanvar gecəsi unudulmur - xalqın yaddaşında əbədi yaşayır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə müasir tariximizdə yeni bir dövr başlandı. Bununla Azərbaycanın azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının da ruhu şad oldu.