![]() |
|
Azərbaycanda hərbi xidmət çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün mexanizmlər hazırlanır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni mexanizmlər ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, “Report”a müraciət edən bir neçə vətəndaş, qüvvəyə minən müvafiq dəyişikliklərin hazırda hərbi xidmətdə olan 31-35 yaşlı şəxslərə şamil olunub-olunmayacağı haqqında sual ünvanlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.
Həmçinin, müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.
Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şuşa” restoranının sökülməsi ilə bağlı yeni məlumatlar yayılıb.
musavat.com xəbər verir ki, restoranın sahiblərinə Əhmədlidə yerləşən, üç böyük zalı olan “Leyla” şadlıq evi alternativ olaraq təklif edilib.
Restoranın sökülmə səbəbləri
“Şuşa” restoranı və ətrafdakı obyektlərin sökülməsi qərarı, Nərimanov Rayon İcra Hakimiyyətinin açıqlamasına görə, bir neçə səbəbə əsaslanır. Bildirilib ki, restoranın yerləşdiyi ərazi park statusuna malik olsa da, illər əvvəl qeyri-qanuni şəkildə özəlləşdirilib və sənədləşdirilib. Əlavə olaraq, parkdakı ağaclara lazımi qulluq göstərilməməsi, tonqalların nəzarətsiz qalanması və yanğın təhlükəsinin yaranması sakinlərin narazılığına səbəb olub. Bu problemləri nəzərə alaraq, restoranın sökülməsi və parkın abadlaşdırılması qərara alınıb.
ADA Universitetinin böyük layihəsi
Restoranın sökülən ərazisində ADA Universitetinin baş planına uyğun genişmiqyaslı layihə həyata keçiriləcək. Layihəyə əsasən, parkın ərazisi yenidən qurularaq həm böyüklər, həm də uşaqlar üçün əyləncə və istirahət imkanları yaradılacaq. Eyni zamanda, burada İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərəcək. Universitetin inşasının artıq son mərhələyə çatdığı və bu il açılış mərasiminin keçiriləcəyi bildirilir.
Şəhriyar Parkında yenidənqurma işləri
Layihə çərçivəsində Şəhriyar Parkında da yenidənqurma işləri aparılır. Parkın yay aylarında sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Ərazidə 4 nömrəli şəhər poliklinikasının tarixi binasının bərpası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının park ərazisinə köçürülməsi də nəzərdə tutulub.
Sahibkarın narazılığı
“Şuşa” restoranının sahibi Elxan Qasımovun qızı sökülmənin onların xəbərsiz aparıldığını mətbuata bildirib. O deyib ki, restoran tam sökülüb. Söküntü işləri aparılan zaman tərəflər arasında mübahisə də yaşanıb. Söküntünü aparan şəxslər mülk sahiblərinin çəkiliş aparmasına mane olmağa çalışıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sahibkara alternativ obyekt təklif edilib, lakin o, bundan imtina edib. Eyni zamanda, sahibkarın mülkiyyət hüquqlarının pozulması faktı təsdiqlənərsə, qanun çərçivəsində kompensasiya ödəniləcək.
“Şuşa” restoranının ərazisinin yenidənqurma planları həm şəhər sakinləri üçün yeni istirahət imkanları, həm də ADA Universiteti üçün müasir təhsil mərkəzinin yaradılmasını nəzərdə tutur.
“Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, pensiyaçılar üçün vacib məqamlardan biri də əmək pensiyalarının indeksləşdirilərək artırılmasıdır. Belə ki, bu artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və indeksləşdirmə üçün əlavə olaraq orta hesabla yarım milyard manat vəsaitin ayrılacağı ğözlənilir.
Bununla belə, pensiyaların indeksləşdirilməsi yanvar ayının 1-dən hesablansa da artımlar fevral ayından ödəniləcək. Bunun səbəbləri nədir?
Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır:
“Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək. 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.
“Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq” – V.Bayramov əlavə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 6 küçəsində skuter parklanma məntəqəsi təşkil edib.
Bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, bunlar Ayna Sultanova, Landau, Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev, Akim Abbasov və Həsən bəy Zərdabi küçələridir. Məqsəd paytaxtda mikromobillik imkanlarını artırmaqdır.
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri olmuş Salatın Əsgərovanın anım günüdür.
Ölkə.az xəbər verir ki, Salatın Əsgərovanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurub, eyni ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.
Elə həmin il müqavilə ilə "Bakı" qəzetində, dörd il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı olub. Salatın tez-tez Qarabağa gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular" olub. 1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçular tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub, Salatın Əsgərova amansızca qətlə yetirilib.
Salatın Əsgərova Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
Salatın Əsgərova ailəli idi. Bu evlilikdən yeganə övladı Ceyhun dünyaya gəlib. Ceyhun Əsgərov özü də jurnalistdir.
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.
Yol-xeber.az modern.az-a istinadən xəbər verir ki, inşa edilməsi planlaşdırılan metro stansiyaları barədə bir sıra məlumatları təqdim edirik.
Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.
Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.
Foto: Prezident İlham Əliyev təqdim edilən metronun inkişaf planı
Yerdə qalan 4 stansiyanın “Yaşıl xətt” üzrə tikilməsi nəzərdə tutulub. Tikintinin başa çatmasından sonra “Xətai” stansiyası “Həzi Aslanov”la birləşəcək.
Konseptual sxemə görə, “Yaşıl xətt” Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməklə, ümumi uzunluğu 41,8 km olacaq . Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Müxtəlif texniki həllərdən asılı olaraq 10 stansiyanın tikintisi üçün 3.8-4 milyard dollar investisiya lazımdır. Layihənin gözlənilən 3 əsas təsiri var:
- Sumqayıt və Xırdalan istiqamətindən olan sərnişin axını şəhərin mərkəzi ilə daha optimal əlaqələndirilir.
- Xətai rayonu şəhərin mərkəzi ilə daha optimal əlaqələndirilir.
- Müxtəlif mobillik təşəbbüslərinin icra vəziyyətindən asılı olaraq il ərzində əlavə 40-120 milyon sərnişin daşınması imkanı yaradılır.
Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirib ki, bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək: “Yəqin ki, 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Amma yolların çəkilişi daha az. Azərbaycan ictimaiyyəti təbii olaraq bu məsələlərlə bağlı daim məlumatlandırılacaq”.
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.
İlk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.
Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.
Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Qızıl qolbağın içərisindən qum tökülüb.
Xəzər TV məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil. Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər.
Onların sözlərinə görə, qızılın ağırlığı çox olsun deyə nəinki qum, hətta məhsula digər qatqılar da əlavə olunur.
Satıcılar isə alıcılara aldıqları məhsulları yoxlatmağı məsləhət görürlər. Ümumiyyətlə, vətəndaşlara birinci əl malları almaları tövsiyə olunur.
Xatırladaq ki, 2019-cu ilə kimi bu bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Əgər məmulatın üzərində Əyar Palatasının "rombvari" damğası var idisə, deməli, qızıl keyfiyyətli idi. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb.
Ətraflı süjetdə:
Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət altındadır və ciddi monitorinqlər aparılır.
APA xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib.
O bildirib ki, son dövrlər ölkə ərazisində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi ilə əlaqədar bəzi sürüşmə sahələrində aktivlik müşahidə edilir:
“Mövcud sürüşmə sahələrinin monitorinqi davam etdirilir. Əsas aktiv sürüşmə sahələri cənub bölgəsində, Abşeron yarımadasında, Şamaxı-İsmayıllı, qismən də Qəbələ-Ağdaş zonasındadır”.
Əli Əliyevin sözlərinə görə, Bakıda lokal sürüşmə sahələrində aktivlik müşahidə edilsə də, ümumi vəziyyət nisbi stabildir: “Belə ki, Abşeron yarımadasındakı sürüşmə sahələrində, o cümlədən Nübar massivi və Masazır “Zəli gölü” sahəsində də nisbi aktivlik qeydə alınıb.
Suraxanı rayonu Zığ-1 sürüşmə sahəsində 39 və 41 saylı binaların yerləşdiyi ərazinin istinad divarlarında zəif yerdəyişmə müşahidə edilib. Eyni zamanda, Zığ-1-də 3B, 3Q, 3D, 3E binalarında zəif aktivlik müşahidə edilir.
Qədim sürüşmə sahəsi hesab edilən Zığda isə son zamanlar qəbiristanlığa yaxın ərazilərdə səthdə zəif dinamik dəyişiklik müşahidə edilməkdədir.
Bundan başqa son zamanlar atmosfer çöküntülərinin intensiv düşməsi “Badu-Kübə” MTK-nın ərazisində və Gəncə prospekti 97-də hiss ediləcək aktivlik yaradır”.
Əli Əliyev onu da qeyd edib ki, bu sahələrdə artıq müvafiq qurumlar tərəfindən prosesin inkişafının qarşısının alınması üçün layihələr hazırlanmaqdadır.
Agentlik sədri vurğulayıb ki, Lerik rayonu Hamarat, Pirzəküçə və Vənədi kəndlərində aktiv lokal sürüşmə sahələri qeydə alınıb.
“Bundan əlavə Astara rayonu ərazisində Siyakü, Şüvü, Asxanakəran, Çuvaş və Sipiyəpart kəndləri ərazisində də lokal aktivlik sahələri qeydə alınıb. Buna səbəb kimi həm ərazilərin klassik sürüşmə sahələri olması, eyni zamanda, təbii amillər - atmosfer çöküntü kütlələrinin həcminin artması hesab edilir.
Lənkəranda da lokal sürüşmə sahələrinə rast gəlinir, amma son zamanlar burada yalnız Lənkəran-Xanbulan yolunun sağ çiynində bir neçə lokal sahə qeydə alınıb. Digər sürüşmə sahələrində isə stabil vəziyyət müşahidə edilir”.
2023-cü ilin son dekadasında atmosfer çöküntülərinin və texnogen amillərin təsirindən Taxtakörpü su anbarının ərazisində formalaşmış sürüşmə sahəsinin son vəziyyəti ilə bağlı danışan Agentlik sədri bildirib ki, bu sürüşmə sahəsində eni 65-70, uzunluğu 85-90 metr olan qırılma baş verib və sürüşmənin qarşının alınması məqsədilə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanmaqdadır.
“Son zamanlar daha ciddi monitorinqlər apardığımız Quba rayonu ərazisində Küpçalqışlaq kəndi Qudyalçayın sol sahilində böyük sürüşmə kütləsi qeydə alınıb. Sol sahildən çay dərəsi istiqamətində irəliləyən sürüşmə yolu yararsız vəziyyətə salıb və sürüşmənin tikililərə doğru irəliləmək ehtimalı var.Proses hazırda aktiv vəziyyətdədir və mütəxəssislərimizin nəzarətindədir”, - Əli Əliyev əlavə edib.
Kapitalbank "BakıKart"la bağlı müştərilərinə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Birbank” tətbiqi üzərindən müştərilərə məlumat göndərilib.
Məlumatda bildirilir ki, texniki xəta səbəbindən müştərilərin hesabına yanlışlıqla göndərilən məbləğlər onlardan geri alınacaq:
“Dəyərli Birbanklı, noyabrda istifadə etdiyiniz "Bakıkart" QR-biletləri üzrə ödədiyiniz məbləğ texniki xəta səbəbindən 29 noyabr-4 dekabr aralığında yanlışlıqla hesabınıza geri qaytarılıb. Qaytarılan məbləğlər 10 yanvaradək müvafiq kartınızın balansından çıxılacaq”.
Qeyd edək ki, dekabr ayında bir çox şəxsə geri ödəmələr olunmuşdu. Bunun səbəbi ilə bağlı bank tərəfindən hər hansı məlumat təqdim edilməmişdi. Sözügedən vəziyyət bir çoxları tərəfindən narazılıqla qarşılanmış, hətta bu barədə sosial şəbəkələrdə də paylaşım və rəylər mövcud idi.