Hərbi xidmətlə bağlı son yaş həddinin 30-a endirilməsi təsdiqləndi

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.

Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Eyni zamanda ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarında tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.
Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.

Həmçinin Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir.
Dəyişikliklərdən bir də dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi azalması ilə bağlıdır.
Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5. Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.
Əsasnaməyə digər dəyişikliklər də edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Minimum əmək haqqının artımından bu qədər insan faydalanacaq - Açıqlama 

"Minimum aylıq əmək haqqının 345 manatdan 400 manata çatdırılmasından dövlət sektoru üzrə 400 min nəfərə, özəl sektor üzrə 300 min nəfərə yaxın, toplam isə 700 min nəfər faydalanacaq".

Bunu açıqlamasında deputat Əli Məsimli "Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli sərəncamını şərh edərkən deyib.

Deputat bildirib ki, bundan əlavə Nazirlər Kabineti müəyyən etdiyi dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edəcək. "Bu əsasda Nazirlər Kabineti minimum aylıq əmək haqqının 400 manata çatdırılmasına uyğun olaraq Vahid Tarif Cədvəlinin yeni variantını hazırlayıb təsdiq edəcək", - o qeyd edib.

Deputat əlavə edib ki, Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib:

"Minimum aylıq əməkhaqqı artırılan zaman hökumətin təsdiq etdiyi 19 pilləli Vahid Tarif Cədvəli üzrə Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş büdcə təşkilatlarında çalışan işçilərin aylıq vəzifə maaşlarında artım baş verir. Bu dəfə də sosial, elm, müəyyən dərəcədə təhsil və səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. Hazırkı Vahid Tarif Cədvəlində 1-ci dərəcə üzrə maaş 345 manat, 5-i dərəcə üzrə-406 manat, 10-cu dərəcə üzrə-497 manat,15-ci dərəcə üzrə-607 manat,19-cü dərəcə üzrə isə 1125 manatdır. Gələn ilin yanvarında Nazirlər Kabinetinin qərarı ilə təsdiq ediləcək Vahid Tarif Cədvəlində 1-ci dərəcə üzrə maaş 16 faizə yaxın artıb 345 manatdan 400 manata çatdırılacaq. Vahid Tarif Cədvəlində 2-19-cu dərəcələr üzrə artımın dəqiq məbləğləri gələn il yanvarında məlum olacaq. Bununla belə təxmin etmək olar ki, maaşlar məsələn,5-ci dərəcə üzrə-406 manatdan 470 manata,10-cu dərəcə üzrə-497 manatdan 580 manatın altına,15-ci dərəcə üzrə-607 manatdan 700 manatın üstünə,19-cü dərəcə üzrə isə 1125 manatdan 1300 manatın üstünə çatdırılacaq.

Minimum aylıq əmək haqqının artımından toplam 700 min nəfər faydalanacaq".

Səma mələyinin son çağırışı - Hökümə Əliyeva Azərbaycan Qadınının iradə rəmzinə çevrildi

 Real Televiziyası qəhrəman stüardessa Hökümə Əliyeva haqqında xüsusi bir elegiya hazırlayıb.

Müəllif Kamran Qasımovun özünün səsləndirdiyi elegiya dərin emosiyalar doğurur və şəhid stüardessanın qəhrəmanlığını, bütün stüardessaların önəmini və onların əslində səma mələkləri olduğunu bir daha vurğulayır. Elegiyada təqdim olunan təsirli görüntülər isə hər bir tamaşaçının ürəyini sızladır.

Hökümə Əliyeva, son ana qədər vəzifə borcunu yerinə yetirərək, sərnişinlərin təhlükəsizliyi üçün əlindən gələni edib və Azərbaycan xalqının yaddaşında əsl fədakarlıq simvolu kimi qalacaq.

Bu dərin məna yüklü elegyanı izləmək üçün Musavat.com onun linkini təqdim edir.

Allah rəhmət eləsin!

Pensiya və maaş artımları bu tarixdən veriləcək

Ötən gün Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.

Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, builki paketin 3 milyon vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, bu, əvvəlki paketlərlə müqayisədə daha çox vətəndaşımızın sosial artımlardan faydalanması deməkdir:

"Eyni zamanda minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarına təsir göstərəcək. Bu təbii ki, sadəcə minimum səviyyədə əməkhaqqı alan vətəndaşlarımızın deyil, eyni zamanda vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artımlarla müşahidə olunacaq. Minimum pensiya ilə yanaşı həm də gələn aydan əmək pensiyalarının indeksləşdirilərək artırılması həyata keçiriləcək. Bu əmək pensiyası alan bütün vətəndaşlarımıza şamilolunacaq. Bu o deməkdir ki, indeksləşdirmə nəticəsində pensiya artımları 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və həmin vətəndaşların pensiyalarında artımlar müşahidə olunacaq”.

Millət vəkili bildirib ki, minimum əməkhaqqı və minimum pensiya üzrə artım yanvar ayından etibarən tətbiq olunacaq:

"Yəni gələn aydan minimum əməkhaqqı və minimum pensiya artırılır. Əmək pensiyalarının indeksləşdirilməsi da yanvar ayında nəzərdə tutulacaq. Amma əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirildiyi və 2024-cü il üçün yekun rəqəm fevralın əvvəlində elan olunduğu üçün vətəndaşlarımız əmək pensiyalarının indeksləşdirmə nəticəsində yanvar ayının artımlarını fevral ayının artımı ilə birlikdə alacaqlar”.

V.Bayramov sonda qeyd edib ki, müəllimlərin və eləcə də həkimlərin əməkhaqqları vahid tarif cədvəlinə uyğun deyil:

"Bu sektorlarda əməkhaqqı artımları müəyyənləşdirilən və tətbiq edilən keyfiyyət meyarlarına əsasən həyata keçirilir. Ona görə də təhsil sektorunda vahid tarif cədvəlinə uyğun əməkhaqqı alan daha çox texniki işçilərin maaşlarına minimum əməkhaqqının artırılması təsir göstərir. Amma müəllimlərimizin əməkhaqqı sertifikasiya nəticəsində həyata keçirilən artımlardır”.

Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 27-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Bakıdakı şadlıq saraylarında toylar dayandırılıb

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib.

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-sı Azərbaycan ərazisində matəm elan edilib. Matəmlə əlaqədar bayraqlar endirilib.

Bəs Bakıdakı şadlıq saraylarında vəziyyət necədir? Bu günə olan məclislərlə bağlı hansı tədbir görülüb?

Modern.az mövzu ilə bağlı Bakıdakı şadlıq sarayları ilə əlaqə saxlayıb.

Məşhur restoranlardan bəziləri saytımıza bildirib ki, şadlıq saraylarında əvvəlcədən planlaşdırılan toy və digər mərasimlər ləğv edilib.

Şadlıq saraylarının bəzilərində bu gün əvvəlcədən toy planlaşdırılmayıb, əksəriyyətində isə toylar dayandırılıb.

azerbaycanli-hekim-ve-psixoloqlar-yaralilara-xidmet-edir-video

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

 

 



 
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190 AR” təyyarəsinin qəzaya uğraması xəbəri aviasiya aləmini şoka saldı. Təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarədə olan 67 nəfərdən 29-u ekipajın çevik hərəkətləri və hava gəmisinin konstruksiya xüsusiyyətləri sayəsində sağ qalıb.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib və araşdırmalar başa çatana qədər hər hansı bir nəticə çıxarmaq tezdir.

Operativ reaksiya

Qəza barədə məlumat operativ xidmətlərə çatan kimi Azərbaycan rəhbərliyi ildırım sürəti ilə reaksiya nümayiş etdirdi. İnsident ilə bağlı məlumat daxil olan zaman Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva səmasında idi və dərhal Bakıya qayıtmaq əmri verildi, havada olan təyyarə isə operativ qərargah kimi fəaliyyətə başladı. Prezidentə elə təyyarənin göyərtəsində vəziyyətlə bağlı məlumat verildikdən sonra o, aidiyyəti strukturlara tapşırıqlar verdi.

Bakı hava limanına endikdən sonra əsas dövlət qurumlarının iştirakı ilə təcili iclas keçirildi. Hadisənin araşdırılması üçün dövlət komissiyası, nazirliklərin və digər strukturların nümayəndələrindən ibarət qrup yaradıldı və onlar dərhal təbii fəlakət yerinə yollandı.

Azərbaycanın dövlət qurumları, hadisənin milli hava məkanından kənarda baş verməsinə baxmayaraq, qazaxıstanlı həmkarları ilə koordinasiya halında ictimaiyyəti mümkün qədər çox məlumatlandırmağa çalışdı.

Qazaxıstan tərəfi də faciəyə yüksək operativlik və həssaslıq nümayiş etdirdi. Qısa zamanda iki ölkənin müvafiq orqanları arasında birbaşa məlumat mübadiləsi yaradıldı. Hadisə yerində xilasetmə işlərinə başlanıldı, eyni zamanda yaralılar üçün qan verən yerli sakinlərdən də kömək gəldi.

Qazaxıstan ictimaiyyəti dərin anlayış nümayiş etdirdi: Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısında gül dəstələri qoyuldu. Bu cür addımlar faciələr zamanı beynəlxalq həmrəyliyin vacibliyini göstərir.

Fövqəladə vəziyyətdə etibarlılıq və peşəkarlıq

Qəzanın rəsmi səbəbləri hələ müəyyən edilməsə də, sərnişinlərin bir qisminin xilas edilməsində ekipajın qərarlarının və addımlarının mühüm rol oynadığı artıq aydındır.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə insanları xilas etmək üçün əlindən gələni edən pilotların əsl qəhrəmanlıq və peşəkar hərəkətləri əks olunub.

Son 30 ildə bu, AZAL ilə bağlı üçüncü təyyarə qəzasıdır.

Birinci qəza 1995-ci ildə baş verib. Naxçıvandan Bakıya uçan “Tu-134B-3” təyyarəsi mühərrik nasazlığı və ekipajın səhvi səbəbindən qəzaya uğrayıb. O zaman təyyarədə olan 82 nəfərdən 52-si həlak olmuşdu. İkinci aviaqəza 2005-ci ildə baş verib. Bakıdan Aktauya uçan “An-140” təyyarəsi ekipaj üzvlərinin məkan oriyentasiyasını itirməsi səbəbindən Xəzər dənizinə düşüb. 23 nəfərin hamısı həlak olub.

Hər faciə donanmanı modernləşdirmək və ekipaj təlim standartlarını yüksəltmək üçün stimul olub.

Bu gün AZAL-ın hava parkına müntəzəm sərnişindaşımaları üçün istifadə olunan 25 təyyarə daxildir. Onların orta yaşı 11 il təşkil efir.

Yeni təyyarələrin alınması ilə aviaşirkət öz donanmasını daha səmərəli və ekoloji cəhətdən təmiz etmək üçün köhnə təyyarələri tədricən istifadədən çıxarır. Hava səyahətlərinin etibarlılığını və səmərəliliyini daha da artırmaq üçün şirkət yeni “Airbus Neo” və geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin tədarükü üzrə müqavilələr imzalayıb.

AZAL-ın aviaparkına çətin hava şəraitində, o cümlədən yüksək rütubət və yüksək temperaturda dayanıqlığı ilə seçilən “Embraer 190” təyyarələri də daxildir. Bu model həm də regional uçuşlar üçün ən etibarlı modellərdən biri kimi tanınır.

AZAL 2030-cu ilə qədər yalnız 2-3 növ təyyarənin istifadəsinə keçməyi, hava gəmiləri parkında orta yaşı 5-6 ilə endirməyi planlaşdırır ki, bu da aviasiya sənayesi üçün yaxşı göstəricidir. Bu yanaşma təyyarələrə texniki qulluq və kadr hazırlığı ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

Pilotların ixtisaslarının və bacarıqlarının artırılması üçün 2010-cu ildən Bakıda mülki aviasiya mütəxəssislərinin hazırlığını həyata keçirən AZAL-ın Pilotların Hazırlıq Mərkəzi fəaliyyət göstərir. Hər il 7 mindən çox insan təkmilləşdirmə kursları, o cümlədən “Airbus”, “Boeing”, ATR və “Embraer” üçün müasir uçuş simulyatorları üzrə praktiki təlimlər keçir.

Mərkəzdə “Embraer 190” pilotları üçün ixtisaslaşdırılmış təlim kompleksi quraşdırılıb ki, bu da mütəxəssisləri xaricə göndərmədən Azərbaycanda təlim keçməyə imkan verir. Mərkəz xarici aviaşirkətlərin pilotlarına da xidmət göstərir.

Bütün bu tədbirlər Azərbaycanın etibarlı hava daşımalarına nail olmaq, müasir texnologiyaların tətbiqi, hava gəmiləri parkının yenilənməsi və təhlükəsizlik standartlarının təkmilləşdirilməsinə sadiqliyini göstərir.

Bugünkü qəza aviasiyanın gözlənilməzliyini və təhlükəsizliyi yaxşılaşdırmaq üçün davamlı çalışmağın vacibliyini xatırladır.

Bugünkü qəza aviasiyanın gözlənilməzliyini və təhlükəsizliyi yaxşılaşdırmaq üçün davamlı çalışmağın vacibliyini xatırladır.

Təəssüf ki, təyyarə qəzaları dünya aviasiya tarixinin ayrılmaz hissəsidir. Mövcud məlumatlara görə, bir insan ölümcül qəzaya düşmək üçün 25,2 min ildən çox müddətdə hər gün uçmalıdır.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatına görə, 2024-cü ildə bütün təyyarə qəzalarının 36 %-i və insan ölümünün olduğu beş qəzadan dördü turbovintli təyyarələrin payına düşüb.

İctimai nəqliyyatda şagirdlər üçün gediş haqqı problemi: Necə həll olunmalıdır?

Bakıda avtobus sürücülərinin bəziləri şagirdləri ictimai nəqliyyata buraxmır. Dərsə gedən şagirdin hər birindən avtobusda gediş haqqı tələb olunur. Əksər şagird isə pulu olmadığından gediş haqqı vermədən avtobusu tərk edir.

Onların bu hərəkəti sürücüləri özündən çıxarır. Hətta bəzi sürücülər şagirdlərin arxasınca qışqır-bağır salaraq "hamınıza evdən çıxanda yol pulu verirlər, qəsdən vermirsiniz. "Köpək uşağı" gediş haqqını verməsəniz sizi avtobusa qoymayacam. Gedin evdə deyin ki, sürücü belə dedi" deyə onları aşağılayırlar.

Bəzi sürücülər isə şagirdlər avtobusa minməsin deyə bilərəkdən nəqliyyat vasitəsini məktəbin yanındakı dayanacağa 100 metr qalmış saxlayır. Şagirdlər gecə saatlarına kimi gözləməli olur, ya da 6-7 dayanacaq olan məsafəni piyada getməli olur.

Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azı 30, iki uşağa isə 60 manat ödəyir.

İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir?

4 çağırış Milli Məclisin deputatı olmuş Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın 60-70%-i şəxsi mülkiyyətdədir:

"Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məşğul olmalıdır. Uşaqlar üçün xüsusi abonomentlər verilməlidir, ya da minumum qiymətə onlara satılmalıdır. Bunun həlli yolu budur. Bakının özündə 30-40 şirkət fəaliyyət göstərir. Onların hərəsinə bir məktub yazsan ki, şagirdlərdən gediş haqqı alınmasın, bu düz olmaz. Amma SSRİ vaxtında xüsusi bir aylıq abonomentlər var idi. Onun birini alanda bir ay avtobusda, trolleybuslarda, hətta metroda da istifadə etmək olardı. Bunun üçün xüsusi qanun lazım deyil, Nazirlər Kabineti 17-18 yaşına çatana qədər şagirdlər üçün qərar çıxartmalıdır. Bunu müzakirə edib, təkliflər vermək olar".

Sabiq deputat Etibar Əliyev isə burada bir nizamsızlıq, xaos hökm sürdüyünü xatırladıb:

"Şagirdlər avtobusdan pulsuz istifadə etməlidir. Belə hadisə ilə mən də rastlaşmışam və buna görə mənə də müraciət ediblər. Avtobus sürücüləri məktəbin yanında saxlamırlar. Bu hal nizamlanmalıdır, onsuz da valideynlərin kifayyət qədər təhsilə xərci çıxır. Bu gün ibtidai sinif şagirdləri də müəllim yanına hazırlığa gedirlər. Bu küllü miqdarda vəsait edir, valideynlərin büdcəsi dağılır".

Etibar Əliyev hesab edir ki, əgər məktəbdə normal təhsil olsa, valideyn bu vəsaiti övladının geyiminə və qidalanmasına xərcləyər:

"Yay aylarında dincəlməsinə də xərcləyə bilər. Bu pul valideynlərdən çıxır. Sovet vaxtı daimi bir kart verərdilər ki, bununla da bir aylıq avtobusdan istifadə etmək olardı. Avtobusa ödənilən vəsaitdən 80% ucuz başa gəlirdi. Bu sistemə keçid etmək lazımdır. Bu vəsiqələrin hər biri şagirdlərə verilməlidir. İkincisi, isə sürücülərin avtobusu saxlamaması, şagirdləri nəqliyyata götürməməsində bir tərbiyyəsizlik hökm sürür. Bu uzun illərdir ki, belədir, amma heç bir qurum ölçü götürmür".

Etibar Əliyev deyir ki, problem onun deputat olduğu illərdə Milli Məclisdə qaldırılıb:

"Mən özüm bu məsələni parlamentdə qaldırdım, amma məsələ müzakirə olunmadı və belə də qaldı. Gündə bir şagirdə gediş haqqı bir manat edir. İndiki əmək haqqı ilə şagirdə çəkilən xərc uzlaşmır. Düşünürəm ki, ən azı şagird sayı çox olan məktəblərə avtobus ayrılmalıdır. Dərsə gecikmə halları bütün dünyada qəbul olunmur. Şagird və valideynlərin bu məsələdə özlərinə bəraət qazandırmaları haqlıdır. Sürücü sən niyə şagirdi avtobusa minməyə qoymursan axı. Elm və Təhsil Nazirliyi bu kimi məsələlərə müdaxilə etmiş olsaydı, problem həllini tapardı".

Etibar Əliyev vurğulayıb ki, şagirdi avtobusa minməyə qoymayan sürücü cəzalanmalıdır:

"Bu şagirddir, cəmiyyətin gələcəyidir. Təhsil haqqında qanunda da bu var. Şagirdi avtobusa söyüşlə, təhqirlə mindirirlər, bu da onların psixologiyasına təsir edir. Bu məsələni heç psixoloqlar da qaldırmır. Bir neçə nəfər cəzalansa və bunu təbliğatı aparılsa, heç kəs şagirdi gediş haqqı vermədiyi üçün təhqir etməz. Şagird məktəbə nəylə getməlidir? Piyada? "Valideyn sənə pul verir, amma siz vermirsiniz” fikirində şagirdə böhtan atılır. Hardan bilirsən ki, doğrudan da pul veriblər? Bunlar gənc nəsili, yeniyetmələri bilərəkdən zəhərləyirlər. Düşünürəm ki, burada Elm və Təhsil Nazirliyindən nəsə ummaq yersizdir. Onlar nəsə etmək istəsəydilər, bunu çoxdan edərdilər”.

Xəbər lenti