|
“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev -“Azərbaycan tarixinin qızıl səhifəsini təşkil edən Zəfər günümüzün dördüncü ildönümü ərəfəsindəyik. 8 Noyabr Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Biz bu şanlı zəfərimizlə sonsuz qürur duyuruq”.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Buna görə də, ordu quruculuğu daim Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti sırasındadır. Ermənistanın işğalçı siyasəti dövründə danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı.
Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışıb. BMT isə işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalaraq icra olunmurdu. Ermənistanın davamlı olaraq təxribatçı addımları, bəyanatları, hərəkətləri isə müharibəni qaçılmaz etmişdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Vətənin azadlığı uğrunda xalqımız bir yumruq kimi birləşdi və bu dəmir yumruq düşmənin başını əzdi. Həmin 8 noyabr tarixində Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi isə düşməni tamamilə diz çökdürdü. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən azad edildi. Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anır.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd döyüş yolu ilə işğaldan azad edildi. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü bütün istiqamətlərdə- siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğunda göstərir.
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu təsdiqlədi: “Siyasi partiyalar tərəfindən həmin dövrdə ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyiblər. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanata radikal müxalifətin qoşulmaması onların antimilli xislətini ifşa edir. Həmin siyasi təşkilatlar bu addımları ilə xaricdəki ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini bir daha isbatlamış oldular. 44 günlük müharibədən sonra onlar bu Qələbənin dəyərini azaltmağa çalışdılar. Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunmasından da radikallar çox məyus oldular. Bu siyasi ünsürlər xalq-iqtidar birliyinin gücünü həzm etməyərək hər vəchlə xaricdəki havadarları ilə birlikdə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Bu cür “fəaliyyət” indi də davam edir. Lakin həmişə olduğu onların cəhdləri yenə də iflasa məhkumdur. Bu dairələrin cılız davranışlarından fərqli olaraq hazırda xalqla iqtidar sıx birlik nümayiş etdirərək Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə məşğuldur. Həyata keçirilən möhtəşəm quruculuq işləri nəticəsində bu torpaqlar cənnətə çevrilir, keçmiş məcburi köçkünlər Böyük Qayıdışın sevincini yaşayır!”.
Zaur Həmzəyev - 8 noyabr... Bu tarixi gün, bütün Azərbaycan üçün təqvimin ən şanlı və 30 ilə yaxın həsrətində olduğumuz Zəfərin nişanəsidir. Bizim üçün çətin, amma şərəfli bir yolun sonunda əldə olunmuş tarixi nailiyyətlə Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları işğaldan azad etdikcə, o şanlı günlər Zəfər tariximizə bir-bir yazıldı.
2020-ci il noyabrın 8-də şanlı ordumuz böyük əhəmiyyətə malik Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Dünyanın hərb tarixinə düşən Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsində dönüş nöqtəsi oldu. Bundan iki gün sonra - noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarıldı. 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlanılan torpaqlarımızın prezident-xalq-ordu birliyi nəticəsində azad olunması misilsiz tarixi nailiyyətdir. Bu gün Azərbaycanın Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır.
İşğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Azərbaycan xalqı zaman-zaman torpaqlarımızın itirilməsinə, soyqırımılara və deportasiyalara məruz qalıb. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə BMT ölkəmizə qarşı bu cür ədalətsizliklərə heç vaxt adekvat reaksiya verməyib. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmış, işğalçıya qarşı heç bir ciddi tədbir görülməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan öz məsələsini özü həll etmək məcburiyyətində qaldı.
Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və digər tədbirlər artıq Azərbaycanın böyük Qələbəyə doğru irəlilədiyini göstərirdi. Beləliklə, 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Bu, təkcə hərbi Zəfər deyil, eyni zamanda, ədalətsizlik üzərində Qələbədir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir.
Daha bir önəmli məqama diqqət yetirək. Məhz Paşinyanın yalvarışlarına görə, noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq münaqişənin həll olunması üçün atəşkəs elan edildi, digər məsələlərin siyasi yollarla həllinə qərar verildi. Beləliklə, kapitulyasiya nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Ermənistan tərəfindən boşaldılsa da, öz xislətini növbəti dəfə nümayiş etdirən rəsmi İrəvan bir müddət sonra üçtərəfli Bəyanata əməl etmədi. Belə ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökü kəsildi.
Döyüş meydanında qazanılan Qələbənin diplomatiya müstəvisində davam etdirilməsi uzun illər həyata keçirilmiş uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Respublikası balanslı xarici siyasət prioritetlərinə uyğun olaraq heç bir hərbi-siyasi bloklaşmada təmsil olunmur. Qoşulmama Hərəkatına üzvlüyümüz bu mövqeyi daha aydın şəkildə ifadə etməklə yanaşı, beynəlxalq əlaqələrin çoxtərəflilik prinsipi əsasında formalaşdırılması üçün mühüm platforma yaratmış oldu.
Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə bu təsisata üzv olan ölkələrin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə verdikləri dəstək istisnasız olaraq qeyd edilməlidir. Azərbaycan Türk və İslam dünyasının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, Qərb üçün də önəmli enerji tərəfdaşıdır. Eləcə də Azərbaycan müasirliyin və ənənəviliyin vəhdətini təcəssüm etdirən bir dövlət olaraq sivilizasiyalar arasında mühüm körpü rolunu oynayır. Belə bir şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar dost və strateji tərəfdaş olan dövlətlər tərəfindən də birmənalı şəkildə dəstəklənir.
Bəli, artıq Azərbaycan xalqı dördüncü dəfədir ki, Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. 8 noyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, ordumuzun qəhrəmanlıq salnaməsinin şahidi oldu. Azərbaycan işğalçı ölkə üzərində tarixi Zəfər qazanmaqla adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək. Zəfər Günün mübarək, Azərbaycan!
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı oldu.
Prezident İlham Əliyev müsahibələrində bu fikri xüsusi qeyd edir ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi oldu. Ölkəmizin möhtəşəm qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi. 44 gündə 30 illik işğala son qoyuldu. Tarixi ədalət bərpa edildi. “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən cənab İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etdik. Özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmadı. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı miflər darmadağın edildi, erməni ordusu qorxaq və təslimçi ordu kimi təqdim olundu.
Postmünaqişə dövrünün reallıqları sırasında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını qürurla qeyd edirik. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Separatçılardan təmizlənmiş ərazilərimizə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Tariximiz zəfər səhifələri ilə daha da zənginləşir. Tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdışımızı hədəf kimi qarşımıza qoymuşuq. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində bu arzumuz da reallığa çevriləcək.
Hər bir bayram, tarixi gün onun mahiyyətinin təqdim edilməsi ilə yanaşı, uğurlarımızın da təhlilində əhəmiyyətli rol oynayır. 9 Noyabr-Dövlət Bayrağı Günü ərəfəsindəyik. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir. Milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilən Bayrağımız qürurumuzdur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı milli kimliyimizi, gücümüzü, birliyimizi dünyaya təqdim edir. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın daim yüksəklərdə dalğalanması üçün hər birimiz üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməliyik. Qalib, yeni Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının reallıqları fonunda yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Zahid Nuriyev - 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən 4 il keçir. Arxada qalan hər il, hər gün tarixi Zəfərimizə gedən yola işıq salır, müharibənin başvermə səbəblərini aydın şəkildə açıqlayır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bununla yanaşı, bütün sahələrdə gücünü, qüdrətini artırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız gec-tez tarixi sahibinə qovuşacaq. Azərbaycan hər gün bir addım bu hədəfə yaxınlaşdı. Prezident İlham Əliyev möhkəm təməl üzərində güclü Azərbaycan yaratdı və əksər dünya dövlətləri ölkəmizin inkişaf modelini təqdir edərək öyrənilməsinin vacibliyini bildirdilər. Müharibə şəraitində yaşan ölkə üçün güclü ordunun olması vacib idi. Dövlət başçısı İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsini uğurla yerinə yetirmək, xalqımızın torpaq həsrətinə son qoyub, bu ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanmasına nail olmaq üçün böyük qətiyyət nümayiş etdirdi. “Güclü ordu - güclü dövlət” konsepsiyasının fundamental əsası olan iqtisadi tərəqqini xüsusi diqqətdə saxladı. Son 21 ildə Azərbaycanın iqtisadi uğurları torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, bu ərazilərin yenidən bərpasına, dirçəlməsinə də geniş imkanlar yaratdı.
Azərbaycanın iqtisadi imkanları bütün sahələrdə davamlı uğurları şərtləndirdi. Belə ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər ölkəmizə öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Ölkəmizin iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrini yeni istiqamətlər üzrə daha da möhkəmləndirərək həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm uğurlara nail oldu. Haqqın, ədalətin Azərbaycanın tərəfində olduğu beynəlxalq səviyyədə də təsdiqləndi. Münaqişənin həlli üçün hüquqi baza daha da möhkəmləndi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
44 gündə tarix yazan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq təşkilatların hesabatlarında da etiraf edilir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində dünyaya nümayiş etdirmişdi. Aprel döyüşlərində Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü.
Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və Azərbaycan Ordusu qətiyyətlə qarşısını aldı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Tarixi Zəfərimizin təsdiqi və dünyaya təqdimatı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasını şərtləndirən əsas amil 44 gündə Azərbaycan Ordusunun qazandığı uğurlar, Şuşanın işğaldan azad edilməsi oldu. Dövlətimizin başçısı İlham Əliyevin Bəyanatın imzalanması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Şuşanın azad edilməsi həm böyük siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır: “Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.”
Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib ölkənin vətəndaşı olması ilə qürur duyur. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edərkən üçrəngli Bayrağımızın dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanmasını xüsusi qeyd edirik. 9 Noyabr-Dövlət Bayrağı Gününü də digər bayramlarımız kimi, Zəfər ruhunda, yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəfləri fonunda qeyd edirik. Üçrəngli Bayrağımız işğaldan azad edilən torpaqlarımızda ucaldığı üçün qürurluyuq. 30 il bu anı səbirsizliklə gözlədik. Qalibiyyət rəmzi, müjdəçisi olan Bayrağımızın bizə bu Qələbəni çatdıracağına əmin idik. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Qələbə səhifəsi kimi yazılmasını, Azərbaycan əagərinin hər gün işğaldan azad edilən şəhər, qəsəbə və yaşayış məntəqələrində Azərbaycan Bayrağını qaldırması anını hər kəs böyük qürur hissi ilə izlədi. 44 gün paytaxt və bölgələrimizdə küçə, meydanları bəzəyən Bayrağımız bizdə sabaha, tarixi Zəfərimizə böyük inam yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını xalqa müraciətində böyük qürur hissi ilə qeyd edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müjdəsinə şahidlik edən Azərbaycan Bayrağı oldu. Bayrağımız milli birliyimizin ifadəsi, qürur mənbəyimizdir.
Araz Bəndəliyev - “Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dörd ili tamam olur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu Zəfər bizimlə əbədi yaşayacaq” çağırışı Qələbəmizə gedən yolun və bundan sonrakı mərhələnin ümumiləşdirilmiş ifadəsidir. Böyük səylərin, qətiyyətin nəticəsi olan uğurlarımız hər zaman keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Hesabat xarakteri daşıyan bayramlarımızda, tarixi günlərdə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından bəhs etdikcə qürurlanır, hər günün tariximizə bir uğur səhifəsi kimi yazıldığının şahidinə çevrilirik. Bu gün Azərbaycanın bayramları sırasında Zəfər və Dövlət Suverenliyi Günü də var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində tarixi Zəfərə imza atdıq, suverenliyimizi tam bərpa etdik. Təqvimizdə bu bayram və Zəfər günləri ilə yanaşı, kədərli 27 Sentyabr-Anım Günü də var. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Anım Günü, Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix-8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Şuşa Şəhəri Günüdür. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tariximizin Zəfər səhifələrini vərəqləmək və gələcək nəsillərə çatdırmaq üçün hər birimizə çağırışdır”.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Qələbəmizə qədər Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçdi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı: “Bu Zəfər birliyimizin, həmrəyliyimizin təqdimatında öz sözünü dedi. Bu məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra belə bir çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətimizin əsasına çevrildi. Son 21 ildə Prezident İlham Əliyev bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir”.
Xalqımıza Qələbəni bəxş edən müzəffər Ordumuzla fəxr edirik: “Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirmək gücünə, qüdrətinə malikdir: “Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Bunların ardınca 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun dünyanın ən güclü ordusu olduğunu təsdiqlədi. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir, maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq Ordumuzun daha da gücləndirilməsi yeni dövrün Azərbaycanının əsas hədəfləri sırasındadır”.
“Tarixi Zəfərimizdən ötən dörd ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son dörd il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra 16 noyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə başlayan bərpa-quruculuq işlərinin miqyası bu gün olduqca genişdir. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumilikdə regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Bugünümüzün reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan inkişafın və quruculuq işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımları və uğurları təhlil etsək görərik ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”
8-13 noyabr tarixlərində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərməyəcək.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.
Qeyd edək ki, bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi - 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Dönərlərlə bağlı yeni qaydalar təsdiqlənib.
Belə ki, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs görəsən, yeni qaydalardan sonra dönərlərin qiymətində hansısa dəyişiklik olacaq?
Dönərçilərin sözlərinə görə, qiymət artımı hələ ki yoxdur.
"Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizdə hər şey qanun çərçivəsindədir. Başqa ərazilərdə qiymətlər qalxsa, bizdə də qiymət artımı olacaq", - deyə dönərçilərdən biri bildirib.
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölmələrində həyata keçirilməlidir:
"Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir".
Ətraflı Baku TV-nin süjetində:
“İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin əbədiləşdirməsi istiqamətində atılan mühüm addımlardan biridir. Bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində müvafiq Sərəncam imzalanmışdır. Həmin Sərəncama əsasən hər il noyabr ayının 8-i ölkəmizdə Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur”.
Bu sözləri 8 Noyabr – Şuşa şəhəri Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, məhz həmin tarixdə, 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. “Qəhrəman əsgər və zabitlərimiz indiyədək dünya hərb tarixində misli görünməmiş mürəkkəb taktiki əməliyyat keçirərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Qəhrəman döyüşçülərimiz müstəsna çətinlikdə döyüş tapşırığını şərəflə icra etdilər. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.”
K.Qafarov keçən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə nəticələnən antiterror əməliyyatının da Şuşa Zəfərinin məntiqi davamı olduğunu qeyd edib: “Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2003-2020-ci illərdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi tarixi Qələbəmizə addım-addım yaxınlaşdırdı. Möhtərəm dövlət başçımız Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Dörd il bundan öncə bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Lakin hadisələrin sonrakı gedişi bu düşüncələrin yanlış olduğunu göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini və Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən dörd il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, dövlət suverenliyimiz tam bərpa olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə müqəddəs Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə tükənməz sevinc və qürur hissi yaşatdı.”
K.Qafarov Şuşa şəhərinin yenidən qurulması barədə danışarkən deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində dediyi kimi, biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Prezident İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir” .
Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciət edib.
Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir:
"8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması "Zəfər" abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur".
"Hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib, yəni artırılıb. 2025-ci ilin yanvarında bütün növ əmək pensiyalarının artırılması nəzərdə tutulub".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:
"Nəzərə alsaq ki, ilin sonuna doğru artım faizinin dəyişməsi mümkündür, çünki əvvəlki aylarda da biz artım faizinin dəyişməsini müşahidə etmişik. Hələlik artım faizi 8 faizdir. Amma pensiyalar 2024-cü ildəki artım faizinə uyğun olaraq indeksləşdiriləcək. Bu ondan xəbər verir ki, əmək pensiyalardakı artım faizi ilin sonuna doğru daha da dəqiqləşəcək və konkretləşəcək. Bütün hallarda 2024-cü ilin yekunlarına uyğun olaraq 2025-ci ildə əmək haqqı artımlarına uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək
Növbəti aylarda əgər hər hansı bir sektorda maaşların dəyişməsi ilə bağlı qərar olarsa, orta aylıq əmək haqqı faizinə təsir göstərəcək. Amma bütün hallarda orta aylıq əmək haqqı faizi üzrə rəqəmlər ilin sonuna doğru dəqiqləşir, daha sonra isə 2025-ci ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən illik rəsmi artım faizi elan olunur.
İndeksləşdirmə bütün növ əmək pensiyalarını əhatə edəcək. Bura yaşa görə əmək pensiyası alan vətəndaşlarımız, valideyn itirilməsinə görə əmək pensiyası alanlar və eyni zamanda, əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyaları aiddir. Hər üç qrup üzrə əmək pensiyalarının indeksləşdirilib artırılması həyata keçiriləcək".