|
Nazirlər Kabineti 14 mart 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nı dəyişib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra hökumət kvotanı hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq edəcək.
Bundan başqa, əcnəbi işçi cəlb etmək niyyətində olan işəgötürənlər hər il mayın 1-nə qədər deyil, avqustun 1-nə qədər Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim etməli olacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Elm və Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət Neft Şirkəti isə kvota ilə bağlı məlumatları aidiyyəti Komissiyaya avqustun 1-nə qədər deyil, sentyabrın 15-nə qədər təqdim etməli olacaq.
Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur.
Musavat.com-un Qazaxda olan əməkdaşı xəbər verir ki, bu barədə "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.
O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd Diviziyasında 1000-dən çox kamera fəaliyyət göstərir, Gürcüstan və Ermənistanla sərhəddə müşahidələr aparılır:
"İcevan-Tiflis magistral yolunu, Noyemberyan-İcevan rayonlarını kameralarla müşahidə edirik. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir. Eyni zamanda sərhəd döyüş məntəqələrinin bütün əraziləri nəzarət altındadır. Ərazidə baş verən dəyişikliklər nəzərə alınır və yeri gəldikdə müdaxilə edilir".
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələrini hərrac yolu ilə satışa çıxarır. Torpaq sahələrinin satışı kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq, fərdi yaşayış evinin tikintisi və sahibkarlıq fəaliyyətinin göstərilməsi kimi kateqoriyalar əsasında həyata keçiriləcək.
Qanunvericiliyə əsasən, torpaqların təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir. Yəni əkin-biçin üçün nəzərdə tutulan torpaqda fərdi ev və ya hər hansı obyekt tikmək, ərazini hasara almaq yolverilməzdir.
Təəssüf ki, bəzən istifadəçilərin kifayət qədər məlumatlı olmaması səbəbindən, bəzən də bilərəkdən qanunvericiliyin bu tələbi kobud şəkildə pozulur. Nəticədə, həm torpağın səmərəliliyi və münbitliyinə ziyan vurulur, həm də mülkiyyətçinin qanunsuz tikdiyi ev və ya obyekt sökülməli olur.
Lakin Torpaq Məcəlləsinə yeni edilən dəyişiklik təsərrüfat təyinatlı ərazilərdə tikinti işlərinin aparılmasını tam məhdudlaşdırmır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, qanuna əsasən, artıq bələdiyyələr və ya digər qurumlar tərəfindən satılan torpaqlarda, xüsusən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işləri aparmaq olar:
"Həmin torpağın ümumi sahəsi 3 hektardan artıq olmalıdır və ərazinin ümumi sahəsinin maksimum 5 faizə qədərində tikinti işləri aparıla bilər. Fərdi yaşayış evi, inzibati bina, hotel və digər iaşə obyektləri bu şərtlər altında kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilə bilər".
Qeyd olunan tələbləri pozan, qanunvericiliyə uyğun olmayan tikinti işləri həyata keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə, 500 manatdan 5000 manatadək cərimə edilir. Hətta qanun pozuntusunun ciddiliyindən asılı olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Ətraflı Baku TV-nin süjetində:
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir:
"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
Nazir Emin Əmrullayevin “kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik” fikrinə reaksiyalar - alimlər arasında narazılıq yarada bilər
“Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq”. Bunu Milli Məclisin komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, büdcədən ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir: “Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz 100-ə qədər elmi nəticəsi olan alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”.
Qeyd edək ki, Azərbaycanda son illərdə akademiklərin və müxbir üzvlərin sayında azalma baş verir. Rəsmi məlumatlara görə, 2015-ci ildə ölkəmizdə 65 akademik, 113 müxbir üzv olub. Akademiklərin sayı 2020-ci ildə 63-ə, 2021-ci ildə 59-a, 2022-ci ildə 57-yə düşüb. Eyni qaydada müxbir üzvlərin də sayı azalıb. Müxbir üzrlərin sayı 2020-ci ildə 95-ə, 2022-ci ildə isə 87-yə enib. Akademiklər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləridir. Həqiqi üzv seçilən şəxslər sonradan akademik elmi adını alır, müxbir üzvlərə isə bu ad verilmir. Həqiqi üzv müxbir üzvdən bir pillə daha yuxarı elmi addır.
Qaydalara görə, akademik öncə müxbir üzv seçilməlidir. Akademiklərin seçilməsinə yalnız akademiklər, müxbir üzvlərin seçilməsinə isə həm akademiklər, həm də müxbir üzvlər səs verir.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “90-cı illərdə Azərbaycan çətin iqtisadi və maliyyə durumunda idi. Ümumi büdcəmiz 90-cı illərin əvvəlindəki 350 milyon ABŞ dollarından həmin illərin sonlarında bir milyard dollara çata bilmişdi. Ona görə həmin illərdə elmə istəsək də, lazımi vəsait ayırmaq mümkün deyildi. İndi isə dövlətin büdcəsi o illərlə müqayisədə 10 dəfələrlə böyüyüb. Belə olan halda, elmlə bağlı xərclərə əsaslı şəkildə yenidən baxılmalı və paralel olaraq elmə ayrılan vəsaitlərin meyarları müəyyən olunmalıdır. Yalnız əmək haqqı alan alimdən elmi məhsul gözləmək mümkün deyil. Alim elmlə fundamental şəkildə məşğul olmalıdır. Bunun üçün isə vəsait lazımdır. Baxın, bizdə elmi müəssisələrdə nə qədər elmi adı olan alimlər var? Bu, nəticəsiz kəmiyyət göstəriciləridir. Biz elmdə o vaxt inqilab etmiş olarıq ki, elmin kəmiyyət göstəricilərindən konkret nəticələri ortaya qoya bilən keyfiyyət göstəricilərinə keçə bilək. Elmlər Akademiyası sistemində fəaliyyət göstərən elmi institutlar fundamental elmlə məşğul olmalıdırlar. Bu gün bu sualı bizim elm müəssisələrinin rəhbərlərinə verdikdə onlar elmə ayrılan vəsaitlərin azlığından şikayətlənir və bu qədər vəsaitlə fundamental elmi araşdırmaların aparılmasının qeyri-mümkünlüyünü deyirlər. Bu həqiqətdir. Çox təəssüf ki, bu gün Azərbaycanda elmə ayrılan xərclər real aparılan müqayisələrlə Sovet dönəmində Azərbaycanda elmə ayrılan vəsaitdən azdır. Dünyanın inkişaf etmiş ölkələrində elmə həmin ölkələrin ümumi daxili məhsulundan əhəmiyyətli pay ayrılır. Elm və texnikanın sürətlə inkişaf etdiyi indiki dönəmdə biz də üzümüzü əsaslı şəkildə elmə tutmalıyıq. Unutmayaq ki, biz 44 günlük savaşda da elmin nailiyyətləri ilə ərsəyə gəlmiş silahlarla qələbə çaldıq...”
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, Azərbaycan elmi sistemində ənənəvi olaraq elmi adlar alimlərin fəaliyyətinin əsas qiymətləndirmə meyarı kimi qəbul edilir: “Professor, dosent və akademik kimi titulların alınması elmi nailiyyətlərin tanınması baxımından əhəmiyyətli olsa da, bu sistemin müasir tələblərə cavab verməkdə çətinlik çəkdiyi görünür. Elm və təhsil naziri Emin Əmrullayevin "elmi adlara görə ömürlük maaş təminatı əvəzinə elmi fəaliyyətin nəticələrinə əsaslanan maliyyələşməyə keçidin zəruriliyi" barədə açıqlamaları, Azərbaycanın elmi sistemində genişmiqyaslı islahatların vacibliyini ortaya qoyur. Bu yanaşma həm maliyyə resurslarının daha səmərəli istifadəsini təmin etmək, həm də elmi fəaliyyətin innovativliyini artırmaq məqsədi daşıyır.
Elmi adlara əsaslanan mövcud sistemin bir sıra ciddi problemləri var. Birincisi, elmi adların ömürlük maddi üstünlüklər təmin etməsi çox vaxt alimlərdə gələcək tədqiqatlara motivasiyanın azalmasına səbəb olur. Bu, elmi fəaliyyətin dinamikliyini aşağı salır və elmi yeniliklərin inkişafını çətinləşdirir. İkincisi, elmi adlar çox vaxt araşdırmaların keyfiyyətindən daha çox onların kəmiyyətinə əsaslanaraq verilir. Bu isə beynəlxalq standartlarla müqayisədə Azərbaycanın elmi nəticələrinin rəqabət qabiliyyətini azaldır. Üçüncüsü, dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsinin əməkhaqlarına yönəldilməsi, yeni elmi layihələrin maliyyələşdirilməsinə mane olur. Bu, xüsusilə gənc alimlər üçün tədqiqat imkanlarını məhdudlaşdırır və onların elmi fəaliyyətə cəlb edilməsini çətinləşdirir. Nazirin təklif etdiyi dəyişikliklər elmi nəticələrin maliyyələşmədə əsas rol oynamasını nəzərdə tutur. Bu yanaşma elm sahəsində layihə əsaslı maliyyələşmə sisteminə keçidi tələb edir. Layihə əsaslı maliyyələşmə alimlərin təqdim etdiyi konkret elmi nəticələrə, o cümlədən beynəlxalq nəşrlərə, patentlərə, tətbiqi tədqiqatlara və digər ölçülə bilən nailiyyətlərə görə həyata keçirilir. Belə bir sistem alimləri elmi fəaliyyətin keyfiyyətini yüksəltməyə təşviq edir və maliyyə resurslarının daha məqsədyönlü istifadəsini təmin edir. Bundan əlavə, yeni yanaşma gənc alimlər üçün daha geniş imkanlar yaradaraq onların tədqiqat fəaliyyətinə cəlb edilməsini stimullaşdırır".
Ekspert hesab edir ki, elmi adların ləğvi mümkün olsa da, bu, çox ciddi dəyişikliklər tələb edən radikal addımdır: “Mövcud sistemdə elmi adlar uzun illər boyunca elmi fəaliyyətin əsas qiymətləndirmə vasitəsi olub. Buna görə də bu adların birdən-birə ləğv edilməsi alimlər arasında narazılıq yarada bilər. Bunun əvəzinə, elmi adların simvolik əhəmiyyətinin saxlanılması, lakin maliyyələşmə və motivasiya sistemində nəticəyönlü yanaşmanın tətbiqi daha məqsədəuyğun ola bilər. Bu məqsədlə elmi fəaliyyətin qiymətləndirilməsi üçün obyektiv meyarlar hazırlanmalıdır”.
Kamran Əsədov hesab edir ki, Azərbaycanda bu islahatların tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir: “İlk mərhələdə elmi adlara əsaslanan maaş sistemi ilə layihə əsaslı maliyyələşmə paralel şəkildə tətbiq oluna bilər. Bu yanaşma alimlərə yeni sistemə uyğunlaşmaq üçün vaxt tanıyar və onların gəlir mənbələrinin birdən-birə azalmasının qarşısını alar. Eyni zamanda elmi fəaliyyətin ölçülməsi üçün obyektiv və şəffaf mexanizmlər yaradılmalıdır. Bu mexanizmlər beynəlxalq standartlara uyğun olmalı və elmi nəticələrin keyfiyyətini dəqiq şəkildə qiymətləndirməlidir. Gənc alimlərin elmi fəaliyyətə cəlb edilməsi üçün xüsusi qrant proqramları hazırlanmalı və onların peşəkar inkişafı dəstəklənməlidir”.
“Əlilliyin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə deyib.
Nazir bildirib ki, cari ildə 40 mindən artıq vətəndaşa əlillik təyin edilib: "Bunun 50%-i ilkin əlillik, 50%-i təkrar əlillikdir. Haqqı çatan, qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara əlillik təyin edilməlidir. Saxta şəkildə əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq".
Nazir əlilliyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub: "Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. Əlillik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər".
“2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi. 2025-ci ildə bu rəqəm 285 manat, 2026-cı ildə isə 300 manat, 2028-ci ildə 322 manat olacağı proqnozlaşdırılır".
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
H.Hüseynov onu da əlavə edib ki, 2026-2028-ci illərdəki inflyasiyaya uyğun olaraq, artımlara yenidən baxılması istisna deyil.
O bildirib ki, bu artımlar hər il ardıcıl olaraq 16-20 manat olaraq davam edəcək: "2023-cü ildə pensiyaçılar üçün yaşayış minimumu 199 manat olub, 2028-ci ildə bu rəqəmin 260 manata çatdırılması gözlənilir. Uşaqlar üçün yaşayış minimumu gələn il 246 manata çatdırılacaq. 2026-2028-ci illər üçün proqnozlar növbəti illərin inflyasiya göstəricilərinə uyğun yenidən nəzərdən keçiriləcək.
2023-cü ildə 345 manat olan minimum əməkhaqqı 2024-cü ildə də saxlanmışdı. Gələn il isə minimum əməkhaqqının 400 manat olması proqnozlaşdırılır. Ölkə üzrə yaşayış minimumunun əməkhaqqına nisbəti 120%-in üzərindədir".
Ölkəmizdə yaşayan bütün insanların rifahı bizim siyasətimizin ana xəttini təşkil edir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb:
"Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10% artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır”.
Noyabrın 25-dən Bakıda daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirlib ki, gələn həftədən 1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobusların hərəkət sxemləri bərpa ediləcək.