|
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Şəhidin nəşi artıq doğulduğu Tovuz rayonun Qaziqulu kəndinə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları şəhidlə vidalaşmaq üçün onun evinə toplaşıb.
Həmin görüntülləri təqdim edirik:
Ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsinin nəticələri iki-üç gün ərzində elan olunacaq.
Bu barədə "Ölkə.Az"a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edək ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı.
DİM Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu bağlanır.
Ölkə.Az xəbər verir ki, bu barədə İctimai vəkil Samir Zeynalov bildirib. O, qeyd edib ki, Neftçilər xəstəxanasından ezam olunmuş həkim-reanimatoloqlar reanimasiyanın şəraitindən xeyli narazı qalıblar.
"Ötən gün institutda aparılan yoxlamalar nəticəsində "Reanimasiya" şöbəsində xəstələrin oksigenlə təminatı ilə bağlı ciddi və arzuolunmaz problemlər aşkar olunub. Hər kəsə məlumdur ki, cari ilin yanvar ayından etibarən institutda, xüsusilə reanimasiya şöbələrində mövcud olan çoxsaylı problemlər barədə mətbuatda silsilə yazılarım, müsahibələrim dərc olunub.
Lakin institut rəhbərliyi dərc edilən faktları şər-böhtan adlandırır. TƏBİB isə araşdırma aparmaq marağında olmadan məntiqsiz və gülünc açıqlamaları ilə yadda qalırdı.
Zaman göstərdi ki, mən öz fəaliyyətimi həqiqətən faktlar, obyektiv araşdırma və haqq-ədalət prinsipləri üzərində qurmuşam. Nə mənim, nə də ki, bu haqq işində mənə dəstək olan azsaylı tibb işçisinin institut rəhbərliyinə qarşı qərəzli, kinli, ədalətsiz mövqeyi olmayıb.
Biz hər zaman milli təhlükəsizliyimizi, ümumxalq maraqlarımızı öz şəxsi mənimizdən, şəxsi maraqlarımızdan üstün tutmuşuq. İnstitutun direktoru Həqiqət Qədirovanın son zamanlar barəmdə etdiyi absurd şikayətlər də bir daha onu təsdiq etdi ki, onun fəaliyyəti haqqında qeyd edilən məsələlər acı və təhdid dolu bir reallıqdır.
Haqq-ədalət gec də olsa zəfər çalır. Ümid edirəm ki, institut rəhbərliyi yol verdiyi ciddi nöqsanlara görə qanun qarşısında cavab verəcək".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə açıqlamasında yayılmış məlumatla bağlı araşdırma aparıldığını deyib.
Xatırladaq ki, S.Zeynalov Ağciyər Xəstəlikləri İnstitutunda dəfələrlə vəziyyətin acınacaqlı olduğunu, hətta xəstəxana əməkdaşları arasında kütləvi yoluxmanın baş verdiyini də qeyd etmişdi: "Müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil".
2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb.
TƏBİB-dən Ölkə.Az-a verilən məlumata görə, pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil. Yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır.
Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50% qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır.
Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir.
COVAX platformasının əsas məqsədi, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır.
Hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.
Lakin aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiklərindən, bu tələbin həcminin onların istehsal potensialından çox olmasını nəzərə alsaq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Bunları nəzərə alaraq, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərbər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaqdır.
Azərbaycan Respublikası elmin nailiyyətlərinə və dünya praktikasına əsaslanaraq əhalinin sağlamlığının qorunması istiqamətində ehtiyac olan bütün tədbirləri həyata keçirməyə davam edəcəkdir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, GAVI təşkilatının əsası 2000-ci ildə qoyulub. Təşkilatın mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.
"Report məlumatına görə, o, ailəlidir və 3 azyaşlı övladı var.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Allah rəhmət eləsin!
Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədovun fotosu yayılıb.
Bu barədə sosial şəbəkələlərdə məlumat paylaşılıb.
Şəhidimiz Tovuz rayon Qazıqulu kənd sakinidir.
O, ailəli olub və üç oğlu var.
Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi Ermənistan - Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub:
“Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.
Düşmən qüvvələrinin Ermənistan - Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!”
Sabahdan Azərbaycanda payız fəsli başlayır.
Payız fəsli ölkəyə sentyabrın 22-də saat 17:30:36-da daxil olacaq.
Payzı fəslinin başlaması ilə gecə-gündüz bərabərləşir. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçir.
Qeyd edək ki, qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.
Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3357 nəfər olub.
Onlardan 1857 nəfəri müəyyən olunub. Bu ilin altı ayında cəzaçəkmə müəssisələrindən qaçanlar 15 nəfər təşkil edib. Cəza çəkməkdən boyun qaçıranlar 135 nəfər olub, onların 109 nəfəri müəyyən edilib.
İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar 3208 nəfər təkil edib, 1748- i tapılıb.
Axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayında 14-17 yaşda olan uşaqların sayı 21 nəfər olub, 16 nəfər müəyyən edilib.