"Əziz və dəyərli vətəndaşlarımız!

Prezident, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini hər birimiz hədsiz sevinc və qürur hissi ilə qarşılayırıq".

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) vətəndaşlara müraciətində bildirilir.

"Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.

Eyni zamanda tarixi qələbə günündə milli birliyimizi nümayiş etdirmək üçün paytaxt küçələrinə çıxan dəyərli vətəndaşlarımızı, xüsusən də fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa dəvət edirik.

Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.

Hər zaman olduğu kimi bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.

Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırki vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.

Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!", - deyə müraciətdə qeyd olunub.

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 14-18, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Gəncə terrounda hər iki valideynini  və bacısını itirən Şahnəzərli Xədicə nənəsinin himayəsinə verildi.

Bu barədə Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə " Instagram" səhifəsində məlumat verib.

"Mən əminəm ki, nənə Xədicəni sevgi ilə böyüyəcək",- deyə, o, yazıb.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Xədicənin görüntüləri yayılıb. Görüntülərdə Xədicənin kimdə qalması üstündə münaqişə yarandığı iddia olunub.

“Mən Azərbaycan tərəfindən heç bir dini obyektlərin, kilsələrin dağıdılması hallarına rast gəlməmişəm”.

Report xəbər verir ki, bunu Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç deyib.

O hesab edir ki, Şuşa və digər yerlərdəki müqəddəs yerlər döyüş yerlərinə çevrilməməlidir:

“Həmin yerlərdə imanlı insanlar olurlar və öz Allahlarına dua edirlər. Müqəddəs yerlər müqəddəs olaraq da saxlanılmalıdır. Həmin yerlərin pis vəziyyətə gətirməsinə çox pis baxıram”.

Bakıda, Borçalıda, Təbrizdə, Dərbənddə,Gəncədə, Lənkəranda, Qubada, bir sözlə Vətən Azərbaycanın hər yerindən payızın oğlan çağında xarıbülbülün qoxusu gəlir. Onu bu yerlərə aparan şəhid ruhlarıdır.

Bu ruhlardan biri də Mübariz İbrahimovundur...

Ermənistan hakimiyyəti və hərbçiləri, Rusiya, Fransa və bir sıra ölkələrin KİV-i, rəsmiləri Azərbaycan tərəfdən Qarabağın işğaldan azad edilməsi uğrunda hansısa "silahlı qruplar"ın “döyüşdüyünü” iddia edirlər. Çox qədimə gedib Azərbaycanın hərb tarixini yada salmağa ehtiyac yoxdur. 10 il əvvəl Mübariz öz şücaəti ilə Azərbaycan hərbçisinin, döyüşçüsünün əsl xarakterini, torpaqların işğaldan azad edilməsi istəyini, vətənsevərliyini dosta da, düşmənə də göstərmişdi.

Azərbaycan Qarabağın işğaldan azad edilməsi uğrunda hər an mübarizə aparıb. Hakimiyyət bütün dövlət tədbirləri və danışıqlarda Azərbaycanın mövqeyini açıqlayıb, şərtlərini irəli sürüb.

İctimaiyyət, diaspor təmsilçiləri də iştirakçısı olduqları bütün yığıncaqlarda Azərbaycanın ərazi bütövlüyündən bəhs ediblər.

Həmin mübarizəyə son 10 ildə güclü təkanı Mübariz İbrahimovun qəhrəmanlığı verdi. O, yeni nəsil üçün örnəyə, kumirə çevrildi. Bir zamanlar əcnəbilərin qəhrəmanlığını özlərinə nümunə sayan Azərbaycan gəncliyi üçün Mübariz əsil qəhrəman oldu.


Onun döyüşü lap kino qəhrəmanlarının roluna oxşayır... 2010-cu il iyunun 18-də gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarırb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb.

Ermənistan onun cənazəsini 141 gün saxlamışdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, Mübarizin İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ağdam - Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Azərbaycan tərəfinə təslim edilmişdi.


2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılaraq, nitq söyləmişdi. Sonra şəhid, qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

Oxşar qəhrəmanlığı 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə, Azərbaycan ordusunun zabiti, baş leytenant Fərid Əhmədov təkrarlayıb. Birbaşa döyüş xəttində həlak olduğu üçün onun meyiti düşmən tərəfdə qalıb. Noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərin razılaşmaları nəticəsində Əhmədovun cənazəsi təslim edilib.


2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Mübariz və Fərid öz yaşıdlarına, özlərindən sonra yetişən nəslə örnək döyüşdü, davrandı.

Bu iki gənc Azərbaycan hərbçisinin döyüş ruhunu və bacarığını dünyaya göstərdi. Onların qəhrəmanlıqları Azərbaycan vətəndaşlarında, ordusunda özünəinamı artırdı. Onlar erməni ordusu barədə yaradılan mifin dağılmasının başlanğıcını qoydular. Bu hərbçilərin şücaəti 2016-cı ilin Aprel döyüşlərində də təkrarlandı. Həmin döyüşlər Ermənistan ordusu haqqında yaradırılmış mifi dağıtdı. O hadisələrdən sonra Ermənistanın hərbi rəhbərliyində dəyişikliklər baş verdi, müdafiə naziri işdən çıxarıldı və s.


Mübariz və Fəridin qəhrəmanlıqları 2020-ci il iyulunda Azərbaycan ordusu Ermənistanla sərhəddə də təkrarlandı. İyulun 14-də General Polad Həşimovun, başqa zabitlərin, hərbçilərin şəhidliyi bunu təsdiqlədi.

İndi Qarabağın işğaldan azad olunmasında, əks-hücum əməliyyatlarında iştirak edən əsgər və zabitlərin çoxu 10 il əvvəl ya yeniyetmə, ya da uşaq olub. Bu gün onların 20-dən artıq yaşı var.


İndiki gənclik Mübariz və Fəridin qəhrəmanlıqları barədə söhbətlər, dərsliklərdəki mövzularla tərbiyələniblər. 22 yaşlı Mübariz və 24 yaşlı Fərid öz gənc canlarından keçərək yeni nəslə Vətən torpaqlarının düşmən tapdağından təmizlənməsinin dərsini keçiblər, nümunə olublar.

Beləliklə, Ermənistan ordusuna, terrorçularına və muzdlularına qarşı hazırda döyüşən Azərbaycan hərbçilərinin, əsgərlərinin şücaətinə şübhə ilə yanaşanlar 10 il əvvəl Azərbaycanın iki hərbçisinin düşmənə verdikləri dərsi də yada salsalar, yaxşı olar. 10 il əvvəl onlar atəşkəsi də, sükutu da pozdular. Onlar Azərbaycanda bu addımı ata biləcək, torpaqların düşmən əlində qalması ilə barışmayan gəncliyin yetişdiyini sübut etdilər. Onların ardıcılları sentyabrın 27-dən Ermənstan ordusunun, muzdlularının, havadarları və himayədarlarının burnunu əzirlər...

Mübarizin başladığı o döyüşü torpaqların işğaldan azad edilməsi uğrunda yeni hərəkatın başlanğıcı da adlandırmaq olar.

Bu gün həmin gəncliyin rəşadəti nəticəsində xarıbülbül əmin-amanlıq, azadlıq rəmzinə çevrilir...

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Müraciətdə deyilir ki, BMT Baş Assambleyasının 2001-ci il 5 noyabr tarixli qətnaməsinə əsasən, hər il 6 noyabr tarixi Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunur:

"Təəssüf hissi ilə bildiririk ki, ekoloji terror Azərbaycandan da yan keçməmiş, 30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymiş, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır.

Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi fəaliyyəti və qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməkdədir.

Təsadüfi deyil ki, BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnaməsində işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı.

Bununla yanaşı, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.

Bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində təbii sərvətlər talan edilmiş, 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür, meşə örtüyü, nadir ağaclar və digər sərvətlər qanunsuz istismara məruz qalmışdır.

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutmaqla sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirirlər.

Cəbhə bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini və hərbi əməliyyatların iştirakçısı olmayan mülki əhalini hədəf almaq, çoxsaylı dinc sakinləri, o cümlədən uşaq və qadınları qətlə yetirmək, tarixi, mədəni və dini abidələri, qəbiristanlıqları belə ballistik raket və ağır artilleriyadan atəşə tutmaq Ermənistan hərbi birləşmələrinin törətdiyi cinayətlərin yalnız bir hissəsidir.

Azərbaycan Respublikasının rəhbər tutduğu mövqeyi isə BMT Nizamnaməsinin 51-ci maddəsinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə və beynəlxalq humanitar hüquq normalarına əsaslanır.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terrorun davamı olaraq hazırda Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməkdə davam edir.

Hazırda ümumi sahəsi 8 000 hektardan çox olan, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərdən ibarət unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vurmaqdadır. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir. Bu, ekoloji terrordur.

Qeyd olunan faktlara əsaslanaraq, 6 noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq təşkilatlara, o cümlədən ekoloji təhlükəsizliyin təmini və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edərək, Ermənistan tərəfindən törədilmiş və hal-hazırda davam etdirilən ekoloji terrorun dayandırılması, qarşısının alınması və gələcəkdə baş verməməsi üçün təcavüzkar ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırırıq".

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-ə, YUNESKO-ya, BMT-nin İqtisadi və Sosial Şurasına, BMT-nin İnkişaf Fonduna, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.

“Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün qida rasionuna bol vitaminli meyvə-tərəvəz daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq lazımdır”.
Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova mediaya açıqlamasında deyib.

N.Mürsəlova bildirib ki, respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək vacibdir:

“Kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi önəmlidir.

Xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub, sonradan ondan müalicə olunmaqdan daha əlverişlidir. Məhz bu səbəbdən ölkədə bir sıra yoluxucu respirator xəstəliklərə qarşı peyvəndlər aparılır.

Onların arasında mövsümi qripə qarşı peyvəndlər də var. Hətta immun sistemi olduqca güclü olan insanlar belə, ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb.

Məlum olduğu kimi, oktyabr ayının 12-dən etibarən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvəndə start verilib”.

Nəzifə Mürsəlova peyvənd kampaniyasının çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik altı aylıqdan yuxarı uşaqlar və böyüklərin peyvənd olunduqları haqqında məlumat verib:

“Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib, peyvənd oluna bilər. Onu da qeyd edim ki, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır”.

Mövsümi qrip əleyhinə peyvənd poliklinikalarda pulsuzdur

“Havaların soyuması və immunitetin zəifləməsi təbii prosesdir. Bu dövrdə orqanizmin immun statusunu yüksək səviyyədə saxlamaq üçün qida rasionuna bol vitaminli meyvə-tərəvəzi daxil etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək tövsiyə olunur”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. O qeyd edib ki, immun sistemi olduqca güclü olan insanlar belə ildə ən azı bir dəfə qripə yoluxurlar. Bu xəstəlikdən qorunmaq üçün Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb.

“Oktyabr ayının 12-dən etibarən səhiyyə nazirinin müvafiq əmri ilə ölkəmizdə müəyyən olunmuş əhali qrupları arasında mövsümi qripə qarşı peyvənd kampaniyasına start verilib. Peyvənd kampaniyası çərçivəsində tibb işçiləri, hamilə qadınlar, tənəffüs yollarının xroniki xəstəliklərinə malik 6 aylıqdan yuxarı uşaqlar və böyüklər peyvənd olunurlar. Qripə qarşı peyvənd olunmaq istəyən hər kəs yaşayış yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edib peyvənd oluna bilər. Mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır”, - deyə N. Mürsəlova bildirib.

Həkim, həmçinin əlavə edib ki, müxtəlif respirator xəstəliklərdən qorunmaq üçün tibbi maskalardan istifadə etmək, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinmək, fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və spirt əsaslı dezinfeksiyaedici vasitələrdən istifadə etmək vacibdir.

Xaricdəki azərbaycanlılara 3 minədək sosial yardım ediləcək

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası təsdiq edilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qeyd edilib ki, bu qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.

Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:

- qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda; 

- fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;

- vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.

Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir.

Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Sosial yardım almaq üçün müraciət qaydaları, sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi ilə bağlı bu linkə daxil olaraq məlumat əldə edə bilərsiz. 

“Ümumi olaraq koronavirusla bağlı paytaxt ərazisində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlar nisbətən azalsa da, hələ də qaydalara əməl etməyən şəxslər var”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib. 

E.Hacıyev ictimai yerlərdə qoruyucu maskalardan təyinatı üzrə istifadə etməyərək, həm özünün, həm də ətrafdakı insanların sağlamlığına etinasız yanaşan şəxslərə müraciət edib:

“Sanitar-epidemioloji qaydalara cərimələrdən qorunmaq üçün yox, sağlamlığımız üçün əməl etməliyik. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə tədbir görülür.

Vətəndaşlara tibbi maskalardan cərimədən yayınmaq üçün deyil, sağlamlıqlarını qorumaq məqsədilə istifadə etmələrini tövsiyə edirik”.

Xəbər lenti