Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Noyabrın 5-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Son bir ay ərzində ölkədə baş verən hadisələr fonunda olduqca həyəcanlı, həssas bir dönəm yaşayırıq. Bir gözümüz işğal olunmuş torpaqların azad olunmasına gülərkən, digəri şəhidlərimiz üçün ağlayır. Bu müddətdə adi vətəndaşdan tutmuş ictimai xadimlərə, şirkətlərə qədər hamının hər addımı insanlar tərəfindən həssaslıqla qarşılanır.

Son günlər ölkədə böyük etirazla qarşılaşan şirkətlərdən biri də “McDonald’s Azərbaycan”dır.

Səbəb isə vətən müharibəsində ölkənin yanında olması ilə bağlı şirkətin paylaşımının daha sonradan silinməsidir. İnsanları daha da hiddətləndirən isə paylaşımın erməni lobbisinin təzyiqi altında silinməsi ehtimalıdır. Lakin baş verənlərə nəzər salsaq görərik ki, paylaşımın silinməsinə səbəb onun beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan nümayəndəliyinin deyil, mərkəzi ofisin rəsmi mövqeyi kimi dəyərləndirilməsidir.

“Beynəlxalq media bu postları qlobal “McDonald's” brendinin münaqişə iştirakçılarından birinin tərəfini tutması ilə bağlı rəsmi mövqeyi kimi dəyərləndirib. “McDonald's” korporasiyasının mövqeyinin hər zaman olduğu kimi bu gün də siyasi baxımdan neytral olduğunu nəzərə alaraq sözügedən postlar səhifələrdən silinib ki, heç bir çaşqınlıq yaranmasın. Sözügedən postların silinməsinə baxmayaraq, “McDonald’s Azərbaycan” səhifəsində dövlət bayrağı və ölkəmizin xəritəsinin təsviri ilə bir çox postlar mövcuddur”,-deyə şirkətin açıqlmasınada qeyd olunub. 

Lakin nəzərə alaq ki, post iki həftədən çox yetəri qədər diqqət çəkib. “Washington Post”, “Риа Новости” və bir sıra digər beynəlxalq media “McDonald's Azərbaycana dəstək oldu" kimi iddialı başlıqlı məqalələr yazıblar. Bu o deməkdir ki, məqsəd yerinə yetirilib və dünya bu fakt haqqında danışmağa başlayıb.

Digər bir məqam isə şirkətin bütün 1200 əməkdaşlarının azərbaycanlı olmasıdır. Ona görə bəzən vətənpərvərlik hissimizin peşəkarlığımızı üstələməsinin qarşısını ala bilməməyimiz başadüşüləndir. Bildirək ki, hazırda “McDonald's”ın 25 əməkdaşı cəbhədə hərbi xidmətdədir.

Şirkətin əməkdaşlarından biri isə artıq şəhidlik zirvəsinə ucalıb. “McDonald's” onun ailəsinə lazımı dəstək göstərir və göstərəcək də. Şirkət öz addımları ilə hər zaman ölkə vətəndaşlarının yanında olduğunu sübut edir. 20 il ərzində “McDonald's Azərbaycan” uşaq evləri, tibbi yardım fondları, idman tədbirləri, Covid-19 pandemiyası zamanı karantində olan insanlara təmənnasız yemək təqdim etmək və digər sosial təşəbbüslərlə bağlı çoxlu sayda xeyirxah aksiyalar keçirib. Şirkət olaraq hər zaman ölkəmizi və vətəndaşlarımı dəstəkləyib. Biz də həmin paylaşımları edəndə, vətəndaş mövqeyini ortaya qoyduqları və vətənimizə dəstək olmağa çalışdıqları üçün onların yanında ola bilərik.

“McDonald's Azərbaycan” səhifəsində açıq-aşkar Azərbaycanı dəstəklədiyinə görə ermənilər “McDonald's”a boykot elan ediblər. Eyni zamanda onlar bu brendin Azərbaycanda bağlanılmasını tələb edirlər. İndi boykot etməklə biz ermənilərin məqsədlərinə çatmaqlarına şərait yaradırıq. Buna görə də, biz əksinə, brendi yerli bazarda dəstəkləməliyik.

Son olaraq qeyd edim ki, hazırda “McDonald's” Ermənistanda heç bir məkanı olmadığı halda, Azərbaycanda 17 restoranı var. Tezliklə işğaldan azad olunmuş torpaqlarda da bu şəbəkənin xidmətinin genişlənməsi ilə həm birliyimizi qoruyar, həm də düşmənlərimizə bu birliyin parçalanmaz olduğunu sübut etməklə layiqli cavab vermiş olarıq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması haqqında məlumata münasibət bildirib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında deyib. 

E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib:

“Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhədə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür. 

Bu gün Ermənistanda “kovid dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək, orduya getməkdən yayınırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə səfərbərlik xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur.

Xalq öz liderinə böyük inam və yüksək  vətənpərvərlik ruhu nümayiş etdirir. Ötən illər ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var.  Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.

Buna görə də şəhər icra hakimiyyəti tərəfindən hər hansı  dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün  Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə sözün əsl mənasında fəxr edə bilərik. Bu tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev noyabrın 3-də Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinə müsahibə verib.
Müsahibəsi zamanı Baş prokuror Azərbaycan Qoşunlarının Füzuliyə daxil olarkən bayraq sancmağa salamat bina tapa bilmədiyini deyib.

"Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerlə yeksan edilmiş şəhər qalmışdı. Zəngilanda isə, yeganə dağıdılmamış bina hərbi qulluqçuların uşaqları üçün nəzərdə
tutulmuş məktəb binası idi…”, - o əlavə edib.

“Reuters”ə Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verən Baş prokuror, həmçinin bölgədəki 700 tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açıldığını qeyd edib.

Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.
Report xəbər verir ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil.

Türkiyə diasporunun üzvlərindən ibarət nümayandə heyəti Gəncə şəhərinə səfər ediblər.

Report xəbər verir ki, onlar səfər çərçivəsində Gəncədə erməni terroru nəticəsində dağılmış ərazilərə baş çəkib, qurbanların xatirəsini anıblar.

Semyon Peqov “WarGonzo” youtube kanalının təxribatçı ermənipərəst rəhbəridir. 27 sentyabrdan bu günə qədər davam edən müharibədə o, təxribat xarakterli materiallar hazırlayaraq, Azərbaycanı işğalçı adlandırıb.

Oxu.az xəbər verir ki, S.Peqovun yalançı ittihamlarını yerlə bir edən azərbaycanlı hərbi jurnalist Fərdin İsazadə Peqovu faktlarla susdurub. 

O, ordumuz tərəfindən məhv edilən erməni texnikalarının görüntülərini yayımlayıb. Eyni zamanda üç dəfə elan edilən, amma Ermənistan tərəfinin pozduğu humanitar atəşkəsdən də söz açıb.

Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Noyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 3-8, gündüz 14-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 4-də Abşeron yarımadasında əsasən sakit və iqlim normasına yaxın temperatur rejimi əksər insanlar üçün müsbət amil olsa da, bir qədər rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Əvvəlcə şimal və şərq bölgələrində, 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır. Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir
Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.

"Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir",- MN-dən bildirilib.

Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.
Modern.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.

“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.

Xəbər lenti