Qubada selin apardığı körpülərin bərpası üçün texnikalar cəlb olunacaq - VİDEO
Çağacıq çayında suyun həcmi hələ azalmayıb, sel davam edir

Qubada ötən gün körpülərin sel aparması ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı əraziyə gəlib. Yol-xeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev gediş-gəliş əlaqəsinin müvəqqəti bərpa edilməsi üçün əraziyə texnikanın cəlb olunması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş və tövsiyələrini verib.

Çağacıq çayında suyun həcmi hələ azalmayıb, sel davam edir.

İcra başçısı Z.Əliyev bildirib ki, körpülərin inşaası zamanı iri diametrli metal borulardan istifadə olunub: “Lakin bu üsul əlverişli olmadı. Buna görə də hər iki körpünün yenidən betondan tikilməsi qərarı qəbul olunub”.

 

Qeyd edək ki, Quba rayonunun Xanagah kəndində Çağacıq çayının üzərində inşa edilən körpülərin sel aparması nəticəsində kəndin məhəllələri arasındakı gediş-gəliş əlaqəsi kəsilib.

 

“Xaliq Faiqoğlu” sərnişinlərə müraciət edib

Media nümayəndələrini ictimai nəqliyyatda davranış qaydalarının təbliğinə və virusun yayılmasına qarşı maarifləndirmə tədbirləri ilə bağlı işə dəstək vermələrini çağırırıq

“Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə müraciət edib. Şirkətindən Yol-xeber.az-a verilən məlumata görə, son günlərdə istismarımızda olan müntəzəm və ekspress marşrut xətləri üzrə avtobuslarda sərnişinlərin əksəriyyətinin kəskin respirator virusun yayılmasına qarşı zəruri olan vasitələrdən istifadə etməmələri, sosial məsafəni qorumamaları müşahidə edilir. Şirkət hər bir sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən qoruyucu maskadan istifadə etmələrini və sosial məsafə qaydalarına riayət etmələrini tövsiyə edib: “Unutmayın ki, yaşayış yerimizi tərk etməməklə, əks-epidemik tədbirlərlə bu virusun yayılmamasına töhfə verə və ölkəmizdə vəziyyətin tezliklə başa çatmasına nail ola bilərik. Media nümayəndələrini ictimai nəqliyyatda davranış qaydalarının təbliğinə və virusun yayılmasına qarşı maarifləndirmə tədbirləri ilə bağlı işə dəstək vermələrini çağırırıq.

Yol polisi Suraxanıda karantin rejiminə nəzarəti davam etdirir - VİDEO
Sürücü və sərnişinlərə tibbi maskalar hədiyyə olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunun bir sıra küçə və prospektlərində qurulan postlarda xidmət davam edir. Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları postlarda hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazə sənədi, xüsusi bildirişi olmayan nəqliyyat vasitələrinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.

Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.

Yol polisi əməkdaşları sürücü və sərnişinlərə tibbi maskalardan istifadə etməyi tövsiyə edir. Tibbi maskası olmayanlara maska hədiyyə olunur.

 

Vətəndaşlar yol polisinin bu addımından razılıqlarını ifadə edirlər.

 

190 manatlıq ödəmə maydan sonra da veriləcək?
“Aprel ayında xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş, 190 manatlıq birdəfəlik ödəmə alan aztəminatlı şəxsin may ayında işləmək imkanı yaranarsa, onun işsiz kimi qeydiyyatı dayandırılır”.

Oxu.az məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin şəxsə ikinci ay üzrə 190 manat ödəniş verilməyəcək:

“190 manat birdəfəlik ödəniş iki aylıq nəzərdə tutulmuşdu. Koronavirus pandemiyası ciddi qeyri-müəyyənlik yaradır və vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Şəraitdən asılı olaraq, bu məsələyə baxıla bilər”.

“Ölkəmizin istənilən məsələ ilə bağlı proqramı icra etməyə və əhaliyə dəstək göstərməyə imkanı var. Lakin indidən bu barədə proqnoz vermək və danışmaq tezdir”, - deyə nazir müavini qeyd edib.

Metroya bu şərtlərlə BURAXILACAQSINIZ
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.

Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

Bundan başqa, sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Sürücülərin nəzərinə! Bu ərazilərdə yollar təmirə bağlanır
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Deputat karantin rejimi ilə bağlı cəzaların sərtləşdirilməsini təklif etdi

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında  deyib.

Onun sözlərinə görə, karantin rejimi yumşaldığında insanlarımız  karantin rejiminin qaydalarına riayət etmirlər  və kobud surətdə pzular. “Bu isə çox təhlükəlidir. Bildiyniz  kimi koronavirus pandemiyası təhlükəsi hələ də tam aradan qalxmayıb və ikinci dalğanın qayıtma təhlükəsi var.  Ona görə də təklif edərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargaha  İnzibati Xətalar və Cinayət Məcəlləsinə qaydaları pozanlara qarşı  daha təsirli addımların atılması və cəzaların sərtləşdirilməsini təklif edək. Bunun üçün üzərimizə nə düşürsə onu edək”- komitə sədri bildirib.

Milli Məclis sədri Sahibə Qafarova  bütün millət vəkillərini insanları karantin rejiminin qaydalarına ciddi riayət edilməsi istiqamətində təbliğatlarını davam etdirməyi  təklif etdi.

Ötən gün karantini pozan 434 sürücü cərimələndi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) öÖlkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən  verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.05.2020-ci il saat 00:00-dan 08.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 434 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49 435 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azərbaycanda daha bir qadağa qüvvəyə mindi
Kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması, yaxud birbaşa və ya dolayı yolla başqa şəxslərə verilməsi qadağan olunur.

 

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan  “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı fəaliyyətlər də qadağan olunacaq:

- kimyəvi silahın tətbiqi;

- kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıq iştirak etmək;

- bu qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir  yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək;

- ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək;

- “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 saylı siyahısında göstərilən kimyəvi maddələri konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlət ərazisindən tranziti;

- Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 və 2 saylı siyahılarında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti;

- Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 3 saylı siyahısında göstərilən kimyəvi maddələrin konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti.

Konvensiyaya uyğun olaraq, aşağıdakı məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir:

- kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə;

- kimyəvi silahlara və ya toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət;

- kimyəvi maddələrin toksik xüsusiyyətlərin kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istisna olmaqla, digər hərbi məqsədlər üçün istifadə;

- kimyəvi vasitələrdən qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadə.

Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan hüdudlarından kənarda yaşayan vətəndaşlarına da şamil edilir.

Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib./apa

Bu rayonlar üzrə pensiyalar köçürülür
Bu gün Bakının bəzi rayonlarında pensiya ödənişi həyata keçirilir.

Paytaxtın Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləri bu gün pensiya ala biləcəklər.

Qeyd edək ki, dünən Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin, Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Xəbər lenti