![]() |
|
“Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Türkiyədə, İsraildə, Avropa ölkələrində cərimələrin miqdarı 1000 dollara qədər artırılıb:
“Hətta Hindistanda polis vətəndaşa dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. Yadınızdadırsa mən demişdim ki, hər kəs ətrafında virusa yoluxmuş insan görəcək. Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bu sözü deməkdə məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər”.
R.Bayramlı qeyd edib ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var:
“Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Universitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”. (publika.az)
Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.
Haqqın.az xəbər verir ki, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.
İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.
“Bizdə insanlarda virusa qarşı inamsızlıq var. Çünki insanları inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur”.
Bunu deputat Fazil Mustafa bu gün parlamentin növbədənkənar sessiyasının növbəti iclasındaki çıxışı zamanı deyib. O qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir:
“Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Biz karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir. Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Qoy xüsusilə də avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri olmasın. Lazım olsa Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik”. (modern.az)
“Getdikcə yoluxma və ölüm artacaq. Biz faciə qarşısındayıq. Biz deyəndə ki, əhalinin çoxu yoluxub, hərə bir cür danışır. Görünür ki, cəmiyyətdə bir mənəvi aşınma gedir. Sosial şəbəkələrdə yazılanlara baxın: hələ də inanmayanlar var. Ona görə də yoluxmanın artmasında əhalinin günahı yetərincədir”.
Bunu professor Adil Qeybulla deyib.
A.Qeybulla insanların məsuliyyətsizliyə yol verdiyini, sosial izolyasiyaya əməl etmədiyini düşünür: “Bunu dəfələrlə bildirmişik. Amma insanlar qəbul etmirlər. Yəqin ki, biz hamımız koronavirusa yoluxacağıq. Çünki Operativ Qərargahın tədbirləri özünü doğrultmur”.
A.Qeybullanın sözlərinə görə, mütəxəssislər bir araya gəlməli, tövsiyələr verməliydilər: “Bu problem 3-5 adamın iradəsi ilə həll olunmur. Amerikada alimlər, mütəxəssislər toplaşırlar, müzakirələr aparırlar və birgə qərar verilir. Operativ Qərargah isə söyləyir ki, başqa ölkədə bu qaydalar tətbiq olunub, gəlin biz də edək. Axı hər ölkənin öz yanaşması, əhalisinin mentaliteti var. Operativ Qərargah isə hazırlıqsız vəziyyətdə karantin rejimini yumşaltdı. Mən düşünmürəm ki, Bakıda sıxlığı azaltmaq da çıxış yoludur. Bu halda rayonlara axışmaqla epidemioloji coğrafiya genişlənə bilər. Çünki bölgələrdə də yoluxma var. O baxımdan maarifləndirmə güclənməli, sosial izolyasiya, maska taxmaq qaydaları ciddi şəkildə təmin edilməlidir. Yalnız bu halda yoluxmanın azalmasının qarşısı alına bilər. İndiki vəziyyətdə sərt karantinin qaytarılmasının da hansı nəticə verəcəyini söyləmək çətindir. Yaydır, istidir, insanları evə bağlamaq effektiv olacaqmı?”. /Yeni Müsavat/
“Azərsu” ASC hazırda ölkədə müşahidə edilən şirin su qıtlığının səbəblərini açıqlayıb.
Qurumun mətbuat katibi Anar Cəbrayıllı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin səbəb Kürdə suyun azalmasıdır:
“Bildiyiniz kimi, Kürdən suyu götürüb emala vermək üçün nasos stansiyalarımız quraşdırılıb. Bir müddət əvvəl həmin stansiyalarla suyu götürmək çətinləşdi, oturdular quma, lilə. Ona görə də iyunun əvvəllərindən Bakıya 1 kubmetr az su vermək məcburiyyətində qaldıq. Dərhal əraziyə xüsusi texnika yeritdik. Üzən nasostansiyaları qumdan, lildən təmizlədik və hazırda normal su götürə bilirik.”
A.Cəbrayıllının sözlərinə görə, ikinci səbəb suya tələbatın kəskin artmasıdır:
“İyunun əvvəlindən kəskin istilər düşdü. İnsanlar pandemiya ilə bağlı evə qapandığından sudan daha çox istifadə etməyə başladılar. Bakıdan çıxış məhdudlaşdırıldı, insanların böyük əksəriyyəti bağa köçdü, bağ evi olmayanlar kirayə bağ evlərinə üz tutdular. Üstəlik içməli suyun daha çox suvarma suyu kimi istifadə olunması, həmçinin üzgüçülük hovuzlarının su ilə doldurulması da səbəblər sırasındadır. Əgər üzgüçülük hovuzunun uzunluğu 7 metr, eni 3metr olarsa, ora 2 metr hündürlüyündə su yığılsa, bu, avtomatik olaraq 42 kub su edir. 42 kub suyu mənzillərdəki borulara doldurmaq üçün 2 sutka vaxt lazımdır. Yəni 50 saatdan çox müddətdə su ora axmalıdır ki, hovuz dolsun. Bu da tələbatın kəskin artmasına səbəb olub”.
“Azərsu” rəsmisi qeyd edib ki, su çatışmazlığı daha çox paytaxtın şərq hisssəsində müşahidə edilir:
“Əsas çətinlik Suraxanı, Sabunçu, Xəzər və Abşeron rayonunda müşahidə olundu. Qaradağda, Səbaildə, Yasamalda, Nəsimidə, Nərimanovda su ilə bağlı çətinlik olmadı. Kürdən, Ceyranbatandan gələn suyun verilişini artırdıq, bəzi tənzimləmələr apardıq. Artıq sistemi stabilləşdirmişik. Bu gün Suraxanı rayonunda, Xətai, Abşeron, Binəqədi rayonunda (Kənd Binəqədi istisna) problemləri həll etdik. Yalnız Sabunçunun bəzi hissələrində (Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, Balaxanı qəsəbəsi, Pirşağı qəsəbəsi) problemlər qalmaqdadır ki, bunu da yaxın günlərdə həll edəcəyik”.
A.Cəbrayıllı deyib ki, rejim tənzimləmələri daha çox su alan ərazilərdə müəyyən saatlarda su verilişinin azaldılması hesabına, şəhərin digər istiqamətlərinə yönəldilməsilə aparıblar:
“Eyni zamanda, Layihə və istismar departamentinin əməkdaşları su çatışmazlığı olan ərazilərdə həll variantları tətbiq etməyə başlayıblar. Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivində, I Mədən ərazisində bir kilometrə yaxın yeni şəbəkə xətləri çəkirik ki, ərazidə içməli sudan əziyyət çəkən insanların problemlərini həll edək. Su təchizatında problem yaşanan əsas ərazilər “Azərsu” ASC tərəfindən mərkəzləşmiş su şəbəkəsi qurulmayan ərazilərdir. Fərdi qaydada, tikinti normalarına uyğun olmayan, qonşudan su çəkənlər, kollektiv su xəttindən istifadə edənlər və s.-dir. Tikinti normalarına uyğun olmayan ərazilərdə təzyiqin formalaşdırılmasında problem yarana bilir. Ona görə də insanlara səslənirik ki, qlobal istiləşmə şəraitində sudan qənaətlə istifadə etsinlər. Əsas da bağ evlərində içməli sudan suvarma suyu kimi istifadə etməsinlər. Amma bu gün böyük əksəriyyət ənənəvi suvarmadan, şlanqla suvarmadan istifadə edirlər. Yaxşı olar ki, vətəndaşlarımız çiləmə, damcı suyundan istifadə etsinlər”.
A.Cəbrayıllı qeyd edib ki, “Azərsu” ASC bağ massivlərində, qəsəbələri inkişaf etmiş ərazilərdə mərkəzləşmiş şəbəkə işlərini yekunlaşdırmayıb:
“Onların 70 faizindən çoxu fərdi şəbəkələrdir ki, bu da suyun optimal idarə olunması, hidrologiya rejimlərinin tənzimlənməsində bizə böyük çətinliklər yaradır. Artıq nəticələr əldə etmişik. Xırdalan, Masazır, Saray və s. də suyun verilişində stabillik əldə etmişik. İndi isə əsas diqqəti Sabunçu rayonunda suyun təminatının yaxşılaşdırılmasına yönəltmişik”.
“İki həftəlik sərt karantin rejimində 190 manat birdəfəlik ödənişlə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirəcək”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. /Sfera.az/
“Hazırda Bakı şəhərində koronavirusla bağlı vəziyyət qırmızı həddə yaxınlaşıb və bəlkə də artıq bu həddi çoxdan keçib”.
Bunu nevroloq Qalib Əsədov deyib. O bildirib ki, son günlər insanlar sosial şəbəkələrdə kömək xarakterli çağırışlar edirlər. Onlar evlərdə pnevmaniyadan boğula-boğula təxliyə gözləyirlər:
“Bir çox viruslu xəstələr pnevmaniya başladığı zaman dözməyərək özləri KT (komputür tomoqrafiya) olunmaq üçün özəl klnikalara və digər xəstəxanalara gedirlər. KT cavabında virusun yaratdığı ağır simptomlar, buzlu şüşə sindromu görünür. Sonra onlar apteklərə, marketlərə girir, hətta qohumları ilə ünsiyyətdə olurlar. Beləliklə, istənilən yerdə yoluxma təhlükəsi daşıyırlar”.
“Test cavabları 5-7 gün yubanır. Bəzən xəstə ağır pnevmaniya mərhələsində olduğu üçün test cavabı neqativ çıxa bilir. Bu zaman hadisələr daha pis cərəyan edir və xəstəni heç bir xəstəxana götürmür. Ona görə də bu gün hər yerdə, hər an ağır xəstədən tutmuş, yüngül simptomlu daşıyıcıya kimi rastlaşa bilərsiz”, – nevroloq bildirib. /Publika.az/
“Model tipli xəstəxanlarımız var və hazırda 6000-ə yaxın çarpayı fondumuz mövcuddur”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, hazırda aktiv xəstə sayı 5000-ə yaxınlaşır. Sağalanlarla müqayisədə yoluxma halları üstünlük təşkil edir. Bu isə tibb müəssisələrimizin üzərinə böyük yük düşməsi deməkdir.
Ramin Bayramlı bildirib ki, təcili yardım xidməti üçün 41 avtomobil verilib və yaxın müddətdə 30 təcili yardım maşını da təhvil veriləcək: “Bir sıra ölkələrdə vəfat edənlərin sayı bizim ölkələrdə yoluxanların sayına bərabərdir. Bu gün yoluxanların sayı ilə müqayisə etsək, ölkəmizdə 2%-dək ölüm halları müşahidə edilir. Bu, düzgün verilmiş qərarın göstəricisidir. Ölkə başçısı da bildirib ki, bizim üçün əsas vətəndaşların sağlamlığının qorunmasıdır”.
Ramin Bayramlı qeyd edib ki, Almaniya, Berlin, İtaliya kimi ölkələrdə epidemiyanın artması sərt karantin qaydalarının verilməsinə zərurət yaradır: “Çində yenidən yoluxma halları hərbi rejimin tətbiq olunmasına zərurət yaradıb. Türkiyədə hətta açıq havada belə maskadan istifadə məcburi qərar kimi qüvvəyə minib. Lakin biz bu qərarları qəbul etməklə xəstəliyin dalğavari gedişatda davam etməsini təmin edə bilirik.
Amma xəstəliyin qarşısının alınması karantin rejimi ilə mümkün deyil. Bu, yalnız vaksin və ya dərman müalicəsinin tətbiqi ilə mümkün ola bilər. Hələ heç bir dövlətdə vaksinlərin tətbiqi effektli nəticə verməyib”.
O bildirib ki, tapılacaq vaksinin effekti 6 ay ola bilər: “Çox az da olsa ümid var ki, virus mutasiyaya uğrayaraq aramızdan yox olsun. Bu gün bütün dünya ölkələrinin yaşadığı həyəcanı, rəsmi olaraq bəyan etmədiyi vəziyyəti bilərək sizinlə danışırıq. Təhlükə çox ciddidir. Əks təqdirdə yoluxma halları yüksələn xətlə davam edəcək və vətəndaşlarımızı çox sürətlə itirəcəyik”. /Teleqraf/
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yeni növ koronavirusun (COVİD-19) mövcudluğuna inanmayanların pandemiya xəstəxanalarında ictimai işə cəlb olunması barədə səslənən təklifə münasibət bildirib.
R. Bayramlı jurnalistlərə açıqlamasında deyib ki, cəmiyyətdən təklif gəlsə və parlament qəbul etsə, hər şey mümkün ola bilər.konkret.az