![]() |
|
COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.
APA bildirir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.
O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".
"Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur".
APA xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: "İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".
"Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən minimum pensiyanın məbləği müəyyənləşəcək".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdirilib artırılacaq:
"İndeksasiya faizi ilə bağlı yalnız ilin sonunda rəqəmləri söyləmək mümkün olacaq. Çünk indeksləşdirmə ilə bağlı faiz 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq müəyyənləşir. Ona görə də həmin artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarından əmək pensiyalarının artırılması həyata keçiriləcək.
Gözlənilir ki, bununla bağlı sərəncam fevral ayında imzalanacaq. Çünki fevral ayının əvvəllərində Dövlət Statistika Komitəsi 2024-cü ildə orta aylıq əmək haqqındakı artımla bağlı faizi elan edib. Daha sonra həmin faizə uyğun olaraq cənab prezident tərəfindən sərəncam imzalanır. Amma sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, artım yanvardan hesablanır.
Yanvar ayındakı artımlar da fevral ayının artımları ilə birlikdə vətəndaşlara təqdim olunacaq. Bu indeksləşdirmə əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Həm yaşa görə, həm ailə başçısını itirməyə görə, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyası artacaq".
Deputat həmçinin qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsində sosial təminat və sosial müdafiə sahəsinə 4 milyard 998 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub:
"Bu, 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu (DSMF) büdcəsini və digər sosial xərcləri nəzərə alsaq, həm dövlət büdcəsinin, həm də icmal büdcənin xərclərinin təxminən 45 faizi məhz sosial istiqamətə yönəldiləcək. 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatın 45 manatı sosial istiqamətə yönəldilən vəsait olacaq.
Pensiya və minimum əmək haqqındakı artım faizləri noyabr və dekabr aylarındakı müzakirələr nəticəsində yekunlaşacaq və növbəti ildən etibarən artımların həyata keçirilməsini müşahidə edə biləcəyik".
Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək "Zəfər" altsistemi artıq fəaliyyətə başlayıb.
Sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu alan, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərə və müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizmini təkmilləşdirilməkdir.
Kimlər müharibə veteranı hesab edilir və şəxsin müharibə veteranı hesab edilməsi üçün hansı sənəd tələb olunur?
1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.
2022-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir. Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.
Qeyd edək ki, hazırda Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək.
Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək.
Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.
Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib.
Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcə:
"Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.
Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.
Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur".
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunları diplom ala bilmirlər.
Bu barədə şikayətlə BAKU.WS-in "qaynar xətti"nə həmin universitetin məzunu olmuş Samir Cavadov məlumat verib.
O, bildirib ki, diplomun verilməməsi ilə bağlı məzunlara konkret səbəb bildirilmir:
Dəfələrlə həm Elm və Təhsil Nazirliyinə, həm də universitetə müraciət etmişik. Hər ikisi məsuliyyəti digərinin üzərinə atır. Arada da biz qalmışıq".
Məsələ ilə əlaqədar universitetə sorğu ünvanladıq.
UNEC-in mətbuat katibi Elnarə Məmmədova bildirib ki, tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək:
"UNEC-in Dərbənd filialında dərslər Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında aparılır. Filialda normativ tədris müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Nazirlik diplom blanklarını universitetə təqdim etdiyi andan məzunlara diplomlar veriləcək".
Mərdəkan şosesində AYNA tərəfindən üfüqi nişanlanma xətləri təşkil edilib,
Qurumdan veriləm məlumata görə, yolda mövcud olan "1.3" nişanlanma xətti silinib.
Dövlət qurumu sürücülərə həmin ərazidən keçərkən diqqətli olmalarını məsləhət görür.
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından dörd il ötür.
Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.
Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Dövlət büdcəsi Milli Məclisə təqdim olunub. İnsanları ən çox maraqlandıran məsələ minimum əmək haqqının neçə faiz artacağıdır.
Mövzu ilə bağlı big.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən minimum əmək haqqı artırılacaq. Hardasa 10 -15 faiz artırılması ehtimal olunur. Noyabrın əvvəlində əmək haqqının neçə faiz artdığını dəqiq biləcəyik:
"Dövlət büdcəsi təqdim olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların əmək haqqının artımı nəzərdə tutulub. Yanvarın 1-dən minimum əmək haqqı artırılacaq. Hardasa 10 -15 faiz artırılmasını gözləyirəm. Vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərin də maaşı avtomatik qalxmış olacaq. Bütün bunların hamısı dövlət büdcəsindən maaş alanlar üçündür. Özəl sektorda mimum əmək haqqı alan şəxsləri maaşı artacaq. Bu, məcburidir. Amma özəl sektorda nisbətən yuxarı əmək haqqı alan şəxslərdə artım olmayacaq. Noyabrın əvvəlində əmək haqqının neçə faiz artdığını dəqiq biləcəyik. Ona görə də vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərdə artım olacaq. Vahid tarif cədvəli ilə əmək haqqı almayan şəxslərin də hökumət prezidentin fərmanı ilə maaşında artım edəcək. Çünki dövlət büdcəsindən hər hansı qismin artıb hansınınsa artmaması gözlənilən deyil. Amma ümumi şəkildə bunun özəl sektora təsiri belə olacaq ki, mimum əmək haqqı alan şəxslərin maaşına birbaşa təsir olacaq. Digərlərinə təsiri isə dolayı yolla bilər. Amma birmənalı olaraq özəl sektor mimimum əmək haqqı tələbinə tabe olmalıdır. 700-800 manat verdiyi işçinin əmək haqqını qaldırmağa məcbur deyil".