|
Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir:
“Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar”.
BDYPİ valideynlərə çağırış edərək belə hallara yol verməməyə çağırıb.
Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etməni də nəzərdə tutur. 18 yaşına çatmış kişi cinsli vətəndaş Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməlidir. Müddətli həqiqi hərbi xidmət ali təhsillilər üçün 1 il, qalan şəxslər üçün 1 il 6 aydır. Çağırışçı üçün son yaş həddi 36,5 yaşdır.
Bəs görəsən hansı hallarda vətəndaşlar həqiqi hərbi xidmətdən azad olunur?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas-vəkil Turan Abdullazadə aşağıdakı hallarda şəxslərin həqiqi hərbi xidmətdən azad olunduğunu deyib:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxslər, sağlamlıq vəziyyətinə görə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, həm sülh, həm də müharibə dövründə hərbi xidmətə yararsız olan, 35 yaşınadək müxtəlif səbəblərdən hərbi xidmət keçməmiş, alternativ hərbi xidmət keçməyə göndərilmiş, Azərbaycan vətəndaşlığını qəbul etmədən öncə vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş və ya azad edilmiş şəxslər müddətli hərbi xidmətdən azaddır”.
Vəkil boy və çəki ilə əlaqədar hərbi xidmətdən azad olunmanın hüquqi tərəflərindən də söz açıb:
“Hərbi xidmətdən azad edən xəstəliklərin cədvəli “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilib. Həmin əsasnamədə qeyd olunub ki, bədən çəkisi 45 kiloqramdan, boyu isə 148 santimetrdən az olan şəxslər endokrinoloq tərəfindən müayinə olmalıdır və 12 ay müddətində hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. 12 aydan sonra həmin şəxslərdə fiziki inkişaf çatışmazlığı davam edərsə, onlar hərbi xidmətə yararlılığın “C” kateqoriyası ilə qiymətləndirilir. “C” kateqoriyasına daxil edilən şəxslər sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə yararlı hesab olunur”.
Son illər ölkəmizdə boşananların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il 49549 nikah, 19761 boşanma qeydə alınıb. 2022-ci ilin statistik məlumatlarından nikahların 14,5 faiz azaldığı, boşanmanın isə 31,3 faiz artdığı məlum olub.
Qurulan ailənin dağılması mənəvi ağırlıqla yanaşı, maddi məsələlərin həllini də ortaya çıxarır. Ailələr qanunla həm ayrılır, həm də onların hər ikisinə aid olan uşağın atanın və ya ananın yanında qalacağı, birgə əldə etdikləri əmlak məsələsini həll edirlər. Qanunvericilik hər iki tərəfə eyni hüquq tanısa da kişilər qadınların ayrılıb getməsindən, uşağın qadında qalmasından, qadının aliment tələb etməsi və əmlakdan pay istəməsindən narazıdırlar.
Maraqlıdır, ailə boşandıqda qanunvericilik kişiyə hansı hüquqları tanıyır? Qadının üstün olduğu hallar hansılardır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Vəliyev boşanma zamanı qadının yeganə üstünlüyünün olduğunu deyib:
“Qanunvericilik həm Konstitusiya, həm Ailə Məcəlləsi, həm də Mülki Məcəllə səviyyəsində ər və arvadın bərabər hüquqlu olmasını təsbit edir. Bizim qanunvericilikdə ər və arvad boşanan zaman hansısa tərəfin üstünlük hüququ yoxdur. Yalnız bir məsələdə üstünlük hüququ qadındadır, yəni qadın hamilədirsə və ya uşağın bir yaşı yoxdursa, həmin dövrdə qadının razılığı olmadan kişi nikahın pozulması, boşanma barədə iddia ərizəsi verə bilməz.
Məhkəmə onu qəbul etmir. Qadının yeganə üstünlüyü burdadır. O da hamiləlikdən, azyaşlı uşağın olmasından irəli gələn məsələdir. O dövrdə qadına pozitiv üstünlük tanıyırlar. Bu, həmin dönəmdə kişinin qadını boşayıb çətin vəziyyətə atmasının qarşısı alınması üçün atılan addımdır”.
Hüquqşünas digər məsələlərdə hər iki tərəfin hüquqlarının bərabər olduğunu vurğulayıb:
“Necə ki qadın uşağın onun yanında qalmasını tələb eləyə bilir, eyni hüquq da kişidə saxlanılır. O da müraciət edib, uşaqların onun yanında qalmasını tələb edə bilər. Uşaq atanın yanında qalırsa, digər valideynin aliment öhdəlikləri yaranır. O deməkdir ki, qadın ərinə aliment ödəməlidir. Kifayət qədər məhkəmə təcrübəsi var ki, kişilərin müraciəti əsasında uşaqlar atanın yanında qalır, ana da aliment ödəyir. Qanun bunu qadağan etmir.
O cümlədən, birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü ilə bağlı məsələdə də durum eynidir. Qadın müraciət edib, ərinin adına qeydiyyatdan keçən əmlakın bərabər bölünməsini tələb edirsə, eyni qaydada da ər müraciət edir və qadının adına olan nikah dövrü birgə əldə olunan əmlakın bərabər şəkildə bölünməsini tələb edə bilər.
Ünsiyyət hüquqları da eynidir. Əgər uşaq atanın yanında qalıbsa, ya əksinə olubsa ata ünsiyyət hüququnun yaranması üçün müraciət edir. Əgər iddia əsaslıdırsa, məhkəmələr kişilərin xeyrinə də eyni cür qərarlar qəbul edirlər”.
Azərbaycan cəmiyyətində uşaqların daha çox ananın yanında qaldıığı fikrinə münasibət bildirən vəkil bunun sovet dönəmində qəbul edilən qərardan irəli gəlmiş olduğunu bildirib:
“Qanunvericilikdə uşağın konkret olaraq kimin yanında qalması qeyd olunmayıb. 1976-cı ildə Ali Məhkəmənin qərarı vardı, orada məktəbə qədər yaşda olan uşaqların daha çox ana nəvazişinə ehtiyac duyduqlarının nəzərə alınması qeyd olunmuşdu. O qərar artıq qüvvədə yoxdur. Ola bilsin ki, bu, insanların, yaşlı nəslin fikrində qalıb. Lakin hüquqların məhkəmə müstəvisində müdafiəsində və iddialarda hamısı eynidir”.
Bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışları artıq onların həyat tərzinə çevrilib.
Ən acınacaqlısı isə odur ki, onlar övladlarını, bəzən azyaşlı uşaqlarını da canlı yayımlara çıxararaq öz əməllərinə alət edirlər. Belə hallar isə balacaların tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, həm də cəmiyyətdə qıcıq yaradır.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, gənc nəslin tərbiyəsinə zərər verəcək kontentlərin sosial şəbəkələrdə yayılması və bunun artıq bir tendensiya halını alması çox ciddi təhlükələrdən xəbər verir:
“Biz gələcək nəsillərin əxlaqını qorumalıyıq. Məsələn, bir sıra ölkələrdə əxlaq polisləri fəaliyyət göstərirlər. Hesab edirəm ki, oxşar bir nəzarət sisteminin yaradılması haqqında Azərbaycanda da düşünmək üçün ciddi əsaslar mövcuddur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov isə qeyd edib ki, internet informasiya ehtiyatlarında söyüş xarakterli ifadələrin istifadəsi yolverilməzdir və buna qarşı artıq İnzibati Xətalar Məcəlləsində sanksiyalar mövcuddur:
“Belə ki, Məcəllənin 388-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında qadağan olunmuş informasiyanın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir”.
Ətraflı Baku TV-nin süjetində:
Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Qeyd edək ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Bu, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək. Bəs görəsən buraxılış vərəqələrinin verilməsi ilə bağlı hansısa kriteriyalar və öhdəliklər tələb olunacaqmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov qanunun bu sahədə olan bir çox çətinliyi aradan qaldıracağını deyib:
“Bu məlumatların mərkəzi bazada olması təqdirəlayiq bir addımdır. Çünki belə bir bazanın olmaması gələcək iş prinsiplərində bəzi çətinliklər yaradırdı. Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi. Çünki hər hansı bir qayda pozuntusu etmiş şəxs bilir ki, cərimələnəcək və sadəcə cəriməsini ödəyəcək. Ona görə də mərkəzi baza sisteminin Daxili İşlər Nazirliyinin nəzdində yaradılması bir növ prosesləri kökündən həll etmək deməkdir. Sürücülük vəsiqəsini və avtomobillərin dövlət qeydiyyatına alınmasını Daxili İşlər Nazirliyi yerini yetirir. Bu səbəbdən sistemə birbaşa nəzarət də Daxili İşlər Nazirliyində olmalıdır”.
Ekspert buraxılış vərəqələri ilə bağlı kriteriyaların müəyyən olunması üçün zamana ehtiyac olduğunu qeyd edib.
“Buraxılış vərəqəsinin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması üçün hələki tezdir. Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər. Lakin bunu tətbiqi üçün müəyyən vaxt lazımdır”.
“Büdcənin yenidən baxılması neftin qiymətindən asılıdır. Neft və qazın qiymətindən əlavə gəlirlər daxil olacaqsa, büdcəyə yenidən baxıla bilər”.
Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu, qiymətlərin necə dəyişəcəyindən asılıdır:
“Baxaq görək qiymət məsələsində stabillik olacaq ya yox. Əlbəttə, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. Hazırda isə neftin qiyməti yüksəkdir”, – deyə deputat vurğulayıb.
Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) yeni təyinat olub.
"Report" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Pərviz Hüseynov Zərdab RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin bərpasını və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. Böyük Qayıdış proqramına uyğun olaraq 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərə 34 500 ailənin, yəni 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub. Məcburi köçkünlərlə yanaşı bu illər ərzində dünyadan köçmüş doğmalarının da məzarlarının azad ərazilərə köçürülməsi təklif olunur.
Maraqlıdır, keçmiş məcburi köçkünlərin qəbirlərinin də işğaldan azad olunmuş ərazilərə köçürülməsi mümkündürmü?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qəbirlərin daşınması məsələsini insanların haqqı kimi qiymətləndirib:
“Əlbəttə, belə bir layihə nəzərdə tutulubsa, qəbirlərin daşınmasını da etmək normaldır. Çünki insanlar öz yurd yerlərinə qəbirlərin köçürülməsini təmin edə bilərlər. Bunun nə cür reallaşacağı formalarına baxmaq lazımdır. Yəqin ki dövlət qurumları bu istiqamətdə konkret layihə işləyib hazırlamalıdırlar.
Çünki bu, insanların haqqıdır. Bu haqqı onlara qaytarmaq lazımdır. Təbii ki, Vətən torpağının fərqi yoxdur, istər Bakı olsun, istərsə də Laçın, Qubadlı və s. Lakin öz əzizlərinin qəbirlərini yaşadıqları əraziyə köçürmələri ilə bağlı insanlara məhdudiyyət qoyulmamalıdır. Qarabağda daimi yaşayan insanlara doğmalarının qəbirlərini də aparmağa şərait yaradılmalıdır”.
Hüquqşünas Turan Abdullazadə isə məsələnin hüquqi tərəflərindən bəhs edib. Onun sözlərinə görə Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qayda”larında məzarların köçürülməsinə dair tələblər müəyyən edilib:
“Qanunvericiliyə əsasən, vahid dövlət reyestrinə dəfn edilmiş şəxsin qəbrinin köçürülməsinə dair məlumatlar daxil edilməlidir. Qəbirstanlıqların köçürülməsi və ya bağlı elan olunması barədə qərar müvafiq komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir. Habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir”.
Turan Abdullazadə sözügedən qaydaların 16-cı maddəsinə əsasən, qəbiristanlıqların köçürülməsinə hansı hallarda yol verildiyi məsələsinə də toxunub. O, deyib ki, subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı, qəbiristanlığın ərazisi olan torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda da məzarların köçürülməsinə icazə verilir. Qaydaların 16-cı bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların tələbləri gözlənilməlidir. Düşünürəm ki, qanunvericiliyə əsasən, ayrı-ayrı qəbirlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsinə zəruri hallarda şərait yaradıla bilər, lakin bunun kütləvi şəkildə edilə biləcəyini ehtimal etmirəm. Hər bir halda belə bir addım üçün bu barədə aidiyyatı dövlət orqanları tərəfindən konkret olaraq müvafiq qərar qəbul edilməlidir” - deyə, hüquqşünas bildirib.
Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas Axar.az-a müsahibəsində maraqlı məqamları açıb.
O, Ağdam işğaldan azad edildikdən sonra orada toy məclisi keçirdiyini bildirib.
“Əlbəttə, demişdim, elədim də. 40 illiyimizi Ağdamda, məscidin yanında 50-60 nəfərdən ibarət toy şəklində etdik. Amma içkisiz.
Toyda iştirak edənlər orada xidmət edən polis və hərbçilərimiz idi, içmək olmazdı. Amma yemək yaxşıydı. Hələ postlara da payladıq. Bircə dedim, qabları qaytarın, onlar dövlətindir (gülür)”.
A.Abbas qeyd edib ki, xanımı ilə razılaşıb və köçüb Ağdamda yaşamaq üçün dövlətdən ev istəyəcək.