|
Antiterror tədbirləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olanların ailələri evlə təmin ediləcəklər.
Xəzər TV bildirir ki, bu, bir müddət əvvəl imzalanmış sərəncamlarda öz əksini tapıb. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ötən il aparılmış hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Bu arada, indiyədək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi də açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu qəbildən olan 105 min şəxsə sosial ödəniş təyin olunub.
Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olmaqla minlələrlə şəxsə psixoloji və reablitasiya xidmətlərinin göstərildiyi də açıqlanıb.
Qurumdan o da bildirilib ki, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edib və onlara dəstək yönümlü 331 min xidmət göstərilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonu, "Qara Qarayev" metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb.
Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşa olunacaq.
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.
Fevralın 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 10 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.
Düşən yağıntının miqdarı Oğuzda 13 mm, Göygöldə 10 mm, Şəkidə 8 mm, Göyçay, Şabran, Şahdağ, Qəbələ, Mingəçevir, Xaltan, İsmayıllı, Lənkəran, Daşkəsən, Şamaxı, Astara, Yardımlı, Altıağac, Gədəbəy, Şahbuz, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Qax, Qobustan, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Göytəpədə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 11 mm-dək olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəkmir, Tovuz, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Naxçıvan MR-da 5, Aran rayonlarında 4, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək şaxta olub.
Məhəmməd Musayev - Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bununla da Azərbaycan öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Andiçmə mərasimində çıxış edən cənab İlham Əliyev bildirdi ki, tariximizin son iyirmi ili böyük uğurlarla, möhtəşəm qələbələrlə zəngin olmuşdur. Həqiqətən də bu illər ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə sinə gərmiş, inkişaf və tərəqqi yolu ilə uğurla irəliləmişdir.
Prezident İlham Əliyev ilk dəfə xalqın etimadını qazanaraq bu ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günə qədər verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ problemi Azərbaycanın öz gücünə birdəfəlik həll olundu. Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin hazırda bizim üçün elə bir böyük önəmi də yoxdur. Azərbaycan öz məsələsini həll edib. Dövlət başçımızın bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün isə, Azərbaycan artıq daxil olduğu yeni dövrün qarşıya qoyduğu vəzifələrin icrasına başlayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Azərbaycan cəmiyyətində hökm sürən misilsiz ruh yüksəkliyi ölkəmizi daha da gücləndirir. Dövlətimizin başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Etiraf olunmalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Əlbəttə ki, bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.
Həmçinin Prezident İlham Əliyev Azərbaycan gəncliyinin bundan sonra da milli-vətənpərvər ruhda formalaşdırılması işinin vacibliyini qeyd etdi və bildirdi ki, yeni yetişən gənc nəsil milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olmalıdır. Buna görə də xüsusilə xarici qüvvələrin gənclərimizin beyinlərini zəhərləmək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Bu baxımdan, dövlətimizin başçısı ilk növbədə ailə tərbiyəsinin ön plana çıxdığını qeyd etdi və vurğuladı ki, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Həmçinin cənab Prezident bu məsələdə məktəb tərbiyəsinin xüsusi rolunu qeyd etdi: “Məhz məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.” Dövlət başçısı bu fikirləri məktəblərin üzərində çox böyük məsuliyyətin olduğunu bir daha vurğulamış oldu.
Prezident İlham Əliyevin nitqində milli-mənəvi dəyərlərimizin xarici təsirlərdən qorunması məsələsi də xüsusi yer almışdır: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.” Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Lakin cənab Prezidentimizin dediyi kimi, bütün məqsədlərə ən effektiv şəkildə nail olmaq üçün bütün cəmiyyət, bütün xalq həmrəy olmalıdır və bu gün bu həmrəylik ən yüksək səviyyədə özünü bütün sahələrdə göstərməkdədir. O cümlədən, 7 fevral Prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi daha da möhkəmləndirdi və artıq heç bir kənar qüvvə Azərbaycana qarşı heç bir təsir gücünə malik deyil.
İlham Cəbrayılov Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrinin yüksələn xətlə inkişaf etməsində, qarşılıqlı səfərlərin, həmçinin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Azərbaycanın xarici siyasət uğurlarından da geniş bəhs etdi.
“Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarının davamlılığında, nüfuzunun artmasında özünü aydın şəkildə göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarla əlaqələrini daha da möhkəmləndirməklə malik olduğu imkanların təqdimatına, ən əsası həqiqətlərinin təbliğinə nail olur. Günümüzün əsas çağırışlarından biri məhz türk dünyasının birliyidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır.”
Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri mövcuddur. Əsas hədəfimiz Türk Dövlətləri Təşkilatını gücləndirmək, beynəlxaq nüfuzunu artırmaqdır. Azərbaycanın quruma sədrliyi dövründə türk dünyasının birliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Dövlət başçısı andiçmə mərasimində “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” fikirləri ilə bir daha bu birliyin sarsılmazlığının, gələcək inkişafının aydın mənzərəsini təqdim etdi.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Qurum həm işğal, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Təşkilat bütün müsəlman ölkələrini bir araya gətirir. İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın təşəbbüslərinin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.
Qoşulmama Hərəkatı və quruma üzv dövlətlərlə Azərbaycanın əlaqələri daim diqqətdədir. Baxmayaraq ki, ölkəmizin quruma sədrliyi dövrü artıq başa çatıb bu reallıq inkaredilməzdir ki, Qoşulmama Hərəkatının yeni müstəviyə qədəm qoymasında Azərbaycanın töhfələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev andiçmə mərasimində bu əminliyi ifadə etdi ki, biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik.
Qazanılan uğurların, eyni zamanda, müəyyənləşdirilən hədəflərin fonunda cənab İlham Əliyev bildirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar peşman olacaqlar.
Azad İsmayılov - Son 20 ilin uğurlarına və qarşıdakı dövrün hədəflərinə nəzər saldıqda Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Bu baaxımdan ki, dövlətinin və xalqının gələcəyini düşünən, Azərbaycanın daim zirvələrdə, qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərən, qətiyyət nümayiş etdirən Lideri vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Suverenliyimizin bərpası fonunda ölkənizdə 7 fevral tarixində prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Lideri 92,12 faiz səs qazanaraq Prezident seçildi. Bu qələbə bir daha xalq-Prezident birliyinin sarsılmazlığını təsdiqlədi. Cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycana qazandırdığı möhtəşəm zəfərlər xalqımızın 2003-cü ildə seçimində yanılmadığını, daim cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə əminliyi təsdiqlədi. 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013, 2018 və 2024-cü illər prezident seçkilərində xalqın cənab İlham Əliyevə etimadı deyilənlərə bariz nümunədir. Dövlət başçısı andiçmə mərasimində bu məqamı xüsusi qeyd etdi: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.”
Hər bir vədin arxasında konkret əməli iş dayandı. Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın hər bir sahədə qazandığı uğurlardan bəhs etməklə yanaşı, qazanılan təcrübənin nümunə olduğunu açıqladı. Ölkəmizin iqtisadi uğurları, ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna töhfələri, xarici siyasətində yeni istiqamətlərin müəyyənləşdirilməsini zəruri edən səbəblər barədə danışdı və bütün hallarda diqqət yenə də tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına, yaradılan yeni reallıqlara yönəldildi. Əsas hədəflər sırasında hərbi gücümüzün artırılması və işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsi qeyd edildi. Bildirildi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: “Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”
İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin edir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.
Qeyd etdiyimiz kimi, “Dəmir yumruq” gücümüzü, birliyimizi nümayiş etdirdi. Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması gücünün təqdimatı oldu. Ölkəmiz döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü ilə diqqətdə oldu. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız diplomatik mübarizədə qələbəmizi davamlı etdi. Erməni yalanları ifşa olundu. Bəzi dünya gücləri əsil reallıqları bilsələr də ikili standartlara əsaslanan siyasətləri həqiqəti inkar etmək yolunu tutmalarına rəvac verdi. Bu gün də eyni yanaşma davam edir. Buna baxmayaraq qalib Azərbaycan yenə də həqiqətə söykənən, ədalətə və beynəlxalq hüquqa çağırışlar edən siyasətini uğurla davam etdirir, zəfərlərinin miqyasını genişləndirir. Cənab İlham Əliyev “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” fikirləri ilə bunu bir daha təsdiqlədi. Həmçinin bu çağırış edildi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”
Müseyib Həmzəyev - “Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək cənab İlham Əliyevə inam və etimadını bir daha təsdiqlədi. Tariximizə Zəfər seçkisi kimi düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan, xalqımıza Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyev oldu. Bununla da, müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən ətraflı bəhs etdi”.
Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası dayanır. Bu tarixi nailiyyətə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inam sayəsində nail olundu. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik. Ermənistanın havadarlarının pozuculuq fəaliyyəti isə bundan sonra da fiaskoya uğrayacaq. Prezident İlham Əliyevin “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” sözləri Ermənistana və onun havadarlarına konkret mesaj oldu.
Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Biz müttəfiqlərimizi özümüz seçirik. 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkib. Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında yüksək fəallığı diqqəti cəlb edir. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Respublikamız 2011-ci ildə isə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu oldu və qurumun nüfuzunu, funksionallığını əhəmiyyətli dərəcədə artırdı. Dünya birliyinin BMT-nin ən genişmiqyaslı tədbirlərindən sayılan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq səviyyədə ölkəmizə inamın artmasının daha bir ifadəsidir. Ölkəmiz mühüm ekoloji çağırışların, yaşıl enerji gündəliyinin müzakirə olunacağı bu tədbirə də yüksək səviyyədə ev sahibliyi etmək əzmindədir. Artıq cari ilin ikinci yarısında baş tutacaq tədbirə hazırlıq proseslərinə başlanıb və tədbirlər planı uğurla reallaşdırılır.
Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Bunula bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizi başçısı andiçmə mərasimindəki nitqində açıq danışıb. Bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Beləliklə, qarşıdakı dövrü üçün xarici siyasətimizin yeni hədəfləri var. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə bu hədəflərə çatacaq!
Zaur Həmzəyev - 7 fevral prezident seçkiləri Azərbaycanın müasir tarixinə növbəti uğur səhifəsini yazdı. Zəfər seçkiləri bütün ölkə ərazisini əhatə etdi. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən çox oldu. Cənab İlham Əliyev xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçildi. Dövlət başçısının fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi.
Cənab İlham Əliyev Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı xüsusi vurğuladı ki, biz özümüzü tam təmin edən ölkəyik. İkitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq: “Xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik.”
Azərbaycan 3 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli Bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.
30 il işğal dövründə Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması, beynəlxalq hüquqa hörmətsizlik etməsi, danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Dövlət başçısı andiçmə mərasimində bu məsələyə də xüsusi diqqət yönəltdi. “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğala son qoyulmalıdır. Ancaq bütün çağırışlar cavabsız qaldı. Azərbaycan döyüş meydanında göstərdi ki, nəyə qadirdir. Rəşadətli Ordumuz 44 gündə Ermənistan ordusunu tamamilə darmadağın etdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Elə gənc nəsil yetişib ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı. Dünya bir daha gördü ki, ən güclü oldu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.
Ermənistan postmünaqişə dövründə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı. Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistanın atdığı addımlara diqqət yetirmək kifatyətdir. Hərbi təxribatlar son üç ildə diqqətdən kənarda qalmadı. Təəccüblü olan budur ki, bu təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Ötən ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasından, sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını, təzyiq cəhdlərini yada salmaq kifayətdir.
Cənab İlham Əliyev andiçmə mərasimində “Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir” söyləyərək onu da əlavə etdi ki, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, erməni silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ona görə antiterror əməliyyatı qaçılmaz idi.
Artıq yeni dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqladı. Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qovuşmasıdır. Cənab İlham Əliyev böyük əminliklə qeyd etdi ki, yeni dövr uğurla başlayır və uğurla da davam edəcək.
Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın ötən illərdə qazandığı uğurlar, daim irəliyə doğru inamla addımlamasıdır.
Gülağa Əliyev - Fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı Prezident İlham Əliyev ötən dövrdə ölkəmizin əldə etdiyi uğurlara nəzər yetirdi və görülmüş işləri geniş təhlil etdi. Ölkə başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsi olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Prezident İlham Əliyev xatırlatdı ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Azərbaycan bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdi, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdi. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir. Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdir ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmalı idi və Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdı.Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Andiçmə mərasimi zamanı Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə yeni dövr başlayır. Xalqımız bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi. Yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Ölkə başçısı diqqətə çatdırdı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir.
Prezident İlham Əliyev vurğuladı ki, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin.Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur.
Ölkəmiz üçün önəmli vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Ölkə başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirmək əsas məsələlərdəndir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Ölkə başçısı diqqətə çatdırdı ki, Qarabağ və Şərqi Zəngəzurda bütün sosial infrastruktur inşa edilir. Xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq.
Prezident İlham Əliyev bildirdi ki, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq.
Andiçmə mərasimi zamanı Prezident İlham Əliyev yeni dövr üçün digər bir çox hədəfləri də açıqladı. Ölkə başçısı bildirdi ki, yoxsulluq və işsizliklə bağlı fəaliyyət davam etdiriləcək, ölkənin texnoloji inkişafı təmin ediləcək, bərpaolunan enerji və nəqliyyat sahəsində işlər daha da sürətləndiriləcək, Azərbaycanın ixrac coğrafiyası genişləndiriləcək.