![]() |
|
Bu il 55 min 656 min abituriyent müsabiqənin ilkin mərhələsində tələbə adını qazanıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Tələbə adını qazananlar arasında həm azərbaycan, həm də rus bölməsində təhsil alan məzunlar var.
Maraqlıdır, bəs hər iki bölmənin şagirdlərinin ümumi nəticələri təhlil edilibmi?
Çünki dövlət məktəblərinin bəzisində rus bölməsi var və vətəndaşlar övladlarını həmin bölmədə təhsil almasına maraq göstərirlər. Uzun müddət rus bölməsi ətrfaında müzakirələr gedir, bəziləri rus bölməsində təhsilin azərbaycan bölməsinə nisbətən yüksək olmadığını iddia edirlər. Hətta bu bölmədən maksimum bal (700) toplayan abituriyentin də olmadığı qənaətindədirlər. Lakin xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Nərgiz İsmayılbəyli adlı gənc ilk dəfə rus bölməsi üzrə 700 bal toplayıb. Amma bundan sonra bu uğurun təkrar olunmasına rast gəlinmir.
Valideynlərin rus bölməsində keçirilən dərslərin keyfiyyəti, məzunların uğur göstəricisi ilə tanış olması üçün araşdırma varmı?
Bizim.Media xəbər verir ki, DİM-in məlumatlarına görə, rus bölməsində rəqabət az olduğu üçün həmin bölmə üzrə keçid balları azərbaycan bölməsi üzrə daha azdır.
DİM-in tədqiqatına görə, 2023/2024-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 55907 yer ayrılıb. 40568 yer Azərbaycan, 3537-si isə rus bölməsi, 11185-i hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.
Plan yerlərinin dövlət sifarişi və ödənişli əsaslarla təhsil üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2023-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 9.47% artıb. Qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 20.01%-ni təşkil edib.
2023-cü il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 89.25%-i Azərbaycan, 10.75%-i isə rus bölməsinin abituriyentləri idi.
Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 73.37, maksimum 93.60%- ni, rus bölməsinin abituriyentləri isə minimum 6.40, maksimum 26.63%-ni tuta bilərdilər.
Bundan başqa, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil müəssisələrini 2023-cü ildə bitirən abituriyentlər Azərbaycan dilindən (dövlət dili kimi) imtahan verirlər. Azərbaycan dili fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, həmin nəticələr əsas götürülüb və onlar "məqbul” almış hesab olunub. 2023-cü il mayın 7-də keçirilən I imtahanda iştirak edən 9828 abituriyentdən 8367-si, iyunun 18-də keçirilən II imtahanda iştirak edən 750 abituriyentdən isə 242-si "məqbul” alıb.
Qeyd edək ki, keçirilən imtahanlarda "qeyriməqbul” alan və yaxud imtahanlarda iştirak etməyən abituriyentlər (qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verənlər) 2023-cü ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə iştirak etmək hüququnu itiriblər.
2023-cü ildə 55290 plan yerinə azərbaycan bölməsi üzrə 40133, rus bölməsi üzrə 4358 qəbul olub.
Qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan və rus bölmələri üzrə ayrılıqda abituriyentlərin topladıqları balların I–IV və V ixtisas qrupları üzrə paylanması müəyyənləşdirilib.
Təhlil göstərir ki, 2023-cü ildə Azərbaycan bölməsində abituriyentlərin 52.89, rus bölməsində isə 61.32%-i 200-dən çox bal toplayıb. Digər tərəfdən, imtahanda iştirak edənlərin yarısının Azərbaycan bölməsində 211.56, rus bölməsində isə 240.59 baldan zəif nəticə göstərməsi, hər iki bölmədə abituriyentlərin hazırlığının günün tələbləri (dövlət tədris proqramları və təhsil standartları) səviyyəsində olmadığını təsdiqləyir.
V qrupun nəticələrinə gəlincə...
V ixtisas qrupu üzrə abituriyentlərin Azərbaycan bölməsində 107.80, rus bölməsində 141.42 baldır. Belə ki, Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsi abituriyentlərinin ballarının paylanma histoqramlarında orta nəticə göstərən abituriyentlər daha çox üstünlük təşkil edir. İmtahanda iştirak edənlərin yarısı Azərbaycan bölməsində 94.88, rus bölməsində isə 138.03 baldan aşağı nəticə göstərib. Azərbaycan bölməsi üzrə ortakvadratik meyil 62.72, rus bölməsi üzrə 63.29 bala bərabərdir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkədaxili sərnişin qatarlarında sürət həddini endirib.
Yol-xeber.az xəbər verir ki, bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiya ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
"Bununla əlaqədar hazırda ərazidə infrastruktura baxış keçirilir. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik", - məlumatda deyilir.
Kirayə ev bazarındakı vəziyyət hazırda çoxlarının diqqət mərkəzindədir. Əmlak qiymətlərinin artması və mənzil təminatındakı çatışmazlıqlar səbəbindən çox sayda insan kirayə evlərdə yaşamaq məcburiyyətində qalır. Xüsusilə, paytaxtda və digər böyük şəhərlərdə kirayə evlərin tapılması və uyğun qiymətlərin seçilməsi əsas problemlərdən birinə çevrilib.
Son vaxtlar daha bir nüans kirayəçiləri narahat edir. Belə ki, vətəndaşlar iddia edirlər ki, mənzildə kirayə qalan zaman ev sahibi ilə müqavilə bağlanmadıqda cərimə yazılır - ev sahibi 800 AZN, evdə qalan şəxslərin hər biri isə 50 AZN ödəməli olur. Bir qisim isə cərimənin kirayə müqaviləsi bağlanmadığına görə deyil, qeydiyyat məsələləri ilə bağlı tətbiq olunduğunu iddia edir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Kamandar Nəsibov bildirib ki, ölkənin mülki qanunvericiliyinə əsasən müəyyən olunan vergilər ev sahibi tərəfindən ödənmədikdə cərimə tətbiq oluna bilər:
"Mülki Məcəlləyə əsasən, kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsi bağlayan vergi uçotuna alınmayan fiziki şəxs qeyri-sahibkarlıq fəaliyyəti həyata keçirir və 14% gəlir vergisi ödəyir. Ev sahibi tərəfindən sözügedən vergilər ödənilmədiyi təqdirdə, Vergi Məcəlləsinə əsasən, cərimə tətbiq oluna bilər.
Həmçinin, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr, o cümlədən yaşayış sahələrinin kirayə müqaviləsi notariat qaydasında təsdiqlənməlidir".
K.Nəsibov vurğulayıb ki, kirayəçi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən sənəd əldə etmədiyi halda idarə tərəfindən cərimələnə bilər.
"Əgər mənzil kirayəsi müqaviləsinin müddəti 11 aydan çoxdursa, onda həmin müqavilə dövlət qeydiyyatına alınmalıdır. Kirayəçinin qeydiyyatı olmadıqda Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməli, bununla bağlı müvafiq sənəd əldə etməlidir. Əks təqdirdə idarə tərəfindən qeydiyyatda olmadığı üçün cərimələnə bilər", - deyə hüquqşünas izah edib.
Həmçinin, Kamandar Nəsibov kirayə müqaviləsi olmadıqda ev sahibinin kirayəçini cərimələmək kimi bir səlahiyyətinin olmadığını da nəzərə çatdırıb.
Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə tənzimlənir.
Maddəyə görə:
563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir;
563.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə onlar beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilirlər.
Ancaq DİN Mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov bildirib ki, İXM-in 563-cü maddəsinin 2-ci bəndi evini kirayə verən şəxslərə tətbiq edilə bilməz.
Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı müraciət yayıb.
“Qafqazinfo” İdarəyə istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Sinoptiklərin məlumatına görə, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəriti qeyri-sabit keçəcək. Bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan havanın kəskin dəyişməsi gözlənilir.
Baş DYP İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormozlama etməkdən çəkinməyi tövsiyə edir.
Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq.
Bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrinin başa çatdırılması, tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması planlaşdırılır.
Bunun üçün “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi, sudan ödənişli istifadə üzrə tariflərə yenidən baxılması nəzərdə tutulur. Beləliklə, xərclərə əsaslanan tariflərə mərhələli keçidlə bağlı regionların müəyyənləşdirilməsi, tariflərin diferensiallaşdırılması və pilot layihə çərçivəsində tətbiqi təmin olunacaq. Yekunda ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin tətbiqinə keçid və diferensiallaşdırılmış tarif siyasətinin regional miqyasda tətbiqi üzrə sosial-iqtisadi effektivliyin qiymətləndirilməsi və tətbiqinin davamlı genişləndirilməsi mümkün olacaq.
Veteran.gov.az xəbər verir ki, AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.
Görüş əsnasında şəhid ailələri və veteranlara olan dövlət qayğısından danışılıb, bu məsələdə hər bir fərdin və özəl müəssisənin üzərinə düşən məsuliyyət müzakirə olunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhid ailələri və veteranlara qayğı kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşın mənəvi borcudur və hər bir şəxs, hər bir qurum bu məsələdə dövlətə dəstək verməli, onunla həmrəylik sərgiləməlidir.
Nazim Eynallı Şamaxı və ətraf rayonlarda şəhid ailələri və veteranlara göstərilən qayğıya diqqət çəkib, yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlərdən danışıb.
Görüşün sonunda Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Bakıda bu il istilik mövsümünün noyabr ayının 15-də başlanması nəzərdə tutulub.
Bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.
Həmin rayonlar aşağıdakılardır:
1.Daşkəsən
2.Gədəbəy
3.Xaçmaz
4.Kəlbəcər
5.Qəbələ
6.Quba
7.Qusar
8.Laçın
9.Lerik
10.Şamaxı
11.Siyəzən
12.Şabran
13.Şuşa
14.Yardımlı
E. Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən Şuşada qazanxana var. Orada yeddi qazanxanamız var.