![]() |
|
Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər. Ölkəmizdə isə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və 2020-ci ildə qüvvəyə minəcək.
Axar.az xəbər verir ki, fəaliyyəti boyu uşaqların müdafiəsinə yönəlmiş çoxsaylı layihələr ilə çıxış edən Azercell Telekom MMC də kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alaraq ötən ildən Bakı və regionlarımızın bir çox məktəblərində yüzlərlə şagird, müəllim və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərə başlayıb. Növbəti 3 günlük təlim Şirvan şəhəri 18 saylı orta məktəbdə baş tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideylərini əhatə edən təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. 355 nəfərin iştirakı ilə baş tutan təlimlərdə məktəblilər, onların valideynləri və müəllimlərinə şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyyələr, uşaqlar üçün yaradılmış resursların siyahıları, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunub. Ümumillikdə təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir.
Qeyd edək ki, "Azercell" şirkəti 2 il bundan öncə uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Mən də deputat olmuşam, amma bir su köşküm də yoxdur ki, gedib su içim. 4-5 universitetdə işləmişəm. İndi də yaşımın bu vaxtında iş dalınca ora-bura qaçıram. Çünki yaşamaq üçün ehtiyaclarımı ödəyə bilmirəm. Pensiyam da təbii ki, buna çatmır. Maaşlarda artımlar bütün sahələri əhatə etməlidir. İndiki vaxtda ehtiyaclarımız çoxalıb.
Axar.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a geniş müsahibəsində bildirib.
Sabiq deputat əlavə edib ki, deputatların maaşlarının artırılmasını istəmələri normaldır, ancaq bunun qarşılığında gərək səmərəli işləsinlər:
“Deputatların aldıqları maaşlarla dolana bilməmələri normaldır. Bir şeyi nəzərə almaq lazımdır ki, onların xərcləri özlərinə uyğun şəkildədir. Şəxsən mən həyat yoldaşımla özümün müalicəmiz üçün ayda min manat dərmana verirəm. Deputatlar maaşlarının artırılmasını istəyirlər, qoyun istəsinlər, amma unutmasınlar ki, səmərəli işləmək lazımdır”.
Sabiq deputat bildirib ki, o, deputat olduğu zaman onu nazirlər də qəbul edib, deputatlıqdan düşdükdən sonra isə mühafizəçi belə qəbul etmir:
“Deputat statusu çox gözəl bir şeydir. Mən deputat dadını görmüşəm. Hara getmişəmsə, yolum açılıb. Əvvəl nazir qəbul edirdisə, deputatlıqdan düşdükdən sonra qəbul edən olmadı. Deyirlər nə olsun ki, deputat olmusan. Bax belə hallar insana pis təsir edir. İstənilən halda deputatlara hörmət etmək lazımdır, deputatlıqdan gedənlərə də bu hörmət qoyulmalıdır. Türkiyədə olduğu kimi, onların nüfuzlarını qorumaq lazımdır”.
Noyabrın 19-da Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası başlayıb.
“Qafqazinfo” xəbər verir ki, sessiyanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.
Sessiyanın açılış mərasimində baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Xarici işlər nazirinin müavini Xələf Xələfov, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mattal, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.
Sessiyaya üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, eyni zamanda, Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.
Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub, ölkədə milli hüquqi baza yaradılıb.
Bu problemlə əlaqədar prezident İlham Əliyev tərəfindən 13 fərman və 54 sərəncam verildiyi, 36 qanun, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbul edildiyi diqqətə çatdırılıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək narkotiklərin qanunsuz dövriyyəsinin beynəlxalq ictimaiyyəti narahat edən mühüm problemlərdən biri olduğunu və bu problemin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
S. Mehdiyev bildirib ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əsaslı mübarizə ölkə öz müstəqilliyini bərpa etdikdən sonra, ulu öndər Heydər Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Qanununa uyğun olaraq başlayıb. Bu gün prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanları, həmçinin bir sıra normativ-hüquqi aktlar Azərbaycanda narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin “Narkotik vasitələr haqqında”, “Psixotrop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarına qoşulub, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətlərilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb.
Komitə sədri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların ərazisindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunduğunu bildirib və BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasının iştirakçılarının bu məsələyə xüsusi diqqət göstərməsinin vacibliyini vurğulayıb.
Mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik Azərbaycan Gömrük Xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm addımlar atdığını da diqqətə çatdıran Komitə sədri, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hədəflərin idarə olunması sisteminin və mobil qrupların yaradıldığını, bacarıqlı və bilikli kadrların işə cəlb olunduğunu, müasir texnika və avadanlıqlardan geniş şəkildə istifadə edildiyini bildirib.
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin fəaliyyətindən də bəhs edib və burada hazırlanan xidməti axtarış üzrə təlim keçmiş itlərin bir sıra ölkələrin müvafiq qurumlara hədiyyə edildiyini bildirib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək işlər, sessiyada müzakirə olunacaq məsələlər barədə də məlumat verən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə regional təmsilçisi Aşita Mittal tədbirin qarşıdakı məqsədlərə nail olunmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra sessiya başlayıb.
Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsi barədə 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, “darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə; sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə; məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması; hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə də baxılacaq.
Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.
Sessiya noyabrın 23-dək davam edəcək.
Bir neçə gündür rektoru vəzifəsindən azad edilən Bakı Dövlət Universitetinin bufetində araşdırma aparılmasına aydınlıq gətirilib.
Axar.az-a açıqlama verən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, həftə sonu BDU-nun bufetinin bağlı olmasına səbəb araşdırma deyil.
P.İbrahimova bildirib ki, bufet bağlı olub:
“Çünki şənbə günü universitetdə rəsmi iş günü olmadığına görə, təbii olaraq, bufet də işləmir, bağlı olur. Bufetdə araşdırma aparılması isə həqiqəti əks etdirmir. Şənbə günü bufetin işləməməsinə səbəb araşdırma olmayıb”.
Xatırladaq ki, BDU tələbələrinin məlumatına görə, ötən həftənin şənbə günü Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər.
Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb.
Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.
Bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:
“Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə ciddi görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.
Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunmuş, müasir texnika və avadanlıqlarla təchiz edilib.
Report xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasnın 53-cü sessiyasında bildirib.
Onun sözlərinə görə, bu il 1 tondan çox narkotik vasitə saxlanılıb:
“2018-ci il ərzində gömrük orqanları tərəfindən 1,178 ton kq narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. O cümlədən bildirmək istərdim ki, cari il ərzində gömrük orqanları tərəfindən 18 mart 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin oxlarının içərisindən 50,8 kq heroin, 23 aprel 2018-ci il tarixdə Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqu hissəsindən 104,53 kq heroin, 23 may 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinin qoşqusundakı odadavamlı plitələrin arasında gizlədilmiş 500,635 kq heroin aşkarlanıb. Bundan əlavə 5 iyul 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası nəticəsində qoşquda gizlədilmiş 256,365 kq heroin, 23 iyul 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobilinə xidməti itin reaksiyası və “buster” cihazının tətbiqi nəticəsində qoşqunun təkərləri arasında oxların içərisində gizlədilmiş 48,43 kq tiryək, 1 sentyabr 2018-ci il tarixdə Astara gömrük sərhəd buraxılış məntəqəsində yük avtomobili rentgen qurğusundan keçərkən avtomobilin dartıcısının tavan hissəsində gizlədilmiş 41,4 kq tiryək, 7 noyabr 2018-ci il tarixdə Naxçıvan MR-nın Culfa gömrük-sərhəd buraxılış məntəqəsində yük avtomobilində gizlədilmiş 105 kq. heroin aşkar edilib".
Şuşa işğa olunan gün Bərdədə idim. Mənim balaca qardaşım Vüqar Şuşadan gec çıxmışdı, ortancıl qardaşım Kamil isə tez çıxmışdı Şuşadan. Mən də Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”
Axar.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az-a geniş müsahibəsində Şuşanın işğal günü barədə danışarkən deyib. B.Səfərov bildirib ki, əksər qohumları Şuşanın işğalı günü orada olub:
“Mayın 6-da Bərdəyə, bir dostumuzun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı.
Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi”.
B.Səfərov köçkünləri torpaqlarını qoyub qaçmaqda ittiham edənlərə də cavab verib:
“Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı alayın bütün silahları var idi. Üstəgəl, nizamlı sovet ordusu.
Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!”