![]() |
|
"Demokratların namizədini dəstəkləyən respublikaçı sabiq rəsmilər hesab edirlər ki, Tramp Respublikaçılar Partiyasına xeyir deyil, ziyan gətirir, ona görə də keçmiş prezidentə qarşı mübarizə aparırlar".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə 100-ə yaxın sabiq respublikaçı rəsminin ABŞ-da keçiriləcək noyabr seçkilərində Demokratların namizədi Kamala Harrisi dəstəkləyəcəkləri barədə bəyanatını şərh edərkən deyib.
"Tramp siyasətə gələndə Respublikaçılar partiyasının üzvü olaraq gəlməyib. Respublikaçılar Partiyası onu qəbul etmirdi. Tramp sadəcə demokratik qaydalardan istifadə edərək, Respublikaçılar Partiyasının müxtəlif ştatlarda prezidentliyə namizədlik yarışlarında iştirak etdi və qalib gəldi. Belədə, o qədər səs topladı ki, artıq Respublikaçılar ona "yox” deməyi bacarmadı. Halbuki Respublikaçılar Partiyasının başqa namizədləri də vardı. Lakin onlar praymerizdə Trampa uduzdular. Belədə, sonda Trampı dəstəkləməyə məcbur oldular. Nəticədə Tramp Respublikaçılar Partiyasından Prezident seçildi. Amma o özünü respublikaçı saymır. İndi o yenə də özünü Respublikaçılar Partiyasına sırıyıb. Nəticədə bir çox respublikaçı qərara gəlib ki, demokratları dəstəkləsinlər. Birinci dəfə onlar Demokrat Partiyasının namizədinin xeyrinə 30 milyon, indi də 56 milyon dollar toplayıblar", deyə Zərdüşt Əlizadə bildirib.
Qeyd edək ki, ABŞ-ın Respublikaçı prezidentlərinin və Konqresin keçmiş üzvlərinin administrasiyalarının 100-dən çox keçmiş əməkdaşı Demokratlar Partiyasının namizədi Kamala Harrisə dəstək məktubu göndərib. Onlar bildirib ki, bir sıra məsələlərdə Kamala Harrislə razılaşmaya bilərlər, lakin onun Ağ Evə rəhbərlik etmək üçün əsas keyfiyyətlərə malik olduğuna əmindirlər:
"Biz bir çox daxili və xarici siyasət məsələlərində Kamala Harrislə razılaşmayacağımızı gözləyirik, lakin inanırıq ki, o, Donald Trampın olmadığı şəkildə prezident kimi xidmət etmək üçün lazım olan hər şeyə malikdir. Ona görə də biz onun prezident seçilməsini dəstəkləyirik".
Keçmiş rəsmilər Trampın 6 yanvar 2021-ci ildə ABŞ Konqressindəki qiyamda iştirakına, onun Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Szinpinə "yaltaqlığa və manipulyasiyaya meyilliliyinə", "xaotik milli təhlükəsizlik qərarlarının qəbuluna" işarə edərək, onun yenidən prezident vəzifəsinə yararsız olduğunu qeyd ediblər.
Kamala Harrisi dəstəkləyən Respublikaçılar arasında Ronald Reyqan, Corc H.V.Buş, Corc Buş və Donald Trampın özünün administrasiyalarının keçmiş rəsmiləri var. Onlara Respublikaçılar Partiyasından olan bəzi keçmiş Konqresin üzvləri də qoşulub. Məktubu imzalayanlar arasında Demokrat prezidentlər Bill Klinton və Barak Obama administrasiyalarında çalışmış keçmiş müdafiə nazirləri Uilyam Koen və Çak Heygel də var. Həmçinin Ronald Reyqan və birinci Buş dövründə MKİ və FTB-nin direktoru olmuş Uilyam Vebster, gənc Buş və Obama administrasiyaları dövründə MKİ və NSA-nın direktoru olan Maykl Hayden də məktuba imza atıb. Məktubu imzalayan keçmiş Tramp rəsmiləri arasında prezidentin keçmiş xüsusi köməkçisi Mark Harvey və daxili təhlükəsizlik katibinin keçmiş köməkçisi Elizabeth Neumann da var.
Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Co Baydenin Demokratlar Partiyası tərəfindən namizəd olacağı güman edilirdi. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından seçkilərdə iştirak edir.
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
İstintaq çərçivəsində Narinin böyük qardaşı Enes, anası Yüksel, əmiləri Salim və Fuat Güran, əmisi arvadı Hediye Güran da olmaqla, 12 nəfər həbs edilib.
Həmçinin Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib. Qətlin kim tərəfindən və nə üçün törədildiyi dəqiq bilinməsə də, irəli sürülən iddialara yenisi əlavə edilib.
Oxu.az xəbər verir ki, Narinin həbs edilən qardaşı Enes Güran qətldən bir gün əvvəl işlədiyi Malatyadan Diyarbəkirə gəlib. Bu da "Enes qətli törətməsi üçünmü çağırılıb?" sualını doğurub.
Enes Güran ifadəsində bunu təkzib edib.
"Qardaşım Baran əsgər gedəcəyi və əmim oğlunun toyu olacağı üçün işdən icazə almışdım", - deyə o bildirib.
Narinin ölümü ilə hər hansı əlaqəsinin olmadığını iddia edən Enes, həmçinin qızcığaz yoxa çıxdığı saatlarda evdə yatdığını da qeyd edib. Digər tərəfdən, Enesin qolundakı diş izləri və kürəyindəki dırnaq izləri Narini onun boğaraq öldürməsi iddialarını da gündəmə gətirib.
Eyni zamanda hadisənin şahidlərindən olan və həbs edilən Narinin əmisinin arvadı Hediye Güran da ifadəsində deyib ki, hadisə baş verən gün Narinin anası Yüksel Güran ilə Enes Güran arasında şiddətli mübahisə və boğuşma yaşandığına şahid olub.
Enes Güranın qolundakı dişlək izinin də anası Yüksel Gürana aid olduğu iddia edilib.
Həmçinin Yüksel Güranın Narinə görə Eneslə mübahisə etdiyi və ona mane olmaq üçün dişlədiyi də ehtimal edilir.
Son iki gündə ardıcıl peycer və radio qurğularının partlaması nəticəsində yaralanan çoxsaylı hizbullahçılar təyyarə ilə təcili olaraq İrana aparılır.
Bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilir ki, partlayış nəticəsində insanların əksəriyyəti əllərindən və gözlərindən ciddi xəsarətlər alıblar.
"Tasnim" bununla bağlı təyyarədən görüntü paylaşılıb.
Livan Səhiyyə Nazirliyi açıqlamasında sentyabrın 18-də baş verən partlayış nəticəsində 14 nəfərin öldüyünü, 450-dən çox adamın yaralandığını bildirilib.
ABŞ prezidentliyinə namizəd Donald Tramp gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyini deyib.
Tramp Zelenski ilə görüşünü jurnalistlərlə söhbəti zamanı bildirib.
O, görüş barədə başqa təfərrüatları açıqlamayıb.
Zelenskinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-yə səfəri planlaşdırılır.
Onun Birləşmiş Ştatlara səfəri çərçivəsində BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində çıxışı və ABŞ prezidenti Co Bayden və hər iki partiyanın Konqres üzvləri ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, sentyabrın 16-da Zelenski bəyan etdi ki, gələn həftə müttəfiqlərinə Ukrayna üçün qələbə planı təqdim etmək niyyətindədir.
Rusiyaya gedən qanunsuz miqrantlar ailə qura, bank və dövlət xidmətlərindən istifadə edə bilməyəcəklər.
Bunu RF daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy “Kommersant”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyada qeyri-qanuni yaşayan əcnəbilərin reyestri yaradılır.
General-polkovnik bildirib ki, bu vətəndaşlar reyestrə daxil edildikdən sonra onlar nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlakın qeydiyyatını apara bilməycəklər. "Həmin şəxslər eyni zamanda nə nikah bağlaya və poza bilməyəcək, uşaqlarını isə nə bağçalara və nə də məktəblərə göndərə bilməyəcəklər", - o qeyd edib.
İsrailin Baş naziri Binyamin Netanyahu Livanda rabitə vasitələrinin partladılması ilə bağlı insidentlərdən sonra ilk dəfə həmvətənlərinə müraciət edib.
O, ölkənin şimalında təhlükəsizliyi bərpa edəcəyinə söz verib.
"Artıq demişəm ki, şimal sakinlərini sağ-salamat evlərinə qaytaracağıq. Biz elə də edəcəyik", Baş nazir vurğulayıb.
Rusiya ordusu bir-iki il də Ukraynaya qarşı hərbi əməliyyatlar apara biləcək.
"Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bildirib.
"Vəziyyət və onun perspektivləri ilə bağlı müxtəlif qiymətləndirmələr var. Qərb və Ukrayna ekspertləri hazırda Rusiyanın müharibə vəziyyətini və potensialını, xüsusən də iqtisadiyyat və hərbi sənaye kompleksini nəzərə alaraq qiymətləndirmə aparırlar. Rusiya bu vəziyyətdə daha iki il müharibə apara bilər", - İ.Romanenko vurğulayıb.
Onun sözlərinə görə, cəbhədəki döyüş əməliyyatlarının intensivliyi Ukraynanın müttəfiqlərinin silah, texnika və döyüş sursatlarının tədarükünə necə kömək edəcəyindən asılı olacaq.(Axar.az)
İranın yeni prezidenti Məsud Pezeşkian bazar günü ABŞ-yə səfər edəcək.
Pezeşkian sentyabrın 22-də BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.
İran prezidentinin BMT Baş Assambleyasında çıxışı da nəzərdə tutulub. Onun çıxışı sentyabrın 24-nə planlaşdırılıb.
KTMT Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır.
Bunu Ermənistan baş naziriNikol Paşinyan Ümumerməni Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, təşkilat ölkənin gələcək mövcudluğuna və suverenliyinə təhlükədir.