|
Rusiya ABŞ ilə Donald Tramp administrasiyası dövründə əlaqələrə açıqdır, top Amerika tərəfdədir.
TASS xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Yeni Dünya" layihəsi üçün jurnalist Marina Kimə verdiyi müsahibədə bildirib.
“Prezident Putin “Valday” beynəlxalq diskussiya klubunun iclasında bildirib ki, o, hər zaman ünsiyyətə hazırdır. Əlaqələri biz dayandırmamışıq - top onların tərəfdədir”, - Lavrov müvafiq suala cavab verərkən deyib.
Eyni zamanda o, Rusiyanın ABŞ-ın yeni administrasiyasından heç bir gözlənti qurmadığını, konkret addımlarını dəyərləndirəcəyini vurğulayıb.
"Gözləntilər və ehtimallar olmayacaq. Biz konkret işlərə görə mühakimə edəcəyik", - deyə nazir qeyd edib.
Donald Tramp iş adamı İlon Maskı öz komandasında görmək istəyir və bununla bağlı ona uyğun bir vəzifə də tapıb.
Tramp Maskı təyin edəcəyi qurumun adını açıqlayıb.
"İş adamı İlon Mask Vivek Ramasvami ilə birlikdə Dövlət idarəetməsinin səmərəliliyinin artırılması nazirliyinə (DOGE) rəhbərlik edəcək", - Tramp bildirib.
Tramp onu da qeyd edib ki, bu, sistem və dövlət vəsaitlərinin israf edilməsində iştirak edən hər kəs üçün şok yaradacaq.
COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kro Belçikanın Azərbaycandakı səfiri Julyen De Fraypont ilə Bakı bulvarında idman edib.
Fotoları öz "X" hesabında səfir Fraypont paylaşıb.
"Bakı bulvarında səhər tezdən Baş nazir Aleksandr De Kro ilə qaçış", - deyə səfir yazıb.
Trampın seçki kampaniyasına 130 milyon dollar xərcləyən İlon Mask seçkidən sonra xərclədiyi pulun 546 qatını qazanıb.
Maskın sərvəti son bir həftədə inanılmaz dərəcədə artıb.
Onun seçkidən sonrakı həftədə sərvəti 71 milyard dollar artaraq ümumi sərvətinin həcmi 335 milyard dollara yüksəlib.
Qeyd edək ki, "Bloomberg Billionaires Index"in məlumatlarına görə, Maskın ümumi sərvəti seçki günü 5 noyabr tarixinə 264 milyard dollar civarında olub. Lakin seçkidən sonra sərvətinə sərvət qatmaqla Trampı dəstəkləməsinin bəhrəsini görməkdədir.
İran bütün dünya ölkələri ilə əlaqələri gücləndirmək arzusunda olsa da, ancaq ABŞ ilə regional və beynəlxalq müstəvidə toqquşması qaçılmazdır.
"Tasnim" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Tehranda İranın bir qrup keçmiş xarici işlər naziri ilə görüşdə deyib.
“Daxili problemləri həll etmək və ölkəni inkişaf etdirmək üçün bizə daxili məsələləri həll etməklə yanaşı, beynəlxalq əlaqələr qurmaq, gərginliyi aradan qaldırmaq, regional və dünya ölkələri ilə qarşılıqlı fəaliyyət və ünsiyyət şəraitini yaxşılaşdırmaq lazımdır”, - o əlavə edib.
ABŞ ilə münasibətlərə gəldikdə Pezeşkian bunları qeyd edib:
“Hesab edirəm ki, ABŞ ilə əlaqələrin qurulmasını istəyib-istəməməyimizdən asılı olmayaraq, sonda regional və beynəlxalq arenada bu ölkə ilə toqquşmalı olacağıq. Ona görə də bu sahəni özümüz idarə etməyimiz daha yaxşıdır”, - İran prezidenti bildirib.
Pezeşkian qeyd edib ki, onun administrasiyası bütün dünya ölkələri, o cümlədən Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsinə sadiqdir:
“Avropa ölkələri ilə danışıqlar davam edir, lakin İsrail son yaramaz hərəkətləri ilə bu istiqamətdə vəziyyəti pozmağa və mürəkkəbləşdirməyə çalışıb”.
İsrail Livanda quru əməliyyatının ikinci mərhələsinə başlayıb.
Bu barədə İsrailin "Maariv" qəzeti ordudakı mənbələrə istinadən məlumat yayıb.
“Livanın cənubunda quru əməliyyatının ikinci mərhələsi başlayıb, əməliyyatın məqsədi “Hizbullah”ın raket silahlarını məhv etmək, həmçinin terror təşkilatına əlavə təzyiq göstərməkdir”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri təkcə Livanın cənubunda deyil, Beyrut və Bekaa vadisində də əməliyyat aparır, hərəkatın silah anbarlarını məhv edir.
Ümumilikdə, son bir ay ərzində “Hizbullah”ın İsrail ərazisinə 90-a yaxın PUA buraxdığı və onların əksəriyyətinin ələ keçirildiyi vurğulanır.
Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir.
Azərbaycanın Konstitusiyanın dəyişdirilməsini tələb etdiyi bir şəraitdə Ermənistan heç bir halda heç nəyi dəyişməməlidir; əks halda, bu, zəiflik kimi qəbul ediləcək və Bakını əlavə addımlara təşviq edəcək.
Bu barədə rusiyalı politoloq Mixail Aleksandrov bildirib. Aleksandrov Ermənistanda ordunun gücləndirilməsinin, təlimlərin keçirilməsinin, İranla sıx əməkdaşlığın, ondan silah alınmasının vacibliyini vurğulayıb.
Rusiyalı ekspert Ermənistanı qətiyyət nümayiş etdirməyə çağırıb.
“Heç bir halda bu təzyiqə boyun əymək, güzəştə getmək olmaz. Qarabağ məsələsi Ermənistanın xarici siyasət gündəmindən yox olmamalıdır. Əksinə, bu, üstünlük gətirən bir vasitədir”, deyə təxribatçı politoloq qeyd edib.(musavat.com)
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı Qəzza zolağında son vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş müzakirə olunub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X (tvitter) sosial şəbəkəsində məlumat verib.
“Noyabrın 12-də axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər Qəzzadakı vəziyyəti, Livandakı hadisələri və Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər”, - mətbuat katibi qeyd edib.
Havası ən çirkli olan paytaxtlar Asiya və Afrikadadır, Yeni Dehli liderlik edir.
Lent.az bildirir ki, “Statista”nın araşdırmasına görə, orada havanın çirklənməsi göstəricisi 92,7 PM2. 5-dir. - PM 2.5-Havada 0,001 ilə 2,5 mikrometr (mikron) arasında olan ən kiçik hissəciklərdir.
Yeni Dehli sənaye cəhətdən sürətlə inkişaf edir, lakin göstəricilər sadəcə dəhşətlidir - havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının standartlarını 17 dəfə üstələyir.
İkinci yerdə Banqladeşin paytaxtı Dəkkədir - 80,2 PM 2,5, üçüncü yerdə Uaqaduqu (Burkina Fasonun paytaxtı) - 46,6 PM 2,5. Həmçinin Düşənbə, Bağdad, Abuca, Cakarta və Hanoy da zirvədədir. Siyahıda Asiya və Avropadan olmayan birinci şəhər Sarayevodur.
Çox kiçik ölçülərinə görə, daim havada olan müxtəlif mənşəli bütün hissəciklər nəfəs aldıqda ağciyərlərə daxil olur və sonra təbii bioloji maneələrlə tutulmur, əksinə qan dövranına keçir. Təəssüf ki, bu cür çirkləndiricilər - incə hissəciklər orqanizmdə toplana bilər ki, bu da sağlamlıqla bağlı müxtəlif xoşagəlməz nəticələrə səbəb ola bilər.
Almaniyada hakim koalisiyasının parçalanmasına və bunun nəticəsində yaranan siyasi böhranın əsas səbəbi kimi Ukraynadakı münaqişə göstərilir.
Almaniyadakı siyasi böhran kansler Olaf Şoltsun maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etməsindən sonra yaranıb. Çünki maliyyə naziri Linderni Şoltsun Ukraynaya maliyyə dəstəyinin artırılması təkliflərini dəstəkləməyib.
Lindnerin istefasından sonra koalisiyaya daxil olan digər siyasi partiyaların təmsilçiləri koalisiyanı tərk etdiyini bəyan ediblər.
Koalisiyanı tərk edən partiyalar Şoltsu şüurlu və ya şüursuz şəkildə "yaşıl" gündəliyi seçərək və ucuz Rusiya enerji resurslarından imtina edərək, Avropanın ən güclü iqtisadiyyatını məhv etməkdə ittiham ediblər.
Britaniyalı ekspert Aleksandr Merkuris “The Duran” YouTube kanalında açıqlamasında bildirib ki, Almaniyadakı siyasi böhranın mənbəyi Ukraynadakı problemlərdir.
Onun sözlərinə görə, Almaniya siyasətindəki böhran Ukraynanın üçüncü ölkələrin daxili siyasi sabitliyinə necə təsir göstərə biləcəyini açıq şəkildə nümayiş etdirir.
Britaniyanın nəşri "The Telegraph"ın yazdığına görə, maliyyə naziri Kristian Lindnerin istefası enerji siyasəti və iqlim məsələlərində fikir ayrılıqları səbəbindən Almaniya hökumətində siyasi böhrana səbəb olub. Bunun nəticəsində gələn ilin martında ölkədə növbədənkənar seçkilərin keçirilə biləcəyi gözlənilir.
Yaranmış böhranla bağlı ADR telekanalına açıqlama verən kansler Şolts deyib ki, koalisiyasının dağılmasının qəsdən edildiyi barədə səslənən ittihamları rədd edib: "Üç partiyalı koalisiyanı qoruyub saxlamaq üçün sona qədər mübarizə apardım, amma alınmadı, əməkdaşlıq mümkün olmadı".
Şolts siyasi böhrandan çıxış yolu kimi parlamentdə etimad səsverməsi keçirilməsini təklif edir. Əgər Bundestan (parlament) sözügedən təklifi qəbul etməzsə, o zaman prezident kanslerin təklifi ilə 21 gün ərzində parlamenti buraxır.
Şolts etimad səsverməsi zamanı lazımi səs qazanmasa, o zaman Almaniya prezidenti Frank-Valter Ştaynmayerdən növbədənkənar seçki keçirməyi xahiş edəcək. Bundan sonra 60 gün ərzində Almaniyada seçkilər keçirilə bilər.
Lakin kansler Şolt etimad səsi alarsa, o zaman 28 sentyabr 2025-ci ildə keçiriləcək ümumi seçkilərə qədər vəzifəsini davam etdirəcək.