![]() |
|
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini çılğınlıqda Ukrayna vətəndaşlarının qəsdən öldürülməsində ittiham edərək onu ağılsız adlandırb.
Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Putinlə çox yaxşı münasibətdə olduğunu qeyd edən Tramp əlavə edib ki, ona nəsə olub.
"O, tamamilə ağlını itirib! O, çoxlu insanı lazımsız yerə öldürür və mən təkcə əsgərləri demirəm. Raketlər və PUA-larla səbəbsiz yerə Ukrayna şəhərlərinə hücum edir", - Tramp yazıb.
O əlavə edib ki, Putin bütün Ukraynanı almaq istəyir, lakin bunun sonu Rusiya üçün yaxşı olmayacaq: “Bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq”.
"Yeni Müsavat xəbər verir ki, Ukrayna savaşı ətrafında yaranmış situasiyanı öz xeyrinə çevirdiyi, hərbi-siyasi qələbənin isə o qədər də uzaqda olmadığı qənaətinə gələn Rusiyanın artıq neo-imperialist niyyətlərə düşdüyü müşahidə doğurur. Əslində, son illərdə, xüsusilə də 2014-cü ildən sonra Krımın ilhaqı və 2022-ci ildən etibarən isə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilə fonunda, Rusiyanın postsovet məkanı ilə bağlı artan ambisiyaları ciddi narahatlıq doğurmaqdaydı. Və bu, yaxın gələcəkdə Rusiyanın postsovet ölkələrini yenidən öz patronajlığı altına salmaq planlarını biruzə verirdi.
Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələrinin hazırda keçmiş SSRİ-nin dağılmasını “tarixi səhv” və “qeyri-qanuni proses” kimi təqdim etməsi Kremlin postsovet məkanına yönəlik aqressiv ssenarilərinin mövcudluğunu təsdiqləyir. Halbuki, SSRİ-nin hüquqi statusu, onun yaradılması və dağılması ilə bağlı proseslər, eləcə də Rusiyanın mümkün ekspansionist siyasətinin regional təhlükəsizlik arxitekturasına təsirləri yalnız Kremlin qərəzli narrativləri üzərindən izah edilə bilməz.
Məsələ ondadır ki, SSRİ-nin 1991-ci ildə dağılması hüquqi və konstitusion çərçivədə həyata keçirilmiş prosesdir. Çünki Rusiya, Belarus və Ukrayna rəhbərləri arasında imzalanmış Belovej razılaşması ilə SSRİ-nin ləğv olunduğu elan edilmişdi və bu sənəd daha sonra digər keçmiş sovet respublikaları tərəfindən də dəstəklənmişdi. Nəticədə MDB təsis edilmişdi və Rusiya SSRİ-nin hüquqi varisi kimi beynəlxalq aləmdə tanınmışdı.
Yəni, SSRİ-nin dağılma prosesi həm xalqların iradəsini, həm də öz müqəddəratını təyin etmə hüququnu ifadə etdiyindən beynəlxalq hüquq baxımından, tamamilə legitim əsaslara söykənir. İndi üzərindən onilliklər keçdikdən sonra Rusiya siyasi dairələrinin ortaya atdığı "qeyri-qanuni proses" iddiaları neo-imperialist hədəflərə bağlı siyasi manipulyasiyalardan başqa bir şey deyil. Çünki SSRİ Konstitusiyasının 72-ci maddəsi hər bir ittifaq respublikasına ittifaqı tərk etmək hüququ da tanıyırdı. Və bu baxımdan da SSRI-nin dağılması tamamilə konstitusiya çərçivəsində reallaşmışdı.
Halbuki, SSRİ-nin dağılmasından fərqli olaraq, bu uydurma dövlətin 1922-ci ildə yaradılması qətiyyən legitim proseslə baş verməmişdi. Çünki Keçmiş SSRI-nin yaradılması müstəqil qonşu dövlətlərə hərbi müdaxilələr və siyasi zorakılıq hesabına mümkün olmuşdu. Belə ki, müstəqil Azərbaycan, Gürcüstan, Baltikyanı ölkələr və s. kimi dövlətlər bolşevik hərbi qüvvələri tərəfindən işğal edilərək sovetləşdirilmişdi, zorla ittifaqa daxil edilmişdi.
Təbii ki, yalnız elə bu faktlar SSRİ-nin yaradılmasında xalqların iradəsinin deyil, məhz hərbi-siyasi məcburiyyətin və siyasi-ideoloji ekspansiyanın rol oynadığını göstərir. Bu səbəbdən də, SSRİ-nin yaradılması qeyri-qanuni, qeyri-legitim xarakter daşıyırdı. Və Kremlin bu önəmli tarixi faktlardan yan keçməsi sadəcə, mümkün deyil.
Ancaq nə qədər hüquqi və tarixi səbəblər baxımından, keçmiş SSRI-nin bərpası qeyri-mümkün görünsə də, Rusiya siyasi dairələrinin bu barədə avantürist çağırışları, hələlik əsasən ideoloji və geopolitik təzyiq aləti kimi istifadə olunur. Üstəlik, bu çağırışlar bəzi postsovet ölkələri üçün real təhlükəyə də çevrilə bilər. Belə ki, Dnestryanı bölgədəki separatçı rejim və Rusiyanın hərbi mövcudluğu Moldovanı strateji təhlükə qarşısında olan ölkələrin sırasına qatır.
Digər tərəfdən, Abxaziya və Cənubi Osetiya regionları vasitəsilə Kremlin Gürcüstana da təzyiq imkanları mövcuddur. Şimal bölgəsindəki rusdilli əhali ilə bağlı ritorika, gələcəkdə “qoruma zərurəti” uydurması ilə Rusiya Qazaxıstana da müdaxilə bəhanəsi yarada bilər. Bu təhlükənin hədəfləri sırasına Baltikyanı ölkələri də daxil etmək olar. Və bu ölkələrə qarşı təhlükələr Rusiyanın asimmetrik və hibrid müharibə taktikasını geniş tətbiq edəcəyi təqdirdə, daha da aktuallaşa bilər.
Bütün bunlara baxmayaraq, istənilən halda, keçmiş SSRİ-nin əvvəlki coğrafi və inzibati strukturda bərpası beynəlxalq hüququn və siyasi reallığın şərtləri daxilində hazırda qeyri-mümkün görünür. Ona görə də, ehtimal etmək olar ki, Rusiya hələlik Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər regional formatlar vasitəsilə postsovet məkanında təsir zonasını genişləndirmək məqsədini güdür. Və bu hədəfi reallaşdırmaq üçün müəyyən mexanizmlər də sahibdir.
Ona görə də, Rusiyanın ilkin mərhələdə postsovet məkanında enerji və iqtisadi asılılığın gücləndirilməsinə cəhd edə biləcəyi qətiyyən istisna deyil. Eyni zamanda, Kreml tərəfindən regional sabitliyin pozulmasına, yeni silahlı münaqişələrin yaradılmasına və artıq sınaqdan çıxarılmış separatizmin dəstəklənməsinə çalışılacağı tamamilə inandırıcı görünür. Və bu, Kremlə Rusiyanın patronajlığı altında mərkəzləşdirilmiş dövlətlər alyansı formalaşdırmaq imkanı verə bilər.
Ancaq Rusiyanın bu ekspansionist cəhdlərinin tamamilə müqavimətsiz qalacağını düşünmək də sadəlövhlük olardı. Hər halda, Qərb siyasi düşərgəsinin Rusiyanı dünyadan, xüsusilə də, müasir texnologiyalar məkanından təcrid edəcəyi qətiyyən şübhə doğurmur. Kremlin SSRI-ni bərpa etmək cəhdləri Rusiyanı yeni və daha ağır beynəlxalq sanksiyalar dalğasına, total iqtisadi izolyasiyaya tuş gətirə bilər.
Rusiya təhlükəsinin real olacağı təqdirdə, NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu daha da gücləndirəcəyini elə indidən təxmin etmək olar. Bu sıraya Rusiyaya müqavimət göstərə bilmələri üçün postsovet ölkələrinə Qərbin məcburən verəcəyi genişmiqyaslı dəstəyi də əlavə etmək mümkündür. Və belə anlaşılır ki, Kremlin keçmiş SSRI-ni bərpa etmək cəhdləri yalnız postsovet məkanını deyil, bütün dünyanı ciddi hərbi-siyasi toqquşmalara məruz qalacaq təhlükəli prosesə çevrilə bilər.
ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.
Diplomat bu barədə mayın 23-də X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
O, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini qeyd edib.
"Sanksiyaların dayandırılması bizim əsas məqsədimizə - İŞİD-in tam məğlubiyyətinə mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün bir şans verəcək", - deyə Barak yazıb.
"2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram".
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “X”də paylaşım edib.
"Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər", - paylaşımda deyilir.
Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.
Məlumat qurumun saytında yerləşdirilmiş gündəlikdə əksini tapıb.
Bildirilir ki, Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər.
Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.
Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmiləri Budapeştin Birliyin ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.
Rusiya Vatikanın Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakına qəti şəkildə qarşı çıxıb.
Bu barədə nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda beynəlxalq dairələr Vatikanın vasitəçi və ya danışıqlara ev sahibliyi edən tərəf kimi rolu üzərində ciddi müzakirələr aparır. Qeyd olunur ki, tərəflər razılığa gəldiyi halda, sülh təşəbbüsü çərçivəsində görüş artıq gələn həftə baş tuta bilər. Lakin bu prosesin baş tutması Rusiyanın mövqeyindən asılıdır.
Rusiya isə Vatikanın bu prosesə cəlb olunmasına qarşı çıxaraq, onun neytral vasitəçi kimi qəbul edilməsinə şübhə ilə yanaşır. Kremlə yaxın mənbələrə görə, Moskva Vatikanın Qərb dünyası ilə ideoloji və siyasi yaxınlığını əsas gətirərək, onu tərəfsiz vasitəçi kimi görmür. Bu mövqe isə sülh prosesinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, Vatikanın Ukrayna məsələsində iştirak etməsi Qərbin diplomatik səylərinin bir hissəsidir və bu, Rusiyanın təcrid olunmasına yönəlmiş daha geniş strateji planın tərkibi kimi qiymətləndirilə bilər.
Hazırkı mərhələdə tərəflər arasında birbaşa dialoqun qurulması üçün danışıqlar masası arxasına keçmək ehtimalı aşağı olaraq qalır. Lakin Qərb diplomatları diplomatik kanallarla Rusiya tərəfini razı salmağa çalışır.
Vaşinqtonda İsrailin səfirlik əməkdaşlarına atəş açan şəxsə ölüm cəzası tətbiq oluna bilər.
Bu barədə "NBC News" ABŞ-ın müvəqqəti baş prokuroru Janin Pirronun açıqlamasına istinadla məlumat yayıb.
Prokurorun sözlərinə görə, hadisə “nifrət zəminində və terror məqsədilə törədilmiş cinayət” kimi qiymətləndirilir. Hazırda məsələ ilə bağlı genişmiqyaslı istintaq aparılır və federal orqanlar hücumun motivlərini diqqətlə araşdırır.
Hadisənin təfərrüatları açıqlanmasa da, ilkin məlumatlara əsasən, hücum zamanı səfirlik əməkdaşlarından bir neçəsi xəsarət alıb. Hücumçunun kimliyi və hansı vasitələrlə hücumu reallaşdırdığı barədə rəsmi məlumat verilmir.
ABŞ rəsmiləri bu cür halların ölkə daxilində və beynəlxalq miqyasda təhlükəli presedent yaratdığını bildirib və İsrail diplomatik nümayəndəliyinə qarşı törədilmiş hücumu qəti şəkildə pisləyiblər.
Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olarmı? Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı?
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm. Türkiyə qiyamçıların yazıb irəli sürdüyü konstitusiya ilə artıq gələcəyə doğru gedə bilməz. İndi dövlət çevrilişi edənlərin deyil, mülki şəxslərin irəli sürdüyü konstitusiya lazımdır. AKP olaraq bunun üzərində işləyirik. Məsələ ilə bağlı müəyyən tapşırıqlar da vermişik. İlk dörd maddədə heç bir problem yoxdur. Yəni AKP olaraq bizim də, digər siyasi partiyaların çoxunun da belə bir problemi yoxdur. Belə bir problem olmadığı üçün biz ancaq yol xəritəsini müəyyən edəcəyik. Eyni zamanda bildirmək istəyirəm ki, yeni konstitusiyanı özümüz deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik”, - Ərdoğan əlavə edib.
“Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasında maraqlı olan tərəflərdən biridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “İmedi” telekanalının efirində Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
“Hər iki ölkənin rəhbərliyinə münaqişəni başa çatdırmağa hazırlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istəyirəm. Sülh və sabitlik region üçün həlledici əhəmiyyətə malikdir və hər üç ölkə üçün imkanlar yaradır”, - deyə Gürcüstan lideri qeyd edib.
Türkiyədə dələduzluq, rüşvət, sənədlərin saxtalaşdırılması kimi ittihamlarla həbs edilən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun səsi ilə yayımlanan elanlar qadağan edilib.
“Sözcü” xəbər verir ki, bu barədə cinayət işinin ibtidai istintaqını aparan İstanbul Baş Prokurorluğu qərar çıxarıb.
Qərara əsasən, Əkrəm İmamoğlunun İstanbul şəhərindəki ictimai nəqliyyatda (marşrut avtobusları və metrobuslar) vətəndaşlara etdiyi səsli müraciətlər yığışdırılıb.
Qeyd edək ki, əməliyyat çərçivəsində İmamoğlu ilə yanaşı, onun mətbuat katibi Murat Ongun və bələdiyyənin təqribən 100 əməkdaşı barəsində də saxlanılma qərarı çıxarılıb.
İstanbul Prokurorluğu iddia edir ki, şəhərin meri və digər şəxslər biznesmenləri pul verməyə vadar edib, haqsız qazanc əldə edib və cinayətkar fəaliyyətdən əldə edilən vəsaitləri yuyublar. Prokurorluq Ə.İmamoğlunu “cinayətkar təşkilatın rəhbəri” adlandırıb.